25 Noyabr 2024

Bazar ertəsi, 23:47

ALTERNATİVLƏR OLACAQMI?

Xəzər qazı və onun Avropa bazarlarına daşınma marşrutları uğrunda rəqabət yeni sürət götürür

Müəllif:

01.10.2010

Ötən ay baş vermiş bir neçə hadisə müəyyən mənada Xəzər regionundan enerjidaşıyıcıların Avropa bazarlarına diversifikasiyası ətrafında durumu aydınlaşdırıb. Sentyabrın əvvəlində Rusiya prezidenti D. Medvedevin Bakıya səfəri gedişində Rusiyanın "Qazprom" konserni ilə ARDNŞ arasında Azərbaycan qazının Rusiyaya nəqlinin illik həcmini 2 milyard kubmetrə qəd?r artırmaq barədə saziş bağlanıb. Bu zaman  daşınmaların yuxarı həddi müəyyən edilməyib. "Qazprom"un başçısı A.Miller bildirib ki, Azərbaycanın ixrac qazının bütün həcmini almaq niyyətindədir - özü də Bakı üçün ən əlverişli qiymətə/.

Maraqlıdır, Rusiya kimi dünya qaz bazarının ən nüfuzlu oyunçusu Azərbaycan kimi iri qaz təchizatçısı ilə alış-verişdən siyasi və iqtisadi dividendlər güdməsəydi, qəribə olardı. 

Özü də ki Bakı öz enerjidaşıyıcılarının ixrac marşrutlarının diversifikasiyası siyasəti çərçivəsində "Qazprom"la əməkdaşlıqda maraqlıdır. Axı təkcə Azərbaycan qazının kəşf edilmiş ehtiyatları 2 trln kubmetr təşkil edir, kəşf edilməmiş ehtiyatlar nəzərə alındıqda, bu həcm 5 trln kubmetrə çatır. Bir sıra ekspertlər, ümumiyyətlə, bu ehtiyatları 7-8 trln kubmetr həcmində qiymətləndirir ki, bu da yalnız Rusiya istiqamətində deyil, həm də başqa istiqamətlərdə, o cümlədən, Avropa tərəfindən təşəbbüs göstərilən "Nabukko" layihəsi istiqamətində də tələbatın təmin edilməsi üçün yetərlidir. 

Amma belə görünür ki, Azərbaycan qazının əldə edilməsi yönündə Rusiyanın qazandığı uğurlar alternativ enerji layihələrinin gerçəkləşdirilməsində çox maraqlı olan Avropanı ciddi narahat edib. Medvedevin Bakıya səfərindən dərhal sonra sentyabrın 6-da "Nabukko"nun səhmdarları Avropa Yenidənqurma və İnkişaf Bankına (AYİB), Avropa İnvestisiya Bankına (AİB) və Beynəlxalq Maliyyə Korporasiyasına (IFC) zəmanət məktubu yazıblar. Bu hadisə "Nabukko" layihəsinin qiymətləndirilməsi prosesinin və 4 mlrd avroya qədər ölçüdə potensial maliyyələşdirmə zərfinin verilməsinə başlandığını göstərir. Kommersiya, sosial və ekoloji aspektlərin ciddi qiymətləndirilməsindən sonra maliyyələşdirmə üzrə yekun qərar qəbul ediləcək. Layihənin gerçəkləşdirilməsi üçün lazım olan qalan vəsait - təxminən, 4 mlrd avronun  özəl bölmənin hesabına cəlb edilməsi düşünülür. "Nabukko" layihəsinin icraçı-direktoru Reynhard Mitçek optimist əhval-ruhiyyədədir və əmindir ki, artıq bu ilin sonuna maliyyə məsələsi uğurla həll ediləcək. Praktiki olaraq maliyyələşdirmə ilə bağlı uzun və yorucu müzakirələrə son qoyulub və bu da öz növbəsində irəli uğurlu addımdır. 

Beləliklə,  Xəzər qazı və onun Avropa bazarlarına daşınma marşrutları uğrunda rəqabət yeni sürət götürür. Rusiya baş naziri Vladimir Putinin Soçidə Rusiya ekspertləri və xarici təhlilçilər  qarşısında etdiyi çıxış da  bundan xəbər verir. ""Nabukko" layihəsinin təchizat zəmanəti yoxdur və Rusiya ora heç nə verməyəcək. Bu qaz kəməri bütünlüklə Azərbaycana ümid bağlaya bilməz, çünki bu ölkə Rusiyanın "Qazprom" şirkətinə qaz verilməsi barədə saziş imzalayıb, Xəzərdəki dəniz sərhədləri barədə mübahisə isə türkmən qazının Azərbaycandan keçməklə Avropaya ötürülməsinə mane olur", - deyə V.Putin bildirib. Bir sıra ekspertlər hesab edirlər ki, baş nazirin ifadəsinin sərtliyi və məzmunu  göstərir ki, "Nabukko"ya qarşı mübarizəni udmağa Moskvanın ümidi, demək olar ki, qalmayıb. 

V. Putinin kəskin bəyanatı Almaniyanın keçmiş xarici işlər naziri Yoşka Fişer tərəfindən eyni cür sərt reaksiya ilə qarşılanıb. O, V. Putini siyasi ifratçılıqda günahlandırıb. "Handelsblatt" qəzetinə müsahibəsində Y.Fişer bildirir ki, Rusiya rəhbərliyinin özü enerjidaşıyıcıları marşrutlarının diversifikasiyası məsələsini siyasiləşdirir. "Putin əlindən gələn hər şeyi edir ki, "Nabukko"nun tikintisinə mane olsun. O, rəqib xətt -  Sibir qazının Avropaya verilməsini nəzərdə tutan "Cənub axını" qaz kəmərini planlaşdırır. "Nabukko" siyasi layihə deyil, amma bu cür iri energetika layihəsinin, təbii ki, siyasi nəticələri olacaq. Əgər "Nabukko" qaz kəməri tikilməyəcəksə, onda Avropa Türkmənistanın iri qaz ehtiyatlarını itirəcək. Belə olan halda, Türkmənistan öz qazını Asiya ölkələrinə, ilk növbədə, Çinə göndərəcək. Rusiya hökuməti öz iqtisadi maraqlarını siyasi ambisiyalardan təmizləməlidir. Mən əminəm ki,  Rusiya üçün məsələ heç də qazla deyil, bölgədə hakimiyyətlə bağlıdır", - deyə Y.Fişer Moskvanın lobbiçilik etdiyi "Cənub axını" layihəsi ilə bağlı tənqidi münasibətini də gizlətməyib: "Bu layihə həddindən bahalı olmaqla yanaşı, həm də siyasi  baxımdan səhv addımdır, "Cənub axını" layihəsi  "Nabukko" layihəsinə rus cavabıdır. Amma o, enerjidaşıyıcılarının təchizat mənbələrinin diversifikasiyasına imkan vermir. "Cənub axını" boru kəməri ilə biz, əsasən, "köhnə qaz" alacağıq, amma yeni xətlə gələcək.  Bu layihənin əsas məqsədi hər şeydən öncə, Rusiya qazının Ukraynadan yan keçməklə tranzitinin təmin edilməsidir, amma onun qiyməti çox bahadır. Əgər təbii qaz təchizatı Ukraynanın yenidən Rusiyaya bağlanması üçün təzyiq aləti kimi istifadə edil?rsə, Avropa bununla razılaşa bilməz.  İqtisadi baxımdan "Cənub axını"nın heç bir mənası yoxdur. Siyasi baxımdan isə bu layihə Avropanın maraqlarına uyğun deyil". 

Bununla yanaşı, Y.Fişer "Nabukko"nun gerçəkləşdirilməsində əsas rolu Azərbaycana ayırır: "Həlledici məsələ Azərbaycanın bu layihəyə qoşulub-qoşulmaması ilə bağlıdır. Əgər bu, baş verərsə, onun arxasınca Türkmənistan da gələr. Azərbaycanla danışıqlar doğru yoldadır. Eyni zamanda, Şimali İraqdan qaz təchizatı artıq mücərrəd ümid sayıla bilməz, həmçinin, kürd regional hakimiyyəti ilə danışıqlarda da konkret nəticələr əldə edilib. Bu da öz növbəsində, Türkmənistan və Azərbaycana təsir göstərəcək". Onun fikrincə, türkmən qazının Xəzər dənizi ilə nəql problemi tamamilə həllediləndir: "Ən qərbi türkmən yatağı ilə ən şərqi Azərbaycan yatağı arasında cəmi 70 kilometr məsafə var. Buna görə də bu fərqi  aradan qaldırmaq mümkündür". 

Türkiyə amilinə gəldikdə isə indi "Nabukko" layihəsinin lobbiçisi olan Almaniya XİN-in keçmiş başçısı qeyd edir ki, Türkiyənin burada fundamental marağı var - o, özünün Rusiya neft və qaz ötürmələrindən asılılığını azaltmaq istəyir və buna görə də "Nabukko" layihəsində çox maraqlıdır. Özü də, onun sözlərinə görə, Türkiyə heç zaman "Nabukko"dan Avropa Birliyinə (AB) daxil olmaq aləti kimi istifadə etməyib. Ankara özü heç zaman enerji paylayıcı qovşaq olmaq istəyini gizlətməyib, çünki coğrafi baxımdan çox əlverişli vəziyyətdədir. Və tamamilə gözləniləndir ki, Türkiyə bu kartı oynatmağa cəhd edəcək. 

Bununla yanaşı, bir sıra ekspertlər hesab edirlər ki, "Nabukko" layihəsindəki son irəliləmələr hələ də start xəttinə çıxmaq mənasını vermir. Onlar bu skeptik yanaşmanı Almaniya kansleri Angela Merkelin mövqeyi ilə əsaslandırırlar, o, keçən il bu qaz kəməri layihəsinin AB büdcəsindən maliyyələşdirilməsinə qarşı çıxmışdı. Paris və Roma tərəfindən də susqunluqla dəstəklənən bu mövqe həmin vaxt "Naubkko"da marağı olan başqa ölkələri də güclü xəyal puçluğuna uğratdı. Skeptiklər istisna etmirlər ki, bu dəfə Moskva da A.Merkelin "Nabukko"nun AB büdcəsindən maliyyələşdirilməsi məsələsinə qarşı olmasından istifadə edəcək. Bu proqnoza dəstək kimi Rusiya eksperti A.Dmitriyevskinin sözlərini göstərmək olar. Almaniya XİN-in keçmiş başçısının sözlərindən əsəbiləşən Dmitriyevski Rusiya baş naziri V.Putinin bəyanatını yada salıb ki, Avropa və Almaniya onlara, ümumiyyətlə, Rusiya qazının lazım olub-olmadığı barədə düşünməlidirlər. 

Amma ekspert icmasının başqa hissəsinin fikrincə, "Nabukko"nun gerçəkləşdirilməsi prosesi artıq qaçılmazdır. Bu istiqamətdə atılan addımlar, həmçinin Avropa Komissiyasının energetika üzrə məsul üzvü Günter Ettingerin Avropa Parlamentində çıxışı bunda heç bir şübhə yeri qoymur. "Bu qazın tranzitinin mütləq Rusiyadan edilməsi məcburi deyil. Rusların öz qazına gəldikdə isə onlar tərəfdaş ola bilərlər. Xəzər dənizinin qazı bizə Rusiyadan yan keçməklə gəlməlidir. Əlbəttə, ən qısa yol seçilməlidir. Bu məsələdə ruslardan asılı qalmağa ehtiyac yoxdur. Əlbəttə, əgər AB-nin üzvləri bu məsələdə bölünəcəklərsə, onda AB-nin tərəfdaşları bu fikir ayrılıqları üzərində oynayacaqlar. AB-nin Rusiya karbohidrogenlərindən asılılığını hər şeydən öncə "Nabukko" boru kəmərinin tikintisi azalda bilər. AB bu kəmərlə Xəzər böl-gəsinin qazını Rusiyadan yan keçməklə - Türkiyə, Rumıniya və Bolqarıstan vasitəsilə alacaq. Əgər qazın "Nabukko" qaz kəməri vasitəsilə alınması baş tutarsa, bu, uğur olacaq. Gələn ay Azərbaycan və Türkmənistan ilə danışıqlar olacaq. Biz başqalarının əvəzinə qərar verə bilmərik, amma  istənilən halda Mərkəzi Asiya ölkələri ilə əməkdaşlığa can ata bilərik. Mən əminəm ki, "Nabukko"  doğru yoldadır", - deyə G.Ettinger vurğulayıb. 

Həmçinin, diqqətdən qaçırmaq olmaz ki, bu ilin may ayında AB dörd ölkə ilə təbii qazın Avropaya ötürülməsi üçün boru kəməri tikintisini  sürətləndirmək barədə saziş bağlayıb. Bunlar Azərbaycan, Gürcüstan, Türkiyə və Misir olub. Saziş bağlanan zaman müşahidəçi qismində ABŞ, Rusiya və Ukrayna çıxış ediblər. 

"Nabukko"nun gerçəkləşdirilməsi məsələsində optimistlərin xeyrinə olan başqa amil isə Türkmənistan prezidenti Qurbanqulu Berdiməhəmmədovun indiki mövqeydir. Türk dövlətləri liderlərinin İstanbul sammitindən sonra keçirilmiş mətbuat konfransında o bildirib ki, Aşqabad qaz ixracı üzrə istənilən istiqamətdə müxtəlif layihələrin, o cümlədən, "Nabukko" layihəsinin gerçəkləşməsinin real perspektivinə şübhə etmir. Onun sözlərinə görə, Türkmənistan Avropaya qaz ixracı üzrə, o cümlədən bu marşrutla  ixrac üzrə  böyük xammal potensialına malikdir. 

Əgər hətta ehtimal edilsə ki, Aşqabad hər hansı səbəb üzünd?n layihədə iştirak edə bilməyəcək, bu qaz kəmərinin doldurulması ilə bağlı elə bir problem olmamalıdır. Sadə hesablama aparaq. "Nabukko"nun tam layihə gücü ildə  31 mlrd kubmetr qaz təşkil edir və Azərbaycan bunun 12 mlrd kubmetrini vermək imkanındadır. Daxili istehlak 10-11 mlrd kubmetrə bərabər olan bir şəraitdə, artıq bu il Azərbaycanın istehsalı 28 mlrd kubmetrə çatacaq. Hasilatın bu cür artım templəri Bakıya "Nabukko" üçün verilən qazın həcmini artırmağa imkan yaradır. Nəzərə almaq lazımdır ki, kəmər üçün ildə 10 mlrd kubmetr həcmində İraq qazının da cəlb edilməsi nəzərdə tutulur, onda məsələ aydınlaşar.

Görünür, "Nabukko" qaz kəmərinin idarəedilməsi üzrə konsorsium bu hesablamaları nəzərə alaraq, uzunluğu 520 kilometr olan Transadriatik boru kəmərinin (TAP) tikinsinə ümidlə baxır. Kəmər Xəzər bölgəsindən və Yaxın Şərqdən təbii qazın Avropaya daşınmasını nəzərdə tutur. Qaz kəməri Yunanıstandan başlayacaq, Albaniya və Adriatik dənizindən keçməklə İtaliyaya çatacaq və daha sonra Qərbi Avropaya uzanacaq. Amma bu medalın, yəni alternativ enerji marşrutların yalnız bir tərəfidir.   

 Sentyabrın ortalarında isə daha bir önəmli hadisə baş verib. Ayın 14-də Azərbaycan, Gürcüstan və Rumınya prezidentləri, həmçinin, Macarıstan baş naziri "Bakı bəyannaməsi" imzalayıblar və sənəd faktik olaraq Azərbaycan qazının Gürcüstan ərazisindən keçməklə Rumıniyaya ixracını nəzərdə tutan AGRI (Azerbaijan-Georgia-Romania Interconnector) layihəsinə hazırlıq üzrə işlərə start verilib. Layihə Azərbaycan qazının Gürcüstan ərazisindən qaz kəməri ilə  Qara dəniz sahilinə ötürülməsini, orada xüsusi terminalda sıxılmasını, daha sonra isə tankerlərlə Rumıniyanın Konstantsa limanına ötürülməsini nəzərdə tutur. 

Daha sonra sıxılmış qaz təbii qaz halına salınacaq və ölkə ərazisində olan qaz infrastrukturu vasitəsilə Rumıniyanın daxili tələbatının ödənilməsinə və başqa Avropa ölkələrinə yönəldiləcək. Layihənin texniki-iqtisadi əsaslandırılması (TİƏ)  3 versiyada işlənəcək ki, bu versiyalarda göndəriləcək qazın həcmi 2,5 mlrd kubmetrdən 8 mlrd kubmetrə qədər dəyişəcək. Göndəriləcək həcmlərdən asılı olaraq AGRI layihəsinin dəyəri 1,2-4,5 mlrd avro arasında dəyişəcək. 

Bu layihənin potensialını yüksək qiymətləndirən Azərbaycan prezidenti əmin olduğunu bildirib ki, o, Avropanın və bizim regionun enerji və qaz layihələri sırasında önəmli yerlərdən birini tutacaq. Həmçinin qeyd edək ki, AGRI Qara dənizdə sıxılmış qazın daşınması üzrə gerçəkləşdirilən ilk layihədir. "Bakı bəyannaməsi" göstərir ki, həm istehsalçı ölkələr, həm də istehlakçılar enerji marşrutlarının diversifikasiyasında maraqlıdırlar, həm də artıq alternativ olanlara alternativ layihələri gerçəkləşdirimək niyyətindədirlər. 



MƏSLƏHƏT GÖR:

401