14 Mart 2025

Cümə, 18:57

SƏSVERMƏ QORXAQLAR ÜÇÜN DEYİL

Beynəlxalq gərginliyi müəyyənləşdirən Əfqanıstan hansı səmtə istiqamət götürüb?

Müəllif:

01.10.2010

Əfqanıstan parlamentinin aşağı palatasındakı 249 yerə ölkənin, demək olar ki, bütün partiya və hərəkatlarını təmsil edən 2500-dən artıq namizəd iddia edir. Amma ilk növbədə "Taliban"ın timsalında ən radikal qüvvələr əhalini səsverməni boykt etməyə çağırıb, əks-halda seçicilərə qarşı zorakılığın olacağını bəyan ediblər. Məhz bu üzdən seçkidə seçici fəallığı 40% (təxminən, 3,6 milyon nəfər) olub. Belə çıxır ki, seçkiyə Əfqanıstanda səsvermə hüququna malik əhalinin yalnız üçdəbiri gedib. Bu fakt ölkəni qorxuda saxlayan taliblərlə mübarizədə heç bir irəliləyişin olmadığını söyləməyə əsas verir.

 

Alov içində seçki

Seçki çoxsaylı terror aktları fonunda keçib. Əfqanıstanın güc strukturları ilə yanaşı, koalisiya qüvvələrinin 150 min əsgərinin də seçki məntəqələrinin mühafizəsi üçün ayrılmasına baxmayaraq, terror aktlarının qarşısını almaq mümkün olmayıb. 

Kabildə partlayışlar hələ səsvermədən öncə başlamışdı. Məntəqələrin açılmasından dərhal sonra isə Qəzni, Bədəhşan, Herat və Host əyalətlərində dalbadal  partlayışlar törədilib. Daha sonra Vardak, Nəranqar, Bəğlan əyalətlərində də terror aktları bir-birini əvəz edib.

Şimal əyaləti olan Qunduzda reaktiv mərminin partlaması nəticəsində, ən azı, 6 uşaq həlak olub. Qəza rəhbəri Həbibullah Möhtəşim bildirib ki, uşaqlar partlamamış mərminin olduğu ərazidə oynayırlarmış. Terrorçular tərəfindən buraya atılmış mərmi yalnız bir gün sonra partlayıb. Əfqanıstan hökuməti uşaqların qətlini "islama və insanlığa zidd əməl" adlandırıb.

Bundan başqa, Əfqanıstan Müstəqil Seçki Komissiyası ötən həftə oğurlanmış 3 əməkdaşının cəsədinin tapıldığını açıqlayıb. Onlar ölkənin şimalında - Balh əyalətində aşkar edilib.

Səsvermənin yekununda Əfqanıstanın müdafiə naziri Abdul Rahim Vardak bildirib ki, 17 əyalətin 38 qəzasında hökumət əleyhidarlarının əməllərinin qarşısı alınıb. 5 halda ordu təmsilçiləri "kommandos" xüsusitəyinatlılarının  xidmətindən də istifadə etməli olub,

Daxili işlər naziri Bismilla Xan Mohammadinin bildirdiyinə görə, nazirlik əməkdaşları səsvermə günü 32 minanı zərərsizləşdiriblər. Kapisa əyalətinin Nicrab qəzasında seçki məntəqəsinin yaxınlığında özünü partlatmağa çalışan kamikadze də vaxtında zərərsizləşdirilib. 

Seçki günü baş vermiş terror aktları nəticəsində 11 mülki şəxs də həlak olub, 45 nəfərsə yaralanıb. Taliblər isə 70 yaraqlısını itirib.

Daxili işlər naziri hesab edir ki, seçki Əfqanıstanın hüquq-mühafizə strukturları ilə NATO qüvvələrinin, Əfqanıstanda beynəlxalq təhlükəsizliyə dəstək qüvvələrinin (ISAF), BMT və Müstəqil Seçki Komissiyasının səylərini birləşdirməsi nəticəsində baş tutub.

Amma koalisiya qüvvələri də həmin gün qan tökmədən ötüşə bilməyib. Dünya KİV-in məlumatına görə, NATO aviasiyası Nanqarhar əyalətində yaşayış evini bombardman edib.  Nəticədə, 10 nəfər həlak olub. Onlardan 3-ü uşaqdır. Hələlik nə Əfqanıstan hökuməti, nə də NATO rəhbərliyi bu hadisə ilə bağlı hər hansı şərh  verməyib.

Bütün bunlarla yanaşı, Əfqanıstan rəhbərliyi seçkinin uğurlu keçdiyini bəyan edib. Seçki komissiyasının rəhbəri Fazel Əhməd Maanavi isə prosesdə çatışmazlıqların da olduğunu söyləyib. Bununla yanaşı o, ölkədəki mövcud durumla əlaqədar, belə pozuntuların gözlənilən olduğunu bildirib.

Amma sistemli müxalifət (barışmaz mövqedə olanlardan isə heç danışmağa dəyməz) fərqli düşünür. Müxalifət liderlərindən biri, sabiq xarici işlər naziri Abdulla Abdulla parlament seçkisinin şəffaflığını şübhə altına alıb. Seçki günü yol verilmiş pozuntular sırasında o, çoxsaylı saxtakarlıq faktlarını, konkret namizədlərin xeyrinə qutulara əlavə bülletenlər doldurulduğunu, seçki bülletenlərinin çatışmazlığını, seçki məntəqələrinin nüfuzlu məmurların evində qurulmasını göstərib.

"Əfqanıstanda azad və ədalətli seçki fondu" da səsvermənin legitimliyinə şübhə ilə yanaşır. Qeyd edək ki, bu fond Əfqanıstandakı seçkini müşahidə etmiş əsas təşkilatdır. Qurumun açıqlamasında bildirilir ki, səsvermənin keyfiyyəti ilə bağlı "ciddi narahatlıqlar var". Təşkilat bu rəyini təhlükəsizlik sahəsindəki problemlər, nəticələrin saxtalaşdırıldığına dair çoxsaylı ittihamlarla əsaslandırıb. Fondun rəhbəri Nader Naderi bildirib ki, təkrar səsvermə, seçicilərin ələ alınması və qutulara artıq bülletenlərin doldurulması kimi pozuntulara bütün ölkə ərazisində rast gəlinib.

Müxalifət dairələrinin rəyi ilə əksər beynəlxalq qurumlar da razıdır. BMT-nin Əfqanıstandakı elçisi Stefan de Mistura bildirib ki, hələ ki bu ölkədə keçirilmiş parlament seçkisini uğurlu adlandırmaq tezdir. O, bu fikrini BMT Komissiyasına çoxsaylı şikayətlərin daxil olması ilə izah edib.

Vaşinqton da Əfqanıstanda keçirilmiş seçkini qiymətləndirərkən ehtiyatlı davranıb. ABŞ-ın Əfqanıstandakı səfiri Karl Eykenberrinin sözlərinə görə, səsvermənin gedişində ayrı-ayrı pozuntulara rast gəlinib. Bununla yanaşı, diplomat bildirib ki, indi Əfqanıstanda seçki sistemi 2009-cu ildə keçirilmiş prezident seçkisilə müqayisədə daha yaxşı durumdadır.

Son məqam dünya ictimaiyyətinin Əfqanıstanda keçirilmiş parlament seçkisini qiymətləndirməsini başa düşmək baxımından çox vacibdir. Əfqanıstan ərazisindəki hərbi əməliyyatlara bilavasitə cəlb olunmuş aparıcı dövlətlər burada vəziyyətin tezliklə sabitləşməsində maraqlıdır. Bu səbəbdən də onlar hesab edir ki, necə keçirilməsindən asılı olmayaraq, seçkilərin təşkili demokratik proseslərin ümumiyyətlə olmamasından daha yaxşıdır. Bu səbəbdən də Əfqanıstandakı beynəlxalq təhlükəsizlik qüvvələri, həmçinin BMT rəhbərliyi elə əfqan xalqının bir hissəsinin taliblərin hədəsinə rəğmən seçkiyə qatılmaq qərarını yüksək qiymətləndirib. Koalisiya qüvvələri komandanı, amerikalı general Devid Petreusun fikrincə, səsvermə Əfqanıstanın gələcəyinin ekstremistlərdən yox, ölkənin vətəndaşlarından asılı olduğunu göstərib.

 

Sabitləşdirici variant

Amma məhz seçki prosesindəki nöqsanlar Qərbi əmin edib ki, onun əsas arzusunu tezliklə həyata keçirmək mümkün olmayacaq. Söhbət Qərbin Əfqanıstanda müharibənin mümkün qədər tez bitməsi, NATO hərbçiləri və koalisiya qüvvələrinin buradan mümkün qədər tez zamanda çıxarılması istəyindən gedir. Bundan başqa, ABŞ prezidenti Barak Obamanın İraqda "hərbi missiya"nı bitirməsi, bu ölkədən ABŞ ordusunun hərbi hissəsinin çıxarması belə düşünməyə əsas verir ki, indi Vaşinqton diqqəti Əfqanıstandakı koalisiya qüvvələrinin gücləndirilməsinə yönəldilib. Qəndəhardan gələn məlumatlar da bunu göstərir. ISAF bu əyalətdə taliblərə qarşı yeni genişmiqyaslı əməliyyatlara başlayıb. Təbii ki, amerikalılar burada da İraq təcrübəsindən yararlanmağı , postsəddam ölkəsində hərbi əməliyyatların başa çatdırılması variantından Əfqanıstanda da istifadə etməyi düşünür.

"Əşərk Əl-Ausat" ərəb qəzeti bu yaxınlarda İraqla bağlı yazısında bildirirdi ki, "Bu ölkədə güman ki, hakimiyyət ABŞ-a simpatiya bəsləyən qüvvələrin əlində cəmləşəcək. ABŞ qoşunlarının ölkədən çıxmasından sonra bu qüvvələr təhlükəsizlik və müdafiə mexanizmlərinə nəzarəti ələ almaqla hakim qüvvəyə çevriləcək. Bu faktor onların kifayət qədər uzun müddət hakimiyyətdə qalmasına kömək edəcək". Bununla yanaşı, proseslərə həlledici təsir göstərən "regional ənənələr" də nəzərə alınacaq. Bu proseslər isə iki istiqamətdə inkişaf edə bilər. Birinci variant, amerikalıların gedişindən sonra daim hakimiyyətdə olmaq imkanı qazanacaq hökumətin yaradılmasıdır. İkinci variant isə hakimiyyətin rəqabət aparan yerli siyasətçilər arasında balanslı şəkildə bölünməsindən gedir.

Əfqanıstanda məhz sonuncu variantın sınaqdan keçiriləcəyini istisna etmək olmaz. 

Bununla yanaşı, Qərb və rəsmi Kabil hökumətin regionlararası və millətlərarası konsensus əsasında bölünməsinə çalışacaq. Hətta bu layihənin reallaşdırılması fonunda barışmaz qüvvələrin daimi terror aktları səngiməsə də belə, sonunculara ölkənin strateji mərkəzləri və resursları üzərində nəzarət imkanı verilməyəcək. Nəticədə, onların müqavimət gücü zəifləyəcək.

Düzdür, Qərb strateqləri, xüsusilə də, amerikalılar yaxşı dərk edirlər ki, Əfqanıstanda vəziyyəti nəzarətə götürmək üçün, İraqdakından daha çox güc və səy sərf etmək lazım gələcək. Çünki İraqdan fərqli olaraq, buradakı daxili qarşıdurmaya son qoymadan, koalisiya qoşunlarının çıxarılması və idarəçiliyin yerli strukturlara təhvil verilməsi qeyri-mümkündür. Bu səbəbdən də İraqdan çıxarılan resurslardan da istifadə ilə taliblərə daha dağıdıcı zərbələrin endiriləcəyini, Əfqanıstanın güc strukturlarına yardımların artırılacağını gözləmək mümkündür. Güman ki, Əfqanıstanda hərbi kampaniyanın intensivləşdirilməsi Həmid Kərzai administrasiyasının sosial-siyasi bazasının genişləndirilməsinə yönəlmiş cəhdlərlə müşayiət olunacaq. Hər halda, Qərbin Əfqanıstan prezidentinə ünvanladığı bütün tənqidlərə baxmayaraq, əfqanların Qərbpərəst düşərgəsində hələ ki, ona real alternativ yoxdur. Əfqanıstanın hazırki hakimiyyətinin elektoratının artırılması prosesində taliblərin "mülayim" qanadı ilə dialoq qurulması cəhdləri də az rol oynamayacaq.

Hər halda, Əfqanıstanın yeni çağırış parlamentində qüvvələr nisbəti oktyabrda məlum olacaq. Amma parlamentdəki durumun necə olacağını indidən müəyyən qədər təsəvvür etmək mümkündür. O, yerli partya strukturunun spesifikasından irəli gələcək: bu ölkədə partiyalar daha çox etnik prinsiplərə üstünlük verir. Bu üzdən də puştunları əsasən puştunlar, tacikləri isə taciklər seçir. O da nəzərə alınmalıdır ki, bu partiyalarda liderlik mövqeləri tanınmış səhra komandirlərinə məxsusdur. Xüsusilə, "Əfqanıstan islam çağırışı" partiyasının lideri Abdurasul Sayaf və İslam cəmiyyətinin lideri Burhanuddin Rabbani belələrindəndirlər. 

Əfqanıstanın daxili siyasi özəlliklərindən çıxış edərək düşünmək olar ki, yeni çağırış parlament əvvəlkitək daha çox mühafizəkarlardan ibarət olacaq.

İstənilən halda, bütünlükdə dünyanı narahat edən suala yaxın vaxtlarda aydınlıq gələcək: beynəlxalq gərginliyi müəyyənləşdirən Əfqanıstan hansı səmtə istiqamət götürüb?



MƏSLƏHƏT GÖR:

586