
YADLAR ARASINDA DOĞMALAR
Artıq tolerantlıq ksenofobiyaya apara bilərmi, yaxud Avropalılar radikal siyasətçilərə niyə səs verirlər?
Müəllif: Eldar PAŞAYEV Bakı
Avropa ölkələrində yaşayan qaraçılarla bağlı problem gözlənilmədən dünya KİV-in diqqət mərkəzinə düşüb. Hər şey Parisin Fransada yaşayan bu köçəri xalqın nümayəndələrinin gəldikləri yerə qaytarılmaları qərarından sonra başlayıb. Söhbət onların Avropa İttifaqında daha çox məskunlaşdıqları Rumıniya və Bolqarıstana qaytarılmalarından gedir. Qaraçılar bu ölkələrin vətəndaşları kimi, Fransaya vizasız gedib-gəlmək hüququna malikdirlər. Amma bu ölkədə qanuni şəkildə məskunlaşmaq üçün onlara işləmək icazəsi və ya yaşamaq hüququ verilməlidir. 2007-ci ildə Rumıniya ilə Bolqarıstan Aİ-yə qəbul edilən zaman Fransa və birliyin 9 digər üzvü bu 2 ölkə vətəndaşlarının işləməsi və yaşaması üçün əlavə xüsusi qaydaların qəbuluna israr etmişdi. Bu qaydalar 2014-cü ilin yanvarınadək qüvvədədir.
Bu ilin avqustunda Fransa hökuməti bu problemə yanaşmasını daha da sərtləşdirdi və bu, təbii olaraq, Brüsselin Parisə qarşı tənqidlərini artırdı. Bundan başqa, bir çox hüquq müdafiəçiləri belə qənaətdədirlir ki, Parisin qeyri-leqal miqrantlarla mübarizə üsulunu "faşizm üsulları" ilə müqayisə etmək mümkündür. Onlar Aİ-də insanlar arasında milli və etnik zəmində ayrı-seçkiliyin qadağan olunduğunu da xatırladırlar.
Bəzi siyasətçilər isə Sarkozinin qaraçılara bu cür yanaşma ilə ultrasağçıların dəstəyini almağa çalışdığını bildirir. Hər halda, Fransada hər keçilirilən seçkidə belələrinin o qədər də az olmadığı üzə çıxır.
Parisin qaraçı probleminə yanaşması xüsusilə Aİ-nin ədliyyə, əsas hüquqlar və vətəndaşlıq məsələləri üzrə komissarı Vivian Redinqin sərt tənqidi ilə qarşılaşıb. Redinq bu haqda açıqlamalarında avropalıya xas olmayan sərtliyə üstünlük verib. O, milli zəmində ekstradisiyanı "utancverici" adlandırıb. Komissarın fikrincə, Paris bu addımları ilə Aİ-nin azad hərəkətetmə prinsipini pozur. Redinq Fransa hökumətinin bu əməllərini nasistlərin İkinci Dünya müharibəsi zamanı Avropadakı fəaliyyəti ilə müqayisə edib, Fransanı Avropa Məhkəməsilə hədələyib.
Buna cavab olaraq, Fransanın baş naziri Fransua Fiyon Avropa Komissiyasını tələsik qərarlar verməməyə çağırıb, inteqrasiya naziri Erik Besson isə Avropa Parlamentini Parisə münasibətdə səlahiyyətlərini aşmaqda ittiham edib. Fransa hökuməti qaraçıların geri qaytarılmasının Rumıniyanın razılığı ilə həyata keçirildiyini, bunun kifayət qədər düşünülmüş proses olduğunu bildirir.
Fransanın Aİ ilə iş üzrə naziri Pyer Leluş Parisin əməllərinə haqq qazandırmağa çalışaraq deyib ki, Rumıniya və Bolqarıstana uçan təyyarələrə bileti, konslagerə yollanan qatarla müqayisə etmək yolverilməzdir. Bundan başqa, Leluş Buxarestdən qaraçıların ictimai həyata cəlb olunması planının ortaya qoyulmasını tələb edib. Fransa geri qaytarılan qaraçıların yerli şəraitə uyğunlaşması və daha qonşu dövlətlərə qaçmaq haqda düşünməməsini təmin etmək işində Rumıniyaya maddi yardım göstərə biləcəyini də bəyan edib.
Amma gözlənilmədən KİV-də daha bir məlumat da peyda olub: sən demə Rumıniya Parisin bu şərtinə məcburiyyət qarşısında razılıq verib, əks təqdirdə, Fransa Buxarestin Şengen müqavləsinə qoşulmasına veto qoya bilməzmiş/.
Sentyabrın 22-də BBC belə bir məlumat yayıb ki, Rumıniya prezidenti Trayan Basesku Fransanın dövlət başçısı Nikola Sarkoziyə qaraçıların köçürülməsi prosesinin dayandırılması xahişi ilə müraciət edib. Baseskunun sözlərinə görə, Aİ liderlərinin yüksək səviyyədə ötən həftə keçirilən görüşündə o, fransalı həmkarın bu problemin həll yolunu tapmaq təklifi ilə müraciət etsə də, buna dəqiq cavab ala bilməyib. Sarkozi məsələni Parisdə baş tutacaq növbəti görüşlərində müzakirə etməyə söz verib. Qeyd edək ki, Paris görüşü bir neçə həftə sonraya nəzərdə tutulub.
Hələlik isə, Sarkozi ölkəsinin problemə yanaşmasını var qüvvəsi ilə müdafiə edir. O, bu məsələ ilə bağlı Avropa Komissiyasının rəhbəri Barrozu, həmçinin Almaniya kansleri Angela Merkel ilə mübahisə də edib. Fransa prezidentinin Redinqin açıqlamalarına reaksiyası xüsusilə sərt olub. Bu avrokomissar haqda danışan Fransa prezidenti bir dəfə də onun adını çəkməyib və Redinqi yalnız "cette femme" ("bu qadın") adlandırıb. Sarkozi bildirib ki, "bu qadın" öz tənqidi ilə Fransanı "təhqir edib və yaralayıb". O, Redinqə "bu qaraçıları öz ölkəsinə" götürməyi məsləhət görüb.
Fransa prezidenti Aİ-nin Redinqin müdafiəsinə qalxmış Komissiyasından üzrxahlıq da tələb edib. Barrozu isə buna cavab olaraq, bildirib ki, "komissiya razılaşmaların müdafiəçisidir, bu razılaşmalar pozulan zaman onun nəinki müdaxilə etmək hüququ var, hətta o, bu müdaxiləni etməyə borcludur".
Barrozu xüsusilə söhbətin "azlıqların müdafiəsi kimi təhlükəli və zərif məsələdən getdiyi zaman" bunun qaçılmaz olduğunu bəyan da edib.
Problem Parislə Berlin arasında da ciddi anlaşılmazlığa səbəb olub. Sarkozi keçirdiyi mətbuat konfrasında iddia edib ki, onunla söhbətində Merkel Almaniyadakı qaraçı düşərgələrinin də bağlanacağını bildirib. Rəsmi Berlin isə bu iddiaları rədd edib: "Merkel heç zaman və heç yerdə Almaniyadakı qaraçı düşərgələrindən danışmayıb. Xüsusilə onların evakuasiyası haqqında söhbət olmayıb". Bununla yanaşı, Redinqin sərt danışıq tonunun Almaniyanın da xoşuna gəlmədiyi bəllidir.
Bütün bunlarla yanaşı, Barrozunun emosiyalara uymamaq üçün var gücünü sərf etdiyi bildirilir. Çünki qaraçı problemi, sözün əsl mənasında, sərt debatlara səbəb olub. "Parislə Brüssel arasındakı insidenti aradan qaldırmalı olan işgüzar səhər süfrəsi özünəməxsus psixoloji drama çevrilib. 10-dək dövlət başçısı söz alıb və onların hər biri Redinqin fikirlərini müxtəlif tonda tənqid edib. Amma əslində Sarkozinin düzgün etdiyini yalnız Berluskoni və Çexiyanın baş naziri təsdiqləyib", - "La Repubblica" belə yazıb.
Həqiqətən də, Berluskoni "Sarkozinin dostu" Merkeldən fərqli olaraq, Fransa prezidentinə tam dəstək verib və bu, öz növbəsində ciddi şübhələrin yaranmasına səbəb olub. "La Repubblica" yazır ki, Avropa Komissiyası qaraçıların kollektiv şəkildə qovulmasına qarşı çıxır və bu məsələdə Fransa-İtaliya xəttinin yaranmasının qarşısını almağa çalışır. Ekspertlər digər ölkələrin Fransadan nümunə götürə biləcəyindən ehtiyatlanır.
Bütün bunların fonunda "La Stampa" Yelisey sarayının hicaba qadağa qoyulması kimi addımının da İtaliya parlamentinin spikeri Canfranko Fini tərəfindən dəstəkləndiyini xatırladır. İndi 2011-ci ildən Fransada ictimai yerlərə hicabda çıxılması cinayət sayılacaq. Ölkədə qadınları hicab geyməyə məcbur edən şəxslərin cəzalandırılmasını nəzərdə tutan qanun da hazırlanır.
Bir sözlə, qaraçı problemi yerli əhali ilə Avropanın əksər ölkələrində rast gəlinən miqrantlar arasında onların haradan gəldiklərinə baxmayaraq, ziddiyyətin (sosial, mədəni və s.) mövcudluğunu bir daha sübut edir.
Sentyabrın sonlarında məlum olub ki, İsveç parlamentinə ilk dəfə radikal millətçilər düşə bilib. Söhbət "İsveç demokratları" antimiqrasiya hərəkatından gedir. Bir çox təxribatçı ideyalarla çıxış edən bu hərəkatın üzvlərinə 5,7% seçici səs verib və onlar parlamentdə 20 yerə sahib çıxıb.
Qeyd edək ki, bu hərəkat müsəlman ölkələrindən Avropaya miqrasiyanın 90% azaldılması, immiqrant ailələrinin birləşməsinin qadağan edilməsi kimi təşəbbüslərin müəllifidir.
Baxmayaraq ki, millətçilər təklikdə qalacaq (ölkənin hazırkı baş naziri Fredrik Raynfeldin rəhbərlik etdiyi sağ-mərkəzçi "İsveçrə uğrunda alyans" və sosial-demokrat Mono Salinin rəhbərlik etdiyi qırmızı-yaşıl koalisiya ultrasağçı siyasətçilərlə əməkdaşlıq etməyəcəklərini açıqlayıblar), nəticə İsveç ictimaiyyətinin müəyyən qisminin hansı əhval-ruhiyyədə olduğunu göstərir.
Bəs İsveç radikalları seçki kampaniyası zamanı əsasən nəyə üstünlük verib? Məsələn, onların təbliğat çarxlarından birində açıq şəkildə göstərilirdi ki, orta statistik isveçli qarı öz rifahını (büdcədən ayrılan vəsaiti) hicablı gümrah müsəlman qadınlarla bölməli olur. Bu qalmaqallı çarxda söhbət hökumətin immiqrantların yaşayışı və inteqrasiyası üçün ayırdığı vəsaitdən gedirdi. Yəni çarxda yerli əhalinin "yadlar"dan necə və niyə əziyyət çəkmələrinə dair "məntiqi zəncir" nümayiş etdirilib. Nəticədə tam dəqiqliklə demək olar ki, Avropada da millətçilik ideyalarının kökündə iqtisadi əsaslar dayanır, çünki insanları ən çox maraqlandıran sağlamlıqları və firavanlığıdır. Onların ənənəvi həyat tərzinə mane olanlar isə, təbii ki, insanları hiddətləndirir. Axı söhbət dünyada yaşayış səviyyəsi ən yüksək olan ölkələrdən biri - İsveçdən gedir.
Digər tərəfdənsə, son iqtisadi böhrandan sonra, bütün Avropada miqrantlara yanaşma dəyişib. Məsələn, Fransanın immiqrasiya naziri Erik Besson ölkənin immiqrasiya haqda qanununa düzəlişlər ediləcəyini bildirib. Belə ki, ölkənin sosial sığorta sistemi üçün əlavə yükə çevrilən və qısamüddətli səfərlə gəlməsinə baxmayaraq, ölkəni tərk etməyən əcnəbilər deportasiya ediləcək.
Avropada başqa ölkədən gəlmiş əhalinin (əsasən, müsəlmanlar) ümumi sayı 14% təşkil edir. Avropa cəmiyyətinə çətinliklə inteqrasiya edən bu insanlar bəzən məqsədli şəkildə bunu etmək istəmir. Onlar qapalı, öz qaydaları ilə idarə olunan cəmiyyətlər kimi yaşayır, beləliklə də dövlət içində "mini-dövlət" yaranır.
Məsələn, "La Croix" qəzeti yazır ki, Fransa polisi artıq hicab qadağasını pozan şəxslərin cəzalandırılmasında çətinlik çəkirlər. Onlar anlayır ki, şəhərətrafı qəsəbələrdə bu, daha çətin olacaq. Məqalə müəllifi bildirir ki, bu səbəbdən də "birinin xanımını, qızını, bacısını hicabı çıxartmağa məcbur etməyin nə ilə nəticələnəcəyini təsəvvür etmək çətin deyil".
Bununla yanaşı, bəzən, "köklü avropalılar" da milli və dini azlıqlara qarşa hərdən özlərini çox səbirsiz aparırlar. Onlar hesab edirlər ki, gəlmə əhali ümumi həyat tərzinə uyğunlaşsa və assimilyasiya olsa, bu prosesi maliyyələşdirmək olar, əks təqdirdə isə, heç kəs cibindən pul ödəmək istəmir.
Bundan başqa, əksər KİV yazır ki, belə qapalı miqrant cəmiyyətlərində tez-tez müxtəlif cinayətlər üçün əlverişli şərait yaranır. Fransa hökumətinin deportasiya siyasətinə haqq qazandırmasından əsas arqument məhz qaraçı qəsəbələrində cinayətlərin sayının yüksək olmasıdır. İyulda ölkənin cənubunda qaraçılarla polis arasında toqquşma hökumət üçün əsas səbəb olub.
Fransa rəhbərliyi iddia edir ki, qaraçı qəsəbələri və taborları müxtəlif növ cinayətkarlar üçün "cənnət"dir, burada onlar qaçaqmalçılıq, narkotiklərin yayılması ilə məşğul olur, fahişəxanalar saxlayır, hətta uşaqlar da seksual zorakılığa məruz qalırlar.
"Le Figaro" qaraçılarla bağlı problemi nəzərdə tutaraq yazır ki, Avropa Komissiyası səbr nümayiş etdirməyə çağırmaqla, əslində ksenofobiyanın xeyrinə işləyib. "Əgər Avropa İttifaqının institutları Avropada səfillik edən 10-12 milyon insanın qeydinə azacıq da olsa qalsaydı, bütün bunlar baş verməzdi. Brüsseldə oturaraq əsəbləşmək, özünü problemin məğzini başa düşən kimi göstərmək asandır. Avropa Komissiyası yəhudilərin nasistlər tərəfindən qırılması ilə bu məsələ arasında absurd paralel aparanların fikirlərini təsdiqləməklə, fransızlar arasında onsuz da bədnam olan adını çətin ki, yaxşılaşdıra bilsin. Biz bunu istəsək də, istəməsək də, Fransa hökumətinin səxavəti hesabına yaşamaq üçün buraya üz tutmuş köçəri xalqların qeyri-leqal düşərgələrinin dağıdılması əksər həmvətənlərimiz tərəfindən müsbət qarşılanır. Onlar evlərinin yanında qaçaqmalçılığın çiçəkləndiyi daxmaların əmələ gəlməsinə nə üçün sevinməlidir?" - Fransa qəzetinin yazarı belə bildirir.
Bundan başqa, xüsusilə təbi artımın yüksək olduğu müsəlman miqrantlar bu göstəricisi o qədər də yüksək olmayan Avropanın qocalan əhalisinə ciddi təhlükə yaradır. Məhz bu səbəbdən də avropalılar etnik cinayətlərə son qoyacağını, avropalılar üçün ənənəvi yaşayış şəraitini geri qaytaracağını vəd edən siyasətçilərə səs verir.
Amma bununla bərabər, fransızların prezidentləri Nikola Sarkozinin də immiqrant ailəsindən olduğu yaddan çıxır.
Bir məqamı da görməmək mümkün deyil: minarələrin tikintisinə və ya hicaba qadağa qoyulan Avropa ölkələrinin sakinlərinin əməlləri o qədər də məntiqli deyil. Axı bir çox immiqrantlar, həmçinin müsəlmanlar Avropada qaçqın statusu alıblar. "Köhnə dünya" bununla öz tolerantlığını və insan haqlarının qeydinə qaldığını göstərməyə çalışıb. Amma yuxarıda qeyd edilən çətinliklərlə üzləşən bir sıra siyasətçilər gözlənilmədən tam başqa dildə danışmağa başlayıb.
Hərdən insanda belə təsəvvür yaranır ki, Avropa siyasətçiləri, qanunvericiləri və hüquq müdafiəçiləri tolerantlıq məsələsində lap ağ ediblər. Məsələn, Avropa Şurasının seksizmlə (insanın cinsiyyət əlamətlərinə görə diskriminasiyası) mübarizəyə dair təşəbbüsləri Şərqdə, müsəlman dövlətlərində, həmçinin postsovet məkanında heyrət doğurmaya bilməz. Məlum olduğu kimi, ilk addım kimi, qadın və kişiyə müraciətdə dəyişikliklər etmək təklif edilir. Çünki onların fikrincə, qadınlara müraciətdə onların cinsiyyət əlamətlərini qabartmaq, kişilərlə hüquq bərabərliyi haqqında prinsipə ziddir. Məsələn, İsveçrədə artıq "ana" və "ata" sözlərindən imtina üçün ilk addım atılıb. Orada bunun əvəzinə "gender baxımından neytral terminlər"dən - "valideyn" və ya "valideynlər" ifadəsindən istifadə olunacaq. Buna Doris Ştampın (İsveçrə deputatı) bir müddət əvvəl qadınların "passiv, ikinci dərəcəli məxluq, ana və ya seks obyekti" kimi təqdim olunmaması ilə bağlı müraciəti səbəb olub.
Yəni, avropalılar artıq o həddə çatıblar ki, onların öz təşəbbüsləri öz prinsiplərilə ziddiyyət təşkil etməyə başlayıb. Əgər onlar düşünürlərsə ki, dünyanın ən gözəl sözü olan "ana" ifadəsi kiminsə xətrinə dəyə bilər, onda kiminsə dini səbəblərdən hansısa geyimi geyməsinin qadağan olunmasının ürəksındıran olduğunu anlamaq çoxmu çətindir?
Avropanın bir çox ölkələri həyatın bütün sahələrində tolerantlıq standartlarına sadiqlik öhdəliyi götürüb. Amma indi avıropalılar öz "hökm"lərinə zidd çıxırsa, bu, tam haqlı təəccübə səbəb olur.
Ədalət naminə qeyd edilməlidir ki, Avropada tolerantlıqla bağlı hökmün pozulması elə ən çox avropalıların özünü hiddətləndirir. Dünyanın qalan hissəsi isə baş verənləri ironiya ilə müşahidə etməkdədir.
Aydındır ki, insanların harada yaşamasından asılı olmayaraq, onlar öz uğursuzluqlarında əsli, dərisinin rəngi, dini və ya yaşayış tərzi fərqli olanları ittiham etməyi sevir. Amma birmənalı şəkildə haqlı və haqsızın olmadığı "yadlar və doğmalar" məsələsində yenə də balansı qorumaq vacibdir. Çünki tərəflərdən birinə doğru əyilmək gözlənilməz fəsadlara yol aça bilər. Bu olmasa, Avropanın öz birliyinə ciddi zərbə dəyəcək.
Sonda qaraçılarla bağlı problemə qayıdaraq, bir məqamı qeyd etmək lazımdır - qaraçıların sadəcə bir ölkədən digərinə qovulması ilə köçəri xalq probleminin həlli mümkün deyil.
MƏSLƏHƏT GÖR: