14 Mart 2025

Cümə, 21:49

TAYM-AUT BİTDİ

Müəllif:

01.10.2010

Deyəsən, ABŞ Barak Obama administrasiyasının Cənubi Qafqaz, xüsusilə Azərbaycana qarşı siyasəti ilə bağlı yenidən düşünmək üçün götürdüyü taym-autu başa çatır. Sentyabrın 24-də Nyu-Yorkda BMT Baş Assambleyasının 65-ci sessiyası çərçivəsində Birləşmiş Ştatlar və Azərbaycan prezidentlərinin görüşünü Bakıya Pentaqon rəhbəri Robert Geyts və ABŞ-ın dövlət katibi Hillari Klintonun bir-birinin ardınca etdikləri səfərlərin məntiqi nəticəsi saymaq olar.

Rəsmi məlumata görə, Barak Obama ilə İlham Əliyev qarşılıqlı maraq doğuran bütün məsələləri müzakirə ediblər. Müxtəlif sahələrdə strateji tərəfdaşlıq prinsiplərinə əsaslanan ikitərəfli münasibətlərin uğurlu inkişafından məmnunluq ifadə olunub.

İlham Əliyevin liderlik rolunu qeyd edən ABŞ prezidenti bildirib ki, Azərbaycan regionun daha çox uğur əldə etmiş ən nüfuzlu ölkələrindən biridir.

Görüşdə iki ölkə arasında siyasi əlaqələrin yüksək səviyyəsi qeyd edilib, regional əməkdaşlığın möhkəmlənməsi baxımından iqtisadiyyat, enerji və təhlükəsizlik sahələrində əməkdaşlığın əhəmiyyəti vurğulanıb.

Tərəflər Azərbaycan və ABŞ-ın beynəlxalq antiterror əməliyyatlarında birgə fəaliyyəti haqq?nda da danışıb. Ağ evdən verilən məlumata görə, prezident Obama Azərbaycana Əfqanıstandakı ISAF missiyasına verdiyi dəstəyə görə təşəkkürünü bildirib.

Azərbaycanın beynəlxalq enerji əməkdaşlığının genişləndirilməsinə töhfəsi də xüsusi qeyd olunub.

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi haqqında da danışan dövlət başçıları regionda sülh və sabitliyin bərqərar olunması baxımından, bu problemin mümkün qədər tez həllinin vacibliyini vurğulayıblar.

Hər iki lider  ölkələri  arasında daha sıx əlaqələr yaratmaq arzusunu dilə gətirib.

Beləliklə, ABŞ-la Azərbaycan arasında ikitərəfli münasibətlər yeni dinamika alır və bunu bir sıra sahələrdəki mövcud durum diktə edir.

Birincisi, ABŞ Əfqanıstana Azərbaycan vasitəsilə sabit tranzitə ehtiyac duyur. İkincisi, Ağ ev üçün İranın nüvə proqramı ilə bağlı problemin həllində Bakının dəstəyi vacibdir. Üçüncüsü, ABŞ üçün Avropadakı tərəfdaşlarının enerji təhlükəsizliyi məsələsi əhəmiyyətsiz deyil və Azərbaycanın bu məsələdə rolu nəzərəçarpacaq dərəcədə artır.

Bakını isə daha çox Dağlıq Qarabağ münaqişəsinin həllində ABŞ-ın mövqeyi maraqlandırır.

Görünən odur ki,  Ağ evdə Dağlıq Qarabağ münaqişəsinin həllində Moskvanın səyləri, xüsusilə şəxsən prezident Dmitri Medvedevin Azərbaycan və Ermənistan rəhbərlərini bir araya gətirməsi bu sahədə Vaşinqtonun mövqelərini bir qədər arxa plana keçirir. Bu, üstəlik, Vaşinqtonun Dağlıq Qarabağ separatçılarına yardım ayırması, ABŞ-ın Türkiyə-Ermənistan sərhədlərinin açılmasında lobbiçilik etməsi Bakı ilə ikitərəfli münasibətlərə təsirini göstərməyə bilməzdi.

Azərbaycan prezidenti dəfələrlə bildirib ki, Dağlıq Qarabağ münaqişəsi həllini tapmadan regional xarakterli bir çox məsələlərdə Bakıdan xeyirxahlıq gözləməyinə dəyməz. Bakının iştirakı olmadan isə bu proseslərdə müsbət tendensiya gözləmək mümkün deyil.

Birincisi, bunu Azərbaycanı regionun daha çox uğur qazanmış ən nüfuzlu ölkələrindən biri adlandıran  B.Obama da təsdiqləyib. Bu fikirləri təsdiqləyən daha bir faktor son bir neçə ayda Türkiyə, Rusiya, Gürcüstan və Rumıniya prezidentlərinin Bakıya səfərləri, həmçinin İ.Əliyevin ABŞ-a səfəri, BMT Baş Assambleyasında çıxışı və B.Obama ilə səmərəli görüşüdür. 

Bundan başqa, İlham Əliyev Özbəkistana da səfər edərək, həmkarı İslam Kərimovla iki ölkə arasında əməkdaşlığa dair bir sıra sənədlərə imza atıb.

Regional və beynəlxalq səviyyəli inteqrasiya proseslərində fəal iştirak edən, müasir nəqliyyat infrastrukturu yaradan, Avropanın enerji təhlükəsizliyinin təminində rolunu artıran Bakı son illər öz imkanlarını daha da genişləndirib.

Məsələn, "Azerbaijan-Georgia-Romania Interconnector" (AGRI) layihəsinin reallaşdırılmasına start verilməsi Xəzər regionu ölkələri ilə Avropa İttifaqı arasında enerji əməkdaşlığında yeni mərhələnin əsasını qoyub. Qeyd edək ki, bu layihə mayeləşdirilmiş qazın Avropaya nəqlini nəzərdə tutur.

Moskva ilə enerji sahəsində əməkdaşlığın genişləndirilməsiylə Azərbaycan özünü Rusiyanın cənubunun enerji təhlükəsizliyinin təminində vacib mənbə kimi təsdiqləyib.

Digər yandan, Azərbaycan Avropa ilə Asiya arasında yeganə "körpü"dür. İlham Əliyevlə Barak Obamanın görüşündə beynəlxalq antiterror əməliyyatlarında birgə fəaliyyətin ayrıca mövzu kimi müzakirəsi də təsadüf deyil. Şübhəsiz, ABŞ-ın Əfqanıstandakı missiyasına digər dəstək imkanları da var. Lakin Vaşinqton alternativ və etibarlı marşruta ehtiyac duyur. Bu marşrut isə məhz Azərbaycandır. Əfqanıstandakı hazırkı şəraitdə məhz Azərbaycan koalisiya qüvvələri üçün əvəzolunmaz nəqliyyat arteriyasıdır.

B.Obama ilə İ.Əliyev arasında danışıqlar demokratlardan ibarət administrasiyanın elə Amerikanın öz maraqları naminə erməni lobbisinin təsirinə müqavimət göstərəcəyinə də ümid yaradıb. Senatın xarici məsələlər komitəsində ABŞ dövlət katibi köməkçisinin müavini Metyu Brayzanın Azərbaycana səfir təyin olunması ilə bağlı səsverməni bunun ilk göstəricisi saymaq olar. Xatırladaq ki, səsvermədə yalnız 2 nəfər Brayzanın namizədliyinin əleyhinə çıxıb, qalanları isə onu dəstəkləyib.

Nüfuzlu "The Washington Post" qəzetinin senator Barbara Bokser və Robert Menendesi Azərbaycana səfir təyinatı məsələsində qorxaq hərəkət etməklə milli maraqlara qarşı çıxmaqda günahlandırması da təsadüf deyil. "Əgər ANCA (ABŞ-ın erməni milli komitəsi) səriştəli diplomat Metyu Brayzanın Azərbaycana səfir təyin olunmasının qarşısını almaq işində uğur əldə etsə bu, yalnız ABŞ-ın Qafqaza təsir imkanlarını azaldacaq, regionda müharibə ehtimalını daha da artıracaq. Senatorlar Bokser və Menendesin buna imkan verəcək hərəkətləri biabırçılıqdır", - qəzet belə yazıb.

Beləliklə, səmərəli coğrafi vəziyyət, böyük enerji ehtiyatları, yüksək siyasi iradə və çoxşaxəli xarici siyasi kurs Azərbaycanı xarici siyasi tərəfdaşlarla münasibətlərin qurulmasında daha müstəqil edir. ABŞ-ın Dünya Təhlükəsizlik İnstitutunun (keçmiş Müdafiə İnformasiyası Mərkəzi, Vaşinqton) Rusiya və Asiya proqramlarının direktoru Nikolay Zlobinin dediyi kimi, "Azərbaycan son zamanlar xarici oyunçulardan asılı olmadan daha böyük müstəqillik əldə etməklə, ABŞ üçün sanki başqa mərhələyə keçib".


MƏSLƏHƏT GÖR:

505