Müəllif: Rəqibə MƏMMƏDOVA Azərbaycan Respublikası Prezidenti İşlər İdarəsi Siyasi Sənədlər Arxivinin məsləhətçisi Bakı
Görkəmli dövlət xadimi və diplomat Behbud ağa Şahtaxtinski Azərbaycanın ərazi bütövlüyünün qorunmasına, ölkədə ictimai-siyasi həyatın inkişafına, Azərbaycan xalqının dövlətçiliyi gücləndirməsinə inanılmaz töhfələr verib. 13 oktyabr 1921-ci ildə Rusiyanın iştirakı ilə Azərbaycan, Gürcüstan və Ermənistanla Türkiyə arasında imzalanmış Qars müqaviləsinin altında Azərbaycan hökumətinin təmsilçisi kimi məhz onun - dövlət nəzarəti xalq komissarı Şahtaxtinskinin imzası var. Naxçıvanın Azərbaycanın tərkib hissəsi kimi statusunun möhkəmlənməsi məhz bu sənədlə müəyyənləşib. Müqavilənin 5-ci maddəsində bildirilir ki, Naxçıvan vilayəti Azərbaycanın tərkibində muxtar ərazi elan olunur. Beləliklə, 3 Zaqafqaziya respublikasının razılığı ilə Azərbaycanın tərkibində keçmiş Naxçıvan qəzası muxtar vilayət elan edilib.
Qeyd edək ki, 1921-ci il martın 16-da imzalanmış Rusiya-Türkiyə (Moskva) müqaviləsinin 3-cü maddəsində "razılığa gəlmiş hər iki tərəfin Naxçıvan vilayətinin Azərbaycanın nəzarətində muxtariyyata çevrilməsinə" "hə" dediyi qeyd olunur. Orada şərt kimi, "Azərbaycanın protektoratı üçüncü dövlətə güzəştə getməyəcəyi" də əksini tapıb.
Sənəddə "üçüncü dövlət" dedikdə, Ermənistan nəzərdə tutulurdu.
Məlum olduğu kimi, ermənilər əsrlər boyunca Cənubi Qafqazda öz dövlətlərini yaratmaq üçün dəridən-qabıqdan çıxıblar. Onlar bu arzularını daha çox Rusiyanın XIX əsrin əvvəllərində İranla müharibədən qalib ayrılmasından və regionda mövqelərini gücləndirməsindən sonra reallaşdıra biliblər. Çar I Nikolayın əmri ilə Rusiyaya birləşdirilən İrəvan və Naxçıvan xanlıqları Ermənistan vilayəti adlandırılıb. 1840-cı ildə o, ləğv olunub və yerində Erivan qəzası yaradılıb. Öz torpaqları olmayan ermənilər dövlətlərini yaratmaq niyyəti ilə qonşu ölkələrin (Türkiyə və İran), həmçinin xalqların (azərbaycanlılar və gürcülər) ərazilərini ələ keçirməyə çalışıblar. Naxçıvan isə bu planda heç də sonuncu yerdə olmayıb...
Savadlı qadın uğrunda
Behbud ağa Şahtaxtinski 1881-ci ildə Erivan quberniyasının Şahtaxtı kəndində doğulub. Hazırda bu kənd Naxçıvan Muxtar Respublikasının Kəngərli rayonuna daxildir. Şahtaxtinski 1895-ci ildə Bakıya gəlib, müxtəlif qurumlarda, müəssisələrdə işləyib. 1905-ci ildə müsəlmanların "Hümmət" sosial-demokrat təşkilatına daxil olub. O, Nəriman Nərimanovun yaxın dostu və silahdaşı idi. 1907-ci ildə "Hümmət"in fəaliyyətini dayandırması ilə Behbud ağa Şahtaxtinski müxtəlif yerli qəzetlər üçün məqalələr yazmağa başlayıb. 1912-1913-cü illərdə Bakıda rus dilində "Baraban" adlı satirik və yumoristik jurnal dərc olunurdu. Jurnalın redaktoru məhz Behbud ağa Şahtaxtinski idi. O, Cəlil Məmmədquluzadənin "Molla Nəsrəddin" satirik jurnalının ənənələri əsasında, lakin rus dilində uğurla yayılırdı. Yeri gəlmişkən, hazırda Azərbaycan Prezidentinin İşlər İdarəsinin Siyasi Sənədlər Arxivinin Elmi Kitabxanasında "Baraban" jurnalının 38 nömrəsi saxlanılır. Onlardan 6-sı 1912, qalanları isə 1913-cü ilə aiddir.
Şahtaxtinskinin yazdığı məqalələr arasında onun ilk müsəlman qadın qəzeti olan "İşıq"ın redaksiyasına yazdığı məktub diqqəti çəkir. Məktub 1911-ci ildə yazılıb. Bu yerdə bir qədər geri qayıtmağa ehtiyac var. 1905-1907-ci illərdə Rusiyada qadınlara kişilərlə bərabər siyasi və sosial hüquqların verilməsinə dair tələblər getdikcə qızışırdı. Qadınlar fəal şəkildə ali təhsil almağa çalışır, müxtəlif ixtisaslara yiyələnməyə, idarəçilikdə iştirak etməyə cəhd göstərirdilər.
Etiraf etmək lazımdır ki, ilk dövrlərdə Bakıda bu bərabərliyi tələb edənlər, əsasən, köklü olmayan, yəni qeyri-azərbaycanlı qadınlar idilər. Lakin hərəkat fəallaşdıqca, ona qoşulan azərbaycanlıların da sayı artdı. Bu, ölkə ziyalıları tərəfindən dəstəklənməyə başlandı və Behbud ağa Şahtaxtinski, şübhəsiz ki, onlardan biri idi. Ziyalılar anlayırdılar ki, dövlət, cəmiyyət, xalqın yarısının kölgədə qaldığı, savadsız olduğu bir şəraitdə inkişaf edə bilməz. Bu səbəbdən, onlar uşaqların gələcəyinin doğru qurulması üçün övladların əsas tərbiyəçisi olan anaların savadlı olmasının vacibliyini anlayırdılar. Lakin o illərdə əksər ailələr qızların təhsil almasını ağıllarından belə keçirmirdilər. Ziyalıların proqressiv nümayəndələri bu işdə qara qüvvələrlə ciddi mübarizə aparırdılar. Bu qüvvələrin başında isə savadlılıq səviyyəsi aşağı olan ruhanilər dayanırdı.
Qadınların maarifləndirilməsi, onlara öz hüquqlarının başa salınması işində ziyalı qadınların dövri nəşrlərdə bir araya gətirilməsinə ciddi ehtiyac duyulurdu. Bu nəşr 22 yanvar 1911-ci ildə meydana çıxdı. Həmin gün Azərbaycanda ilk qadın qəzeti olan "İşıq" çap olundu. Qəzetin redaktoru ictimaiyyət arasında böyük hörmətə malik həkim Xədicə xanım Əlibəyova, təsisiçisi isə onun həyat yoldaşı, tanınmış ictimai xadim Mustafa bəy Əlibəyov idi. Qəzet xeyriyyəçi Hacı Heynalabdin Tağıyevin vəsaiti hesabına dərc olunurdu.
Qadın qəzetinin nəşrə başlaması, üstəlik, onun baş redaktorunun müsəlman qadın olması əhalinin savadlı hissəsində böyük rəğbət qazanmışdı. Bu sözlər yalnız Bakıya deyil, Rusiyanın müsəlman mərkəzlərinə də aiddir. Təbrik məktubları, qəzetə uğurların arzulandığı tərifdolu teleqramlar redaksiyaya, demək olar ki, hər gün daxil olurdu. Qəzet Behbud ağa Şahtaxtinskinin məktubu kimi, daha məzmunlu məktubları səhifələrində dərc edirdi. Qadınların cəmiyyətdəki rolu və yeri haqda fikirlərini bölüşən Şahtaxtinski yazırdı: "Yalnız tərbiyəli (ədəbli), savadlı və bizi əhatə edən həyatı gözəl tanıyan ana övladına yaxşı tərbiyə verib, onun həyatını yaxşı təmin edə bilər. Biz həyatımızı bütün bu dəhşətlərlə sürürük, çünki bizim müqəddəratımızı həll edən və qərarları pozulmaz qanun olan ağılsızlar uzun müddət və vəhşicəsinə bizim taleyimizi öz əllərində tutmuşlar. Onlar nəinki bizim xanımlarımızı, hətta bizim özümüzü də maarif və bilikdən uzaq tutmağa çalışmışlar. Nəhayət bu usanmaz riyakarlar da həyatın sərt və dəyişməz qanunları ilə hesablaşmalı oldular. Bu həyat qanunu elə onların vasitəsilə müsəlmanlar ilə maarif arasında bir körpü qurdu. Həyat fəlsəfəsi müsəlman qadınının - müsəlmanların ən təəssübkeş mühitində öz səhifələrindən geridə qalmış bacılarına çox dəyərli məlumatlar verən çap orqanına sahib müsəlman qadınının da ürəyinə yol tapmışdır. Onlar artıq gizli, hətta, demək olar ki, heç nəzərə çarpmayan mübarizənin yerinə, açıq və çox inadkar mübarizə aparırlar. Anlaşılana görə, heç 10 il də keçməz, müsəlman qadınının əvvəlki vəziyyəti bir əfsanə və nağıla çevrilər. Namuslu ziyalının şüarı xalqının rifahı və xeyri olmalıdır. O, öz rahatlığını, ağlını, biliyini və gücünü xalqına həsr etməli, eyni zamanda diqqətli və tədbirli olmalıdır. Belə ki, bütün səhv və yanlışlıqlara görə istər xalq, istərsə də tarix qarşısında yalnız ziyalılar zümrəsi cavabdehdir. Biz müsəlman qadınlarımızdan məhz belə bir ziyalılığı gözləyirik".
Müəmmalı şəraitdə
1920-ci ilin aprelində Azərbaycan bolşeviklər tərəfindən ələ keçirilir. N.Nərimanov hökumətində Behbud ağa Şahtaxtinski adındakı "ağa" sözü olmadan ədliyyə naziri postunu tutur, eyni zamanda Azərbaycanın Rusiyadakı fövqəladə və səlahiyyətli səfiri olur. Lakin bolşevik ruhu onun daxilindəki vətənpərvərliyi, Vətəninə və xalqına məhəbbəti boğa bilmir.
Zəngəzuru ələ keçirən erməni hökuməti diqqətini Naxçıvan və Qarabağa yönəldir. 1920-ci ilin dekabrında Naxçıvanın Ermənistana verilməsi məsələsi Moskvada, demək olar ki, həll edilir. Belə olan təqdirdə, Şahtaxtinski ağlasığmaz və fədakar addım atmaq qərarına gəlir: Moskva və Bakıdan razılıq alınmadan, məhz onun qərarı ilə Naxçıvanda ümumxalq referendumu keçirilir və regionun əhalisi Azərbaycanın tərkibində qalmağa səs verir.
Doğrudur, B.Şahtaxtinski Moskva və Qars müqavilələrinin hazırlanması işlərinə cəlb edilmişdi. Lakin onun Ermənistana Naxçıvanın "itirilməsi" bahasına başa gəlmiş "özbaşınalığı" Moskvanın yadından çıxmamışdı. 1923-cü ildə Şahtaxtinski Azərbaycan hökumət başçısının birinci müavini vəzifəsindən azad olunur və o qədər də vacib olmayan posta təyinat alır. Söhbət Tiflisdəki Zaqafqaziya Ali Arbitraj Komissiyasının üzvlüyündən gedir. Necə ki, N.Nərimanov Moskvada çox işləyə bilmir, Şahtaxtinskiyə də vətəndən kənarda uzun müddət çalışmaq nəsib olmur. 1924-cü il mayın 31-də Tiflisdə nəşr olunan "Şərqin şəfəqi" qəzetində Şahtaxtinskinin intihar etdiyinə dair məlumat yayılır.
Məlumatda bildirilir ki, o, naqandan öz başına 4 güllə sıxsa da, sağ qalıb, lakin xəstəxanada dünyasını dəyişib. Qəzet səhəri gün Şahtaxtinskinin ölümü ilə bağlı nekroloq da dərc edir. Mərhumla vidalaşma mərasimi keçirilmir.
Ölümün təfərrüatları (intihar edən şəxs öz başına 4 güllə sıxır?!), təntənəli dəfnin təşkilindən imtina, həmçinin mərhumun vətənində deyil, Tiflisdə torpağa tapşırılması Şahtaxtinskinin intihar etmədiyini, əslində, kimlər tərəfindənsə öldürüldüyünü düşünməyə əsas verir. Ondan cəmi 10 ay sonra yenə kifayət qədər müəmmalı şəkildə N.Nərimanov da "ölür"...
MƏSLƏHƏT GÖR: