24 Noyabr 2024

Bazar, 20:33

SƏDLƏRİ AŞARAQ

Dünyada neftin qiymətinin ucuzlaşması Azərbaycanın iqtisadi inkişaf templərinə ciddi təsir göstərməyəcək

Müəllif:

20.01.2015

2015-ci ilin başlanması ilə dünya bazarlarında neftin qiymətinin ucuzlaşması prosesi nəinki dayanmayıb, hətta "tarixi" minimuma çataraq, 50 dollardan da aşağı düşüb. Bundan başqa, bu trendin neft hasilatı ilə məşğul olan dövlətlərin iqtisadiyyatına mənfi təsiri fonunda Səudiyyə Ərəbistanı şahzadəsi Əl-Valid ibn Talalın səsləndirdiyi bəyanat neft satıcıları üçün "ağır günlər"in tezliklə başa çatacağına olan ümidlərin üzərindən də xətt çəkib. O, bundan sonra heç zaman neftin qiymətinin 100 dollara çatmayacağını deyib və fikrini bu qiymətin, ümumilikdə, "düzgün olmaması" ilə əsaslandırıb.

Təbii ki, dövlət büdcəsi gəlirlərinin böyük hissəsini neft satışından əldə edən Azərbaycan iqtisadiyyatı üçün bu ucuzlaşma tamamilə təsirsiz ötüşə bilməz. Hökumət bir sıra dövlət xərclərini yenidən nəzərdən keçirməlidir. Bunu ölkə Prezidenti İlham Əliyev də Nazirlər Kabinetinin 2014-cü ilin yekunları, 2015-ci il üçün qarşıda duran planlara həsr olunmuş son toplantısında dilə gətirib. Bununla yanaşı, istər yerli, istərsə də beynəlxalq ekspertlərin proqnozları göstərir ki, sabit makroiqtisadi göstəricilər və qeyri-neft sektorunun sürətli inkişafı hesabına Azərbaycan iqtisadiyyatı bu il də bütün istiqamətlərdə inkişafını davam etdirəcək.

 

Sabit manat - sabit iqtisadiyyat

Azərbaycan regionda "sabitlik adası" olaraq qalır. Halbuki, neftin ucuzlaşması "qara qızıl" hasilatı ilə məşğul olan əksər dövlətlərin iqtisadiyyatına ciddi təsir göstərir. Hətta 2014-cü ilin sonlarında gəlirlərin kəskin şəkildə azalmasına rəğmən, ümumilikdə, il ərzində ölkə iqtisadiyyatında inkişafı 2,8%, qeyri-neft sektorunun inkişafı isə 7% təşkil edib. Ötən il dövlət borcunun ÜDM-dəki payı 9% civarında olub.

İnflyasiya son dərəcə aşağı səviyyədə - 1,4%, əhalinin pul gəlirlərinin artımı isə 4,8% təşkil edib. Bu göstəricilər arasındakı ciddi fərq əhalinin rifah halının yaxşılaşdığını göstərir. Bundan başqa, bu, son 10 ildə qeydə alınmış ən aşağı inflyasiya həddidir. O, Azərbaycanın əsas ticarət tərəfdaşı olan dövlətlərdəki inflyasiya səviyyəsi ilə müqayisədə, təxminən, 5% azdır və bu, beynəlxalq ticarətdə Azərbaycan iqtisadiyyatına ciddi rəqabət üstünlükləri qazandırır.

2014-cü ildə ölkə iqtisadiyyatına 27 milyard dollar investisiya qoyulub. Bunun 16 milyard dolları daxili investisiyadır. Ötən il "Sənaye ili" çərçivəsində respublikada 230-dan artıq sənaye müəssisəsi yaradılıb, 123 min yeni iş yeri açılıb və bu iş yerlərinin, təxminən, 100 mini daimi iş yerləridir. Bununla yanaşı, ötən ilin ən vacib iqtisadi nailiyyətləri arasında manatın sabitliyinin qorunub-saxlanılmasını göstərmək olar. 

Məlum olduğu kimi, neftin qiymətinin düşməsi fonunda ən çox zərər görən region dövlətlərinin milli valyutalarıdır. Bu, onlarda ciddi devalvasiyaya səbəb olub. Rusiya rublu 80%, Qazaxıstan tengesi 19%, Türkmənistan manatı 22%, Belarus rublu 17%, Ukrayna qriveni 90%, Türkiyə lirəsi 8% ucuzlaşıb. Bu səbəbdən, bir sıra beynəlxalq agentliklərin bu yaxınlarda manatı MDB və Şərqi Avropa məkanında ən sabit və etibarlı valyuta elan etmələri heç də təəccüblü  deyil. Həmin agentliklər manatın müsbət perspektivlərə malik olduğunu bildirirlər.

Doğrudur, bu sabitlik Azərbaycan Mərkəzi Bankına (AMB) ucuz başa gəlməyib. O, milli valyutanın kursunun qorunub-saxlanması üçün 2014-cü ilin dekabrında valyuta bazarında 1 milyard 127 milyon xarici valyuta satıb. Nəticədə, ötən il ərzində AMB valyuta bazarında satdığı ilə müqayisədə 143 milyon dollar valyuta cox alib. Bu və ümumilikdə, dünya bazarlarında valyuta kurslarının tərəddüdü bankın valyuta ehtiyatlarını 2,78% azaldaraq, 2014-cü ilin sonuna 13 milyard 758,3 milyona düşməsinə səbəb olub. Ümumilikdə isə ölkənin ÜDM-in 70%-nə çatmış strateji valyuta ehtiyatları artaraq, dövlət borcunu 8 dəfə üstələyib, mal və xidmətlərin 3 illik idxal həcmini geridə qoyub. Ölkə bu göstəriciyə görə dünyada ilk iyirmilikdəki yerini qoruyub-saxlayır. Amma istənilən halda, AMB öz siyasətindən imtina etməyi düşünmür. Qurumun idarə heyətinin rəhbəri Elman Rüstəmovun da dediyi kimi, bu il manatın sabitliyinin təmini əsas hədəflərdən biridir. "Aparılan hesablamalar göstərir ki, manatın sabitliyi iqtisadi sabitliyin əsas göstəricisidir. Beləliklə, müvafiq beynəlxalq konyukturadan irəli gələn proseslərə əsasən, güman ki, qismən ehtiyatlı büdcə siyasəti yürüdüləcək", - deyə E. Rüstəmov qeyd edib.

Yeri gəlmişkən, manatın sabitliyi prinsipcə, istər yerli bank sektoru, istərsə də ümumilikdə, dövlət büdcəsi üçün daha bir real gəlir mənbəyi ola bilər. Prezident İlham Əliyev bildirib ki, əcnəbi vətəndaşlar və şirkətlər vəsaitlərini manatla saxlayarlarsa, bundan qətiyyən uduzmazlar. "Həm pullar yerində qalacaq, eyni zamanda, o pullar onlara əlavə gəlirlər gətirəcək. Çünki indi dünyada bir çox maliyyə institutlarında depozitlərə artıq faiz vermirlər. Sadəcə olaraq, depozitləri bir əmanət kimi saxlayırlar", - deyə dövlət başçısı qeyd edib.

Sabit valyuta və bank sektoruna inamın möhkəmlənməsi əhalinin əmanətlərinin artımına da (11%) öz təsirini göstərib. O, 7 milyard manatı ötüb. İndi ölkədə adambaşına düşən əmanətin səviyyəsi, təxminən, min dollara yaxınlaşır. Əhalinin əmanətlərdən əldə etdikləri faiz gəlirləri isə 0,5 milyard manatı ötüb. "Ölkədə 4,5 milyonadək əmanətçi var. Bu gün hər 1000 nəfərə 473 əmanətçi düşür. Məqsədimiz yetkinlik yaşına çatmış hər bir insanın bir və ya bir neçə bank hesabının olmasına nail olmaqdır", - deyə Elman Rüstəmov bildirib. 

 

Çətin, lakin həyata keçirilməsi mümkün olan vəzifə

Bütün bunlar 2014-cü ilin nailiyyətləridir. Onların 2015-ci ildə də qorunub-saxlanılması və artırılması üçün hökumət xeyli zəhmət çəkməli olacaq... "Heç kəsə sirr deyil ki, 2015-ci il dünya iqtisadiyyatı üçün çox ağır il olacaq... Neftin qiymətinin kəskin şəkildə aşağı düşməsi, əlbəttə ki, təbii resurslarla zəngin ölkələr üçün bir sınaq olacaq", - deyə Prezident İlham Əliyev bu haqda danışarkən qeyd edib.

Xatırladaq ki, bu il üçün dövlət büdcəsində neftin 1 barelinin qiyməti 90 dollar göstərilib. Halbuki, ötən həftə dünyanın ticarət birjalarında "qara qızıl"ın 1 barelinin qiyməti 50 dollardan aşağı düşüb...

Bununla yanaşı, AMB tərəfindən stress-testlər və stimullaşdırma modelləri vasitəsilə aparılan hesablamalar göstərir ki, Azərbaycan iqtisadiyyatı bu il və orta perspektivdə bütün risklərə adekvat cavab vermək üçün kifayət qədər imkana və potensiala malikdir. "Əsas məqsəd bu potensialın iqtisadi strukturlar arasında yaxşı koordinasiya olunmuş soyuqqanlı işlərlə reallaşdırılmasıdır", - deyə E. Rüstəmov bildirib.

Hər şeydən əvvəl, üstünlük yenə də qeyri-neft sektorunun inkişafına yönəldiləcək. Çünki nəzəri baxımdan neftin yenidən bahalaşacağını düşünsək belə, son illər Azərbaycanda onun hasilatı azalır və bu tendensiya davam edəcək. Yəni, istənilən halda qeyri-neft sektorunun inkişafı iqtisadi zərurətdir.

Prezident İ. Əliyev bu məqsədlə böyük bank resurslarının iqtisadiyyatın real sektoruna yönəldilməsini təklif edib. "Əlbəttə, indi müxtəlif istehlak kreditlərinə də, digər layihələrə də vəsait ayrılmalıdır. İndi Azərbaycanda ticarət mərkəzləri, ofis və yaşayış binaları tikilir. Bu da təbiidir, çünki ölkə, iqtisadiyyat inkişaf edir, insanların bu layihələrə ehtiyacı var. Ancaq ölkə iqtisadiyyatı üçün hazırda real sektora qoyulan vəsait prioritet təşkil edir", - deyə dövlət başçısı bildirib.

Bununla yanaşı, böyükhəcmli depozitlərə 10%-lik verginin tətbiqi böyük həcmdə sərbəst vəsaitə malik şəxslərdə vəsaitlərini banklarda "ölü yük" kimi saxlamamaq stimulu yarada bilər. Bu halda onlar pullarını yeni istehsalat istiqamətlərinin yaradılmasına yatıra, iqtisadiyyatın tikinti, turizm və digər sahələrinə investisiyalar qoya bilərlər. Hər halda, bu gün ölkədə sahibkarlığın inkişafı və sərfəli investisiya yatırımları üçün lazımi şərait yaradılıb. "Dünyada indi bir tərəfdən iqtisadi böhran davam edir, vəsait qıtlığı müşahidə olunur, eyni zamanda, investisiya qoymaq üçün o qədər böyük seçim də yoxdur. Çünki böhran içində çapalayan ölkələrə kim investisiya qoyacaq? Ona görə sabit ölkələrə, ictimai-siyasi sabitliyi, iqtisadi inkişafı olan ölkələrə xarici investisiyalar cəlb etmək daha asandır", - deyə İ.Əliyev qeyd edib.

Neftin ucuzlaşmasının ölkə iqtisadiyyatına təsiri məsələsinə qayıdaraq etiraf etmək lazımdır ki, bu il Azərbaycanın gəlirləri birmənalı olaraq azalacaq. Bu, dövlət strukturlarının üzərinə əlavə məsuliyyət qoyacaq. Prezident bu haqda da danışıb: "Əlbəttə ki, biz prioritet olmayan layihələrə razılığımızı verməyəcəyik. Eyni zamanda, hər bir dövlət strukturunda, qurumlarda, dövlət şirkətlərində idarəetmə prinsipləri təkmilləşdirilməlidir. İsrafçılığa yol verilməməlidir".

Bununla yanaşı, dövlət başçısı bütün vacib infrastruktur və sosial layihələrin, proqramların icrasının davam etdiriləcəyini də söyləyib. Bu il əsas inkişaf istiqamətlərindən biri də aqrar sahə olacaq. Məqsəd ölkədə ərzaq istehsalını maksimum həddə çatdırmaqdır. Böyük təsərrüfatların yaradılmasında fermerlərə yardımlar artırılacaq, onlara güzəştli şərtlərlə texnika veriləcək və s. Məhz bu üzdən Prezident İlham Əliyevin sərəncamı ilə 2015-ci il Azərbaycanda "Kənd təsərrüfatı ili" elan olunub.

İqtisadiyyatın qeyri-neft seqmentinə kompleks diqqət isə öz növbəsində bu il bu sahədə 4,4%-lik inkişafa, qeyri-neft sektorunun 8,2% artmasına imkan verəcək. Hökumətin dəlilləri o qədər əsaslı olub ki, Dünya Bankı bu proqnozla razılaşıb. Halbuki o, əvvəllər sözügedən sahədə artımın cəmi 4,1% təşkil edəcəyini proqnozlaşdırırdı.

Bir sözlə, İlham Əliyevin də qeyd etdiyi kimi, iqtisadiyyatıın şaxələndirilməsi istiqamətində görülən və bundan sonra görüləcək işlər, institusional islahatlar və daha da səmərəli idarəetmə üsullarının tətbiq edilməsi nəticəsində Azərbaycan bu vəziyyətdən uğurla çıxa biləcək.

 

 

İLK MƏNBƏDƏN

"Dünyada indi bir tərəfdən, iqtisadi böhran davam edir, vəsait qıtlığı müşahidə olunur, eyni zamanda, investisiya qoymaq üçün o qədər böyük seçim yoxdur. Çünki böhran içində çapalayan ölkələrə kim investisiya qoyacaq? Ona görə sabit ölkələrə, ictimai-siyasi sabitliyi, iqtisadi inkişafı olan ölkələrə xarici investisiyalar cəlb etmək daha asandır".

İlham ƏLİYEV, Azərbaycan Prezidenti

 


MƏSLƏHƏT GÖR:

696