14 Mart 2025

Cümə, 21:45

YENİDƏN DÖNMƏK ÜÇÜN YOX OLMAQ

Azərbaycanlı Azər Mirzəyev CAR-ın akrobatika və fiqurlu konkisürmə üzrə yığmasının necə məşqçisi oldu?

Müəllif:

15.09.2010

Gözlərdə kədər var. Bu insanın üzünə baxanda belə düşünürsən. İlk baxışdan, hər şey əladır - sevimli iş var, maddi vəziyyət yaxşıdır, kifayət qədər inkişaf etmiş ölkədə - CAR-da yaşamaq imkanı da öz yerində. Amma yenə də nəsə çatışmır. Nostalji və Vətən həsrəti onu təkrar-təkrar geriyə çəkir. Hərçənd, o, burada elə də çox yaşamayıb, amma nə edəsən - qan çəkir... Onun həyatı da elə gətirib ki, tez-tez hər şeyi ataraq,  baş götürüb başqa yerə getməli olub. Əvvəlcə Azərbaycandan Sibirə, sonra yenidən Azərbaycana, daha sonra Ermənistana, bir müddət keçmiş yenidən Azərbaycana. 

Bu nədir? Faciəvi təsadüf, yoxsa əksinə, bəxtəvərlik?

Hazırda CAR-da cəmi 3 azərbaycanlı yaşayır. Və iş elə gətirib ki, bu üç nəfərdən biri məhz Azər Mirzəyevdir. Amma burada heç bir qeyri-adilik yoxdur. Azər Mirzəyevə dünyanın vətəndaşı olmaq qisməti, sanki, Allahdan gələn vergidir. Dünya vətəndaşı olan azərbaycanlılar isə, mütləq, görkəmli xadimə çevrilirlər. Onlar əsl sənətkar olsalar da, heç vaxt əslən haradan olduqlarını unutmur, fəxrlə deyirlər: "Mən azərbaycanlıyam, mən Azərbaycandanam".

Xoreoqraf, baletmeyster, CAR-ın gimnastika, akrobatika, tamblinq, fiqurlu konkisürmə üzrə milli komandasının məşqçisi Azər Mirzəyev barədə sırf təsadüfən eşitdik.  Ənənəvi olaraq, hər 3 ildən bir Vətənə baş çəkən soydaşımız, yenidən Bakıya gəlmişdi.  Və nə yaxşı ki, bu insan haqda xəbər tutduq, axı o, kifayət qədər təvazökar olduğundan, öz fəaliyyətini gözə soxmağı xoşlamır. O, sadəcə öz işini gördüyünü deyir. Və bu zaman, nə qədər məzəli səslənsə də, Azər CAR-dan olan yetirmələrinə məşq zamanı üzərində Azərbaycanın bayrağı tikilmiş idman formaları geydirir. Harada işləməsindən, haraya dəvət almasından asılı olmayaraq, o, doğulduğu ölkənin bayrağını ən gözəgəlimli yerlərdən asır. Beynəlxalq idman turnirlərində, çempionatlarda tez-tez Azərbaycan musiqisi səslənir. Bu, Mirzəyevin CAR-dan olan yetirmələrinin onun müşayiəti ilə nümayiş etdirdiyi proqramdır. Bu musiqini idmançılar üçün Azər özü seçir. Onun yetirmələrinin - gimnastların, balet rəqqaslarının hər çıxışından əvvəl səsləndiriləcək musiqinin "vətəni", müəllifi elan edilir. 

Amma bu, həmişə belə olmayıb. Azər buna nail olmaq üçün olmazın əziyyətlərindən keçib, dəfələrlə "ölüb-dirilib".

Biz ondan qeyri-adi həyatı haqda danışmasını xahiş etdik. Onun özü bunu istəmirdi. Amma söz sözü çəkdi və şirnisiz çay masası arxasında söhbətimiz baş tutdu.

- Zəhmət olmasa danışın görək, necə oldu ki, hələ gənc yaşlarınızdan vətəni tərk edərək, Yerevanda işləməli oldunuz?

- Mən Sumqayıtda doğulub böyümüşəm. Həmişə idmana həvəsim olub. Əvvəllər Mehdi Hüseynzadə adına stadionda gimnastika ilə məşğul olmuşam, balet sinfinin dram dərnəyinə getmişəm. Odur ki, orta məktəbi bitirəndən sonra 1973-cü ildə Bakı Xoreoqrafiya Məktəbinin balet artisti sinfinə daxil oldum. 1974-cü ildə təhsillə paralel olaraq Axundov adına Azərbaycan Opera və Balet Teatrında stajçılığa başladım. Musiqili Komediya Teatrında, Azərbaycan Rəqs Ansamblında çıxış etmişəm. Maraqlıdır ki, o zaman xoreoqrafiya məktəbi azərbaycanlılar arasında məşhur deyildi və orada əsasən ruslar oxuyurdu. Kursda mən yeganə azərbaycanlı idim. Amma mənə burada axıradək oxumaq qismət olmadı. O zaman mənə çox maraqlı gəlmişdi ki, kursumuzdakı tələbələrdən yalnız mən əsgərliyə çağırıldım. Təhsilimi başa vurmağa imkan vermədilər. Halbuki, rəqqaslar üçün hərbi xidmətdən möhlət verilirdi və digərləri üçün belə imkan yaradılmışdı. Çünki rəqqaslar 2 il ərzində peşəkar bacarıqlarını itirə, fiziki baxımdan sına bilərdilər. Amma 1977-ci ildə mən orduya çağırıldım və Sibirdə tikinti batalyonuna düşdüm. Orada suvaqçılıqla məşğul oldum, rəncsazlıq etdim. Demək olar ki, hər gün dava-dalaş idi. Belə davaların birində burnumu sındırdılar və necə oldusa, Qərargah rəisi mənimlə maraqlandı. Balet artisti olduğumu, bas-gitarada, saksofonda, zərbdə ifa etdiyimi biləndə çox təəccübləndi və dedi: "Peşəkar balet artistisənsə burada neynirsən və bura necə düşmüsən?". Bundan sonra o, rəqs ansamblına zəng vurdu və məni oraya çağırdılar. 

Beləliklə, həm xidmət çəkirdim, həm də rəqs edirdim. Bu ansamblın tərkibində bütün Sibiri gəzdim.

Əsgərlikdən döndükdən sonra ilk fikrim məktəbə bərpa olunmaq idi. Çünki hələ daha 2 il oxumalı idim. Sözün düzü, mən Tbilisi və ya Tacikistanda təhsil almağı düşünürdüm, amma qismət başqa imiş. Beləcə, 1979-cu ildə Yerevana gedib çıxdım. Orada mənim üçün çox ağır idi - nə dil bilirdim, nə kimisə tanıyırdım. Amma başqa əlacım yox idi. Başladım oxumağa. Məktəb direktoru tələbə şəhərciyində yataqxanaya yerləşdirdi, hətta idman sahəsində iş də tapdı. Ermənistanın akrobatika və fiqurlu konkisürmə üzrə milli komandasında böyük xoreoqraf kimi işləməyə başladım. Bu iş çox xoşuma gəlirdi və özümü ona həsr eləmişdim. Amma əlbəttə ki, hamı məni barmaqla göstərirdi. Çünki bu məktəbdə yeganə azərbaycanlı idim. Ermənilər üçün bu, mənim yeganə "çatışmazlığım" idi və onlar bunu zarafata salaraq tez-tez deyirdilər. Əlbəttə ki, təzyiqlər də olurdu. Amma bu, hələ sovet dönəmi idi və məlum hadisələrə (Ermənistan-Azərbaycan münaqişəsi - red.) hələ çox var idi. Beləliklə, 1981-ci ildə təhsilimi başa vurdum.

Yerevanda işlədiyim vaxtda yerimdə saymamağa çalışırdım. Daim peşəkarlığımı artırmaq haqda düşünürdüm. Bu məqsədlə SSRİ-nin fiqurlu konkisürmə üzrə əməkdar idman ustası, baletmeyster, əfsanəvi Lyudmila Alekseyevna Paxomovanın kursuna yazıldım. Ona xoreoqrafiyanın inkişaf yollarından imtahan vermişəm və daim yüksək qiymət almışam. İnkişaf etmək istəyir, çoxlu fantaziyalar qururdum. Bu kursdan qayıtdıqdan sonra Ermənistan Dövlət Konserti yanında estrada-rəqs qrupunun rəhbəri işləməyi təklif etdilər. Amma sonradan - 1988-ci il gəldi, şiddətli, faciəvi hadisələrin burulğanına düşdüm. Yeri gəlmişkən, o zaman məni fiqurlu konkisürmə xilas etdi.

- Siz Yerevanı vaxtında tərk edə bilmədiniz?

- Mən oranı dərhal tərk etmədim. 1988-ci il idi. Bir neçə dəfə Bakıya gəlsəm də, sonradan geri qayıdırdım. İş tapmalı idim. Növbəti Bakı səfərlərimdən birində Azərbaycanın əməkdar məşqçisi Miri Vahabov məni uşaq və gənclər idman məktəbinə  işə dəvət etdi. O, bu məktəbin rəhbəri idi. Amma mən işlərimi başa vurmalı, Yerevandakı 2 otaqlı kooperativ evimi Bakıda mənzilə dəyişməli idim. O zaman artıq azərbaycanlıları Ermənistandan qovurdular. Mən Azərbaycan İrəvan Teatrının aktyorlarını tanıyırdım. Tezliklə, onlar da buranı tərk etməli oldular və teatrın fəaliyyəti dayandı. Həm teatrı, həm də Azərbaycan radiosunu bağladılar. Düzdür, yerevanlılar arasında buna qarşı çıxanlar da vardı, amma əksəriyyət qatı şovinist idi. Şəhər mənə hər an partlaya biləcək vulkanı xatırladırdı. Buna baxmayara, mən Bakıya gediş-gəlişi davam etdirirdim. 

1988-ci ildə Ermənistanın Spitak şəhərində zəlzələ oldu. Belə demək mümkünsə, bu zəlzələ sanki hər şeyi yerbəyer etdi, münaqişə bir qədər sakitləşdi. Məktəblərdə, institutlarda yenidən kommunist hərəkatı fəallaşdı. İnsanlar yenidən millətçiliyi pisləmək üçün kommunist toplantılarına yığışmağa başladılar və s. Sanki, hər şey qaydaya düşmüşdü və artıq mən Yerevandan getməyə ehtiyac yaranmayacağını düşünməyə başlamışdım.

Amma gözləntilərim doğrulmadı. 1989-cu ilin mayında Ermənistanda şovinist əhvalı daha da qızışdı və münaqişə bərpa olundu. Mən yenidən Bakıya yollandım. O zaman qatarlar hələ işləyirdi. Burada məndən qalmağımı istəyirdilər. Amma heç özüm də bilmirəm, məni yenidən geri dönməyə nə vadar etdi. 3 aydan sonra bir daha Bakıya gəldim və 1989-cu ilin sentyabrında yenidən Yerevana qayıtdım. Hər şey bir-birinə qarışmışdı. Beləliklə, 90-cı il gəldi və özüm də hiss etmədən hadisələrin mərkəzinə düşdüm.

Günlərin birində fiqurlu konkisürmə məktəbinə gəldim. Həmişəki kimi soyunub-geyinmə otağında əynimi dəyişdim və bu an məktəbin direktoru yanıma qaçaraq məndən dərhal digər çıxışa qaçmağımı istədi. O bildirdi ki, mənim arxamca 5 nəfər silahlı gəlib. Onlar direktora deyiblər ki, məktəbdə türk (erməni millətçiləri azərbaycanlıları məhz bu cür adlandırır - red.) işlədiyindən xəbərləri var və türkü onlara təhvil verməlidir. Direktor isə yalandan bildirib ki, guya, mən hələ işə gəlməmişəm. Bir qədər sonra həmin şəxslər çıxıb getdilər. Mən də məktəbi əsas qapıdan tərk edərək, bayıra çıxdım. Çünki direktorun təklif etdiyi kimi üçüncü mərtəbənin pəncərəsindən tullanaraq qaçmağı özümə sığışdırmırdım. Düşünürdüm ki, onsuz da, olacağa çarə yoxdur. Mənimlə birlikdə 2 həmkarım da bayıra çıxdı. Onlar mənimlə hündürdən erməni dilində danışırdılar, bu yolla mənim azərbaycanlı olduğumu gizlətmək istəyirdilər. Onu da deyim ki, o vaxt mən erməni dilini əla bilirdim. Həmin iş yoldaşlarım evə getməyimi məsləhət bilmədilər və məni məşqçi dostumgilə ötürdülər. Biz onunla uzun illər dostluq etmişik. Həmin dostum məni evində gizlətdi. Bilirsiniz, orada yaxşı, ziyalı adamlar da var idi və onlar bu münaqişəni dəstəkləmirdilər. Amma belələri çox az idi. Bir müddət sonra, lazımi sənədləri götürmək üçün evimə getməli oldum. Mənzilimə girdim, bir daha bura dönməyəcəyimi düşünərək təxminən 5 dəqiqə oturmuşdum ki, qapının zəngi çalındı. Elə bildim dostumdur. Qapını açan zaman blokda xəncər, tüfəng, tapança ilə silahlanmış 20-dək insanın dayandığını gördüm.

Soruşdular ki, "Azər sənsən?". Dedim, "hə". Biri aksentlə soruşdu: "Azərbaycanlısan?". Dedim, "hə". Bu an kimsə başıma zərbə endirdi. Yıxıldım, başımdan qan açıldı və gözlərim qaraldı. Üstümə cuman kütlə təpiklə qabırğalarıma, böyrəklərimə, sifətimə zərbələr endirməyə başladı. Hiss edirdim ki, qabırğam sınıb. Güclə nəfəs alırdım. Əl-qolumu bağlayan bu insanlar başıma kisə keçirərək məni harayasa apardılar. Heç nə görmür, amma demək olar ki, bütün qonşuların çölə çıxdığını eşidirdim. Hiss olunurdu ki, camaat həyətə yığışıb. Hamı bir-birinə casus tutulduğunu deyirdi. Halbuki, bu insanlar məni yaxşı tanıyırdılar - neçə il idi ki, orada yaşayırdım axı. Ağlıma gəldi ki, məni elə  onlar satıb, bu insanlara evə gəldiyimi çatdırıblar. Sən demə, onlar barəmdə nələr danışmayıblarmış - guya məndə narkotik, silah var, casusluq edirəm və s.

Məni maşina atdılar və xeyli yol getdik. Nəhayət harasa çatdıq və məni maşından düşürdülər. Hər hərəkətimdə dəhşətli ağrı hiss edirdim. Artıq yeriyə bilmirdim və odur ki, məni sürüyə-sürüyə harasa tulladılar. Hiss edirdim ki, ora zirzəmidir - çox rütubətli idi. Yuxarıdan danışıq səsləri gəlirdi. Kimsə məni öldürməyi təklif edirdi, digəri kiminləsə dəyişdirilməyimi lazım bilirdi. Üçüncüsü məni 3 nəfərlə dəyişmək haqda danışırdı. Başqası təklif edirdi ki, məni güllələsinlər və meyitimi dəyişsinlər.

Bir gün sonra bir neçə nəfər gəldi, məni stula otuzdurdular və gözlərimi bağladılar. Bundan sonra qəddarcasına döyməyə və erməni dilində dindirməyə başladılar. Məndən narkotik və silahın yerini soruşurdular, kimə işlədiyimi, bu qədər vaxtda məni kimin gizlətdiyini öyrənməyə çalışırdılar. Çox döydülər. Dilimdən heç bir etiraf ala bilməsələr də, demək olar ki, bütün dişlərimi sındırıb tökdülər. Bir neçə qabırğam sındı. Bildirdim ki, məni öldürə də bilərlər, amma silah və narkotik haqda heç nə deyə bilməyəcəyəm. Çünki məndə nə narkotik var, nə silah. Onların buna cavabı belə oldu: "Bilirik niyə etiraf etmək istəmirsən. Azərbaycan qəhrəmanı olmaq istəyirsən. İstəyirsən? Biz səni qəhrəman edəcəyik. Sənin yalnız başını dəyişəcəyik". Yenə də bildirdim ki, adi insanam və onlara heç nə deyə bilməyəcəm.

- Bəs necə oldu ki, sağ qaldınız?

- Əvvəlcə qorxulu idi. Sonradan tezliklə öləcəyimi qəbul etdim və artıq heç nə vecimə olmadı. Bu vəziyyət təxminən 3 gün davam etdi. Nəhayət, gecə bir nəfər yanıma gələrək məni sorğu-sual etməyə başladı. Mənim üzümə baxanda, bir anlıq, duruxdu. Sən demə, onun qardaşı qızı fiqurlu konkisürmədə mənim tələbəm olub və Odessada keçirilən turnirlərdən birində birinci yeri tutub. Həmin qızın ailəsi, xüsusilə atası məni yaxşı tanıyırdı. 

Sorğu-sual edən şəxs məndən kim olduğumu soruşdu. Mən vəziyyəti ona danışdım. Elə yanımdaca böyük qardaşına zəng etdi, barəmdə soruşdu və dediklərimin təsdiqini aldı. Bir qədər sonra o, tapançanı dolduraraq gicgahıma dirədi, imtahandan keçməli olduğumu, düz cavab verməyəcəyim təqdirdə dərhal məni güllələyəcəyini bildirdi. Bu qədər vaxtda gözlərim bağlı idi və gözlərimi açan zaman qarşımda qalstuklu, son dərəcə görkəmli bir nəfərin dayandığını gördüm. O, məndən soruşdu: "1985-ci ildə uşaqlar arasında ittifaq yarışın qalibi kim olub? Həmin oğlan kim idi?". Görünür, məni çaşdırmaq istəyirdi. Həmin uşağın oğlan yox, Marina adlı qız olduğunu bildirdim. Marinanın soyadını, harada yaşadığını, atasının adını sadaladım. Marinagilin ev ünvanından tutmuş, mənzillərindəki mebelin necə düzüldüyünədək hər şeyi söylədim. O, bir qədər susduqdan sonra həmin evin sahibinin onun qardaşı, Marinanın isə qardaşı qızı olduğunu bildirdi. 

Yeri gəlmişkən, həmin qız sonradan fiqurlu konkisürmə üzrə beynəlxalq dərəcəli hakim oldu.

Bütün bunlardan sonra həmin şəxs əllərimi açdı, xoşbəx ulduz altında doğulduğumu söylədi və bildirdi ki, məni tanımasaydı, çətin ki, sağ qalardım. Sonra o, bayıra çıxaraq, oradakı başkəsənlərlə danışmağa başladı. O, quldurlardan mənim dərhal azad edilməyimi istəyirdi. Hiss edirdim ki, həmin şəxsləri buna razı salmaq çox çətindir. Onlar xeyli vaxt söyüşdülər. Başkəsənlər bildirirdilər ki, o şəxs məni xilas etməyə çalışsa, məni ya asacaq, ya da güllələyəcəklər. Hansısa məqamda hətta azad olunacağıma inamımı itirmişdim. Amma bu şəxs quldurlara deyirdi: "Bu insan qardaşımın dostudur. Ona nəsə etsən, sənin başını kəsə-cəyəm".

Bir sözlə, nəhayət, məni həmin otaqdan çıxardılar, gözlərimi yenidən bağladılar, maşına oturdaraq haraya getmək istədiyimi soruşdular. Mən tanış həkimimin yanına getmək istədiyimi bildirdim. O, məşq keçdiyim fiquristin əri idi. Bronxitdən əziyyət çəkən zaman daim həmin həkimin yanına gedirdim. Axı 88-89-cu illərdə azərbaycanlıların rəsmən həkimə müraciət etməsi təhlükəli idi. Bu həkim mənim evimə gəlir və məni evdə müalicə edirdi.

Həkimə zəng etdilər, Yerevanın kənarında görüşmək haqda razılığa gəldilər. Həmin yerdə məni maşından düşürərək yolda qoydular. Gəzə bilmirdim. Həkim ardımca 3 qardaşı ilə birlikdə gəlmişdi. Həmin vəziyyətdə xəstəxanaya getmək olmazdı və bu səbəbdən o, məni evinə apardı. Məni müalicə edən bu həkimgildə təxminən 3 ay qaldım və biz onunla mayda ayrıldıq. Məhz onun ailəsi həyatını təhlükəyə qoyaraq, məni qatarla Tbilisiyə apardı - həkim, xanımı, 2 uşağı və 2 qardaşı. Azərbaycanlı olduğum göstərilən pasportla məni sərhəddən buraxmazdılar. Bu səbəbdən də sərhəddi fiquristin əri qismində keçdim. Biz bir kupedə əyləşmişdik. Onun əri isə yoxlamadan yayınmaq üçün həmin an kupeni tərk etmişdi. Mən yuxarıda uzanmışdım. Yoxlama başlayan zaman fiqurist pasportları təqdim etdi və mənə işarə edərək onun əri olduğumu, sərxoş olduğum üçün yatdığımı bildirdi. Xoşbəxtlikdən məni oyatmağı tələb etmədilər. Beləliklə, hamımız birlikdə sərhədi keçdik. Tbilisidə ayrıldıq və Bakıya gəldim.

Burada ilk olaraq müxtəlif fəxri adlara, Sovet İttifaqının ordenlərinə sahib olan akrobatika üzrə əməkdar məşqçi Adil Hüseynzadəni axtarmağa başladım. Məşqçilik işində ona köməyim dəymişdi. Adil Hüseynzadə qapını açıb məni görən zaman yalnız onu dedi ki, Bakıda məni çoxdan dəfn ediblərmiş. Sən demə o, Rostovda keçirilən SSRİ çempionatında ermənilərdən məni xəbər alıb. Ona bildiriblər ki, məni silahlı şəxslər aparıb və bundan sonra barəmdə hər hansı məlumat yoxdur.

Beləliklə, mən, sanki, ikinci dəfə doğuldum. Bakıda bir qədər də müalicə alsam da, artıq gec idi. Qabırğalarım əyri bitişmişdi və hələ də sol tərəfimdə ağrılar hiss edirəm. O vaxt əməliyyata ehtiyacım olsa da, buna imkan yox idi. Amma nə etmək olar? Digər həmvətənlərimiz Yerevanda daha çox əzab çəkiblər. Odur ki, bəxtim gətirib.

- Bakıda tez bir zamanda iş tapa bildinizmi?

- İlk dövrlərdə heç nəyim yox idi - mənzil yox, qeydiyyata düşmək çətin. Qarşımda bütün qapılar bağlanmışdı. Miri Vahabov köməyimə gəldi. Məni BANO-ya akrobatika üzrə xoreoqraf işinə dəvət etdi və mənə görə nazirliklə əlləşməli oldu. O, məni öz oğlu qədər istəyirdi. O zaman Bakıda hazırda Heydər Əliyevin adını daşıyan idman-sərgi kompleksində buz meydançası var idi. Doğma mühitə düşmüşdüm və orada fiqurlu konkisürmə üzrə bölmə açdım. Həm tək konkisürənə, həm də cütlüyə təlim keçə bilməyim hər kəsi təəccübləndirirdi. Onlar demək olar ki, Azərbaycanda fiqurlu konkisürmədə ilk qaranquşlar idi. Düzdür,  həmin uşaqlar əsl konkisürən ola bilmədilər. 30 nəfər - qızlar və oğlanları toplayaraq, məşqlərə başladım. Amma ittifaq dağılandan bir müddət sonra buz meydançası bağlandı.

- Bəs, CAR-a necə gedib-çıxdınız?

- 1992-ci ildə gimnastika üzrə CAR yığmasında xoreoqraf işləməyə dəvət aldım. Bilirsiniz ki, həmin qarışıq dövrdə Azərbaycan idmanında vəziyyət sıfır səviyyəsindəydi. İş çox az idi. Bilmirdim nə edim, hara gedim. Bir qədər sonra idman ustası olan tanışlarımdan biri İsrailə getdi. Lakin orada idman sahəsində vəziyyət yaxşı olmadığından, CAR-a yollandı. Bu ölkədə idman sahəsində mütəxəssislərə ehtiyac var idi. Bir ildən sonra həmin tanışım ümumi dostumuz olan Adilə məktub yazaraq CAR-ın yerli idman klublarından birinin idman ustalarına ehtiyacı olduğunu bildirdi. O, bizim CAR-a gedərək sevimli işimizlə məşğul ola biləcəyimizi yazmışdı. Biz təbii ki, bu təklifi müsbət qarşıladıq və Adil ilə birlikdə CAR-a yollandıq. Həmin vaxt eyni klub çinlilərə, belaruslara, ukraynalı və rumınlara da dəvət göndərmişdi. Sonradan bu böyük klub dağıldı. Mən onun portuqaliyalı sahibi Karloya işləmək istəmədiyimdən, öz klubumu - AKA-nı - akrobatik tullanma akademiyasını yaratdım. Öz balet studiyamı da açdım. 

O vaxtdan CAR-da akrobatik tullanma, balet, fiqurlu konkisürmə ilə məşğul olmaq istəyən uşaqları hazırlayıram. Çox fəxr edirəm ki, məhz mənim yetirməm olan Xrita Ulefant CAR-da akrobatik tullanma üzrə gənclər arasında dünya çempionu adını qazanmış ilk qaradərili qızdır. O, belə yarışda CAR bayrağını qaldırmış ilk idmançıdır. Mənsə həmin qızı demək olar ki, küçədən tapmışdım. Onun valideynləri yox idi.

2001-ci ildə Polşada keçirilən yarışda mənim klubumun yetirmələri akrobatik tullanmada dünya dördüncüsü olublar. Məsələ ondadır ki, CAR-dan olan idmançılar idmanda hansısa zirvələri nadir hallarda fəth edirlər. Bu səbəbdən də Beynəlxalq Akrobatika Federasiyasının prezidenti yetirmələrimin nailiyyətinə görə, mənə xüsusi minnətdarlıq göndərib. Yerli federasiyanın rəhbərindən də belə minnətdarlıq almışam. Bu idmançılar Afrika qitəsinin yüksək nəticə göstərən ilk qaranquşlarıdır. Onlaradək belə nəticə olmayıb.

- Yetirmələrinizlə hansı dildə danışırsınız?

- Ya ingilis, ya da yerli qomonsk dilində.

- Sizdən başqa CAR-da daha 2 azərbaycanlı yaşayır. Onlardan biri həmkarınız Adil Hüseynzadədir. Bu ölkədə Azərbaycanın və Azərbaycan mədəniyyətinin təbliği üçün hansı işləri görürsünüz?

- Mən Vətənim üçün darıxıram, axı hələ də Azərbaycanda ağıllı-başlı yaşaya bilməmişəm. Mənim uşaqlarım Azərbaycan yığmasının formasını geyir, klubumda onların başı üzərində Azərbaycan bayrağı asılıb. İşlədiyim bütün yerlərdə ilk gördüyüm iş Azərbaycan bayrağının başım üzərindən asılmasıdır. İdmanda CAR-ı təmsil edirəm, amma azərbaycanlıyam və bunu hamı bilir. Məni ABŞ-da - Aydaho ştatında fiqurlu konkisürmə üzrə yerli komandanı çalışdırmağa dəvət etmişdilər. Bir müddət Oreqon ştatında, Yutada - Solt-Leyk-Siti şəhərində işləmişəm. Los-Ancelesdə də işləmişəm və fiqurlu konkisürmə üzrə şou nümayiş etdirmişəm. Tez-tez beynəlxalq dərəcəli hakim kimi yarışlara qatılıram. Və işlədiyim, getdiyim hər yerdə Azərbaycandan olduğumu deyirəm. Ölkəmiz, insanlarımız, adət-ənənələrimiz haqda danışıram. Əlbəttə ki, Dağlıq Qarabağ münaqişəsi haqda da məlumat verirəm. Bu dəfə özümlə CAR-a Azərbaycan və Dağlıq Qarabağ münaqişəsi haqda kitablar aparıram. Peşəkar tərcüməçilərə müraciət edəcək, kitabları ingilis dilində dərc etdirəcəyəm. 

Sizə bir şey danışım, bəlkə də, uşaqlıq kimi görünə bilər, amma CAR paytaxtında, Pretoriyada Azərbaycan bayrağını demək olar ki, dünyanın dövlət bayraqlarının sancıldığı bütün bayraq ağaclarından asıram. Gecələr mühafizəçilərin hərəsinə 10 dollar verirəm ki, onlar bayraq ağaclarına Azərbaycan bayraqlarını assınlar. Orada isə 10 dollar böyük puldur. CAR-da futbol üzrə Dünya Çempionatı keçirilən zaman da eyni addımı atmışdım. Bir neçə qarşılaşmanın keçirilməli olduğu "Loftus Versfeld" stadionunun ətrafında kiçik bayraqlar asılmışdı. Həmişə olduğu kimi, mühafizəçidən Azərbaycan bayraqlarının da oraya asılmasını istədim. Çempionat başa çatanadək bizim bayrağımız da həmin bayraq ağaclarında dalğalandı. 

Orada mənim bu bayraqları tikən dərzim var.

- Bir mütəxəssis kimi deyin, Azərbaycanda fiqurlu konkisürmənin inkişafı üçün nə etmək lazımdır?

- Bizim fiquristlərimizin hamısı ruslardır. Yalnız 1 azərbaycanlı qız var. Azərbaycanda fiqurlu konkisürmə məktəbi yaradılmalı, oraya uşaqlar yığılmalı, onlara səmərəli şəkildə məşq keçilməlidir ki, ölkəni beynəlxalq turnirlərdə Azərbaycan soyadları təmsil etsin. CAR-da mənim fiquristlərim, akrobatlarım yerli turnirlərdə Azərbaycan musiqisinin sədaları altında çıxış edir. Fiquristlərimizin öz müsiqimizlə çıxış etmələri lazımdır. Beynəlxalq turnirlərdə Azərbaycanı təmsil edən fiqurlu konkisürənlərin məşqçilərilə bu haqda danışmağa çalışıram. Lakin hələ ki, nəticə yoxdur. 

Təxminən 2 il əvvəl Los-Ancelesdə məşq zamanı necə oldusa Azərbaycan balabanının səsini eşitdim. Kanadalı idmançı çıxış edirdi. Onun məşqçisi isə erməni idi. Sən demə, məşqçi idmançının çıxışı üçün Əlixan Səmədovun ifa etdiyi Azərbaycan musiqisini seçibmiş. Ə.Səmədovu heç kəslə səhv sala bilməzdim. Çünki hər gün işə gedərkən onun ifasını dinləyirəm.

Məşq bitən zaman soyunub-geyinmə otağına - həmin oğlanın yanına getdim. Hansı musiqinin sədaları altında rəqs etdiyini bilib-bilmədiyini soruşdum. O, bunun "Axar çay niyə qışqırır" erməni filmindən götürülmüş erməni musiqisi olduğunu bildirdi. Mən ona dedim ki, səni aldadırlar. Bu, Azərbaycan musiqisidir və onu Əlixan Səmədov ifa edir. İdmançıya bildirdim ki, həmin musiqinin olduğu diski də ona göstərə bilərəm. Buradan beynəlxalq qalmaqal qoxusunun gəldiyini onun nəzərinə çatdırdım. Erməni məşqçi artıq getmişdi, ona görə onunla danışa bilmədim. Amma idmançıya dedim ki, sözlərimi ona çatdırsın. Sonradan məlum oldu ki, kanadalı musiqini dəyişib. Bu üzdən o, öz proqramında da xeyli dəyişiklik etməli oldu.

Belə hallar çox olur. Yeri gəlmişkən, amerikalı idmançılardan biri, olimpiya çempionu Sara Hyuz da Arif Məlikovun bəstələdiyi musiqi ilə çıxış edirdi. Bu, 2002-ci ildə Solt-Leyk-Sitidə keçirilən Olimpiadada idi. Bəs, Azərbaycanı təmsil edən fiqurlu konkisürənlər nədən öz musiqimizin sədaları altında çıxış etmir?

- Sizi Azərbaycana dəvət etsələr, gələrsinizmi?

- Əlbəttə. Böyük məmnuniyyətlə. Amma görünür heç kəs bunu etmək fikrində deyil (gülümsəyir - red.). 2005-ci ildə fiqurlu konkisürmə üzrə Moskvada keçirilən Dünya Çempionatında Azərbaycanın Fiqurlu Konkisürmə Federasiyasının mərhum prezidenti Hüseyn Əliyev mənimlə görüşmək istəmişdi. Haqqımda ona Gürcüstanın federasiyasının prezidenti, dostum İrakli Caparidze danışmışdı. O, Hüseyn Əliyevə bildirmişdi ki, CAR-da Azərbaycanda fiqurlu konkisürməni sıfırdan yüksəklərə qaldıra biləcək insan işləyir. Moskvaya getmək ərəfəsində İrakli mənə zəng vurdu və Hüseyn Əliyevin mənimlə görüşərək söhbətləşmək istədiyini bildirdi. Əliyev Moskvaya bizdən bir gün sonra gəlməli və biz İrakli ilə birlikdə onunla mehmanxana görüşməli idik. Yarışın ilk günündə onun nömrəsinə getsək də, qapını açan olmadı. Görüş əvvəlcədən razılaşdırıldığından bu, bizi təəccübləndirdi. Növbəti gün yarış başlamazdan əvvəl turnirin keçirildiyi zalda elan etdilər ki, Azərbaycan Fiqurlu Konkisürmə Federasiyasının prezidenti Hüseyn Əliyevin qaldığı nömrədə ürəktutmasından vəfat edib. Beləliklə, görüşümüz baş tutmadı. Bilmirəm, bəlkə də o, mənimlə iş haqda danışmaq istəyirdi. 

Amma qismət belə imiş.


MƏSLƏHƏT GÖR:

618