Müəllif: Zərifə BABAYEVA Bakı
Planetin iqlim dəyişikliyi dünya KİV-in, alimlərin və həmçinin, sadə insanların diqqətində qalmaqda davam edir. Ola bilər ki, iqlim barədə müzakirələr elə də önəm daşımazdı, amma bir "amma" var - insanlar fəlakət, iqlimin istiləşməsi, buzlaşma dövrü, bir sözlə, dünyanın sonunu gözləyirlər. Həm də adama elə gəlir ki, bütün dünyda baş verən təbii fəlakətlər və anomaliyalar bunun sübutudur.
Ozon isteriyası
Ekologiyada bir-birləri ilə bağlı olmayan elə bir sahə yoxdur. Bizim hamımız hələ məktəb proqramından bilirik ki, təbiətdə suyun belə bir dövriyyəsi var, flora və faunadan hətta ən xırda mayenin yoxa çıxması ümumi ekosistemin bir çox elementlərinin dağılması ilə nəticələnir.
Məhz buna görə, biz planetin ozon təbəqəsinin və dənizlərin durumu ilə bağlı iki ekoloji problemin vəziyyətini birləşdirmək istəyirik, BMT bu iki ekoloji problemi sentyabrın 16-da və 23-də qeyd etməyə çağırıb. Düzü, burada bir qədər kənara çıxırıq - keçən nömrələrdə biz artıq qeyd etmişdik ki, alimlər hələ ki, planetdə iqlimin istiləşməsi və buzlaqların əriməsi məsələsində vahid fikrə gəlməyiblər. Amma iqlimşünasların əksəriyyəti bu məsələdə antropogen proseslərin aparıcı olması fikrindədirlər.
Başqa nəzər nöqtəsi onunla bağlıdır ki, insan bu məsələdə cüzi rola malikdir. Başqa sözlə, planet özü təbii yolla buzlaq və istixana dövrlərini əvəzləyir və hazırda Yer temperaturunun artması fazasına daxil olur. Bu nəzəriyyənin sübutu kimi alimlər çox sayda faktlar gətirirlər ki, onlardan biri də birbaşa ozon qatı ilə bağlıdır. Alimlərin bir hissəsi hesab edir ki, ozon qatı antropogen müdaxilə hesabına nazilir, qorunmağa və müdafiyəyə ehtiyacı var. Çünki məhz o, bioloji aktiv ölümsaçan günəş şüalanmasını və Yerin səthindən qalxan infraqırmızı dalğaları tutur və bununla da Yerdə həyat üçün şərait yaradır.
Başqa bir alim qrupu isə iddia edir ki, ozon qatı özünü tənzimləyən sistemdir və onun nazilməsi barədə nəzəriyyə sadəcə mifdir. "Ozon deşikləri" ilə, yəni atmosferin Yer səthindən 15-50 kilometr hündürlükdə yerləşən xüsusi müdafiə qatında ozonun miqdarının azalması ilə bağlı baş vermiş hadisələri xatırlayaq. Bəlli olmuşdu ki, Yer səthinin bəzi hissələrinin üzərində ozonun miqdarı ümumi planet üzrə göstəricidən bir dəfə yarıma qədər azdır.
Bu sahələr əsasən qütb və qütbyanı zonalara düşürdü. Alimləri xüsusilə Antarktida üzərində yerləşən nəhəng "ozon deşiyi" heyrətə salmışdı. Atmosferin qızmasında olduğu kimi "ozon deşikləri" ilə bağlı da elmi ictimaiyyətin fikri haçalanıb. Bəziləri hesab ediblər ki, "deşiklər" atmosferin ozon müdafiə qatının mərhələli hadisələrinin nəticəsidir. Başqaları isə ozon qatındakı zədələrin açıq-aydın insan fəaliyyəti sayəsində baş verdiyini vurğulayırdılar. "Ozon deşikləri"nin təbii yaranma səbəbləri nəzəriyyəsinin tərəfdarları ozon müdafiə qatı üzərində müşahidə vaxtının az olmasına, həmçinin həmin "ozon deşiklərinin" əvvəlki alimlərin əlində olmayan yeni cihazları ilə tapıldığına istinad edirlər.
Antropogen hipotezanın tərəfdarları buna cavab olaraq Yer üzündəki bütün canlı aləmi Günəşin ölümsaçan ultrabənövşəyi şüalanmasından qoruyan ozon qatının məhvi nəticəsində bütün bəşəriyyəti gözləyən "dəhşətli fəlakətdən" bəhs etməyə başladılar. Ehtimallar arasında dəri xərçənginə tutulmaların çoxalacağı, canlı orqanizmlərdə müxtəlif mutasiyaların baş verəcəyi və bütün prosesin son nəticəsi kimi Yer səthindən bütün bitkilərin və canlı orqanizmlərin yoxa çıxacağı hallanırdı. Həmin ehtimallara görə, Yer nəsə çağdaş Mars planetinə oxşar bir məkana çevrilməli olacaq.
Yetərincə sürətlə Yerin ozon qatını məhv edən antropogen mənşəli kimyəvi reagentlər tapıldı. Bunlar soyuducu və dondurucu avadanlıqların əsas soyuducu elementi kimi işlədilən freonların və ya xlorlu xladonların bir sıra növləri imiş. Ancaq ozon qatının antropogen amilinin tərəfdaşları qəflətən müəyyən etdilər ki, xlorlu soyuducu elementlər atmosferin yuxarı qatlarına qalxanda sadəcə ozonu "yeyirlər".
Elmi ədəbiyyatda fəal müzakirələrə başladılar və bu, dərhal dünya KİV-ə keçdi. Həmin vaxt demək olar ki, ozon fəlakətindən hamı danışırdı. 1985-ci ildə ozon qatının qorunması barədə Vyana konvensiyası qəbul edildi. 1987-ci ildə isə ozon qatının qorunması üzrə tədbirlər haqqında qəbul edilmiş Monreal protokolunda əvvəlcə xlorlu soyuducu elementlərin istehsalı və istifaəsinin azaldılması, sonra isə onların tamamilə istifadədən çıxarılması tələb edilirdi. Həmin vaxtlar soyuducu və dondurucu kameraların bəşəriyyətin məişətinə dərin yerləşməsi səbəbindən, soyuducu və dondurucu texnikanın yeni, soyuducu elementlərində xloru olmayan növünə çevrilməsi üzrə əsil bum yaşandı.
Yalnız ABŞ-ın sənaye korporasiyaları yeni soyuducu və dondurma avadanlığının buraxılmasından $400 mlrd.-dan çox vəsait qazandılar. Alimlər isə bəşəriyyəti əmin etməyə çalışdılar ki, 50-60 ildən sonra ozonosfera bərpa edilməyə başlayacaq. Amma Monreal protokolunun bağlanmasından 7-8 il keçməmişdi ki, "ozon deşiyi"nin vəziyyəti ilə bağlı yeni xəbərlər gəlməyə başladı - onlar "bitişməyə" başlayıblar. "Freon nəzəriyyəsi"nə görə isə xlorlu soyuducu elementlərin yığışdırılmasının ilkin müsbət nəticələri hamı eyni vaxtda freondan imtina edərdisə, yalnız 20-25 ildən sonra baş verməli idi. Əslində, hadisə başqa cür cərəyan etdi.
Bundan başqa, Rusiya geofizikləri tərəfindən 2005-ci ildə Arktikada gerçəkləşdirilmiş "SP-33" buz ekspedisiyası nəticəsində bəlli oldu ki, Arktika üzərində ozon qatının vəziyyəti əksər dünya meqapolisindən daha yaxşıdır. İsveçin əksər alimləri isə həmin vaxt "ozon deşiyini" Şimali İsveçdə və hətta Stokholm üzərində axtarırdı! Belə çıxır ki, "freon təhlükəsi" sadəcə fırıldaq imiş?
Təbiət də "freonlayır"
Maraqlıdır ki, ilk "ozon deşiyi" Antarktida üzərində ingilis tədqiqatçısı C.Farman tərəfindən 1982-ci ildə aşkar edilmişdi, amma artıq 1985-ci ildə Vyana konvensiyası, iki il sonra isə (1987) Monreal protokolu qəbul edilmişdi. Belə çıxır ki, "ozon çaxnaşması" yuxarıda adı çəkilən soyuducu və dondurucu avadanlıq istehsalçıları tərəfindən sponsorlaşdırılıbmış, sadəcə, onlar yeni "ekoloji təkmil" avadanlıqlarını satmaq niyyəti güdürmüşlər. Tanınmış Rusiya coğrafiyaşünası və geomorfoloqu, Rusiya Elmlər Akademiyasının müxbir üzvü, Moskva Dövlət Universitetinin coğrafiya fakültəsinin təbiətin rasional istifadəsi kafedrasının müdiri Andrey Petroviç Kapitsa da bu fikirdədir.
Alim ozon təbəqəsinin durumu ilə bağlı "Region plus" jurnalına verdiyi müsahibəsində bildirib ki, o, dəfələrlə psevdo-elmi miflərin ifşa edilməsi ilə bağlı çıxışlar edib və bu miflərdən biri də "freon problemi"dir. Alim Kembricdə etdiyi "Qlobal istiləşmə və ozon deşikləri haqqında" mühazirəsində bildirib ki, gerçəkdən də qütb qışının sonunda və qütb yazının əvvəlində ozonun miqdarı on, iyirmi, bəzən də otuz faiz aşağı düşür. Sonra isə polyar yayın başlaması ilə ozonun miqdarı artır və əvvəlki normaya çatır.
Beləliklə, bir növ rəqsvari proses gedir. "Artıq biz bilirik ki, iki ay ərzində təbəqənin nazikləşməsi müşahidə edilir və bu aylar ərzində bütün canlılar üçün zərərli olan ultrabənövşəyi işığın miqdarı artır, çünki bu işıq həyatın bakterial formasını məhv edir. Axı quruda həyat yalnız 800 milyon il bundan qabaq paleozoy dövründə ozon təbəqəsinin yaranması hesabına mümkün olub. Ozon təbəqəsi yaranmış atmosferin Günəş tərəfindən şüalanması nəticəsində formalaşıb. O, yavaş-yavaş bütün qitələrin üzərini örtən zirehə çevrilib və həyat okeandan quruya çıxıb.
Mürəkkəb orqanizmlər üçün yolu ultrabənövşəyi şüalardan ozon qatı ilə qorunan bakterial formalar açıb. Biz də ki bakteriyalardan asılıyıq, özü də tək biz asılı deyilik. Başqa sözlə, insanlar da daxil olmaqla, bütün flora və fauna bakteriyalara baxanda parazitdən başqa bir şey deyil və əgər bütün bəşəriyyət məhv olarsa, bakteriyaları qorumuş təbiətin, necə deyərlər heç tükü də tərpənməz. Bakteriyaların toplam kütləsi bizim hamımızın birlikdə kütləmizdən böyükdür, çünki bakteriyalar Yerin həyatının əsasıdır və ozon qatı bu həyatın mövcudluğu üçün vacibdir. Amma dəri xərçəngi (melanoma) ilə xəstələnənlərin sayını ozon qatının qalınlığının dəyişməsi ilə bağlamaq tamamilə düzgün deyil. Mövsümi dəyişmələr həmişə olub.
Atmosferin öz qanunauyğun dinamikası var. Mən tamamilə razı deyiləm ki, melanomaya tutulanların sayının artmasını atmosferə atılan və soyuducu, kondisionerlərdə, aerozol balonlarında işlədilən və ozon qatını dağıdan sənaye freon qazı ilə bağlayırlar. Freonlar doğrudan da ozon təbəqəsinə zərər vura bilərlər, amma təcrübə göstərir ki, onlar vulkanlar zamanı insanların tullantı kimi havaya atdıqlarından daha çox püskürürlər. Mən bunu sizə əlimdə olan rəqəmlərlə göstərmək istəyirəm. Məsələn, Kamçatka vulkanları və İndoneziyadakı vulkanlar fasiləsiz olaraq havaya freon-11, freon-12, freon-111 kimi təbii qazlar buraxır.
Amma ozon qatı elə onu yaradan Günəş şüaları ilə də bərpa olunur. İşıq oksigen molekullarını parçalayır və bu proses atmosferdə ozonun miqdarını daima dəstəkləyir. Təbii ki, ozon qatının nazilməsinə gətirən səbəblər var və onlar tamamilə təbii proseslərdir, süni heç nə yoxdur. Amma geridönməz heç nə baş vermir və burada başlıcası dinamikadır, periodik dəyişən hərəkətdir. Peyk müşahidələri bunu əminliklə təsdiqləyir", - deyə alim vurğulayır.
Kapitsa həm də bildirir ki, tropik en dairələrində ozon qatı həmişə yuxarı en dairələrinə baxanda yetərincə aşağıdır, amma bu da məlumdur ki, həyat məhz oralarda yaranıb. Coğrafiyaşünasın fikrincə, ozon təbəqəsinin qalınlığı məsələsində böyük rolu məhz pul oynayır. Freonların dəyişdirilməsi, necə deyərlər, daha "sağlam" freonlar buraxan iri kimya şirkətlərinə böyük gəlir gətirir. Belə ki, təkcə 1999-cu ildə ABŞ-da soyuducu və kondisionerlərin dəyişdirilməsi istehlakçıya $220 mlrd.-a başa gəlib.
Məhz buna görə, o, Amerika alimlərinin ABŞ hökumtinə ünvanladığı müraciəti yada salır, alimlər 1997-ci ilin dekabr ayında Kiotoda tərtib edilmiş protokolu rədd etməyə çağırırlar. ABŞ Elmlər Akademiyasının keçmiş prezidenti Frederik Zeyts uzun illər diqqəti ona çəkib ki, bütün qlobal istiləşmə və ozon deşikləri nəzəriyyələri başdansovdu qəbul edilib, gerçəkliyə uyğun gəlmir və bunlar elmə zidd nəzəriyyələrdir. 17 min Amerika alimi bu müraciətə imza atıb. "Onlar Zeytslə razıdırlar və hesab edirlər ki, anlaşma və onun arxasınca gələn meyl - bəşəriyyət üçün gerçək təhlükə və onun gələcəyinə ağır zərbədir", - deyə Kapitsa bildirir.
Dənizə dönmək istəyirəm
Dənizlərin ekoloji durumuna gəldikdə isə bu halda antropogen amili hesabdan kənara atmağa heç ehtiyac yoxdur. Bu problemin alimlərin kəskin müzakirəsinə səbəb olacaq rəqibi yoxdur. Bu məsələdə bütün fikirlər bir nöqtəyə cəmləşir: dəniz və okeanlar bioresursların qorunmasına, dəniz daşımalarının ekoloji təhlükəsizliyinin təmin edilməsinə ehtiyac duyur. Axı planetin 70%-ə qədəri su ilə örtülüb.
Yosunlardan tutmuş mavi balinalara qədər bütün dəniz sakinlərinin bioloji kütləsi bütün planetin canlı orqanizmlərinin biokütləsinin 90%-ni təşkil edir və dəniz flora və faunasının müxtəlif növlərinin mövcudluğu mərcan qayalıqları ilə bağlıdır.
Buna görə də Ümumdünya dəniz gününün məqsədi beynəlxalq ictimaiyyətin diqqətini balıq ovunun, su hövzələrinin çirklənməsinin və haqqında müxtəlif fikirlər olsa da, qlobal istiləşmənin dənizlərə və okeanlara hansı sağalmaz yaralar vurduğuna çəkməkdir.
Bəşəriyyət qarşısında bununla bağlı iki önəmli məsələ - dənizdə təhlükəsizliyin yüksəldilməsi və dəniz mühitinin çirkləndirilməsinin, məsələn neft dağılmalarının qarşısının alınması durur. BMT-nin məlumatına görə, son 100 ildə tunes, treska, marlin və nərə kimi balıqların 90%-i tutulub.
Hər il dənizlərə və okeanlara 21 milyon barelə yaxın neft dağılır. atılan iri sintetik tullantılar hər il milyonlarla dəniz quşunun və 100 min dəniz məməlisinin ölümünə səbəb olur. Son 100 ildə qlobal istiləşmə nəticəsində planetin iri sututarlarında suyun səviyyəsi 10-25 sm qalxıb.
Lap bu yaxınlarda dünyanın ən iri ekoloji fəlakəti - Meksika körfəzinin Luiziana sahillərinin 64 km-liyində yerləşmiş neft platformasında baş vermiş qəza insanlığı sarsıtdı. Aprelin 22-də partlayışdan və 36 saat davam edən yanğından sonra platforma batdı. 11 adam öldü. Bundan sonra neft dağılması başladı və bu, 4,9 mln barel təşkil etdi.
Neft quyusu batan zaman zədələndi və bir neçə ay ərzində ondan okeana neft sızmağa başladı. Neft ləkəsinin ölçüsü daima artırdı və yalnız 16 iyul 2010-cu il tarixdə sızmanın qarışsı alına bildi. Bölgənin turizm və balıqçılıq bölmələrinə böyük zərər dəydi. Bununla yanaşı, Meksika körfəzindəki qəzalı quyunun tam bağlanmasına yalnız bu il sentyabr ayının sonunda başlanacaq.
"bp" Meksika körfəzində baş vermiş fəlakətə görə məsuliyyəti öz tərəfdaşlarının boynuna qoymaq niyyətindədir. "bp"nin yeni başçısı Robert Dadli bildirib ki, baş verənlərin günahı "çox şeydədir". Amma əsas rolu insan amili oynayıb və bu fikir "BP"nin Meksika körfəzindəki qəzanın səbəblərinin araşdırılmasının nəticələrinə həsr etdiyi hesabatında bildirilir.
İstənilən halda, qəza baş verib və ekologiyaya yetərincə zərər dəyib.
Xəzər günü
Planetdə elə bir ekoloji problem yoxdur ki, bəşəriyyətə dəxli olmasın. Onlardan biri də dünyanın ən iri axıntısız duzlu gölü olan Xəzərin vəziyyəti ilə bağlıdır. Dünyanın ən unikal hövzəsi olan Xəzərdəki vəziyyətə dünya ictimaiyyətinin diqqətini cəlb etmək üçün avqustun 12-də Xəzəryanı dövlətlər Xəzər Gününü qeyd etdilər.
O, tamamilə bu yaxınlarda elan edilib və Xəzər dənizinin qorunması üzrə Tehran konvensiyasının ratifikasiyası ilə bağlıdır. Bu, ekologiya sahəsində Xəzəryanı ölkələrin beşinin də imza atdığı ilk regional sazişdir. Həmin gün bütün Xəzəryanı dövlətlərin hamısının alimləri, siyasətçiləri və hakimiyyət qurumlarının təmsilçiləri Qazaxıstan paytaxtına yığılmışdılar və "dəyirmi masa" arxasında bir daha qeyd etdilər ki, Xəzərin bütün ekoloji problemləri insan fəaliyyəti ilə bağlıdır.
Toplaşanlar nərəkimilərin sayının azalmasından, batmış neft quyularından, karbohidrogen yataqlarının işlənməsi və onların dəniz yolu ilə daşınması nəticəsində dənizin çirkləndirilməsindən danışıblar. Yığıncaq iştirakçıları bu nəticəyə gəliblər ki, Xəzərin biomüxtəlifliyinə təhlükə törədən durumu düzəltmək üçün birləşmək və durmadan monitorinq aparmaq lazımdır. Yalnız su itlərinin və balıqların ölüm səbəblərini biləndən sonra dənizi və onun faunasını gələcək nəsillər üçün qoruyub saxlamaq mümkündür. Bu yaxınlarda Meksika körfəzində baş vermiş ekoloji fəlakəti xatıralyan alimlər qeyd ediblər ki, Xəzər şelfində iri miqyaslı neft yataqlarının işlənməsi hələ qabaqdadır. Qabaqlayıcı tədbirlər və yeni texnologiyalar lazımdır. Siyasətçilər isə belə hesab edir ki, qanunvericilik bazasını unutmaq olmaz. Axı Xəzərin hüquqi bazası hələ müəyyən edilməyib.
Ekologiya və təbii sərvətlər naziri Hüseynqulu Bağırov isə dəfələrlə bildirib ki, Xəzərin Azərbaycana məxsus hövzəsində ekoloji durumun sağlamlaşdırılması üçün tədbirlər görülür. Belə ki, Abşeronun Mərdəkan, Buzovna, Bilgə, Pirşağı, Nardaran, Novxanı qəsəbələri və Sumqayıt sahillərində çağdaş su təmizləyici qurğular quraşdırılıb. Dəniz suyundan götürülmüş nümunələrin tədqiqi görülən işlərin səmərəli olmasını göstərir - 2010-cu ildə Xəzər əvvəlki illərə baxanda daha təmizdir.
Bununla yanaşı, nazir hesab edir ki, Xəzər dənizinin Azərbaycan sahilləri boyunca ekoloji durumu bir sıra tədbirlərin hesabına daha da yaxşılaşdırmaq olar. Bu tədbirlərin sırasına sənaye obyektlərinin yenidən qurulması və onların şəhər ətrafında xüsusi ayrılmış zonalara daşınması, köhnəlmiş sutəmizləmə qurğularının yeniləri ilə əvəz edilməsi, həmçinin sahilyanı yaşayış massivlərində yaranan tullantı suların daşınması və zərərsizləşdirilmsi üçün yeni nasos və bioloji təmizləmə stansiyalarının tikintisi daxildir. Bununla bağlı Hüseynqulu Bağırov bildirib ki, sahil boyunca əvvəllər mərkəzləşdirilmiş kanalizasiya sisteminin olmadığı yerlərdə yeni kommunikasiyaların çəkilməsi üzrə işlərə başlanıb. Bununla yanaşı, Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Xəzərin sahil sularının təmizlənməsi və drenaj sistemlərinin yaradılması üzrə yeni idarə yaradılacaq. Nazirlikdən qeyd edirlər ki, əvvəllər sahil sularının təmizlənməsi üzrə işlər bələdiyyələrə həvalə edilmişdi.
Amma yerli özünüidarəetmə orqanları keçən müddət ərzində bir dənə də sutəmizləmə qurğusu işə salmayıb və heç bir drenaj sistemi yaratmayıb. Halbuki bu cür işlərin görülməsi ilə bağlı 80-ə yaxın saziş imzalanıb. Buna görə də nazirlik bu cür işlərin görülməsi ilə bağlı üzərinə öhdəlik götürüb. Yalnız bu il dövlət büdcəsindən milyonlarla xərclənib. Neft emalı zavodlarının yanında tutucu və süzgəclərdən ibarət kaskadlar quraşdırılıb, dənizdə neft çıxarılan platformalar isə xüsusi qoruyucu dambalarla əhatlənib. Ekspertlər bildirirlər ki, bu yay Xəzərdə neft ləkələri yetərincə azalıb.
Bakılılar ümid edirlər ki, balıqlar tezliklə doğma sahillərə dönəcək və artıq bir ildən sonra birbaşa elə şəhər bulvarında kütüm, qayabalığı və ya kefal tutmaq mümkün olacaq. Alimlərsə planetin su örtüyü barədə mübahisə etmirlər, sadəcə artıq çoxdan tərsinə hesab aparan faktları sadalayırlar və bunun da əsas günahı insanın boynuna düşür.
MƏSLƏHƏT GÖR: