Müəllif: Ənvər MƏMMƏDOV Bakı
Azərbaycan yüksək texnologiyalı, informasiya iqtisadiyyatının inkişafının səciyyəvi olduğu postindustrial epoxanın astanasındadır. Bu istiqamətdə irəliləmək ölkədə texnoparkların - IT-texnika və proqram təminatı mərkəzlərinin yerləşəcəyi regional innovasiya zonalarının (RİZ) yaradılmasına, elm-istehsal və servis fəaliyyəti gerçəkləşdirilməsinə yardım edər.
RİZ-lərin və başqa cür xüsusi zonaların yaradılması üçün qanunvericilik bazası artıq hazırdır: ötən ilin ortalarında Milli Məclis "Xüsusi iqtisadi zonalar haqqında" qanun qəbul edib və bu qanunun əsas üstünlüyü sərmayəçilər üçün liberal vergi və gömrük rejimindədir.
Dünyada istehsal və innovasiya sahəsinə kapital cəlb edilməsi üzrə daha effektli və sınaqdan çıxmış alət müxtəlif cür azad iqtisadi zonalar (AİZ) sayılır. Azərbaycanda AİZ-lərin yaradılması üzrə az-çox dəqiq ideya hökumət tərəfindən ilk dəfə 90-cı illərin ortalarında nümayiş etdirilib. Keçən illər ərzində bizim ölkədə AİZ-lərin yaradılması üzrə bir neçə layihəyə baxılıb. Misal üçün, iri kimya kompleksi, qara və əlvan metallurgiya müəssisələrinə malik Sumqayıtın sənaye zonasında AİZ yaradılması barədə layihə var idi.
Həmçinin, Bakı Beynəlxalq Dəniz Limanında, Binə qəsəbəsində Heydər Əliyev adına Beynəlxalq Hava Limanının ərazisində azad iqtisadiyyat və ya offşor zonası, eləcə də , dəmir yolunda azad ticarət deposu yaradılması imkanları da öyrənilirdi. Ancaq bütün bu planlar müxtəlif səbəblər üzündən, o cümlədən, AİZ-lər üzrə xüsusi qanunvericiliyin olmaması səbəbindən həyata keçirilə bilmədi.
Əvvəlcə texnoparklar
İqtisadi İnkişaf Nazirliyi aralıq tədbir kimi 2003-cü ildən bir neçə məhdud AİZ variantı yaratmağı - Bakıdan 49 kilometr aralıda yerləşən Yeni Yaşma qəsəbəsində sənaye biznes-şəhərciyinin salınmasını planlaşdırırdı. Burada təxminən 80-ə yaxın müəssisənin yerləşdirilməsi və tamhüquqlu fəaliyyət göstərməsi nəzərdə tutulurdu. Bunlar idxalı əvəz edə biləcək rəqabətqabiliyyətli məhsul istehsalına qadir özəl şirkətlər və dövlət zavodları idi. Amma infrastrukturun yaradılmasına, yəni yolların, su, qaz, rabitə və elektrik xətlərinin çəkilməsinə həddən çox pul tələb olunması Yeni Yaşma layihəsini bəri başdan rentabelsiz edirdi.
Buna görə də təxminən iki il qabaq hökumət ölkənin ilk texnoparkını Sumqayıtda, "Azərikimya" kompleksinin sənaye zonası ərazisində yerləşdirilməsi barədə qərar qəbul edib; orada 200 hektar sərbəst sahə var imiş. Sumqayıt texnoparkının ilk sənaye obyekitlərinin ötən ilin dekabr günlərinə təsadüf edən açılış mərasiminə Azərbaycan prezidenti İlham Əliyev də qatılmışdı.
Postsovet məkanında analoqu olmayan Sumqayıt texnoparkı 45 ha-da yerləşib, birbaşa zavod korpuslarının sahəsi 14 ha təşkil edib. Burada əsasən ölkəninn elektrik energetikası üçün məhsul buraxan zavodlar və istehsal xətləri tikilib.
Müxtəlif ölçülü mis və alüminium kabellər, paylaycı avadanlıqlar, həmçinin 800 millimetr diametrli plastik borular Sumqayıt texnoparkında istehsalı təşkil edilmiş məhsullar sırasındadır. Bu material və avadanlıqlar elektrik generasiya obyektlərinin və ötürücü infrastukturun modernləşdirilməsində, kiçik su-elektrik stansiyalarının quraşdırılmasında, həmçinin qaz və su təchizatı sistemlərinin, kanalizasiyanın çəkilməsində istifadə ediləcək, özü də məhsulun bir hissəsi ixrac olunacaq. Gələn ilin mart ayında Sumqayıt texnoparkının ərazisində region üzrə ən iri təkrar kağız emalı və karton istehsalı zavodu fəaliyyət göstərəcək, onun emal gücü ildə 60 min ton olacaq.
"Azersun Holding" şirkəti onun tikintisinə 30 mln avro qoyub və məhsulun üçdəikisini Gürcüstana, Türkmənistana, Dağıstana və başqa ölkələrə ixrac etməyi düşünür. Gələcəkdə Sumqayıt texnoparkının ikinci növbəsinin işə salınmasının gedişində "Orqanik sintez" zavoduna məxsus sahədə "Azərikimya"nın baza zavodlarının xammalını istifadə etməklə son məhsul istehsal edəcək kiçik və orta kimya müəssisələri qurupunun yaradılması planlaşdırılır. Gözlənilir ki, onlarca kiçik və iri müəssisədən təşkil edilmiş Sumqayıt texnoparkı idxalı əvəz edəcək məhsul istehsalını artırmağa və müəyyən müddətdən sonra ixrac potensialını yüksəltməyə imkan verəcək.
Azad zona
Sumqayıt texnoparkında gerçəkləşdirilən layihələrin bütün üstünlüklərinə baxmayaraq, AİZ-in sənaye şəhərciyindən fundamental fərqi orada sərmayəçilər üçün vergi və gömrük imtiazlarının olmamasıdır, bunlarsız isə yüksək texnologiyalı istehsala sərmayə cəlbi mümkün deyil. Məhz buna görə son illərdə Rabitə və İqtisadi İnkişaf nazirliklərinin təşəbbüs qrupları AİZ-in müxtəlif variantları üzərində işləməyə davam ediblər. Müxtəlif istiqamətli minlərlə xüsusi iqtisadi zonanın mövcud olduğu Avropa ölkələrinin, Hindistanın, Çinin və Cənub-Şərqi Asiyanın çox illik təcrübəsi sübut edir ki, iqtisadiyyaın qabaqcıl sahələrinin inkişafı üçün daha səmərəli alət xrici sərmayələrin cəlbi və ölkənin regionlarının inkişafıdır. Dünyada toplanmış bu təcrübədən Azərbaycanda AİZ haqında qanunun işlənməsi zamanı maksimum istifadə edilib.
Keçən ilin iyun ayında Milli Məclis "Xüsusi iqtisadi zonalar (XİZ) haqqında" qanun qəbul edib ki, bu da ölkədə AİZ-lərin inkişafı üçün növbəti cəhd olub. Qanunda göstərilib ki, AİZ-lərin inkişafından ötrü dövlətin əsas öhdəliyi sərmayəçilər üçün əlverişli olan rejimin formalaşdırılması və qismən də baza infrastrukturunun yaradılmasıdır. Bu zaman infrastrukturun inkişafının sonrakı xərcləri AİZ-in işinə qatılmaq istəyən sərmayəçilərə həvalə ediləcək. Azərbaycanda yaradılacaq xüsusi iqtisadi zonaların minimum məqsədi 20-25 ildir. Hər bir iqtisadi zonanın fəaliyyət müddəti onun yaradılması zamanı qəbul edilmiş xüsusi bənddə göstəriləcək.
Qanunla müəyyən edilib ki, iqtisadi zonaların idarə edilməsi üçün operatorlar müsabiqə əsasında xarici şirkətlərin də daxil olduğu özəl qurumlar arasından seçiləcək. Bu ilin aprel ayında dövlət başçısı "Xüsusi iqtisadi zonalarda operatorun seçimi üzrə müsabiqə keçirilməsi" qaydalarını təsdiqləyib. Qaydalara görə, müsabiqəyə AİZ-də ən azı bir il operatorluq təcrübəsi olan şirkətlər qatıla bilər. Operatorun seçimi üzrə tender prosedurunun təşkilatçısı kimi İqtisadi İnkişaf Nazirilyi müəyyən edilib, müsabiqə komissiyasının formalaşması isə Nazirlər Kabinetinə tapşırılıb.
Vergi və gömrük güzəştləri sərmayəçilərin cəlb edilməsi üçün əsas alətlər olmalıdır. Qanun layih?sinə görə, vergi rejimi ərazidən, infrastrukturun durumundan, zonanın potensialından və təbii ki, fəaliyyət sahəsindən asılı olacaq. Güzəştlər mənfəət vergisinə, əlavə dəyər vergisinə (ƏDV), fiziki şəxslərin gəlir vergisinə, o cümlədən, əmlak vergisinə aid olacaq. Sahibkarlıq fəaliyyəti ilə məşğul olan rezidentlər dövriyyənin, yəni reallaşdırılmış əmtəə və xidmətlərdən əldə edilmiş vəsaitin iki faizi səviyyəsində vergi ödəyəcəklər. ƏDV sıfır dərəcədə olacaq və onlar başqa vergilərdən, o cümlədən gömrük rüsumlarından azad edilirlər.
AİZ-ə gətirilən aksiz məhsullarına Azərbaycan qanunvericiliyində nəzərdə tutulan və ölkənin başqa ərazilərində də keçərli olan gömrük rüsumları ödənəcək. Ancaq AİZ-də spirtli içkilər və tütün məhsulları istehsalı, teleradioyayım, əlvan metallar istehsalı, həmçinin neft hasilatı və emalı, neft məhsulları və təbii qaz istehsalı ilə bağlı fəaliyyət qadağan ediləcək. Bundan başqa, AİZ-də məhsul idxalı və onun zonada pərakəndə satışı ilə məşğul olan şirkət fəaliyyət göstərə bilməz.
XİZ haqqında qanunun qəbul edilməsindən keçən bir il ərzində fiskal imtiyazlar və sadələşdirilmiş gömrük rejimi sahələrini tənzimləyən bir sıra normativ sənədlər qəbul edilib. Belə ki, ötən ilin dekabr ayında Nazirlər Kabineti tərəfindən XİZ-də fəaliyyət göstərən müəssisəlrin gömrük tənzimlənməsi qaydaları təsdiq edilib. Buraya gömrük nəzarəti üçün sadələşdirilmiş rejim qaydaları, gömrük postlarının fəaliyyəti, malların gömrük rəsmiləşdirilməsi, nəqliyyat vasitələrinin və fiziki şəxslərin zona sərhədlərinə buraxılması qaydaları da daxildir.
Dövlət Gömrük Komitəsi XİZ üçün xüsusi gömrük statistikası apara bilər və bunun üçün xüsusi hesabat forması istifadə ediləcək. 2010-cu ilin yanvar ayında isə Nazirlər Kabineti "XİZ rezidenti olan filial və nümayəndəliklər üçün mühasibat balansı tutulması qaydaları"nı təsdiq edib. Balansda torpaq, tikililər və avadanlıq, qeyri-maddi və bioloji aktivlər, rezervlər, debitor borcları, pul vəsaitləri, kreditor borcları, vergi öhdəlikləri və aktivlər, kapital və kapital rezervləri barədə məlumat olacaq. Balansın tərtibinin illik müddətləri və dövrülüyü, həmçinin onun tərkib komponentləri də müəyyən edilib.
Qanun layihəsi ilə istehsal, infrastruktur, innovasiya, qarışıq zonaların, həmçinin azad ticarət zonalarının yaradılması nəzərdə tutulur. Sistemin çevikliyi üçün snəddə başqa cür XİZ-lərin yaradılması imkanları da planlaşdırılır.
Məsələn, Ələtdə yeni ticarət limanının tikintisi və burada azad zonanın formalaşdırılması infrastruktur XİZ-i kimi təsnifatlandırılır. Yaxınlıqdan keçən dəmr yolu və avtomobil magistralları, perspektivdə beynəlxalq limanın da olması Ələt sahillərini XİZ yaradılması üçün optimal yerə çevirir. Orada müxtəlif XİZ variantlarının - sənaye, maliyyə və servis XİZ-lərinin bir növ simbiozu özünü göstərəcək. Yeri gəlmişkən, Avropa Komissiyasının MDB-nin qərbində və Qafqazda loqistika obyektlərinin yaradılmasına dəstək layihəsi çərçivəsində təşkil ediləcək və ölkə üzrə birinci olacaq beynəlxalq loqistika mərkəzini də bu ərazidə yerləşdirmək planlaşdırılır.
Artıq Ələtdə logistika kompleksi üçün 100 ha-lıq sahə ayrılıb və o, gələcək XİZ-in ilk obyektlərindən birinə çevrilə bilər və TRACECA nəqliyyat dəhlizi ilə multimodal daşımaların inkişafına xidmət edəcək.
İnnovasiyalar üçün zona
İnnovasiya zonalarının sırasına böyük ehtimalla Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin (RİTN) təşəbbüsü ilə yaradılması nəzərdə tutulan regional innovasiya zonsı daxil olacaq. Bu ilin noyabr ayında beynəlxalq "BakuTel-2010" İKT sərgisinin gedişində RİTN regional innovasiya zonasının (RİZ) yeniləşmiş virtual layihəsini təqdim edəcək.
"Bütövlükdə, RİZ-in formalaşması prosesi çoxmərhələli olacaq; birinci mərhələdə bu strukturlar dövlət sifarişlərinin yerinə yetirilməsinə bağlanacaqlar, daha sonra isə elmtutarlı ixrac məhsullarının istehsalına yönəldiləcəklər. RİZ-in yeniləşdirilmiş layihəsində dünyanın bir sıra dövlətlərinin, o cümlədən, Belarus və İsrailin təcrübəsi nəzə alınıb", - deyə rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov bildirib. Sonrakı mərhələlərdə RİZ çərçivəsində təhsil və tədqiqat mərkəzlərinin, həmçinin Beynəlxalq İnformasiya Texnologiyaları Universitetinin, laboratoriyaların, innovasiya və tədqiqat mərkəzlərinin, innovasiyaya yönəlmiş kiçik və orta sahibkarlığın yaradılması planlaşdırılır.
Əlverişli fiskal-tarif siyasətinin yaradılması halında Azərbaycan innovasiya zonasının fəaliyyətində "Cisco", "Intel", "HP", "Microsoft", "Ericsson", "Siemens" kimi şirkətlər iştirak etmək niyyətindədirlər. RİZ-də gerçəkləşdirilən layihələrin kreditoru kimi İslam və Asiya inkişaf bankları çıxış etməyə hazırdırlar. Bu sıraya Azərbaycanın İKT bölməsinin inkişafının maliyyələşdirilməsində iştiraka hazırlığını ifadə etmiş Dünya Bankı da aiddir. Elektronika, kommunikasiya və kompyuter avadanlığı istehsalına sərmayələri Cənubi Koreyadan, Çindən, İsraildən və Tailandan da gözləmək olar.
Yerli şirkətlərin çoxu - "ULTRA", "AZEL", "Gigabyte", "KUR", "Sinam", "R.I.S.K" kimi kompyuter, multimedia avadanlığı və proqram təminatı istehsalçıları da öz istehsallarını innovasiya zonalarına yerləşdirməy hazır olduqlarını bildirirlər. Bu firmaların rəhbərlərinin qiymətləndirməsinə görə, güzəştli şərait yaratdıqdan sonra Azərbaycanın proqram təminatı və kompyuter şirkətləri dünya bazarlarında tamamilə rəqabətqabiliyyətli ola bilərlər.
Başqa tərəfdən, innovasiya zonalarında İKT sənayesinin dünya liderləri ilə birgə işləmək yerli şirkətlərə təcrübə yığmağa və özünü tanıtmağa, həm də mümkündür ki, ölkədə və regionda gerçəkləşdirilən qlobal layihələrdə subpodratçıya çevrilməyə imkan yaradar.
MƏSLƏHƏT GÖR: