14 Mart 2025

Cümə, 20:57

QIRĞIZISTANDAN PAKİSTANADƏK…

Radikal ideyaların yayılmasında başlıca səbəb sosial-iqtisadi problemlərdir

Müəllif:

15.09.2010

Son aylar ərzində yaşananlar, təəssüf ki, Mərkəzi Asiyada sabitliyin pozulması haqqında danışmağa ciddi əsaslar verir. Bu region onsuz da heç zaman sabit və sakit  sayılmayıb. İndi isə bir neçə mənfi amil üst-üstə yığılıb.

İlk növbədə, Qırğızıstandakı vəziyyət narahatlıq yaratmaya bilməz. Bir müddət əvvəl hakimiyyət çevrilişinin baş verdiyi ölkədə, daha sonra etnik zəmində toqquşmalar yaşandı və nəticədə, qeyri-rəsmi məlumata görə, 1 000-dən artıq insan həlak oldu.

İkincisi, Özbəkistanla Qırğızıstanın sərhədində mübahisəli ərazilərin olması üzündən burada daim müxtəlif insidentlər baş verir. Bəzi ekspertlər hesab edir ki, bu, sonda dövlətlərarası münaqişəyə çevrilə bilər.

Üçüncüsü, Mərkəzi Asiya ölkələri arasında su resurslarına sahib çıxmaq uğrunda daim gərginlik hökm sürür.

Dördüncüsü, son dərəcə qeyri-sabit olan Əfqanıstan və Pakistanın bu regiona yaxın olması buraya öz təsirini göstərir. Mərkəzi Asiyaya narkotik, silah məhz bu regiondan daşınır, radikal ideyalar oradan yayılır, müxtəlif kriminal elementlər və terrorçular bu ölkələrdən gəlir. Bundan başqa, görünməmiş daşqınların milyonlarla insanın həyatına təhlükə yaratdığı Pakistanda vəziyyət ciddi narahatlıq yaradır.

Beşincisi, son zamanlar Tacikistandan terror aktları ilə bağlı həyəcanlı xəbərlər də gəlməkdədir.

 

Tacikistan

Sentyabrın əvvəlində Tacikistanın Xucand şəhərində Daxili İşlər Nazirliyinin mütəşəkkil cinayətkarlıqla mübarizə regional idarəsinin binası qarşısında son illərin ən böyük terror aktı törədilib. Hər şey "klassik" üsulla baş verib - idarənin qapısına tərəf böyük sürətlə yaxınlaşan avtomobil oraya çatan kimi partlayıb. Nəticədə, 2 zabit həlak olub, 25 milis əməkdaşı yaralanıb.

Tacikistan DİN-in baş verənlərlə bağlı rəsmi açıqlamasında bildirilir ki, partlayışı 1996-cı ildə yaradılmış Özbəkistan İslam Hərəkatı (ÖİH) üzvlərinin törətdiyi ehtimal edilir. Bu qurumun qərargahının Əfqanıstanın Qəndəhar şəhərində yerləşdiyi bildirilsə də, o, Pakistan, Özbəkistan, Qırğızıstan və Tacikistan da daxil olmaqla, geniş ərazidə fəaliyyət göstərir. Bəzi məlumatlara görə, bir müddət əvvəl Usman Adilin yeni lider təyin olunduğu ÖİH taktikasını dəyişmək qərarına gəlib. İndi o, bütün diqqətini Mərkəzi Asiya ölkələrinə yönəldib. Məqsəd zor gücünə bu respublikaların islam dövlətlərinə çevrilməsidir. 

Bütün dünyadan muzdluların toplaşdığı ÖİH-in "Əl-Qaidə" ilə əlaqələrə malik olduğu da bəllidir. Son terrorun Tacikistanın mərkəzə o qədər də loyal münasibətdə olmayan hissəsində törədilməsi isə təsadüf olmaya da bilər.

Bundan başqa, avqustun 23-də Düşənbədə Dövlət Milli Təhlükəsizlik Komitəsinin 1 saylı istintaq təcridxanasından, təxminən, 30 məhbus qaçıb. Onlar dövlət çevrilişinə cəhddə təqsirləndirilərək, müxtəlif müddətə azadlıqdan məhrum edilmiş şəxslər idi. Qaçmağa nail olmuş cinayətkarlar arasında bir neçə ÖİH üzvünün olduğu da məlumdur.

Sentyabrın 6-da isə Düşənbə yaxınlığındakı gecə klubunda partlayış olub. Nəticədə bir neçə nəfər yaralanıb. Terror aktı rəqs meydançası yaxınlığındakı masanın altına qoyulmuş partlayıcının işə salınması ilə törədilib. Versiyalardan birinə görə, partlayışı xüsusilə Ramazan ayında belə obyektlərin fəaliyyətindən narazı olan dini fanatlar törədə bilər.

"Deutsche Welle" isə yazır ki, Tacikistanda hakimiyyətdən narazılıq artır. Mərkəzi Asiya üzrə rusiyalı ekspert Andrey Qrozinin fikrincə, hakimiyyət üçün hər şeyi ÖİH-in üzərinə yıxmaq daha asandır.

 

Pakistan

Bu ayın əvvəlində Pakistanın Lahor şəhərində şiələrin dini ayini zamanı törədilmiş terror 37 nəfərin həyatına son qoyub, 200-dən artıq insan yaralanıb. Partlayıcını 3 kamikadze işə salıb. Bu, iyulun sonlarında Pakistanda dəhşətli daşqınların başlamasından sonra törədilmiş ilk böyük terror aktıdır. Yerli KİV hesab edir ki, onu əsasən pencab əyalətində məskunlaşmış radikal sünnü qrupları törədə bilər. Həmin qruplar Pakistanı tam sünnü dövlətinə çevirməyə çalışır. Onların arasında ən məşhuru və yaxşı təşkilatlanmışı "Laşkar-ə-Canqvi"dir. 

Bu qruplaşmanın üzvləri Əfqanıstanda təlim keçib və taliblərlə sıx əlaqələrə malikdir.

Sentyabrın 3-də Pakistanda onlarla insanın həyatına son qoymuş yeni terror aktları törədilib. Ölkənin cənub-qərbində yerləşən Kvetta şəhərində kamikadze şiələrin Fələstin xalqına həmrəylik məqsədilə keçirdikləri nümayiş zamanı partlayıcını işə salıb. Pişəvərin mərkəzində minalanmış avtomobil partladılıb, Mərdan şəhərinin Hiber əyalətində isə daha bir bomba işə salınıb.

Sentyabrın 6-da Pakistanın şimal-qərbində yerləşən Lakki Marvat şəhərində (taliblərin nəzarətində olan rayonların yaxınlığı) polis məntəqəsi partladılıb. Nəticədə, 9-u polis əməkdaşı olmaqla, 14 nəfər dünyasını dəyişib.

Bir müddət əvvəl - avqustun 28-də isə Pişəvərdə hərbi kəşfiyyatın yerli şöbəsinin mənzil-qərargahı atəşə tutulmuşdu. Yaraqlılar ABŞ səfirliyi yaxınlığında olan bu binanın mühafizə olunan ərazisinədək gedib çıxmışdılar. O zaman tərəflər arasında baş verən döyüş 6 saat davam etmiş, lakin xüsusitəyinatlılar binanı mühafizə edə bilmişdilər. Hücum, güman ki, "Təhrik-i-taliban Pakistan" ("Taliban"ın Pakistan qanadı) tərəfindən törədilmişdi.

Yeri gəlmişkən, ABŞ administrasiyası sentyabrın əvvəlində Pakistan taliblərini rəsmən xarici terror təşkilatı elan edib. Onun lideri isə xarici ölkələrdəki Amerika vətəndaşlarının qətlində, həmçinin, 2009-cu ilin dekabrında Əfqanıstanın şərqində yerləşən ABŞ bazasına hücumda günahlandırılıb.

Xüsusilə narahatlıq yaradan məqam bütün bu partlayışların müsəlmanların müqəddəs Ramazan ayında törədilməsidir. Halbuki, bu ayda istənilən zorakılıq qadağandır. Terrorçular şübhəsiz ki, 170 milyonluq Pakistanda təxminən 20 milyon insanı ev-eşiksiz qoymuş daşqının nəticələrindən istifadə etməyə çalışır. Xatırladaq ki, daşqın nəticəsində Pakistanın 1////////\\\\/,//////////5-i su altında qalıb, 1,6 mindən artıq insan ölüb, 5 minədək kənd tamamilə yer üzündən silinib, milyon akrdan artıq sahədə əkilmiş kənd təsərrüfatı məhsulu məhv olub, ilkin tələbat mallarının olmaması və təmiz içməli su çatışmazlığı üzündən ölkədə epidemiyanın yayılması ehtimalı yüksəkdir.

Təbii fəlakət nəticəsində ölkə infrastrukturuna, sənaye və kənd təsərrüfatına dəymiş zərərin məbləğini hələ də müəyyənləşdirmək mümkün olmayıb. Pakistanın Londondakı səfiri Vahid Şamsul Hasan BBC-yə açıqlamasında bildirib ki, Pakistanın fəlakətin nəticələrini aradan qaldırması üçün 5 il vaxta və 15 milyard dollara ehtiyacı var. O, Pakistan üçün "Marşall planı"nın anoloqunu yaratmağa çağırıb. Səfir hesab edir ki, ölkənin dağılmış iqtisadiyyatının bərpası üçün məhz buna ehtiyac var "Beynəlxalq yardımların çatışmaması ekstremizmə aparıb çıxara, nəticədə bütünlükdə regionda sabik pozula bilər". Axı, həyat səviyyəsinin aşağı düşməsi, belə kritik vəziyyətdə əhalinin hakimiyyətdən narazı qalması onlarda müxtəlif radikal qruplara simpatiyanı artıra bilər.

Yeri gəlmişkən, Pakistan prezidenti Asif Zərdari təbii fəlakətin ən pik vaxtında, hətta Avropa turnesindən imtina etməyi belə, lazım bilməyib. Həmin dövrdə o, Londonda möhtəşəm mehmanxanaların birində qalıb. Ölkədə isə müxtəlif ekstremist qrupun nümayəndələri fəlakət zamanı zərərçəkənlərə ərzaq, dərman paylayır, "Taliban" üzvləri isə hökuməti beynəlxalq yardımlardan imtina etməyə çağırır, əhaliyə öz hesablarına kömək edəcəklərini bildirirdilər.

Qərb dövlətləri hələ ki Pakistana yardım etməyə ciddi həvəs göstərmir. "Independent" qəzetinin yazdığı kimi, sanki Pakistanda baş vermiş faciə dünyaya o qədər də təsir göstərməyib.

Beləliklə, əvvəllər də müxtəlif ekstremizm təhlükələrindən effektiv müdafiə oluna bilməyən ölkə indi daha zəifləmiş durumdadır. Pakistanın nüvə ölkəsi olduğu məlumdur. Bu silahın terrorçuların əlinə keçəcəyi təqdirdə nələrin baş verə biləcəyini təsəvvür etmək belə, qorxuludur.

 

Qırğızıstan

Qırğızıstanın gələcəyi son dərəcə qaranlıq görünür. Ölkə oktyabrın 10-na təyin olunmuş parlament seçkisi ərəfəsində yenidən miqyaslı toqquşmalara, hətta vətəndaş müharibəsinə səhnə ola bilər. Hətta səsvermə prosesi sakit keçsə belə, ölkədəki siyasi qüvvələrdən hansınınsa parlamentdə 50%-dən artıq mandata sahib çıxacağı inandırıcı görünmür. Beləliklə, siyasətçilər öz aralarında razılığa gəlməli olacaqlar. Buna isə hətta demokratiyanın inkişaf etdiyi Avropa dövlətlərində belə, çox vaxt çətinliklə nail olunur. Dövlət çevrilişinin baş verdiyi, qırğız və özbək icmalarının iştirakı ilə qanlı etnik toqquşmaların yaşandığı ölkədə isə bu, əlbəttə ki, daha çətin məsələdir.

Bununla yanaşı, ən narahatlıq yaradan məqam cənubun, demək olar ki, Bişkekə tabe olmamasıdır. Üstəlik, ölkə əhalisi daim gələcəklə bağlı qorxu içində yaşayır, milli zəmindəki fikir ayrılıqları da hələ də qalmaqdadır. 

Qırğızıstan əhalisinin narazılığının bir səbəbi də, cənubda dağılmış evlərin bərpasının çox ləng getməsindədir. Şahidlərin sözlərinə görə, onların əksəriyyəti qarşıdan gələn qışı çöldə qarşılaya bilər.

Qırğızıstanda ərzağın qiymətində daim artım müşahidə olunmaqdadır. BMT-nin Ümumdünya ərzaq proqramının ekspertləri yaxın gələcəkdə ölkədə kütləvi aclığın baş verə biləcəyini söyləyir. Bu vəziyyətin yaranmasına Rusiya ilə Qazaxıstandakı quraqlıq və yanğınlar da təsirsiz ötüşməyib. Artıq Qırğızıstan əhalisinin təxminən 1,4 milyonu qida məhsullarının çatışmazlığından əziyyət çəkir. Ən ağır vəziyyət isə Oş və Cəlalabaddadır.

"The Guardian" qəzetinin yazdığına görə, vaxtilə BMT-nin insan haqları üzrə ali komissarı olmuş, hazırda isə "International Crisis Group"a rəhbərlik edən Luiza Arbur bildirib ki, "beynəlxalq ictimaiyyət Qırğızıstandakı siyasi xaosa qarşı təcili və qəti tədbirlər görməzsə, fəlakət baş verəcək". Arbur əmindir ki, bəlkə də, artıq Qırğızıstanda parçalanmanın qarşısının alınması mümkün olmayacaq. Ona görə də, BMT Təhlükəsizlik Şurasını yeni toqquşmaların baş qaldıracağı və növbəti qaçqın kütləsinin yaranacağı təqdirdə istifadə olunacaq variantları artıq indidən hazırlmalıdır.

Ekspertlər Qırğızıstana geniş tərkbinli beynəlxalq qüvvələrin gətirilməsini də təklif edir. Amma nəzərə alsaq ki, hələlik Qırğızıstana ATƏT-dən polislə iş üzrə silahsız məsləhətçilər qrupu belə gələ bilmir, bu haqda danışmaq artıq olardı. Otunbayeva hökuməti yerli polislərə məsləhət verəcək ATƏT ekspertlərinin ölkəyə gəlməsilə razılaşsa da, bir çox yerli siyasətçilər bunun əleyhinə çıxır. Onlar bu mövqelərini guya həmin ekspertlərin Qırğızıstanın suverenliyini itirməsinə səbəb ola biləcəyilə əsaslandırır. "Frankfurter Allgemeine" yazır ki, Human Rights Watch hüquq müdafiə təşkilatının, həmçinin "International Crisis Group"un məlumatına görə, ölkədə milli zəmində toqquşmalar zamanı özbəklərin yaşadığı məhəllələrə hücum təhlükəsizlik qüvvələrinin razılığı ilə baş verib. Məlumata görə, guya bəzi hallarda hətta təhlükəsizlik qüvvələri bu hücumlarda iştirak da edib və bu üzdən də indi bir çox məmur və güc strukturu təmsilçiləri kənar qüvvələrin prosesə qarışmasını istəmirlər.

Bütün bunlarla yanaşı, görünən odur ki, dünya ictimaiyyəti hələ Qırğızıstanda baş verənlərdən çox da narahat deyil. Bu da başa düşüləndir. ABŞ hazırda Əfqanıstanda taliblərin öhdəsindən necə gəlmək, İraqdan qoşunların çıxarılmasından sonra orada sabitliyin qorunub saxlanması, İranın nüvə proqramı kimi məsələlər haqda düşünür. Üstəlik, bu günlərdə Ağ ev Fələstinlə İsrail arasında birbaşa dialoqun təşəbbüskarı kimi də çıxış edib.

Rusiyanın da öz problemləri var. Minsklə münasibətlərdə getdikcə artan böhran və Şimali Qafqazda yenidən vüsət almış terror və qeyri-sabitlik.

Qırğızıstanda isə müxtəlif ekstremist qruplar, kriminal elementlər, narkobaronlar baş qaldırmaqdadır. Oş artıq regional narkotrafik mərkəzi adlandırılır.

 

Əfqanıstan

Bu ölkədəki vəziyyətə müxtəlif aspektlərdən yanaşmaq olar. Onların arasında ən çox narahatlıq yaradan bu ölkənin dünyana ən böyük narkotik ixracatçısı olmasıdır. Dünyada istehsal olunan heroinin 90%-dən artığı məhz Əfqanıstanın payına düşür. O, Əfqanıstandan Rusiyaya və Qərbi Avropaya keçir, orada hər il müasir tarixdə terrorçuların ümumilikdə qətlə yetirdiklərindən daha çox insanın ölümünə səbəb olur. Narkotik bitkilərin və maddələrin satışı "Taliban" və "Əl-Qaidə" yaraqlılarının əsas gəlir mənbəyi sayılır. Bununla yanaşı, Əfqanıstanda tiryək plantasiyaları ilə mübarizəni çətinləşdirən bir məqam da var: əfqan kəndlilərin əksəriyyəti məhz bu əkin-biçin hesabına dolanır.

 

Sərhədyanı insidentlər

Dövlətlərarası münaqişədən danışan zaman Qırğızıstanla Özbəkistan sərhədində daim rast gəlinən insidentləri yada salmaq kifayətdir. Bu ölkələr sərhədyanı ərazilərin kimə məxsus olması ilə baoğlı daim mübahisə etməklə yanaşı, həm də bir-birinin ərazisində anklava sahibdir. Bu vəziyyət gömrük postlarındakı müxtəlif bürokratik prosedurlarla daha da ağırlaşır və bu, yerli sakinlər arasında narazılığa səbəb olur. Narazılar, ilk növbədə, kənd təsərrüfatı ilə məşğul olanlardır. İndiyədək iki ölkə arasında dəfələrlə dövlətlərarası münasibətlərin incəliklərini anlamayan mal-qara üzündən "sərhədin qanunsuz keçilməsi" kimi insidentlər yaşanıb. Yalnız son bir neçə gün ərzində sərhəd nəzarət buraxılış məntəqəsində bir neçə insident baş verib. Hər iki tərəfdən olan sərhədçilər və məmurlar bu insidentlərin iştirakçısına çevriliblər.

Bütün bunların üzərindən bəlkə də keçmək olardı. Amma bəzən yerli sakinlərlə yanaşı, sərhədi Özbəkistan İslam Hərəkatının yaraqlıları da keçir. Onlar isə qırğız və özbək hakimiyyətinin sərhədyanı problemləri çözməkdə acizliyindən istifadə edərək dövlətlərarası münaqişəyə səbəbkar ola bilərlər.

 

Nə etməli?

Mərkəzi Asiya ölkələri qarşılarında durmuş risklərin öhdəsindən gələ biləcəkmi, yoxsa bunun üçün bütün maraqlı tərəflərin səyləri ciddi şəkildə səfərbər etməsi lazım olacaq? Bəs "maraqlı tərəflər"in özləri bunu bacaracaqmı? Axı, bu regionda xeyli ölkənin geosiyasi maraqları var və yeri gəlmişkən, elə həmin ölkələrin özləri də risklərdən xali deyil.

Məsələn, Mərkəzi Asiyada vəziyyətin gərginləşməsi Rusiyaya bilavasitə təhlükə yaradır. Bu halda o, qaçqın axını, daha güclü narkotrafik, silah daşımaları və qaçaqmalçılıqla qarşılaşa bilər. Şimali Qafqazda vəziyyətin gərgin olduğunu, həmçinin Rusiyada narkotik qəbulunun artıq bəziləri tərəfindən milli təhlükəsizlik məsələsi sayıldığını nəzərə alsaq, Moskva üçün bu, qətiyyən arzuolunan deyil.

Mərkəzi Asiyada sabitliyin tam pozulacağı təqdirdə ABŞ da çətinliklərlə üzləşəcək. Məsələn, o, Əfqanıstandakı ordusunun təchizat məsələsində çətinliyə düşəcək.

Yeri gəlmişkən, çoxları hesab edir ki, Mərkəzi Asiyada baş verənlər böyük ölçüdə Rusiya ilə ABŞ-ın buradakı nüfuz mübarizəsinin nəticəsidir. "The Wall Street Journal"ın yazdığına görə, Soçidə avqustun 18-də start götürmüş 4 günlük sammit Kremlin Mərkəzi Asiyadakı nüfuzunu bərpa etməyə çalışdığını göstərib. Burada ABŞ-ın Rusiya ilə birlikdə regionda Çinin nüfuzunun artmasına mane olması da öz rolunu oynayır. Çin yalnız Mərkəzi Asiyanın enerji resurslarında deyil, həm də bu ərazi vasitəsilə İranda, həmçinin Fars körfəzindəki karbohidrogenlərə "əl uzatmaqda" maraqlıdır.

Bəzi Rusiya analitiklərinin iddiasına görə, Mərkəzi Asiyada qeyri-sabitliyin hökm sürməsi ABŞ-a sərf edir. Çünki bu halda Rusiya vəziyyətə müdaxilə etməli olacaq. Bu regionda uzun illərdir davam edən problemlərin həllinə cəhd isə Moskva üçün ciddi səhv ola bilər - Əfqanıstanın SSRİ üçün başağrısına çevrildiyi kimi. Rusiya bu tələyə düşəcəkmi? Bəlkə Rusiyanın getdikcə bataqlığa yuvarlanan Bişkekə yardım etməyə o qədər də həvəs göstərməməsi bununla bağlıdır? Bəs ləngimənin özü də sonda mənfi nəticələr verməyəcək ki?

Digər tərəfdən, bu söhbətlər "soyuq müharibə" dövrünü xatırladır. ABŞ-Rusiya münasibətlərində "yenilənmə"yə dair geniş müzakirələrin aparıldığı bir vaxtda isə buna inanmaq istəməzdik.

Düşünmək olar ki, Mərkəzi Asiyada situasiyanın qarışmasının səbəbi yenə də ciddi sosial-iqtisadi problemlərdir - kütləvi yoxsulluq, işsizliyin səviyyəsinin son dərəcə yüksək olması, pis ekologiya.



MƏSLƏHƏT GÖR:

616