14 Mart 2025

Cümə, 21:45

BİRBAŞA DİALOQ

ABŞ Israillə fələstini barışdıra biləcəkmi?

Müəllif:

15.09.2010

Yaxın Şərqdə ciddi dəyişikliklər baş verə bilər. ABŞ-ın vasitəçiliyi ilə İsraillə Fələstin arasında dialoq bərpa olunub. Amma münaqişə tərəflərində bitib-tükənmək bilməyən problemi həll etmək üçün cəsarət və qətiyyət tapılacaqmı? Danışıqların Vaşinqton raundunun uğurlu alınmasına baxmayaraq, bu məsələyə hər kəs ehtiyatla yanaşır.

 

Çətin yol

Münaqişə tərəfləri arasında İsrailin baş naziri Benyamin Netanyahu və Fələstin Muxtariyyətinin lideri Mahmud Abbasın simasında birbaşa danışıqlar Amerika prezidenti Barak Obamanın vasitəçiliyilə baş tutub. Ağ ev rəhbəri İsraillə Fələstin arasındakı münaqişənin 1 il ərzində həll oluna biləcəyini söyləyib. Bunun üçün tərəflər ən çətin məsələlərlə bağlı kompromisə gəlməlidir. Söhbət sərhədlərin müəyyənləşdirilməsi, Qüdsün statusu, yəhudi yaşayış məntəqələrinin taleyi, fələstinli qaçqınların geridönmə hüququ kimi problemli məqamlardan gedir.

Obamanın sözlərinə görə, bütün bunların sonunda müstəqil, demokratik və həyat qabiliyyətli Fələstin dövləti yaranacaq və o, İsraillə, həmçinin, digər qonşuları ilə çiyin-çiyinə, sülh şəraitində yaşayacaq. "Bu, çətin yolun yalnız başlanğıcıdır", - deyə ABŞ prezidenti qeyd edib. 

Onun fikrincə, illərlə yığılmış inamsızlığın bir gecədə aradan qalxması mümkün deyil. Hər iki tərəfin öz qanuni və çoxdankı maraqlarının olmasına baxmayaraq, Yaxın Şərqdəki hazırkı vəziyyət daha bu cür davam edə bilməz.

ABŞ-ın dövlət katibi İsraillə Fələstin arasında birbaşa danışıqların bərpasını "Yaxın Şərqdə sülh üçün son şans" kimi qiymətləndirib.

İsrail və Fələstin liderləri isə öz növbələrində uzun illərdir davam edən münaqişəyə son qoymağa hazır olduqlarını göstərirlər. Netanyahu bildirib ki, onun ölkəsi fələstinlilərlə sülhə çalışır. M.Abbası özünün "sülh nizamlanması üzrə tərəfdaşı" adlandıran Netanyahu vurğulayıb ki, "Bizim hədəfimiz israillilərlə fələstinlilər arasında sülhə nail olmaqdır. Bu olmasa, hər kəs uduzacaq. Bizə terror aktları arasında qısamüddətli dinclik lazım deyil".

Mahmud Abbasa gəlincə, o bildirib ki, "biz gücümüzə qənaət etməyəcək, daim işləyəcək, bununla da prosesin müsbət nəticələnməsinə çalışacağıq". Bununla yanaşı, Abbas İsraili gələcək Fələstin dövlətinin ərazisinə daxil olacaq ərazilərdə yaşayış məntəqələrinin tikintisini dayandırmağa, Qəzzanın blokadasını aradan qaldırmağa çağırıb.

Əksər ekspertlər hesab edir ki, Barak Obama indiyədək bir neçə nəsil Amerika liderlərinin uğur əldə edə bilmədikləri işə girişməklə, riskə gedir. ABŞ-ın hazırkı administrasiyası sələflərinin səhvlərindən nəticə çıxardıqlarını göstərməyə çalışır. Amma ən başlıcası odur ki, Vaşinqton artıq bu məsələni havadan asılı vəziyyətdə qoymaq istəmir. Çünki məhz Yaxın Şərq münaqişəsi ABŞ və bütünlükdə Qərbin islam dünyasındakı radikal əhvallı dairələrlə qarşıdurmasının əsas səbəbidir. Üstəlik bir sıra faktorlar Fələstin-İsrail münaqişəsinin həllində məhz indi qısa müddətdə nəticə əldə olunmasının mümkünlüyünü göstərir. Onlardan biri ABŞ-ın İraqdakı "hərbi missiya"sının bitməsidir. Bu, Yaxın Şərqdə gərginliyi qismən də olsa, azalda bilər. 

Daha bir kifayət qədər cəlbedici görünən faktor Obamanın vasitəçilik missiyasının Ərəb Dövlətləri Liqası tərəfindən dəstəklənməsidir. Qurum faktiki olaraq, İsraillə Fələstin arasında birbaşa dialoqun başlanmasını dəstəkləyir.

Bütün bunlarla yanaşı, münaqişə tərəflərinin bir sıra əsas məsələlərlə bağlı bir-birinə tam əks mövqedə dayandıqlarını da yaddan çıxartmaq olmaz. Bu, xüsusilə sərhədlər və Qüdsün statusu məsələsinə aiddir. Məhz bu, çoxlarının Vaşinqton danışıqlarının perspektivinə şübhə ilə yanaşmasının əsas səbəbidir.

Danışıqların İordan çayının qərb sahilində vəziyyətin gərginləşməsi fonunda başlaması da nikbinliyə əsas vermir. İsraillə birbaşa dialoqun əleyhinə olan HƏMAS yaraqlıları Hevron yaxınlığında 4 israilli - 2 kişi, 2 qadını güllələyib. Qadınlardan biri hamilə imiş. Atışma zamanı daha 2 israilli yaralanıb. 

HƏMAS liderləri İordan çayının qərbi sahilində baş vermiş bu atışmanı "qəhrəmanlıq əməliyyatı" adlandırıb. Dünya ictimaiyyəti isə bu terror aktını pisləyib. Ağ evin mətbuat katibi Robert Qibbs bildirib ki, israillilərə hücum danışıqların əleyhidarlarının dialoqa mane olmaq üçün nələrə gedə biləcəyini göstərir.

İsrailin baş naziri Benyamin Netanyahu isə bildirib ki, onun vətəndaşlarının qətli Təl-Əvivin təhlükəsizlik zəmanətinin verilməsi tələbində niyə güzəştə getmədiyini bir daha isbatlayır.

Qeyd olunmalıdır ki, Fələstin Muxtariyyəti rəhbərliyi cinayətkarların cəzalandırılması üçün dərhal tədbirlər görüb. İordan çayının qərb sahilində HƏMAS üzvü olan 250-dək adam tutulub. ABŞ administrasiyası Abbasın rəhbərliyi ilə Fələstin tərəfinin baş verənlərə reaksiyasının Vaşinqtonun nəzərindən qaçmadığını bəyan edib.

Radikallar isə Vaşinqtonun tərəflər arasında birbaşa dialoqun bərpası təşəbbüsünə münasibətini konkret şəkildə ortaya qoyub. HƏMAS lideri İsmail Haniyyə bildirib ki, danışıqların iflasa uğrayacaq siyasi proses olduğuna heç bir şübhə yoxdur, çünki onun əsasını "sionist-amerika diktaturası və ərəb dünyasının acizliyi" təşkil edir.  Qəzza zolağında təcili olaraq təşkil edilmiş mətbuat konfransında İsrail və Qərb tərəfindən terrorçu qurumlar kimi tanınmış Fələstin təşkilatları Fələstin administrasiyasının İsraillə danışıqlara razılıq verməsini "satqın addım" adlandırıblar. Onlar "sionist işğalçılar"a qarşı silahlı mübarizənin davam etdiriləcəyini də bəyan ediblər.

Fələstin tərəfindən danışıqlar aparan qrupunun təmsilçisi, Abbasın yaxın silahdaşlarından olan Nabil Şaat bu günlərdə ABŞ-dan səfərdən dönən zaman bildirib ki, "İsraillə istənilən sülh razılaşması sazişin şərtlərinin bütünlüklə Fələstin ictimaiyyətini razı salmasından sonra mümkün olacaq". 

Şübhəsiz, Şaatın sözləri, ilk növbədə, Fələstinin İsraillə danışıqlara qarşı çıxan siyasi qüvvələrinə ünvanlanıb. Fələstinli diplomatın açıqlamasından belə qənaətə gəlmək olar ki, İsraillə hansısa razılaşmanın olacağı təqdirdə o, Abbas tərəfindən referenduma çıxarılacaq. Amma hələ də aydın deyil ki, Rəmallahda "oturmuş" Fələstin administrasiyası, Qəzza bölgəsinə nəzarət edən siyasi qüvvələrin dəstəyini hansı yolla almağı düşünür.

Digər tərəfdən, fələstinli radikallarla paralel olaraq, İsraildə də radikal əhval-ruhiyyəli bəyanatlar verənlər var. İsrailin xarici işlər naziri Aviqdor Liberman hesab edir ki, fələstinlilərlə barışıq mümkün deyil. O, hesab edir ki, "hamının qəbul etdiyi sülh razılaşmasının imzalanması, münaqişəyə son qoyulması, qarşılıqlı iddialardan imtina, İsrailin yəhudi xalqının dövləti kimi tanınması nə gələn il, nə də növbəti nəsillərin dövründə mümkün olacaq".

 

12 aylıq şans

Hazırkı Yaxın Şərq prosesinin daha bir vacib məqamı kimi İranın İsrail-Fələstin danışıqlarının bərpasına reaksiyasını qeyd etmək olar. Birbaşa dialoqun bərpasını tənqid edən İran prezidenti Mahmud Əhmədinejad danışıqların uğursuzluğa düçar olacağını bildirib. Əhmədinejad hesab edir ki, fələstinlilərin öz hüquqlarını təmin etməsinin yeganə yolu müqavimətdir. O, Mahmud Abbasın Fələstin xalqı adından danışıqlar aparmaq üçün mandata sahib olmadığını da söyləyib.

Mahmud Abbas administrasiyasının İran prezidentinin açıqlamasına reaksiyası özünü çox gözlətməyib. Fələstin liderinin mətbuat katibi bildirib ki, Əhmədinejad özü İran xalqını təmsil etmir. O, bu fikrini "Əhmədinejadın prezident seçkisini saxtalaşdırmaqla dövlət başçısı postunu tutması" ilə əsaslandırıb.

Ərəb dünyasının bəzi nüfuzlu xadimlərinin Tehranın reaksiyasına münasibəti də kifayət qədər maraqlıdır. Nüfuzlu livanlı müfti Əli Cuzo İran rəhbərliyini "Fələstin xalqının qanı ilə alverə son qoymağa" çağırıb. O, üzünü Əhmədinejada tutaraq deyib: "Siz çoxdandır ki, İsraili yer üzündən silməklə hədələyirsiniz. Amma əslində nə etmisiniz? Yalnız İran daxilində "sionistləri söyən" şüarlar və nümayişlər! Yəni, real iş görmədən, boş danışıqlar! Nə vaxtadək tribunaya yalnız tribunaya çıxmaq xətrinə çıxacaqsınız?".

Müfti iranlıları fələstinliləri dinc buraxmağa, onların işinə qarışmamağa çağırıb. "Çünki siz artıq fələstinlilərə böyük iztirablar vermisiz, Fələstin torpaqlarının xeyrinə heç bir iş görməmisiniz", - deyə o, qeyd edib.

Maraqlıdır ki, Tehranın sözügedən bəyanatından  sonra Misir İranın xarici işlər naziri Mənüçöhr Mö?ttəkinin Qahirəyə sentyabrın 6-na nəzərdə tutulmuş səfərinə əngəl yaradıb. Bu demarşa Möttəkinin Misirin İsrail-Fələstin danışıqlarında vasitəçilik etməsinə mənfi münasibət bildirməsi səbəb olub. Misir prezidenti Hüsnü Mübarək, hətta ərəb dünyasının "ABŞ, BMT və Aİ-nin İranın nüvə proqramı ilə bağlı narahatlığını bölüşdüyünü, İranın nüvə dövlətinə çevrilə biləcəyindən narahatlıq keçirdiyini" də bəyan edib.

Bütün bunlarla yanaşı, Vaşinqton görüşündən sonrakı günlər Yaxınq Şərq probleminin həllində razılığın əldə edilməsinin nə qədər çətin olduğunu bir daha göstərib. Gözlənildiyi kimi, birbaşa danışıqların ilk raundundan sonra ciddi irəliləyişə nail olunduğunu göstərən hər hansı səs-küylü bəyanatlar səsləndirilməyib. İsrail və Fələstin rəhbərliyi mütəmadi görüşlər keçirmək haqda razılığa gəlib, həftədə 2 dəfə görüşmək qərarını açıqlayıblar. Aralıq günlərində isə hər iki tərəfdən olan qrup sülh razılaşmasının hazırlanması üzərində işləyəcək.

Lakin dialoqun Şarm əş-Şeyxdə keçirilməli olan ikinci raundunun yaxınlaşması ilə tərəflər həm daxili, həm də xarici təzyiqlər qarşısında mövqelərini daha sərt tonda ifadə etməyə başlayıblar. 

Xüsusilə Mahmud Abbas ABŞ-ın vasitəçilik təşəbbüsünə açıq işarə edərək bildirib ki, İsrailə güzəştə getməyə məcbur ediləcəyi təqdirdə "çamadanını yığaraq çıxıb gedəcək". Abbas deyib ki, fələstinlilər üçün prinsipial olan məsələlərdə İsrailə heç bir güzəşt olmayacaq. O, bu məsələlər sırasında xüsusilə qaçqınlar və ya 1967-ci il sərhədlərilə bağlı məqamları göstərib. Abbas İsrailin yəhudi yaşayış məntəqələrinin tikintisini bərpa edəcəyi təqdirdə danışıqların dayandırılacağını da bir daha təkrarlayıb.

Hazırda danışıqların uğurunun, ilk növbədə, İsrailin köçürülmə prosesindən asılı olduğu ortadadır. Bu məqamda ABŞ prezidenti Barak Obama Netanyahu hökumətini sentyabrın 26-da başa çatacaq yaşayış məntəqələrinin tikintisinə moratoriumu uzatmağa çağırıb. Ağ ev sahibi İsrail rəhbərliyinin onun mövqeyini nəzərə alacağına ümidini ifadə edib. Obama bildirib ki, bu, "iki xalq üçün iki dövlət" planına əsaslanan ümumi razılaşmanın əldə edilməsindən ötrü vacibdir.

Yaxın Şərq münaqişəsinin həlli  şansının həqiqətən də olduğu ortadadır. Bu şansdan istifadə etmək mümkün olacaqmı? Bu, tərəflərə hamını qane edəcək sülh razılaşmasının əldə edilməsi üçün verilən 12 aydan sonra bəlli olacaq.



MƏSLƏHƏT GÖR:

614