13 Mart 2025

Cümə axşamı, 02:37

SAĞ QALMAQ

Tanınmış rusiya ekoloqu, "Ekomüdafiə!" beynəlxalq ekoloji qrupunun həmsədri Vladimir Slivyakla eksklüziv müsahibə

Müəllif:

01.09.2010

İndi artıq aydındır ki, 2010-cu ilin yayının istiləri planetin tarixinə anormal hadisə kimi daxil olacaq. Bununla belə, builki istilər  elmi ictimaiyyətdə təbii fəlakələr mövzusunda geniş müzakirələrə də səbəb oldu. Dünya ictimaiyyətini atmosferə atılan istixana qazlarını azaltmağa çağıran ekoloqlar iddia edirlər ki, artıq bəşəriyyət iqlim dəyişikliklərinin proqnozlaşdırıla bilən fazasına və qlobal istiləşməyə daxil olub. Amma bir sıra alimlər ekoloqların iddialarını boş şey adlandırır və qeyd edirlər ki, qlobal istiləşmədə insan yox, buzlaşma və istixana dövrlərini bir-biri ilə əvəzləyən planetin özü səbəbkardır. Tanınmış Rusiya ekoloqu, "Ekomüdafiə!" beynəlxalq ekoloji qrupun həmsədri Vladimir Slivyak bu məsələ ilə bağlı fikirlərini müxbirimizlə  bölüşüb. 

- Siz necə düşünürsünüz, iqlimlə bağlı nə baş verir və son hadisələri nəzərə alaraq siz hansı fikirdəsiniz? 

-  Şəksiz ki, iqlim dəyişməsi var və heç kim bu barədə artıq mübahisə eləmir. İnsan fəaliyyəti amilinin aparıcı olması ilə də artıq iqlimşünas alimlərin əsas hissəsi razılaşır. Başqa sözlə, hazırda Yerin orta temperaturunun sürətlə artmasında aparıcı rol insana məxsusdur və iqlim dəyişməsi prosesinin sürətlənməsi elmi faktdır. Əgər bəşəriyyət tərəfindən havaya atılan karbon qazı göstəriciləri ilə planetdə qlobal temperaturun  artmı haqqında məlumatlar tutuşdurularsa, buna heç bir şübhə qalmaz. Əgər istixana qazları iqlim dəyişkənliyinə birbaşa təsir göstərməsəydi, onda tullantı əyrisi ilə temperatur dəyişmələri əyrisi uyğun gəlməzdi, amma onlar uyğun gəlirlər. 

Şübhəsiz ki, planetdə müxtəlif mərhələlər - istiləşmə və soyuqlaşma dövrləri olub, amma belə sürətlə dəyişməyib. İnsanın istixana qazları ilə iqlim dəyişkənliklərini daim sürətləndirdiyi bu günlərimizdə planetdə nə insanlar, nə də başqa canlılar adaptasiya olunmağa macal tapmırlar.  Ona görə də belə proqnozlaşdırılır ki, artıq yüzilliyin ortalarına planetdə canlı növlərin 30%-ə qədəri yoxa çıxacaq, Yerin bir hissəsi suyun altına düşəcək və bir sıra ada-dövlətlərin tamamilə yox olmaq təhlükəsi var. Amma bu da iqlim dəyişkliklərinin insan üçün törədə biləcəyi ən qorxulu nəticə deyil.  Ən böyük problem məhz bizim iqlim dəyişkənliklərini kəskin sürətləndirməyimizdir və indi buna görə çox böyük məsuliyyətlə cavab verməliyik.   

Ancaq əgər istixana qazlarının atmosferə atılmasını qlobal səviyyədə fəal azaltmağa başlasaq, onda mənfi nəticələrin qarşısını almağa hələ imkan var. 

 Alimlər arasında iqlimin sürətli dəyişməsinə və bu dəyişmənin insan fəaliyyəti ilə bağlı olması barədə elmi faktlara şübhə ilə yanaşan iqlim skeptiklərinə gəldikdə isə, belələri hələ ki, var,  amma onların sayı çox az qalıb. Adətən bunlar ya elmi nəticələri ilə əvvəllər heç bir diqqəti çəkməmiş və indi məşhur olmaq üçün şans qazanmış yetərincə  ekstravaqant insanlardır, ya da ki fəaliyyəti neft, qaz və kömür şirkətləri tərəfindən sponsorlaşdırılan elmi xadimlərdir. Bu şirkətlərə iqlim dəyişmələrinin olmadağını və ya bu dəyişmələrin insan fəaliyyətinə bağlanmadığını,  insanın iqlimə təsir edə bilmədiyini demək  əlverişlidir. Məsələ bundadır ki, artıq beynəlxalq səviyyədə hasil edilən yanacağın çıxarılması və satışı ilə məşğul olan şirkətlər, yəni neftçilər və s. üçün subsidiyaların ləğvi məsələsi müzakirə olunur. Əgər istixana qazlarının tullantılarının azalması məsələsində geniş beynəlxalq konsensusa nail olunarsa, hamıdan çox bel şirkətlər zərərə düşəcəklər və çoxlu pullar itirəcəklər. 

- Sizcə, niyə iqlim dəyişmələri məsələsində alimlər ortaq məxrəcə gələ bilmirlər? Axı bu elə problemdir ki,  ikili standartların tətbiqinə, qeyri-dəqiq nəticələrə, hansısa oyunlara yol vermək olmaz. Hər halda, fəlakətlə üz-üzə qalmış bəşəriyyət birləşməlidir. Yəni alimlər hələ də baş verənlərə dəqiq və birmənalı şəkildə izah verən üsul tapa bilməyiblər?

- İqlim dəyişmələrinin öyrənilməsi üzrə bütün dünyanın mindən çox ən yaxşı iqlimşünas alimini birləşdirən hökumətlərarası ekspertlər qrupu iqlim dəyişmələri və  antropogen təsirlər barədə birmənalı nəticələr ortaya qoyub. BMT-nin iqlim dəyişmələri üzrə danışıqları zamanı ölkələr məhz bu nəticələrə əsaslanırlar.  Bunu anlamaq çox xoşagəlməzdir ki, artıq ehtimallar dövrü bitib və elmi faktların zamanı çatıb. Əks halda, BMT-nin iqlim dəyişmələri barədə konvensiyasını təsdiq etmiş 192 ölkə bir masa arxasında oturaraq, iqlim xaosunun qarşısını necə almaq barədə məsələni müzakirə etməzdilər. 

Rəsmi müşahidəçi kimi, hələ 1995-ci ildən iştirak etdiyim BMT danışıqlarında bu gün çox ciddi məsələlər müzakirə olunur. Məsələn, bu gün artıq həcmi onlarla milyard dollar təşkil edən yardım fondunun yaradılması məsələsini götürək, 2020-ci ildə o fantastik 100 milyard dollar səviyyəsnə çatdırılmalıdır. Problemin doğrudan da çox ciddiliyinə və insanın iqlimi dəyişə  bilməsinə inam olmasa idi, bu cür böyük pulların ayrılması qeyri-mümkün idi. Beləliklə, çox təəssüf ki, iqlim dəyişmələri barədə ən qorxulu xəbər onun nağıl yox, yaxa qurtarılması heç cür mümkün olmayan elmi fakt olmasıdır. 

- Necə düşünürsünüz, 2010-cu ilin anomal istilikləri Kioto protokoluna birmənalı yanaşmayan ölk?lərin fəaliyyətə keçməsi üçün siqnal ola biləcəkmi? MDB ölkələri, o cümlədən Rusiya hansı yolla gedəcək? Bəllidir ki, postsovet məkanında ekoloji durum heç də yaxşı vəziyyətdə deyil. Məsələn, əgər  Avropa ölkələrində hələ 2006-cı ildə "Avro-4" və  2008-ci ildən "Avro-5" standarları fəaliyyətdədirsə, bir-iki ildən sonra "Avro-6"ya keçiləcəksə, bizim ölkələrdə yenicə "Avro-2" standartları fəaliyyətə başlayıb.

- Çoxsaylı daha təmiz "Avro" standartlarının tətbiqi Avropanın ekoloji durumun yaxşılaşdırılması üzrə səylərinin tərkib hissəsidir. Arzu edərdik ki, Rusiya. Azərbaycan və MDB-nin başqa ölkələri də öz ekoloji durumlarının yaxşılaşdırılması yolu ilə getsinlər və  bu səyləri dövlət siyasətinin prioritetinə çevirsinlər. Ətraf mühitin təmizliyi yalnız Qərbə və bütövlükdə varlılara məxsus dəbdəbə deyil. Bu, yetərincə güclü olan iqtisadi amildir - əgər sizin ətraf mühit nə qədər sağlam olarsa, çirklənmələrin aradan götürülməsi ilə bağlı işlərə daha az pul ayırarsınız, insanlar daha az xəstələnərlər, sizin əməkqabiliyyətlilərin sayı artar, ölkə daha çox xidmət və məhsullar istehsal edər, deməli, ölkə varlanar. Əgər təbiətiniz nə qədər sağlam olarsa, bir o qədər də turist cəlb edər.

Çoxsaylı daha başqa aspektlər  də var ki, ekoloji rifahın məhz iqtisadi rifah olduğunu göstərir. Biz əgər bu yolla getməyəcəyiksə, yoxsul qalmaqda davam edəcəyik. Buna görə də yeni və daha təmiz standartları hər yerdə tətbiq etmək lazımdır. İqtisadiyyat bundan yalnız qazanar.  

Birbaşa avtomobil yanacağına gəldikdə isə gələcək bu və ya başqa "avrostandart" yanacağının deyil, bioyanacağındır. Bununla yanaşı, elektromobil texnologiyası da fəal inkişaf edir, artıq onları istehsal edirlər və almaq mümkündür. Müəyyən obyektiv amillər nəzərə alınarsa, bizim ölkələr əlbəttə ki, bu məsələdə geri qalırlar. Amma Avropa və Qərb fəal şəkildə benzindən bioyanacağa keçəcək, həmçinin elektromobilləri inkişaf etdirəcək. Məsələ bundadır ki, planetin istixana qazı tullantılarının 40%-i nəqliyyatın yandırdığı yanacağın payına düşür, bu, nəhəng rəqəmdir. Tullantıların azaldılması üzrə ən böyük potensial burdadır. Bir müddət, Avropa təmiz nəqliyyata tam keçənə qədər, MDB vətəndaşlarını adi maşınlarda sərhəddən hələ buraxacaqlar. Amma Avropa təmiz nəqliyyata keçəndən sonra bizi sadəcə bu kirli nəqliyyatda keçməyə qoymayacaqlar. Biz yeni meyillərə həddindən gec reaksiya veririk, bunlar, hətta bizim üçün çox yararlı olsa belə. Amma bunu dəyişmək və yeniliklərə açıq olmaq lazımdır, çünki bu, gec-tez baş verəcək, onları nə qədər tez qavrasaq, daha rahat yaşayarıq. 

- 2012-ci ildə dünyanın sonunun çatması ilə bağlı konsepsiyaya necə yanaşırsınız? Əgər buzlaqların əriməsi və Qolfstrim sularının şirinləşməsi və hava kütlələrinin dəyişməsi davam edərsə, sizcə, insanlığı  nə gözləyər? Axı alimlər bu ilin anomal yayını bir-biri ilə çox sıx bağlı olan bu amillərlə  izah edirlər... 

- 2012-ci ilə istənilən başqa ilə yanaşdığım kimi yanaşıram. Ümid edirəm, həmin ildə də qorxulu bir şey baş verməyəcək. Buzlaqların indi daha fəal əriməsi, Qolfstrimin yavaşıması və iqlim dəyişmələrinin başqa fəlakətli nəticələri insanlar üçün doğrudan da fəlakət gətirə bilər. Təbiət bütün bunlara dözür, amma bəşəriyyət dözə bilməyə də bilər, buna görə də iqlim dəyişmələrinə qarşı mübarizə aparmaq və qlobal miqyasda istixana qazlarını azaltmaq lazımdır. 

Proqnozlaşdırılan iqlim dəyişikliklərinə adaptasiya tədbirləri də önəmli rol oynayır. Bütün dövlət səviyyəsində siyasət işlənən zaman istənilən halda,  iqlim dəyişmələrinin fəlakətli nəticələrində yaxa qurtarmaq və mümkün adaptasiya tədbirləri görmək lazım gələcək. 

Bunun alternativini - heç nə etməmək və hər şeyin özünün keçəcəyini gözləmək də olar. Ancaq bu cür yalnız təhlükənin miqyasından xəbərsiz insanlar davrana bilərlər. Məsələn, tamamilə suyun altında qala biləcək Maldiv adaları hökumətinin ağlına belə gəlmir ki, iqlim dəyişmələri və onun antropogen olması barədə fikirlərə etiraz etsin. MDB də bu kiçik, amma çox şüurlu ölkədən gərək dərs götürsün. Çünki əgər biz heç nə etmyəcəyiksə, Maldiv adaları yox olanların ilk sırasına düşəcəks?, sonra növbə sizlə-bizə gəlcək. Bu, min il sonra yox, elə XXI əsrdə baş verə bilər.


MƏSLƏHƏT GÖR:

436