Müəllif: Rüfət QULİYEV, Azərbaycan Respublikası Milli Məclisinin deputatı iqtisad elmləri doktoru, professor
Nyu-York universitetinin professoru, ABŞ Maliyyə Nazirliyinin keçmiş müşaviri və Beynəlxalq Valyuta Fondunun məsləhətçisi Nuriel Rubini hələ 2006-cı ildə xəbərdarlıq etmişdi ki, dünyanı yeni maliyyə böhranı gözləyir. Onda, iqtisadi artımın zirvə dövründə, Rubinini gülüşlə qarşıladılar. Amma bir il keçmədi ki, iqtisadçının proqnozları doğru çıxmağa başladı.
Yeni proqnozlarla çıxış edən Rubini ABŞ və Yaponiyanın büdcə siyasətinin "yaşamağa qabil olmadığını" bildirib və xəbərdarlıq edib ki, bu ölkələrdə böhran yenidən başlaya bilər. "Bazarlar Yunanıstanda baş vermiş vəziyyətdən qayğılıdır, ancaq Yunanıstanın borcları bütün dünya üzrə artan borc problemləri aysberqinin yalnız zirvəsidir", - deyə professor bildirir. Onun fikrincə, yaxın iki-üç ildə Amerikada nəyinsə baş verəcəyi ilə bağlı risk getdikcə daha da aşkarlanır.
Yunanıstan ətrafında baş verən hadisələr göstərdi ki, cəmi 4 ay ərzində suveren reytinq "AAA"dan "zibil" kateqoriyasına qədər düşə bilər. Buna görə də demək olar ki, qlobal böhran hansısa yeni fazaya qədəm qoyur.
Avropa tərəfindən Yunanıstanın xilası üçün görülən tədbirlər (110 mlrd avroluq yardım proqramı) və avronun dəstəklənməsi (həcmi 750 mlrd avro təşkil edən stabilləşmə mexanizmi) birmənalı şəkildə göstərir ki, maliyyə böhranının yeni dalğası dünya iqtisadiyyatının üzərini alıb. Əgər Yunanıstan kimi kiçik bir ölkə Avropa iqtisadiyyatı üçün böyük problemlər yaradırsa, bu o deməkdir ki, dünyanın maliyyə sisteminə pis nəzarət edilir və o tənzimlənmir.
Böhran Avropa Birliyinin (AB) və bütövlükdə Qərbin sosial-iqtisadi sistemində o qədər struktur zəifliyi ortaya çıxarıb ki, artıq çağdaş ümumi rifah dövləti anlayışının iflasından danışmağın vaxtı çatıb. Ən zəif isə Avropanın postmodernist, faktik sosialist modeli çıxdı, amma bu heç də qalanların probleminin olmaması demək deyil. Yığılmış dövlət borcları üzündən ABŞ və Yaponiya da faktik olaraq iqtisadi kollapsın astanasındadır. Yəni inkişaf etmiş ölkələr sərt qənaət və daha intensiv əmək yolunu tutmalıdırlar. Borc hesabına və ya istehsalı yoxsul ölkələrə köçürmək yolu ilə varlanmaq dövrü bitdi. Amma Yunanıstandakı çaxnaşmalar göstərdi ki, avropalıların heç də hamısı dövlət xərclərinin azaldılmasına hazır deyillər.
Yunanıstanla birgə AB ölkələrinin "cənub" qrupuna aid İspaniya, Portuqaliya və İtaliyada da yetərincə mürəkkəb iqtisadi durum formalaşmaqdadır. Bu dövlətlərin hökumətləri büdcə vəsaitlərinin xərclənməsində xeyli artıqlığa yol verib. Avropa Komissiyasının məlumatına görə, 2009-cu ildə Yunanıstanın büdcə kəsri ümumi daxili məhsulun (ÜDM) 13,6%-nə, İspaniyanın büdcə kəsri ÜDM-in 11,2%-nə, Portuqaliyanın büdcə kəsri ÜDM-in 8%-nə, İtaliyanın büdcə kəsri isə ÜDM-in 5,3%-nə bərabər olub.
Davam etməkdə olan dünya maliyyə böhranı şəraitində Azərbaycan iqtisadiyyatının durumu necədir? Öz müstəqilliyinin ilk çağlarında bazar iqtisadiyyatının xeyrinə seçim etmiş Azərbaycanın iqtisadi tarixinə kiçik bir səyahət edək. Bir sıra ölkələrin təcrübəsi göstərir ki, möhkəm dövlət yaratmadan bazar iqtisadiyyatı qurmaq mümkün deyil. Hazırda bu artıq aksiomdur. Bazar münasibətlərinin formalaşmasının ilk mərhələsində yanlış olaraq dövlətin tənzimləyici təsirinin azaldılmasından danışılırdı. Ancaq effektiv bazarın özbaşına inkişaf etmədiyini, dövlətin və onun məntiqli qanunvericiliyinin fəaliyyətinin nəticəsi olduğunu bildirən alimlərin fikirlərinin doğru olduğunu da etiraf etmək gərəkdir.
Azərbaycan Konstitusiyasında bildirilir ki, inkişaf oriyentiri kimi iqtisadiyyatın sosialyönümlülüyü götürülür, yəni başqa sözlə, iqtisadi inkişafın milli modelinin seçimində müəyyənlik var və bu məhz başlıca hədəfi həm də ölkənin çağlaşdırılması olan sosialyönümlü bazar iqtisadiyyatı modelidir.
Azərbaycanın sosial-iqtisadi inkişaf modelinin önəmli elementlərindən biri müəllifi ümummilli lider Heydər Əliyev olan neft strategiyasının işlənməsi oldu. Bunun nəticəsi isə bu günə kimi karbihidrogen yataqlarının və strukturlarının işlənməsi üzrə xarici şirkətlərlə 27 sazişin bağlanması idi; həmin yataqlara $30 mlrd.-dan çox sərmayə yatırılıb. Çıxarılan neftin 80%-dən və qazın 70%-dən çoxu ölkənin yataqlarında çalışan xarici konsorsiumların payına düşür. 2009-cu ildə ölkə tarixində ilk dəfə olaraq 50,4 mln ton neft və 23,7 mlrd kub.m təbii qaz çıxarılıb. Beləliklə, ümummilli lider Heydər Əliyevin uzaqgörən siyasəti və ölkə prezidenti İlham Əliyevin aktiv fəaliyyəti nəticəsində, Azərbaycan qlobal səviyyədə önəm daşıyan enerji istehsalçısına çevrilib.
Azərbaycan həmçinin hasilat sənayesində şəffaflıq təşəbbüsünə qoşulmuş ilk ölkələrdən biridir. Qarşılıqlı anlaşma haqqında memoranduma ölkəmizdə işləyən 26 neft-qaz şirkəti qoşulub. 2007-ci ildə BMT tərəfindən neft gəlirlərinin işlədilməsi sahəsində qazanılmış uğurlara görə, Azərbaycan Dövlət Neft Şirkətinə xüsusi mükafat verib.
Minillikilərin qovuşması dövründə həmçinin Azərbaycan nəqliyyat-kommunikasiya layihələrinin gerçəkləşdirilməsinə də fəal qatılıb. Belə ki, 2006-cı ildə Bakı-Tbilisi-Ceyhan neft kəməri işə salındı, 2007-ci ildə isə başqa tarixi hadisə baş verdi - Bakı - Tbilisi - Ərzurum boru kəməri ilə "Şahdəniz" yatağından qazın ixracına başlandı. Həmçinin Bakı - Tbilisi - Qars dəmir yolunun tikintisi üzrə işlər aparılır, TRACEKA və "Şimal-Cənub" nəqliyyat-kommunikasiya dəhlizlərinin infrastrukturu texniki baxımdan ən son səviyyədə modernləşdirilir.
Bazar islahatlarının sürətləndirilməsi məqsədilə milli iqtisadiyyatın institusional bazası formalaşdırılıb, bazar iqtisadiyyatının ən önəmli sütunlarından olan vergi idarəetməsi sistemi də daxil olmaqla, vergi sistemi, demək olar ki, yenidən yaradılıb. Büdcənin xəzinədarlıq icrası ilə yeni büdcə sistemi, bank sistemi, həmçinin maliyyə bazarları yaradılıb.
Uğurlu islahatlar nəticəsində ölkə iqtisadiyyatı dünya üzrə ən yüksək templərlə artıb. Belə ki, ÜDM artımı 2005-ci ildə 26,4%, 2006-cı ildə 34,5%, 2007-ci ildə isə 25,0% təşkil edib.
2008-ci ilin ortalarında tüğyan etməyə başlamış dünya maliyyə böhranına və ölkənin əsas ixrac məhsulu olan neftin qiymətinin düşməsinə baxmayaraq, Azərbaycan ÜDM-in həcmi həmin il 10,8% artıb və 38 mlrd manat təşkil edib. 2009-cu ildə isə Azərbaycan ÜDM-in artımı 9,3% olub və orta illik inflyasiya 1,5%-i keçməyib.
Özəl sahibkarlığın dəstəklənməsi üzrə ardıcıl keçirilən siyasət də öz bəhrəsini verib: 2009-cu il üzrə ÜDM istehsalında bu bölmənin payı 81,2% təşkil edib. 2010-cu ilin altı ayında isə ÜDM artımı keçən ilin uyğun aylarına baxanda 3,7%, o cümlədən, neftdənkənar bölmə üzrə 4,7% təşkil edib.
Ölkənin dövlət büdcəsində də müsbət dəyişikliklər baş verir. 2005-2009-cu illərdə büdcənin gəlir və xərc hissələri, demək olar ki, 5 dəfəyə qədər artıb. 2009-cu ildə ölkə büdcəsinin gəlir hissəsi 10,3 mlrd manat, xərc hissəsi 10,6 mlrd manat təşkil edib.
Milli iqtisadiyyatda qazanılmış uğurlar dövlət büdcəsinin sosialyönümlü olmasına imkan verib ki, bu da sistematik şəkildə əmək haqlarını, həmçinin pensiya və sosial ödənişləri artırmağa şərait yaradır. Belə ki, 2007-2009-cu illərdə orta aylıq nominal əməkhaqqı 215,8 manatdan 298,0 manata qədər, pensiyalar 41,1 manatdan 100,4 manata qədər artıb. Ölkədə yoxsulluq səviyyəsi 2005-ci ildəki 29,3%-dən 2009-cu ildə 11,0%-ə düşüb.
2010-cu ilin birinci yarısında orta aylıq nominal maaş keçən ilin müvafiq dövrü ilə müqayisədə 5% artaraq 315,2 manat təşkil edib.
2009-cu ildə ölk?də toplam olaraq 73,6 mindən çox iş yeri yaradılıb ki, bunun da 54,5 mini daimidir. Özü də yeni iş yerlərinin 80%-i ölkənin regionlarında yaradılıb. 2009-cu il ərzində 5,3 mindən çox yeni müəssisə iş? salınıb, 37,9 min adam sahibkarlıq fəaliyyəti ilə məşğul olmağa başlayıb.
Əlverişli sərmayə və sahibkarlıq mühiti ölkədə yeni tipli iri və orta maliyyə-sənaye qrupları yaranmasına imkan yaradıb, onların sırasında "Gilan Holdinq"i, "Azərsun Holdinq Şirkətlər Qrupu"nu, "Akkord"u, "Paşa Holdinq"i, "Ata Holdinq"i və s. göstərmək olar.
Milli iqtisadiyyat inkişaf etdikcə Azərbaycan biznesi xaricdə də layihələrin sərmayələşdirilməsində iştirak etməyə başlayıb. Belə ki, ARDNŞ Gürcüstan və Türkiyə iqtisadiyyatına sərmayə yatırıb, Rumıniya və Ukrayna layihələrini də sərmayələşdirməyi planlaşdırır. Yəni transmilli korporasiyaya çevrilib.
Azərbaycan bir sıra regional inteqrasiya birliklərinin - İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT), Qara dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının (QİƏT), GUAM və MDB-nin üzvüdür. Bu birliklərə daxil olan ölkələrlə iqtisadi əlaqələrin inkişaf yolu ilə Azərbaycan dünya iqtisadi sisteminə inteqrasiyaya can atır.
Beləliklə, yuxarıda göstərilən təhlil nəticə çıxarmağa imkan verir ki, Azərbaycanın sosial-iqtisadi inkişaf modeli özünü doğruldub, yəni uğurludur. Modellər o şərtlə uğurlu olur ki, ölkə rəhbərliyi dövlət idar?etməsinin mənasını yaxşı bilməli, öz ölkəsini yaxşı tanımalı, əhalinin mütləq çoxluğunun maraqlarına uyğun hərəkət etməli, insanların gündəlik tələbatının təmini üzrə taktiki qərarlar qəbul etməlidi; eyni vaxtda təşkilati səyləri və dövlət resurslarını milli iqtisadiyyatın strateji önəm daşıyan "artım nöqtələri"nə yönəltməlidir.
Dünya maliyyə böhranı Azərbaycan iqtisadiyyatına təsir göstəribmi? Bu suala birmənalı cavab vermək mümkün deyil. Bizim ölkə öz iqtisadiyyatını qloballaşma və dünya təsərrüfatının qarşılıqlı quruculuğu şəraitində inkişaf etdirir; təbii ki, valyutaların qalxıb-düşməsi, ölkənin əsas ixrac məhsulu olan neftin qiymətinin enməsi milli iqtisadiyyatda öz izini qoyur. Dünya üzrə neft qiymətlərinin önəmli dərəcədə düşməsi büdcə və ixrac gəlirlərinin müəyyən qədər azalmasına səbəb olub. Qeyd etmək lazımdır ki, neftin bir barrelinin qiymətinin $10 azalması Azərbaycanın tədiyə balansı üçün $2 mlrd deməkdir. Bir sıra müəssisələr və banklar qısamüddətli xarici borcların vaxtının uzadılmasında çətinliklərlə rastlaşdılar ki, bu da həmin maliyyə qurumlarında likvidlik qıtlığına və onlarda kreditləşmə artımının azalmasına səbəb oldu. Amma bununla yanaşı, ölkə rəhbərliyinin diqqətlə düşündüyü strategiya və səmərəli taktika dünya maliyyə böhranının mənfi təsirlərini minimallaşdırmağa imkan verdi.
Bu dönəmdə Azərbaycanın sosial-iqtisadi modeli həm postsosialist dünyada, həm də yeni sənaye ölkələrində (NIS) və inkişaf etməkdə olan ölkələr arasında öz üstünlüyünü tam göstərdi. Müəyyən mənada bu, aşağıdakılarla bağlıdır:
- Azərbaycan iqtisadiyyatı son illər ərzində dünya üzrə ən yüksək templərlə artıb;
- Azərbaycan müəssisələrinin və yerli bankların səhmləri dünya birjalarının dövriyyəsindən kənardadır və Azərbaycan banklarının investisiya çantası iri maliyyə strukturlarının dairəsinə daxil deyil;
- xarici borclar sahəsində balanslaşdırımış siyasət gerçəkləşdirilir (dövlət borcu $2,9 mlrd.-a və ya ÜDM-in 8,4%-ə bərabərdir, ölkənin hər bir sakininə $333 düşür), çevik vergi-büdcə siyasəti, həmçinin ipoteka kreditləşdirilməsi sahəsində ehtiyatlı siyasət yürüdülür.
Ölkə rəhbərliyi tərəfindən uğurla gerçəkləşdirilmiş təxirəsalınmaz böhran əleyhinə tədbirlər hökumətin aşağıdakı addımları ilə bağlıdır. Hökumət:
- neftin dünya üzrə qiymətinin düşməsinin büdcəyə təsirini məhdudlaşdırır; imkan verib ki, Dövlət Neft Fondu büdcəyə nəzərə tutulmuş həcmdə vəsait köçürsün;
- iqtisadiyyata iri həcmdə kapital axını gerçəkləşdirib və borclara dövlət zəmanəti təqdim edib;
- prioritet olmayan xərclərin azaldılması və yalnız cari əsaslı investisiya layihələrinin maliyyələşdirilməsi yolu ilə gəlirlərin azalmasına uyğunlaşıb.
Görülən tədbirlər nəticəsində, hökumət büdcə kəsrini bütövlükdə sabit səviyyədə saxlaya və eyni zamanda sosial xərcləri artıra bilib. 2010-cu ilin dövlət büdcəsi, hətta vergilərin azaldılması ilə yanaşı, büdcə kəsrini azaltmağı da nəzərdə tutur.
Qeyd etmək lazımdır ki, Mərkəzi Bank (MB) tərəfindən dayanıqlı və çevik monetar siyasət gerçəkləşdirilir. MB əlaqələndirmə funksiyasını yerinə yetirir, ardıcıl olaraq bankların likvidliyini, kapitalın adekvat parametrlərinin təhlilini gerçəkləşdirir. Ölkə banklarının təhlükəsizliyini sübut edən daha bir amil xarici kreitləşdirmənin ölkə banklarının aktivlərinin yalnız 18%-ni təşkil etməsidir, halbuki bu göstərici, məsələn, Qazaxıstanda 78% səviyyəsindədir.
MB manatın sabit mübadilə məzənnəsini saxlamaqla bank bölməsinin likvidliyini təmin edib. Likvidliyin pisləşməsinin və kreditləşmə şərtlərinin sərtləşməsinin qarşısını almaq üçün MB 2008-ci ilin sentyabr ayından 2009-cu ilin dekabrına qədər olan müddətdə depozitlər üzrə məcbüri rezerv normativini 12%-dən 0,5%-ə qədər azaldıb və təkrar maliyyələşdirmə dərəcəsini 15%-dən 2%-ə endirib. Uçot dərəcəsi faizinin azalması kommersiya banklarına kredit verilməsini əvvəlki səviyyədə saxlamağa imkan verir.
Bundan başqa, MB müvəqqəti olaraq likvidlik problemi ilə üzləşmiş bankların likvidliyini dəstəkləmək üçün $1,1 mlrd.-a yaxın (ÜDM-in 2,6%-i qədər) vəsait təqdim edib. Nəhayət, depozitlərin sığortasının maksimum məbləği beş dəfə artırılıb ki, bu da əhalinin ölkənin bank sisteminə etibarını artırmağa imkan verib.
Dünya maliyyə böhranına baxmayaraq, Azərbaycanda əlverişli makroiqtisadi dinamika, əsasən, saxlanılıb. Beynəlxalq maliyyə qurumlarının rəyləri də bundan bəhs edir. Belə ki, beynəlxalq reytinq agentliyi "Fitch" 2010-cu ildə Azərbaycanın uzunmüdd?tli defolt emitenti reytinqini (DER) xarici və milli valyutada "BB+"dən "BBB-" investisiya səviyyəsinə qədər qaldırıb. Reytinqlər proqnozu "sabitdir": Azərbaycanın ölkə reytinqinin tavanı "BB+"dən "BBB-"yə artırılıb, xarici valyutada qısamüddətli DER isə "B"dən "F3"ə qalxıb. "Fitch" agentliyi tərəfindən Azərbaycanın suveren reytinqinin investisiya səviyyəsinə qaldırılması neft gəlirlərinin sürətli artımını və bu gəlirlərin ağıllı idarə edilməsini əks etdirir. "Fitch"in suveren reytinqlər üzrə analitik qrupunun rəyində bildirilir ki, bu gəlirlər ölkənin dövlət və xarici netto-kreditor kimi güclü mövqeyinin yaradılması üçün işlədilir.
Dünya maliyyə böhranı əksər ölkələr üçün çətin sınaq oldu. Amma məhz böhran Azərbaycan iqtisadiyyatının dayanıqlığını göstərdi və ölkə öz yeni tarixində ilk dəfə olaraq investisiya reytinqi əldə etdi. Başqa ölkələrdən fərqli olaraq, bu gün Azərbaycan dünya maliyyə böhranı qarşısında çaxnaşmaya düşmədi; həmçinin yüksək iqtisadi artım templərini və milli valyutanın məzənnəsini qorudu ki, hazırda dünya səhnəsində kreditor dövlət kimi çıxış edir.
Analiz göstərir ki, Azərbaycanın iqtisadi inkişaf modeli dünya maliyyə böhranının sınağından ləyaqətlə çıxdı. Azərbaycan heç bir dövlətə və donora müraciət etmədən öz milli iqtisadiyyatını, makroiqtisadi sabitliyini və inkişaf yolunu qorumağa qadirdir. Bu gün bu, növbəti dəfə təsdiq edilib, axı məhz böhranın ən ağır ilində Azərbaycan öz beynəlxalq kredit reytinqini yaxşılaşdırıb.
MƏSLƏHƏT GÖR: