
KİMİNƏ SELLÜLOİD, KİMİNƏ QIRMIZI XALI
Rejissor İlqar SAFAT: "Bu gün gənclər kino haqda az bilirlər, amma hamı artıq kino festivallarından xəbərdardır
Müəllif: Nərminə VƏLİYEVA Bak
Rejissor İlqar Safatın yaradıcılıq yolu sənədli filmdən başlayıb. Onun "Səma kökləri", "Dağın nəvəsi", "Məhsuldar otlaqlarda", "Daşda yaşayan ruh" filmləri dünyanın müxtəlif şəhərlərində nümayiş etdirilib və bir çox beynəlxalq kino festivallarında mükafatlara layiq görülüb. İlqar Safat bədii kinoya keçməyə qərar verdikdə və "Sahə" filminin çəkilişlərinin ssenarisinə başladıqda, o heç ehtimal da etmirdi ki, onun işinin nəticəsi "Oskar" mükafatının nominasiyasına göndəriləcək. Həmçinin "Hollywood Young Artist Awards" və "California Golden Awards" da daxil olmaqla, bir sıra beynəlxalq mükafatlar əldə edəcək. Hər şeyin nədən başladığı, perspektivlər və Azərbaycan kinematoqrafiyasının gələcəyi, habelə başqa bir çox maraqlı məqamlar haqda İlqar Safat "R+" jurnalına danışıb.
- İlqar, sizin uşaqlığınız əksəriyyətin kosmonavt və ya futbolçu olmağı arzuladığı sovet dövrünə düşüb. Maraqlıdır, siz kim olmaq istəmisiniz?
- Mən macəralar və uzaq ölkələrə səyahət haqda kitablar oxumağı xoşlayardım. Yazıçı olmağı arzulayırdım. Hələ məktəbdə ikən roman, qısa hekayələr yazmağa başladım, fotoqrafiya ilə maraqlanırdım, 8 millimetrlik kameraya həvəskar filmlər çəkirdim. Sonra musiqi, müəllif mahnıları, poeziya ilə maraqlanırdım. Bir də kinonu həddindən artıq çox sevirdim. Növbəti filmə baxmaq üçün qonşu kinoteatra qaçırdım. On beş yaşımda kinematoqrafiya məni elə cəlb elədi ki, kino tarixi haqda xüsusi ədəbiyyat və kinotənqidçilərin müxtəlif məqalələrini oxumağa başladım. Ciddi kinoya - klassikaya - mənim həmyaşıdlarımın olduqca köhnə hesab etdikləri rejissorlar Federiko Fellini, Lukino Viskonti, Vittorio de Sikanın filmlərinə baxmağa başladım. 16 yaşımda mən peşə planında artıq seçimimi etmişdim və dəqiq bildirdim ki, rejissor olacağam.
- Niyə aktyor yox? Məgər, şöhrət, məşhurluq və pərəstişkarlar ordusu istəmirdiniz?
- Heç vaxt aktyor olmaq arzum olmayıb. Hərçənd bir neçə dəfə aktyorluq etməli olmuşam: dostum Fuad Şabanovun diplom işində və Moskva yoldaşlarımın filmlərində çəkilmişəm. Lakin bu mənim üçün sadəcə əyləncə olub, bir növ eksperiment, başqa ciddi heç nə.
Dəfələrlə kinoya çəkilmək təklifindən imtina etmişəm, amma ilk növbədə, materiala görə - yaxşı ssenari və rejissor olarsa, niyə də yox?
- Sizin üçün ciddi iş həmişə rejissorluq olub...
- Elədir. Lakin nəzərdə tutduğum məqsədə qədər xeyli vaxt lazım oldu. Elə gətirdi ki, məktəbi bitirdikdən sonra, Moskva Kimya-Texnologiya İnstitutuna qəbul oldum. Orada heç bir il oxumadım və institutu tərk etdim. Moskvada teatr studiyasına yazıldım və Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunda klassik filmlərin tamaşalarına getməyə başladım. 1988-ci il idi. Bakıya qayıdaraq, "Azərbaycanfilm" kinostudiyasına işə düzəldim. İki ildən sonra ölkəmiz üçün çətin dövr başladı: Sovet İttifaqı dağıldı, onunla bərabər kinostudiya da çökdü.
Və mən uzun müddət sevimli işimi unutmalı oldum. Mən təhsilimi davam etmək qərarına gəldim və Azərbaycan Pedaqoji İnstitutunun filologiya fakültəsinə daxil oldum. On ildən sonra - 2000-ci ildə ali rejissorluq kurslarının tələbəsi olmaq üçün Moskvaya yollandım. Mənim müəllimim Rusiyanın ən məşhur rejissorlarından biri Vladimir Xotinenko olub. İki il sonra Uzaq Şərq Kinoxronika Studiyasının dəvətilə udegey şamanizmindən bəhs edən "Səma kökləri" filmini çəkdiyim Xabarovsk Diyarına getdim.
- Vətənə qayıdaraq, siz Amerika kinoakademiyasının "Ən yaxşı xarici film" nominasiyasında "Oskar" mükafatına irəli sürülən "Sahə" filmini çəkdiniz. Sizcə, sizin filminizin sirri nədədir?
- Bu çox səmimi və olduqca fərdi filmdir. Düşünürəm, məsələ bundandır. Mən, özüm üçün mühüm olan hadisəni danışmağa, inandığım fikirlərlə bölüşməyə, eyni zamanda əyləncəli və qorxulu olan dünya yaratmağa çalışdım. "Sahə" - bizim kinomuzda ilk mistik trillerdir. Bildiyim qədər, bizdə əvvəl belə janr olmayıb. Bəlkə, elə bu da maraq doğurub. Amma mən müxtəlif ölkələrin tamaşaçısının bu filmə necə baxdığını gördüm. Və reaksiya həmişə eyni cür olub, film dəyişilməz maraqla qarşılanıb. Mümkün qədər qəhrəmanımın fikir dünyasına getməyə, onun bütün qorxuları və ümidsizliyi ilə onun daxili aləminə nəzər salmağa çalışdım. Bu filmi çox sevirəm. Bu filmdə mənim üçün çox vacib olan ideyaları çatdırmağa çalışdım. "Sahə" filmi həm də ona görə mənə dəyərlidir ki, o, Vaqif İbrahimoğlu ilə sonuncu birgə işimizdir. "Sahə"də Vaqif, onun üçün kinoda sonuncu olan baş rollardan birini oynayıb.
- Uşaqlıqdan hansı film sizə xüsusi təsir bağışlayıb?
- Bu ilk dəfə ağ-qara televizorda baxdığım Vasilyev qardaşlarının "Çapayev" filmi olub. Bir də Çarli Çaplin, Maks Linder və rejissor Aleksandr Dovjenkonun "Yer" filmindən aldığım təəssüratlar. Köhnə Azərbaycan filmlərinə də baxmağı sevirəm: "Qayınana", "Arşın mal alan", "O olmasın, bu olsun". Kinoteatrda isə hamısına dalbadal baxmışam: detektivlərə, tarixi filmlərə, melodramlara, qorxulu filmlərə. Böyük ekranın cazibəsindən həmişə xoşum gələrdi, bu insanı yuxuya daldırır.
- İlqar, bu gün bir çox yeni başlayan rejissorlar hesab edirlər ki, sənəti oxumağa ehtiyac yoxdur - azca bacarıq və bəxt kifayətdir. Siz necə düşünürsünüz?
- Bəli, bu gün film çəkmək asandır və gənclər elə düşünürlər ki, bunun üçün puldan başqa heç nə lazım deyil. Biz başlayanda, vəziyyət başqa cür idi. Biz öz filmlərimizi çəkməyi arzulayırdıq, bizim üçün əsas olan bu idi. Və biz kinofestivallar haqda heç nə bilmirdik. Bu gün gənclər kino haqda az şey bilirlər, bacarıqları azdır, amma kino festivallar haqda artıq çox şey bilirlər. Bizim üçün sellüloid (sellülozdan ibarət 35 millimetrlik plyonka - müəlf.) mühüm idi, indi isə bu qırmızı xalıdır.
- Yeni filminiz "İçərişəhər"dən danışın. Filmi nə vaxt görə bilərik?
- Film bu ilin yazına hazır olacaq. Film Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə "Azərbaycanfilm" kinostudiyasında çəkilir. Ssenarini istedadlı, gənc aktrisa və dramaturq Təhminə Rafaella ilə birgə yazıram. İdeya Təhminəyə məxsusdur və filmdə baş rolu özü oynayır.
Filmdə çox gözəl artistlər çəkilib: Mehriban Zəki, Firdovsi Atakişiyev, Elmira Şabanova, Murad Yegizarov, Vidadi Həsənov, Midhad Aydın, Anar Xəlilov və başqaları. Bu reallığın hisslərdən güclü olduğu baş tutmayan sevgi hekayəsidir.
- Siz ciddi film çəkirsiniz. Siz həyatda da sakit və təmkinli insansınız. Özünüzü komediya janrında sınamaq istəyərdinizmi?
- Fellini komediantları bəşəriyyətin xilaskarı hesab edərdi. Bu olduqca ali istedaddır - insanları güldürmək. Axı, həyatımız faciəvidir. Bu janrı sevirəm və bəlkə də, nə vaxtsa komediya çəkərəm. Lakin düşünürəm ki, bu özünəməxsus yumor hissi ilə səciyyəvi komediya olacaq.
- Azərbaycan kinematoqrafiyasının hazırkı vəziyyətini necə qiymətləndirirsiniz? Sizcə, müasir milli kinomuzun gələcəyi varmı?
- Bizim kinomuzdakı vəziyyətə nikbin baxıram. Azərbaycan kinematoqrafiyasının inkişafına çox inanmaq istəyirəm, ən azından bunun üçün bütün ilkin şərtlər mövcuddur. Son illər dərketmə, dünya görüşünə görə yeni filmlər çəkən yeni rejissorlar peyda olub. Bu filmlər beynəlxalq festivallarda iştirak edir, mükafatlara layiq görülür. Bu da, əlbəttə ki, məni sevindirir.
Yeni çoxlu debüt işlər, çoxlu yeni adlar yaranır, kinematoqrafiyada nəsillərin planlı dəyişməsi baş verir. Lakin bu prosesin daha aktiv irəliləməsi üçün bizim kino sənayemiz inkişaf etməlidir. Həmçinin bazar yaranmalıdır, kinoteatrlar şəbəkəsi yaranmalıdır - təkcə Bakıda deyil, həmçinin regionlarda da olmalıdır ki, tamaşaçı ölkəmizdə nə baş verdiyini görə bilsin. Və əlbəttə ki, kinostudiya texniki cəhətdən təchiz olunmalıdır, çünki texnologiya son dərəcə irəli gedib.
- Kinoteatrda sonuncu dəfə hansı filmi izləmisiniz?
- (fikrə gedir) Hətta yadıma gəlmir ki, bu nə vaxt olub. Deyəsən, "Hobbit"i. Piter Ceksonun filmlərinin bu silsiləsini çox sevirəm. Texniki imkanları qiymətləndirmək, kompüterin xüsusi effektlərinə baxmaq, sevimli personajlara qayıtmaq maraqlı idi. Ümumilikdə isə intellektual kinoları sevirəm. İnsan hisslərinin çılpaqlaşdığı və xüsusi məna kəsb edən filmləri xoşlayıram. Amma əzəmətli, məişət xarakterli, istedadlı şəkildə çəkilən filmlər də mənə maraqlıdır. Ekran da bunun üçün mövcuddur, bizi yuxuya qərq etmək üçün və bəzən də bununla bizdə reallığın qəbul edilməsinin daha dərin səviyyəsini oyadır. Yuxu, nağıl, poeziya - kinematoqraf öz gücünü bunlardan almalıdır.
- Çəkiliş meydançasında necə olursunuz? Necə düşünürsünüz, sizinlə işləmək asandırmı?
- (gülür) Aktyorlardan heç kim şikayət etməyib. Çəkiliş meydançamda həmişə sakit və rahatam. Əvvəlcə əməkdaşlıq və tərəfdaşlığın etibarlı və açıq mühitini yaratmağa çalışıram. Yaradıcı prosesə mane olan münaqişə yaradan insanlardan yaxa qurtarmağa çalışıram. Təəssüf ki, qrupda belə insanlara həmişə rast gəlinir. Amma qarşısını alsanız, bu müalicə olunan "xəstəlikdir".
- Ailənizdən kimsə kino ilə əlaqəlidirmi, yoxsa siz hələ yeganə "kino pərəstişkarısınız" ?
- Bu yaxınlara kimi düşünürdüm ki, ancaq mən və qardaşım, prodüser Nəriman Məmmədov... Nənəm Nadejda Məmmədovanın ötən yüzilliyin 30-cu illərində Cəfər Cabbarlı adına kinostudiyanın montaj sexinin rəisi olduğunu öyrəndiyimə qədər. Mən onun montaj masasının arxasında dayanan köhnə portret şəklini tapdım. Nənəm əmək veteranı idi və "Fəxri nişan" ordeni ilə mükafatlandırılıb. Bu yüksək mükafatın təqdim olunması məqsədilə onu Kremlə, Mixail Kalininin əlindən ordeni almaq üçün Moskvaya dəvət ediblər. Nənəmin bacısı isə - Anna Strijova həmin illər məşhur montajçı olub. Onun adını məşhur milli filmlərin, habelə "Arşın mal alan"ın da alt yazılarında görmək olar. Odur ki, mənim kinematoqrafiyaya olan ehtirasımın haradan qaynaqlandığı deyəsən aydındır.
- Kinorejissorluqdan savayı siz teatrla da maraqlanırsınız. Yaradıcılığınızın bu sahəsi haqda da danışın.
- İki il bundan əvvəl Rus Dram Teatrın səhnəsində Ceyn Ostinin "Qürur və qərəz" adlı əsəri əsasında eyniadlı tamaşanı qurmuşdum. Ötən il isə - Azərbaycanın xalq artisti Murad Yegizarovla biraktlı monotamaşa "Artist və onun kölgəsi" tamaşasını qurmuşduq. Teatr - mənim əsas zəifliyimdir, onu çox sevirəm.
MƏSLƏHƏT GÖR: