24 Noyabr 2024

Bazar, 20:01

BAŞÇILAR BAŞLICASI HAQQINDA

Davos forumu siyasi və iqtisadi böhranlar arasında sərhədin nə qədər kövrək olduğunu göstərdi

Müəllif:

26.01.2015

İsveçrənin kurort şəhərciyi olan Davos ildə bir neçə gün dünyanın paytaxtına çevrilir: burada keçirilən Dünya İqtisadi Forumuna inkişaf etmiş ölkələrin bütün siyasi və biznes elitası axışır. Bu il sayca 45-ci dəfə keçirilən tədbirə dünyanın 140 ölkəsindən, təxminən, 2,5 min nümayəndə qatılıb. Onların sırasında onlarla prezident və hökumət başçısı, beynəlxalq təşkilatların rəhbərləri və məşhur şəxslər də olub. Forum əvvəlcədən gərginlik və intriqa vəd edirdi. Dünya iqtisadiyyatında yaşanan böhrandan sonra nisbi sakitliyin və balansın pozulması forumdakı diskussiyalara əsəbilik gətirməyə bilməzdi. Gözlənildiyi kimi, bu dəfə müzakirələr əsasən geosiyasi məsələlərə, ayrı-ayrı regionlardakı münaqişələrin qloballaşan dünyadakı iqtisadi proseslərə təsirilə bağlı problemlərə yönəlmişdi.

 2008-ci ildə baş vermiş qlobal böhrandan sonra Davosda əsasən dünyanın maliyyə sisteminin durumu müzakirə olunurdu. Yalnız ötən il təşkilatçılar forumun gündəliyinə bir qədər əl gəzdirmək qərarına gəlmiş, səhiyyə və tibb, onların iqtisadiyyata təsiri məsələlərini də müzakirəyə çıxarmışdılar. Bu il isə forumun mövzusu "Yeni qlobal kontekst" idi. Gündəliyə onlarla məsələ daxil idi - resurs çatışmazlığı, qadın-kişi bərabərliyi, infrastrukturun inkişafı, internetin gələcəyi, korrupsiya ilə mübarizə və s. - təşkilatçıların fikrincə, müasir dünyanın qarşılaşdığı problemlər məhz bunlardır. Bu il maliyyə sisteminin perspektivləri dünyadakı problemlər arasında sonuncu yerə qoyulmuşdu.

Gözlənildiyi kimi, bu dəfə İsveçrənin kurort şəhərində daha çox Ukrayna böhranı haqda danışıldı, sanksiyaların Rusiyaya təsiri, neftin ucuzlaşması, Çinin iqtisadi inkişafındakı "yeni norma" müzakirə olundu. Amma Ukrayna böhranı forumun əsas mövzusuna çevrilmədi - çünki Rusiyanın birinci şəxslərinin toplantıda iştirak etməmələri təşkilatçılara iddialı sülhməramlı planlarını reallaşdırmaq imkanı vermədi. Ukrayna prezidenti Pyotr Poroşenko toplantıya qatılsa da, Rusiya rəhbərliyi İsveçrədə diskussiya aparmaqdansa, daxili problemlərin həllilə məşğul olmağa üstünlük verdi.

Poroşenkonun forumdakı emosional çıxışı tam şəkildə Rusiya ilə münaqişəyə, terrorla mübarizəyə həsr edilmişdi. O, ukraynalıların Avropa dəyərlərinə sadiq olduqlarını bildirib, ölkənin cənub-şərqindəki faciəvi hadisələrisə Parisdə bu yaxınlarda törədilmiş terror aktları kontekstində izah etməyə çalışıb. Poroşenko forumun ikinci gününü gözləmədən, axşam saatlarında Kiyevə qayıdıb. Buna onu Ukraynanın şərqində vəziyyətin ağırlaşması vadar edib. Amma Ukraynaya qayıtmazdan əvvəl Poroşenko BVF-nin rəhbəri Kristin Laqard ilə görüşüb, ondan hazırkı Stand-By kredit razılaşmasının çoxillik EFF (Extended Fund Facility) proqramı ilə əvəzlənməsini istəyib. Bu proqram kreditlərin qaytarılması üçün daha uzun müddətin müəyyənləşdirilməsini nəzərdə tutur - 4,5 ildən 10 ilədək.

2014-cü ilin aprelində BVF Ukrayna üçün dəyəri 17 milyard dollar olan 2 illik kredit proqramını təsdiqləyib. Hələlik Kiyev bu məbləğdən 4,6 milyardını əldə edib. Dekabrda bu məbləğin Ukraynaya kifayət etməyəcəyi təsdiqlənib: BVF onun əlavə 15 milyard dollara ehtiyacının olduğunu müəyyənləşdirib. Laqard jurnalistlərə açıqlamasında BVF-nin icraiyyə şurasının tezliklə toplanaraq məsələni müzakirə edəcəyini bildirib. Bununla yanaşı, o, əlavə kreditin ayrılması üçün Ukrayna hökumətinin daha geniş, dərin iqtisadi islahatlar həyata keçirməli olacağına da eyham vurub.

Forumda Rusiya ilə bağlı məsələlərə cavabı baş nazirin birinci müavini İqor Şuvalov və sabiq maliyyə naziri Aleksey Kudrin veriblər. Sonuncunun çıxışı daha çox prezident Vladimir Putinin xarici siyasəti haqda dediklərilə yadda qalıb. Kudrin bildirib ki, Putin Rusiyanın xarici siyasi kursunu müəyyənləşdirərkən ölkənin beynəlxalq arenada güclü dövlət kimi tanıdılması məqsədi güdür: "Prezident buna görə çox şey ödəməyə hazırdır".

Kudrinin proqnozuna görə, 2015-ci ildə Rusiyada iqtisadi tənəzzül ÜDM-in 3-4%-i həddində ola bilər. O, yeni inkişaf trayektoriyasının cızılması üçün 2-3 ilə ehtiyacın olduğunu söyləyib. "Ümid edirəm ki, neftin qiymətinin aşağı olduğu dövr bizim iqtisadiyyatımızın şaxələndirilməsi üçün stimul rolu oynayacaq", - deyə o, qeyd edib.

Yeri gəlmişkən, neft sahəsinin təmsilçiləri Davos meydanından təşvişini OPEK-ə və bütünlükdə dünyaya çatdırmaq üçün istifadə ediblər. Onların təşvişi neftin qiymətinin son 6 ilin minimum həddə düşməsilə bağlıdır. "Hazırda neftin 1 barelinin qiyməti 45-50 dollar civarındadır. Amma bu eniş hasilatla bağlı bir çox uzunmüddətli layihələrin dondurulmasına səbəb olarsa, qarşıdakı bir neçə ildə qiymət 150-200 dollaradək arta bilər", - deyə "Eni" şirkətinin rəhbəri Klaudio Deskalsi forumun kluarlarında verdiyi açıqlamada bildirib. O, OPEK-i bazarın sabitləşdirilməsində həlledici rolu öz üzərinə götürməyə çağırıb. Fransanın "Total" şirkətinin baş direktoru Patrik Puyanne də bənzər düşüncədədir: "Mövcud yataqlarda hasilatın təbii azalması ildə 5% təşkil edir. Demək, 2030-cü ilə dünyadakı hazırkı hasilat 50% azalacaq". BP şirkətinin rəhbəri Bob Dadli isə neftin qiymətinin hələ 2-3 il belə ucuz qalacağını söyləyib.

OPEK-in baş katibi Abdulla əl-Badri isə onlarla qiyabi diskussiyaya girərək kartelin neftlə həddindən artıq dolmuş bazara müdaxilə etməməklə bağlı noyabrda verdiyi qərarı müdafiə edib. "Biz noyabrda hasilatı azaltsaydıq, təkrar-təkrar azaltmaya getməli olacaqdıq. Çünki OPEK-dən kənar istehsalçılar hasilatı getdikcə artıracaqdılar", - deyə o, qeyd edib.

Forumda Çin iqtisadiyyatı ilə bağlı diskussiyaya da geniş auditoriya cəlb edilib. Yeri gəlmişkən, ÇXR Dövlət Şurasının baş naziri Li Kesyan 2009-cu ildən sonra Davos forumuna qatılmış ilk yüksəkrütbəli Çin təmsilçisidir. O, 2015-ci ildə ölkəsində inkişafın ləngiyə biləcəyini etiraf etsə də, iqtisadiyyatda "sərt tənəzzül"ün olmayacağını deyib. Kesyan sistemli maliyyə böhranı təhlükəsinin də olmadığını düşünür. 

Ənənəvi olaraq, Davos forumlarına qatılan Azərbaycan Prezidenti İlham Əliyev orada bir sıra görüşlər keçirib. Dövlət başçısının görüşdüyü şəxslər arasında İsveçrə prezidenti Simonetta Sommaruqi, Gürcüstanın baş naziri İrakli Qaribaşvili, Monoko knyazı II Albert, Avropa Komissiyasının enerji ittifaqı üzrə vitse-prezidenti Maroş Şefçoviç, Soros Fondunun təsisçisi Corc Soros, həmçinin bir sıra şirkətlərin, o cümlədən "Sberbank", BP, "Gaz de France Suez" və s. rəhbərləri də olub. İlham Əliyev, həmçinin forumda "Regionların transformasiyası: Avrasiya" mövzusunda sessiyada çıxış edib. O, bildirib ki, ilk növbədə, siyasi transformasiyanı uğurla həyata keçirmiş Azərbaycan müstəqillik illərində açıq qapı siyasəti yürüdüb, planlı iqtisadiyyatdan uğurla bazar iqtisadiyyatına keçib. İqtisadiyyatın şaxələndirilməsi hazırda da uğurla davam etdirilir. Ölkə iqtisadiyyatında qeyri-neft sektorunun payı neft sektorunu üstələyir. Prezident Azərbaycanın artıq donor ölkəyə çevrildiyini və bir çox xarici ölkələrdə çoxsaylı layihələrin maliyyələşdirilməsilə məşğul olduğunu söyləyib. Onun sözlərinə görə, ölkədə reallaşdırılan enerji layihələri regional əməkdaşlıqla birlikdə beynəlxalq əməkdaşlıq üçün də geniş imkanlar açır, layihələrdən bütün tərəfdaşların fayda görməsi üçün şərait yaradır. Dövlət başçısı bildirib ki, dünyada neftin qiymətinin ucuzlaşması ilə əlaqədar olaraq, Azərbaycan xərclərə nəzarəti gücləndirib, israfçılıq faktlarının qarşısının alınması üçün tədbirlər görülür və s.

Maraqlıdır ki, toplantıda İlham Əliyevə Dağlıq Qarabağ münaqişəsi haqqında sual verilib - dünya 25 ildir davam edən münaqişə "yükü" üzündən ölkədə müşahidə olunan iqtisadi proseslərin nə qədər çətinliklə reallaşdığını anlamağa başlayıb. Bununla əlaqədar olaraq, Prezident bildirib ki, Dağlıq Qarabağ münaqişəsi beynəlxalq hüquq normaları əsasında həll olunmazsa, bu, digər ölkələrə də öz mənfi təsirini göstərəcək. İlham Əliyev beynəlxalq hüquq normalarının BMT Nizamnaməsində, ATƏT-in və digər beynəlxalq təşkilatların sənədlərində konkret şəkildə əks olunduğunu xatırladıb. O bildirib ki, ikili standartların, regionda bu cür problemlərin yayılmasının qarşısı yalnız beynəlxalq hüququn normalarına əməl etməklə alına bilər.

İ.Əliyev "Zorakı ekstremizmin öhdəsindən gəlinməsi" mövzusunda sessiyada da çıxış edib. O, müxtəlif vaxtlarda Ermənistan tərəfindən Azərbaycana qarşı 30-dan artıq terror aktının həyata keçirildiyini, nəticədə, 2000-dən artıq soydaşımızın qətlə yetirildiyini bildirib. Dövlət başçısı onu da bildirib ki, Azərbaycan hər zaman terrorizmə qarşı beynəlxalq mübarizədə aktiv iştirak edib və antiterror koalisiyasının fəal üzvlərindən olub.

Davosda keçirilən növbəti forum bir daha dünyadakı siyasi və iqtisadi tendensiyalar arasında sərhədin nə qədər nisbi olduğunu, ayrı-ayrı regionlardakı münaqişələrin buna elə də aidiyyəti olmayan dövlətlərdə də hansı iqtisadi böhranlara yol açdığını göstərib. Bəlkə də, bu, dünyanın güc mərkəzlərini bundan sonra kiçik münaqişələrin həllinə, böyük böhranlara səbəb olmamışdan əvvəl daha diqqətlə və məsuliyyətlə yanaşmağa sövq edəcək.



MƏSLƏHƏT GÖR:

689