GÜNVURMA
Yerdəki iqlim dəyişiklikləri fəlakətli hal ala bilər
Müəllif: Zərifə BABAYEVA Bakı
Hələ may ayında NASA mütəxəssisləri proq-nozlaşdırmışdılar ki, 2010-cu ilin yayı tarixə 130 illik meteomüşahidə dövrünün ən isti dövrü kimi düşəcək. Belə də oldu. 2010-cu ilin iyun-iyul aylarında və avqustun birinci yarısında planetdə havanın orta temperaturu +16,2 dərəcə olub ki, bu da XX yüzilliyin orta temperaturundan 1, 2 dərəcə yüksəkdir. ABŞ Müdafiə Nazirliyinin "2010-2020-ci illər üzrə hava proqnozu" hesabatı da ümidverici deyil. Peşəkar meteoroloqlar və futuroloqlar tərəfindən Pentaqonun sifarişi ilə hazırlanmış hesabatda Yerin iqlim dəyişikliklərinin fəlakətli olacağı istisna edilmir.
Avropada hərarət
Avropa və Rusiya istilərdən qovrulur, çünki belə temperaturlar bu regionlar üçün ənənəvi deyil. Avstriyada da anomal yüksək temperatur qeydə alınıb. Bir sıra rayonlarda termometrin şkalası +35°S-ni keçib. Özü də qızmar hava bütün ölkəni bürüyüb. Vyana sakinləri ictimai hovuzlara girmək üçün növbələrə durublar. Dondurmaya və sərinləşdirici içkilərə tələbat bir neçə dəfə artıb. Ən çox sürücülərin bəxti gətirməyib. Onların sözlərinə görə, isti havada tıxaclarda durmaq dözülməzdir.
Afinada temperatur +43°S-ni keçib. Yunanıstanda hələ belə olmamışdı. Yerli əhali və turistlər belə istiyə dözmürlər. Ölkənin yanğınla mübarizə xidməti gücləndirilmiş iş rejiminə keçib. Bir sıra yerlərdə yanğınlar baş verir.
İtaliyada termometrlərin şkalaları çoxillik rekordları qırıb. İtaliyanın 18 böyük şəhərində üçüncü səviyyə təhlükə elan edilib. Qızmar hava, əsasən, Siciliyada qeydə alınmış onlarca yanğının baş verməsinə səbəb olub. Ölkənin şimalındakı Turin şəhərində havanın temperaturu avqustun 8-də +38°S-yə çatıb. Görünməmiş istidən həmin gün ikiyaşlı adam dünyasını dəyişib. Sinoptiklər isə bunun hələ başlanğıc olduğunu bildirirlər. Qorxulu proqnozlara görə, avqustun ortalarına Apenində hava +45°S-yə qədər qızacaq.
Avropanın bir çox ölkələrində olduğu kimi, Latviyada da bir neçə həftə hava qızmar keçib. Temperaturun yüksəkliyi üzündən Riqadakı televiziya qülləsi 4 santimetr uzanaraq, Avropa Birliyi üzrə ən yüksək teleqülləyə çevrilib. Texniki məsləhətçi Uldis Rutks qeyd edib ki, mütəxəssislərin hesablamalarına görə, temperatur +32 S-yə çatanda teleqüllə dörd santimetr uzanır.
Tarixiboyu görünməmiş istilər üzündən Çexiyada da ölkə vətəndaşlarının çoxunun həyatına təhlükə yaranıb. Praqanın ən iri klinikalarından biri olan "Qomolts xəstəxanası"nın kardioloji bölməsinin baş həkimi bildirib ki, ölkədə infarkt və insult hallarının sayı kəskin artıb ki, bu da yerli iqlim üçün görünməmiş olan 40 dərəcəlik istiliklə bağlıdır. Temperaturun yüksək olması üzündən yolların asfalt örtüyü də əriyir.
2003-cü ilin yayında olduğu kimi, bu il də fransızlar romantikanı unudublar - görünməmiş isti onların canını boğaza yığıb. Yeddi il qabaq milli ölüm səviyyəsi avqustda proqnozlaşdırılan göstəricini 60% ötüb. Statistik araşdırmaların nəticələri əldə edilən kimi, fransızlar uzun müddət günahkarları aramağa başladılar, amma nahaq yerə. Bu il isə 2003-cü ilin fəlakətli ölüm nəticələrindən qaçmaq üçün Fransa "İsti - 2010" proqramının açılışı barədə elan verib.
Proqram ilk öncə yüksək temperaturdan əziyyət çəkmişlərə ilkin yardım göstərilməsi üçün pulsuz telefon xətlərinin işləməsini nəzərdə tutur. İkincisi, xəstəxanalarda və əlillər evlərində sanitar və tibb bacısı ştatlarını artırıblar. Ölkənin səhiyyə nazirliyi isə "sağlamlığı zəif" olan insanların siyahısını daha diqqətlə tutur. Mümkün hər yerdə - avtobuslarda və metroda, mağaza qəbzlərində, müəssisələrin divar qəzetlərində istilərdən qorunma vasitələri barədə yazırlar. Bununla belə, isti Parisin ağlını başından alıb. İnsanların çox hissəsi sərinlik axtarmaq üçün küçəyə axşamlar və gecə çıxır. İnsanlar səbirsizliklə payızı gözləyirlər.
Artıq çoxdandır ki, Belçikada və Fransada termometrin göstəricisi inadla +35°S-də durmaqda davam edir. Fransa səhiyyə nazirliyi qocalar evlərinə kondisionerlərin alınmasına və işçi sayının artırılmasına 26 milyon ayırıb. Kənd təsərrüfatı nazirliyinə də vəlvələ düşüb: ölkədə gözlənən quraqlıq barədə söz-söhbət gəzməkdədir.
Heç kimdən gizli deyil ki, həddindən isti hava yalnız əhali arasında ölüm halları ilə bağlı deyil, həm də iri təbii fəlakətlərlə və texnogen kataklizmlərlə müşayiət olunur. Bir neçə qızmar gündən sonra Fransaya indiyə kimi görünməmiş leysan yağdı və bu da daşqınlara, metronun işinin dayanmasına səbəb oldu. İspaniyda isə istilər güclü quraqlığa gətirib çıxarıb. Vəziyyət o qədər ağır olub ki, su ilə bağlı ciddi kəsilmələr müşahidə edilib. Yalnız evlər deyil, çox sayda mehmanxanalar da "susuz" qalıb. Bu, turizm biznesinə sağalmaz yaralar vurub. İstilər Alpa qədər gedib çıxıb: İsveçrədə həddindən isti və nəm hava dəmir yolunun işində iki saatlıq fasiləyə səbəb olub.
MDB istiləri
Postsovet məkanı ölkələrində də vəziyyət yaxşı deyil. Demək olar ki, bütün Belarus ərazisində isti hava tüğyan edirdi. Düzü, burada anomaliya daha az idi. 2010-cu ilin iyun ayında Minskdə 30 dərəcəlik isti müşahidə edilirdi. Bu isə belə sərin şəhər üçün daha cənub rayonların, məsələn Ukraynanın 35 dərəcəlik istilərinə ekvivalentdir. Avqustun əvvəlində qonşu Rusiyadan Belarusa qızmar hava daxil oldu və temperatur dərhal görünməmiş göstəricilərə qalxdı. Ölkə üzrə 1946-cı ilin avqust ayında müəyyən edilmiş +38,0°C-yə bərabər istilik rekordu qırılmağa çox yaxın idi.
Gürcüstanda havanın temperaturu artıq bütün rekordları keçdi. Ölkədə termometrlərin göstərciləri +40°C-dən yuxarı qalxdı. Hətta gecələr belə temperatur 30°C-dan aşağı düşmədi. Həkimlər imkan daxilində gündüzlər evdən kənara çıxmamağı tövsiyə edirdilər. Gürcüstanın cənub rayonlarında güclü istilər üzündən meşə yanğınları baş verdi.
Rusiya üçünsə anomal istilər əsl fəlakətə çevrildi. RF-in bir sıra regionlarında hava 40 - 43,5°C-yə qədər qızdı. İstilər ölkəni çoxdan görmədiyi yanğın təhlükəsi və tibbi təhlükə durumuna saldı, 40 ildən çox idi ki, unudulan quraqlıq yenidən xatırlanda və quraqlıq əkilmiş 48 mln hektar sahənin ən azı 10 mln hektarını məhv elədi. Anomal istilər Rusiyada sərinləşdirici içkilər, dondurma, ventilyator və kondisioner satışlarını kəskin şəkildə artırdı. Alimlər belə düşünür ki, indiki ölçülərlə "anomal" sayılan istilər, həmçinin "anomal" soyuqlar və başqa "qeyri-adi" təbiət hadisələri tezliklə Rusiya üçün normal olacaq.
Rusiya tarixinin XX yüzillikdəki hava durumunun buna oxşar vaxtları 1938-ci ilə təsadüf edir. Onda indiyə kimi hələ də qüvvədə olan bir çox mütləq rekordlar müəyyən edilmişdi. Bu, xüsusilə də uzunsürən istilərlə yanaşı, dəhşətli quraqlığın olduğu 1972-ci ili də xatırladır. Ancaq əgər 1972-ci ilin iyulunda Moskva üçün anomaliyi cəmi 4 dərəcə təşkil edirdisə, 2010-cu ilin iyul ayında isə bu, 6-7°C-yə çatırdı.
Görünməmiş istilər üzündən Moskvada və Moskva vilayətində ekoloji durum pisləşib - havada çirkləndirici maddələrin payı normanı ötüb. Peterburqda isə istilər üzündən Sülh Qülləsində - şüşədən düzəldilmiş, xarici və daxili işıqlandırma sistemi olan memarlıq qurğusunda çat yaranıb. Qızmar hava Moskva vilayətində torflu torpaqların yağınına səbəb olub. Moskva vilayətinin təmiz yay havası və meşə ətri tüstü dumanı ilə əvəz olunub. Moskva metrosunda kondisionerlər gücə düşərək sıradan çıxmışdı, stansiyalar və keçidlər nazik kül təbəqəsi ilə örtülmüşdü. Sərnişinlər maskada gəzirdi.
Ukrayna paytaxtı Kiyevin ətrafında da torflu torpaqlarda yanğınlar qeydə alınıb. Ukrayna üçün də ənənəvi olmayan isti hava bir sıra temperatur rekordlarını qırıb. Bir qədər sərinləşmədən sonra iyulun əvvəllərində daha kəskin istilər başladı. Bütövlükdə, son 20 il üzrə ölkədə orta yay temperaturu 1,3-1,7 dərəcə, orta qış temperaturu isə 2-2,5°C artıb.
İstilər: Yaxın Şərq, Asiya, ABŞ
Yaxın Şərq üçün istilər adi hal olsa da, planetin bu regionu üçün də yüksək temperaturlar anomal olub. İsrailin cənuunda yerləşən kurort şəhəri Eylatda iyulun 21-i son 3 ilin ən isti günü sayılıb. Temperatur +50°C-ni ötüb. Hakimiyyət sakinlərdən və turistlərdən gün altına çıxmamağı, kölgənin düşməsini gözləməyi, çox su ehtiyatı saxlamağı xahiş edib.
Pakistanda da görünməmiş istilər baş verir. İsti hava qurbanlarının sayı yüzü ötüb. Günorta vaxtları adamlar birbaşa şəhər küçələrində huşlarını itirirlər. İnsanlar günvurma və susuzluq üzündən xəstəxanaya düşürlər. Pasientlərin əsas hisssi qocalar və uşaqlardır. Amma isti hava və susuzluq ölkəni təhdid edən epidemiya ilə müqayisədə heç nədir. Havanın temperaturunun yüksək keçməsi üzündən içməli suyun keyfiyyəti kəskin şəkildə aşağı düşüb, nəticədə bir neçə gün ərzində bağırsaq infeksiyalarına tutulmuşların sayı bir neçə dəfə artıb. Bunlar da təsadüfi deyil, axı 1990-cı ildən bu yana ilk dəfədir ki, bu ölkədə termometrin göstəricisi +50°S-yə çatıb.
Şərqi Asiyada da kritik durum müşahidə edilib. Belə ki, Çinin 13 əyalətində və regionlarında iyulun əvvəlində temperatur +35°C-ni keçib. Çoxmilyonlu şəhərlərin sakinləri yayın istilərindən xilas olmaq üçün hovuzlara, çaylara və nohurlara üz tütürlar, eyni zamanda ölkənin bir sıra yerlərində meşə yanğınları elə indi güclənməyə başlayır. Çin paytaxtında son 50 ilə üzrə rekord temperatur qeydə alınıb: orta göstərici +40,3°C-yə qədər qalxıb. Şanxay rəhbərliyi də ciddi narahat olub. Əgər yaxın zamanlarda temperatur düşməsə, kommunal xidmətlərin proqnozlarına görə, onda şəhərdə əməlli-başlı energetika böhranı yaşanacaq. Havanın isti keçməsi üzündən elektrik şəbəkəsinin yüklənməsi kəskin artıb. Enerji kəsilmələrinin olmaması üçün Şanxayda küçə işıqlandırmasının bir hissəsi söndürülüb.
Yaponiyanın maliyyə mərkəzi Tokioda, Otemati məhəlləsində temperatur iyulun 21-də +35,9°C-yə qədər qalxıb. Yaponiyada yüklənmənin ən yüksək saatlarında elektrik enerjisinin verilmə qiyməti son iki il üzrə maksimuma çatıb, çünki istilər üzündən kondisionerlər və ventilyatorlar demək olar ki, söndürülmür. Həmin gün Yaponiyada günvurmadan 5 nəfər dünyasını dəyişib. Ölənlər kənd yerlərində yaşayan yaşlı adamlardır. Onlar öldürücü günvurma zərbəsini tarlada işləyərkən alıblar. Hindistan, Nepal və Banqladeş sakinləri də günvurmadan ölməkdə davam edir. Havanın bu sərt kaprizləri üzündən ölənlərin sayı artıq 300 nəfəri keçib.
İsti havalar ABŞ-dan da yan keçməyib. Ən isti günlərdə temperatur +40°C-yə qədər qalxırdı və nəmişlik 90% olurdu. Sakit okean sahillərində və Vaşinqton ştatında istilər və quru küləklər üzündən meşələr yanıb. Yüzlərlə yanğınsöndürən alovun qarşısını almağa çalışsa da buna müvəffəq olmayıb, külək alovu sürətlə yayıb. Əhalinin köçürülməsi elan edilib.
Azərbaycanda istilər
Sinoptiklərin proqnozları ümidverici deyil: istilər Azərbaycanda geri çəkilmək niyyətində deyil. Hamı dəhşətlə düşünür ki, qabaqda hələ avqustun yarısı, sentyabr və oktyabr var ki, bu müddət keçən il çox isti keçib. Belə görünür ki, qarşıdan gələn yay-payız mövsümü də belə olacaq. Günəş durmadan yandırır, ənənəvi Bakı küləyi isə yerli-dibli yoxa çıxıb.
Evlərin damları və asfalt əməlli-başlı əriyir. Evlərin qapı və pəncərəsindən daxil olan qızmar hava nəfəs almağa imkan vermir. Bu cür hava şəraiti son nəticədə əhalinin iş qabiliyyətində və əhval-ruhiyyəsində də özünü göstərir. Təcili və təxirəsalınmaz tibbi yardım üzrə mərkəzi şəhər stansiyasının baş həkimi Mürsəl Həmidov "Vesti.Az"a bildirib ki, sutkada paytaxtın təcili və təxirəsalınmaz tibbi yardım stansiyalarına 1400-ə yaxın müraciət daxil olur.
Xəstəxananın baş həkiminin müavini Rauf Nağıyevin sözlərinə görə, təcili yardım işçiləri Abşeronun 12 çimərliyində növbətçilik edirlər, təcili çağırışlar üçünsə 135 həkim briqadası hazırdır. Onun sözlərinə görə, yay vaxtı saat 11-dən 16-ya kimi günəş altında uzun müddət qalmaqdan, daimi hərəkətdən və ağır fiziki iş ilə məşğul olmaqdan çəkinmək lazımdır.
Asfaltın günəş şüalarını udmaq qabiliyyəti sadəcə istiliyin zərərli təsirlərini gücləndirir və şəhəri isti tuluğa çevirir. Nəticədə, ekspertlərin bildirdiyinə görə, isti günlərdə şəhərin temperaturu həmişə ətraflarla müqayisədə bir neçə dərəcə yüksək olur. Bundan başqa, istidə asfaltın tərkibində olan bir sıra karbohidrogenlər ayrılmağa başlayır ki, bu da əriyən hava effekti yaradır.
İsti hava üzündən Azərbaycanın hərbi hissələrində xüsusi rejim elan edilib. Bu barədə Müdafiə Nazirliyinin mətbuat xidmətinin başçısı Eldar Sabiroğlu bildirib: "İstilərlə bağla olaraq hərbi hissələrin əsgərləri saat 11:00-dən 17:00-ə kimi kazarmalarda qalırlar. Müdafiə Nazirliyində bununla bağlı əmr verilib". Onun sözlərinə görə, bu, hərbçilərin uzun müddət qızmar günəş şüaları altında qalmasının qarşısını almaq və beləliklə, onları günvurmadan qorumaq məqsədi ilə edilir.
Alimlər həyəcan təbili çalır
Alimlər bu nəticəyə gəliblər ki, müşahidə edilən isti hava Sakit okeanda isti axınların hərəkətinin dəyişməsi ilə bağlıdır və bu, "El-Nino" kimi tanınan iqlim fenomeninin yaranmasına imkan verir. Bu il Sakit okean adi halda olduğundan xeyli çox isti verir ki, bu da Yerin atmosferinin aşağı qatlarının qızması ilə nəticələnir. Eyni zamanda, proqnozlara görə, təbii anomaliyalar nəticəsində Dünya okeanı tamamilə başqa qanunlarla yaşamağa başlayacaq, nətiəcədə Avropa, Asiya və Şimali Amerika onlara xas olan istilikdən məhrum olacaqlar, Cənub yarımkürəsində isə əksinə daha isti olacaq.
Alimlərin sözlərinə görə, Yer buna oxşar halı 8200 il qabaq yaşayıb. Bu barədə "Newsland" məlumat verir. Alimlər proqnozlaşdırırlar ki, əgər hazırda fəlakətli iqlim dəyişməsi baş verərsə, bəşəriyyət ərzaq, su və neft çatışmazlığı ilə üz-üzə qalar ki, bu da dünya müharibələri üçün əsas olar. Avropanın əhalisi aclıq keçirəcək və kütləvi halda qitəni tərk edəcək, Avropanın iqlimi daha quru və soyuq olacaq, daha çox Rusiya Sibirini xatırladacaq. Soyuq qışlar və isti yaylar Çində aclığa gətirə bilər.
BMT-nin iqlim dəyişmələri üzrə beynəlxalq ekspert qrupu (İDBEQ) tərəfindən irəli sürülən və "Böyük Səkkizlik" ölkələrinin milli elmlər akademiyaları tərəfindən birbaşa dəstəklənən elmi mülahizəyə görə, Yerin orta temperaturu sənaye inqilabının baş verdiyi XVIII yüzilliyin ikinci yarısına baxanda 0,7°C artıb ki, "son 50 ildə müşahidə edilən böyük istiləşmə insan fəaliyyəti ilə bağlıdır" və bu, ilk öncə istixana effekti yaradan qazların atılması ilə əlaqələndirilir.
Dünya Okeanının səviyyəsinin qalxması ilə yanaşı qlobal temperaturun artması həm də atmosfer yağıntılarının miqdarının və paylanmasının dəyişməsinə gətirəcək. Nəticədə, daşqınlar, quraqlıq, çovğunlar və s. kimi təbii kataklizmlərin sayı arta bilər, kənd təsərrüfatı bitkilərinin məhsuldarlığı aşağı düşər və bir çox bioloji növlər məhv olar. Ehtimal edilir ki, istiləşmə bu cür hadisələrin tezliyini və miqyasını artırmalıdır.
Bir sıra tədqiqatçılar hesab edirlər ki, qlobal istiləşmə əfsanədir, alimlərin bir hissəsi isə insanın bu prosesə təsir imkanının olmasını təkzib edir. Amma elələri də var ki, istiləşmə faktını inkar etmir və onun antropogen xarakterli olmasını qəbul edir, amma iqlimin ən təhlükəli təsirinin istixana qazlarının sənaye tullantısı olması fikri ilə razılaşmırlar. İndiki qlobal istiləşmənin böyük ehtimalla insan fəaliyyəti ilə bağlı olması ilə elmi konsensus da mövcuddur.
MƏSLƏHƏT GÖR:






679

