25 Noyabr 2024

Bazar ertəsi, 23:43

POLAD MAGİSTRALIN ÇƏTİN YOLU

Bakı-Tbilisi-Qars dəhlizi iki ildən tez istismara hazır olacaq

Müəllif:

15.08.2010

Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolu magistralının tikintisi sürətləndiriləcək. Azərbaycan, Türkiyə və Gürcüstan nəqliyyat nazirlərinin avqustun əvvəlində keçirilmiş görüşünün nəticələri belədir. Azacıq öncə Azərbaycan-Gürcüstan hökumətlərarası komissiyasının Bakıda keçirilmiş altıncı iclasında bu nəqliyyat dəhlizinin rəqabət qabiliyyətinin artırılması və bu xəttə əlavə yüklərin cəlb edilməsi üçün işçi qrupun yaradılması barədə memorandum imzalanıb. Qarşıda  daha bir yenilik də var - Bakı və Ankara Naxçıvan Muxtar Respublikası (NMR) ilə Qars arasında dəmir yolu çəkilməsinin layihə sənədlərini araşdırır. 

 

Üç il öncə başlanan yol 

Heç üç il də yoxdur ki, Azərbaycan, Türkiyə və Gürcüstan prezidentləri önəmli regional nəqliyyat layihəsinə - Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolunun çəkilməsinə start verdilər. Layihə Qarsdan Axalkalakiyə qədər uzunluğu 98 kilometr olan dəmir yolunun çəkilməsini nəzərdə tutur, bunun 68 km-i Türkiyə ərazisinə, 30 kilometri isə Gürcüstan ərazisinə düşəcək. Həmçinin Gürcüstan sərhədində yerləşən Axalkalakidən Tbilisiyə qədər olan 160 kilometrlik yolun yenidənqurulması da planlaşdırılıb. 

Türkiyə tikintini öz vəsaitləri hesabına maliyyələşdirməyi qərara alıb, amma Gürcüstan Marabda stansiyasından Türkiyə sərhədinə qədər yolun tikintisi və müvafiq yol infrastrukturunun modernləşdirilməsi üçün Azərbaycan hökumətindən güzəştli kredit alıb. $200 mln.-luq borc Azərbaycan Dövlət Neft Fondu (ARDNF) tərəfindən illik 1%-lik dərəcə ilə 20 il müddətinə verilib. 

Birbaşa tikinti işlərinə isə 2008-ci ilin ortalarında başlandı, Gürcüstan və Türkiyə ərazisinə düşən bir neçə sahədə işlər dəyişkən sürətlə aparıldı. Bir sıra səbəblər üzündən layihə iştirakçıları bu dəmir yolu magistralının işə salınma tarixini arxaya keçirməli oldular. İlk başdan düşünülürdü ki, BTQ-ni 2009-cu ilin sonuna və ya 2010-cu ilin ortalarına tikib işə salmaq mümükn olacaq, daha sonra bu tarixi 2011-ci ilin sonuna keçirdilər, amma bu tarixə də yenidən baxılacağı istisna deyil. 

Bu strateji önəm daşıyan trassın tikintisinin gecikməsi marşrutun bir neçə sahəsində yolun istiqamətinin dəyişdirilməsi, həmçinin torpaq satınalınması, yeniləşdirilmiş layihə və smetaların işlənməsi ilə bağlı olub. Tikinti işlərinin gecikməsində bir sıra texniki problemlər də rol oynayıb, bəlli olub ki, Gürcüstan-Türkiyə sərhədində uzunluğu 2,6 km olacaq tunel səhvən sürüşmə təhlükəsi olan yerdə layihələndirilib. Tunel üçün yeni layihə çəkilməli oldu və bu da təbii ki, əlavə vaxt apardı. 

 

Son müddət - 2012-ci ildir!

Azərbaycan, Türkiyə və Gürcüstan nəqliyyat nazirləri bu yaxınlarda Bakıda keçirilmiş görüşdə BTQ layihəsi üzrə işlərin sürətləndirilməsi barədə protokola imza atıblar. "Biz Gürcüstan tərəfi ilə bu il yeni dəmir yolunun tikintsi və köhnənin reabilitasiyası üzrə yerinə yetirilmiş işlərin həcmini 50%-ə qədər qaldırmaq barədə razılaşmışıq. Bu günlərdə biz Gürcüstana 25-ə yaxın əlavə yol çəkən texnika göndərmişik. Əgər işlərin qrafikinə riayət edilərsə, onda 2011-ci ilin sonuna kimi Gürcüstan sahəsində bütün işləri başa çatdarmaq mümkün olacaq. Əgər öncədən görünməmiş hallar ortaya çıxarsa, layihənin başa çatması maksimum 2012-ci ilə kimi çəkər",- deyə görüşün gedişində Azərbaycan nəqliyyat naziri Ziya Məmmədov bildirib. 

Gürcüstan sahəsində ləngiməyə səbəb Gürcüstan-Türkiyə sərhədində (Qars-Axalkalaki mənzilindəki) problemli tunel ola bilər. Tunelin çəkilişi bərk bazalt s?xurlarda aparılır və bu da qazma işlərini nəzərəçarpacaq dərəcədə çətinləşdirir, perspektivdə isə əlavə sərmayələr tələb edə bilər. Marabda-Kartsaxi dəmir yolunun başqa sahələrinə gəldikdə isə, prinsipcə, gələn ilin əvvəlinə kimi  Marabda-Tetritskaro sahəsinin 29,2 kilometrlik hissəsinin tikintisi başa çatdırılacaq. 

Birinci, Tetritskaro-Tsalka dəmiryol kəsiyi, daha sonra isə Tsalka - Axalkalaki hissəsi çəkiləcək, Kartsaxi stansiyası tikiləcək, sonda isə Axalkalaki stansiyası inşa ediləcək. 2011-ci ilin sonuna trassın bu sahəsinə birləşən bir neçə hissənin rekonstruksiyası başa çatacaq, Türkiyə ilə sərhəddə təkər cütlərinin dəyişdirilməsi, servis və texniki qulluq məntəqələri tikiləcək. Həmçinin Gürcüstan dəmir yolunun Tbilisidən  Axalkalakiyə qədər olan 160 kilometrinin modernləşdirilməsi başa çatdırılacaq. 

2011-ci ilin sonuna və ya 2012-ci ilin ortalarına Qarsdan Gürcüstan sərhədinə qədər uzanan 68 kilometrlik Türkiyə hissəsinin çəkilməsinin başa çatdırılması da nəzərdə tutulur, təxminən, elə həmin vaxta dağ tunelinin çəkilişi başa çatacaq və ilin sonuna kimi dəmir yolu magistralının hər iki seqmenti bir dəhlizdə birləşdiriləcək. Bildirmək gərəkdir ki, dəmir yolu layihəsinin Türkiyə hissəsi dağ landşaftının çətin geoloji şəraitində gerçəkləşdirilir və buna baxmayaraq, burada hissedilən qədər irəliləməyə nail olunub. "Türkiyə hissəsində artıq işlərin 34%-i yerinə yetirilib, ilin sonuna qədər burada nəzərdə tutulanın 75%-i gerçəkləşdiriləcək. Ən çətini isə dağ massivində 4 kilometrlik sərhədyanı yolun çəkilməsidir", - deyə Türkiyənin nəqliyyat naziri Binali Yıldırım bildirib. 

İstəniən halda dəhliz iki ildən gec olmayaraq istismara açılacaq və Azərbaycan tərəfi artan yük axınının maneəsiz keçməsi üçün qərb istiqamətində öz polad magistralının buraxılış gücünü uyğun şəkildə artırmalıdır. Bu məqsədlə bu yaxınlarda Azərbaycan prezidenti İlham Əliyev Azərbaycan Dəmir Yolunun (ADY) inkişafı üzrə Nəqliyyat Nazirliyi tərəfindən işlənilmiş dördillik Dövlət Proqramını təsdiq edib. 

Ümumi büdcəsi $795 mln olan layihə dəmir yolu trassının 500 kilometrlik Bakı - Böyük Kəsik (Gürcüstan sərhədi) hissəsində, ilk növbədə, 317 kilometrlik sahədə yolların yenidənqurulmasını, həmçinin hərəkət heyətinin yeniləşdirilməsini nəzərdə tutur. Vəsaitlərin bir hissəsini dövlət verəcək, əsas hissəsi isə Dünya Bankının (DB) payına düşəcək. DB ötən ilin dekabrında ADY-ə $450 mln məbləğində kredit ayırıb. Bu layihənin gerçəkləşdirilməsi əsas məqsədlərdən birinə - dəmir yolu heyətlərin hərəkət sürətini sərnişin daşımaları zamanı 100 km/saata, yük daşımaları zamanı isə 80 km/saata çatdırmağa imkan verəcək. 

 

Hədəfdə 17 mln ton yükdür 

BTQ layihəsinin iştirakçılarının əsas işlərindən biri də yeni dəhlizə yetərincə yük və sərnişin həcmi cəlb etməkdir. Bu məqsədlə Azərbaycan-Gürcüstan hökumətlərarası komissiyasının altıncı iclasında tərəflər nəqliyyat üzrə Əlaqələndirmə Şurası yaratmaq barədə razılığa gəliblər. Həmçinin, BTQ nəqliyyat dəhlizinin rəqabət qabiliyyətinin artırılması barədə  memorandum imzalanıb və bu marşruta əlavə yük axınının cəlb edilməsi üzrə işçi qrup yaradılıb. 

"Ümumi səylərimizlə yaradılan çağdaş Bakı-Tbilisi-Qars dəmir yolu magistralı yalnız Türkiyəni Cənubi Qafqazla birləşdirməklə kifayətlənməyəcək, həmçinin, Mərkəzi Asiya, Çin və Avropa, həmçinin Yaxın Şərq arasında körpü rolunu oynayacaq. BTQ dirçəldilən Böyük İpək yolunun çağdaş əsasına çevriləcək və bu yolu istismara açdıqdan bir il sonra, biz ildə milyondan çox sərnişin, altı milyon tondan çox yük daşınmasına ümid edirik. Və trafik həcmi ildən-ilə yalnız artacaq", - deyə Türkiyə nəqliyyat naziri B.Yıldırım bildirib. Onun sözlərinə görə, gələcəkdə bu göstərici 17 mln tona qədər arta bilər, o cümlədən, Çin hər il bu dəhlizlə ildə 10 mln ton yük daşınmasına artıq razılığını verib. 

BTQ dəhlizi ilə Avropa istiqamətində əsasən quru yüklər - qara və əlvan metallar, kömür, kükürd, pambıq və Orta Asiya ölklərindən başqa xammallar, yarımfabrikatlar, həmçinin konteyner yükləri - əsasən, Çindən istehlak malları daşınılması nəzərdə tutulur. Əks istiqamətdə isə Gürcüstan, Azərbaycan və daha sonra isə dənizlə Mərkəzi Asiya dövlətlərinin bazarları üçün Cənubi Avropa, Türkiyə və Yaxın Şərq ölkələri istehsalçılarının məhsulları (toxuculuq məhsulları və başqa xalq istehlak malları) gedə bilər. 

Əlbəttə ki, BTQ dəhlizini yükdaşıyıcıları üçün cəlbedici etmək məqsədi ilə Bakı, Tbilisi və Ankara daha effektiv nəqliyyat strategiyası gerçəkləşdirməli, infrastrukturu təkmilləşdirməli, xüsusilə də sərhəd keçidlərində onun buraxılış gücünü artırmalı, ən başlıcası, əlverişli keçid tarifləri razılaşdırmalı və tranzit qanunvericiliklərini uyğunlaşdırmalıdırlar. 

 

Naxçıvana dəmir yolu çıxışı 

Bakı-Tbilisi-Qars layihəsinin gerçəkləşdirilməsi ilə yanaşı, Azərbaycan Qars-İqdır-Naxçıvan dəmir yolu xəttinin tikilməsi planları üzərində də işləyir ki, onun da texniki layihəsi bu yaxınlarda baxılmaq üçün Nəqliyyat Nazirliyi  tərəfindən türkiyəli tərəfdaşlara təqdim edilib. Belə görünür ki, türkiyəli tərəfdaşlar bizim bu istiqamətdəki niyyətimizi dəstəkləyirlər və Türkiyənin nəqliyyat naziri Binali Yıldırımın sözlərinə görə, BTQ-nin işə salınmasının ardınca Naxçıvan Muxtar Respublikasını (NMR) polad relslərlə Türkiyə dəmir yolları ilə birləşdirmək üzrə işlərə başlanıla bilər. 

NMR-in dəmiryol xətlərinin Azərbaycanla və ya Türkiyə ilə birləşdirilmə ideyası hələ 90-cı illərin əvvəllərində gündəmə gəlmişdi. Qarabağ müharibəsinin başlanması ilə NMR anklavı dəhşətli blokada ilə üz-üzə qaldı - "böyük torpaq"dan gələn bütün avtomobil və dəmiryol çıxışları bağlandı. Həmin illərdə NMR-in dəmir yolu kommunkasiyasının blokadadan çıxarılmasının üç variantına baxılırdı. Həmin layihələrdən biri Culfada yerləşən sərhəd dəmir yolu ayırıcından istifadəni nəzərdə tuturdu - qatarlar oradan İran ərazisinə hərəkət edə bilərdi. 

Təbii ki, bunun üçün keçmiş SSRİ zamanında Araz çayı boyunca Zəngəzur ərazisindən, daha sonra indi işğal olunmuş Zəngilan, Cəbrayıl və Füzuli rayonları ərazisindən keçən dəmir yolu xəttinə paralel olan yeni 250 kilometrlik yolun çəkilməsi vacib idi. Bu xətt İran İslam Respublikasının NMR-lə  sərhəddə yerləşən  dəmiryol xətlərini  Beyləqan nəqliyyat qovşağı tərəfdə bizim ölkənin dəmir yolu xətləri ilə birləşdirə bilərdi. 

Ancaq qonşu İranın Azərbaycan sərhədləri yaxınlığında dəmir yolu şəbəkəsi yoxdur. Ən başlıcası isə dağ relyefində tikintinin texniki baxımdan çətinliyi, həmçinin, bu layihənin iqtisadi baxımdan rentabelli olmaması üzündən Tehran bu layihə ilə maraqlanmayıb. NMR-lə yük dövriyyəsinin kiçik olması bu cür bahalı yolun tikilməsi üçün yetərli deyil və İranın tranzit xərclərini ödəyə bilməzdi. 

Başqa variant isə daha cənubda yeni yolların çəkilməsi ilə sərhəddə yeləşən Astaraya çıxmağı nəzərdə tuturdu. Təbii ki, yeni əsrin əvvəllərində Moskva və Tehranın "Şimal-Cənub" transregional nəqliyyat layihəsi gerçəkləşdirmək planları hesabına bu variantın tərəfdarı çox idi. Layihə Rusiya, Azərbaycan və İran dəmir yollarının birləşdirilməsini nəzərdə tuturdu. Ancaq artıq doqquz ildir ki, o, müxtəlif razılaşdırma və müzakirə mərhələlərindən keçir, amma təəssüf ki, tikinti işlərinin nə vaxt başlanacağı bəlli deyil və bunu gözləməyə də heç bir əsas yoxdur. 

Görünür, elə buna görə də Azərbaycan hökuməti NMR-i nəqliyyat blokadasından çıxarmaq üçün Türkiyə istiqamətində dəmir yolu xətti çəkməyi nəzərdə tutan üçüncü varianta meyil edir. Bu ideya elə də yeni deyil, Naxçıvanı Türkiyənin İqdır vilayəti ilə birləşdirən yeganə nəqliyyat dəhlizi olan "Sədərək" avtomobil körpüsünün tikintisi zamanı onun gerçəkləşdirilməsi məsələsinə dəfələrlə baxılıb. Amma burada da Culfadakı kimi texniki çətinliklər ortaya çıxır. Türkiyənin şimal-şərqində dəmir yolu xəttinin son nöqtəsi Qars şəhəridir və onu NMR-lə birləşdirmək üçün çətin dağlıq relyefi olan İqdır vilayətindən 300 kilometrdən çox dəmir yolu çəkilməli idi. 

Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin tikintisinə başlanılması ilə bu məsələ bir xeyli yüngülləşib. Türkiyə ərazisində Qarsdan Gürcüstan sərhədinə qədər 76 kilometr uzunluğunda dəmir yolu xətti çəkilir və ondan bir qolun Naxçıvan istiqamətinə ayrılması nəzərdə tutulur. Naxçıvanın özündə isə Sədərək rayonu ərazisində cəmi 7 kilometrlik dəmir yolu xətti çəkmək vacibdir. 

Azərbaycanın dəmiryol mütəxəssisləri artıq Qars-İqdır-Naxçıvan xəttinin ilkin hesabatını işləyiblər və bu yaxınlarda o, baxılmaq üçün Türkiyə tərəfə təqdim edilib.  "Hazırda Türkiyə tərəfi texniki iqtisadi əsaslandırmanın (TİƏ) hazırlanması üçün öz sahəsini öyrənir", - deyə nəqliyyat nazirinin müavini Musa Pənahov bildirir. Yeni beynəlxalq tranzit layihəsinin gerçəkləşdirilməsi ilə Naxçıvan blokadadan çıxacaq və müəyyən müddət sonra bölgənin ən iri nəqliyyat qovşaqlarından birinə çevriləcək. 


MƏSLƏHƏT GÖR:

378