25 Noyabr 2024

Bazar ertəsi, 23:46

MƏHSUL SIĞORTA EDİLƏNDƏ

Təbii fəlakətlər Azərbaycanda kənd təsərrüfatının sığortasının aktuallığını yüksəldib

Müəllif:

15.08.2010

Daşqınlar, sürüşmələr, quraqlıq, yanğınlar... Bu il baş vermiş təbii fəlakətlər Azərbacanın kənd təsərrüfatına böyük zərbə vurub. Amma kəndlilərin əmlakının böyük hissəsi sığorta edilmədiyindən, onlar dövlət büdcəsindən ayırlan yardımlar hesabına öz itkilərinin kiçik bir hissəsini geri qaytara bilər. 

Hazırda ölkənin fermer təsərrüftları öz əmlaklarının sığortalanmasına lazımi diqqəti ayırmırlar. Özü də Azərbaycanda kənd təsərrüfatı riskləri sığortalanan zaman sığorta polisinin 50 faizi dövlət büdcəsi vəsaitləri hesabına ödənir. Kənd təsərrüfatı sığortasının orta tarifi hektar üzrə ildə 1500 manatdır, bir hektar torpaqdan isə orta gəlir ildə 25 min manat təşkil edir, yəni hektar üzrə 5%-dən tutulur. 

Buğda, arpa, qarğıdalı, kartof, şəkər çuğunduru, göyərti istisna olmaqla, tərəvəz becərilməsi ilə bağlı olan bütün risklər büdcə vəsaitləri hesabına sığorta edilir.  Maliyyə Nazirliyinin qiymətləndirməsinə görə, öz risklərini bu cür sığorta etdirmək imkanının olması fermerlərə kənd təsərrüfatı məhsullarını artırmağa, onların istehsalının rentabelliyini təmin etməyə imkan verir. 

 

Dövlət ASK-yə dəstəyi gücləndirə bilər

2006-2009-cu illərin dövlət büdcəsində bu məqsədlə 1,872 milyon manat ayrılması nəzərdə tutulsa da, bu müddət ərzində sığorta şirkətlərinə cəmi 57,8 min manat köçürülüb ki, bu da nəzərdə tutulan vəsaitlərin 3,1%-dir. Bunun əsas səbəbi fermerlərin öz risklərini sığortalamaq üçün büdcə yardımını almaq barədə müraciətlərinin az sayda olmasıdır. 

Risk səviyyəsinin yüksək olması üzündən sığorta şirkətləri də bu sığorta növünə xüsusi diqqət yönəltmirlər. Buna görə də Azərbaycanın Dövlət Sığorta Nəzarəti Xidməti kənd təsərrüfatında sığorta mexanizminin təkmilləşdirilməsi üzrə təkliflər üzərində işləyir. Maliyyə Nazirliyi yanında  Dövlət Sığorta Nəzarəti Xidmətinin müdiri Namiq Xəlilovun fikrincə, yeni mexanizmin işlənməsinin aktuallığı bu il baş vermiş təbii fəlakətlərlə də bağlı artıb. 

Qeyd edək ki, "AzerSigorta" QSC kənd təsərrüfatı sığortası üçün əlavə vəsaitlərin verilməsi haqqında təkliflərini artıq hökumətə təqdim edib. Şirkətin təkliflərində kənd təsərrüfatı sahəsində sığorta sazişinin indiki kimi 50 faizlik yox, 100 faizlik örtülməsi nəzərdə tutulur.  Sığorta şirkətləri dövlət zəmanətinin artırılmasının vacibliyini onunla əsaslandırırlar ki, fermerlərin çoxu öz təsərrüfatlarını sığortalamamalarını bu məqsəd üçün əlavə vəsaitlərinin olmaması ilə izah edirlər. 

2007-ci ilin yayında Azərbaycanda kənd təsərrüfatının inkişafına yardım qanununa edilmiş düzəlişlərə görə, aqrar sığorta mükafatlarında dövlət  maliyyələşməsinin payı 25 faizdən 50 faizə qədər artırılıb. 

Qeyd etmək lazımdır ki, kənd təsərrüfatında risklərin böyük olması üzündən banklar da bu sahəni həvəslə kreditləşdirmirlər. Əgər 2009-cu ilin ilk beş ayı ərzində bankların ümumi kredit portfelində kənd təsərrüfatı kreditlərinin payı 5,6 təşkil edibsə, 2010-cu ilin uyğun dövründə bu göstərici 4,5 faizə düşüb. Doğrudur, toplam ifadədə aqrar-sənaye kompleksi (ASK) sektorunun kreditləşdirmə həcminin 11,9 faiz artması müşahidə edilir. 

Bundan başqa, dövlət kənd təsərrüfatını Kənd Təsərrüfatı Nazirliyi (KTN) yanında adı çəkilən sahənin Kreditləşdirilməsi üzrə Dövlət Agentliyinin (KTKDA) vasitəsi ilə dəstəkləyir və 2007-ci ildən başlayaraq fermerlərin güzəştli kreditləşdirilməsi üçün vəsaitlər dövlət büdcəsindən agentliyə köçürülür. 

Gözlənilir ki, Azərbaycan hökuməti gələcəkdə fermerlərə subsidiyalar verilməsini güzəştli kreditləşdirmə ilə əvəz edəcək. Hazırda iqtisadi baxımdan inkişaf etmiş ölkələr ASK sektoruna yardımı subsidiyalar şəklində edirlər. Məsələn, Avropa Birliyi (AB) ölkələrində aqrar bölmənin subsidiyalaşdırma həcmi ildə 50 mlrd avroya qədər qalxa bilir. Azərbacanda keçid dövrünün başa çatması ilə yaranmış yeni iqtisadi şəraitdə həm ASK-də, həm də bütün iqtisadiyyatda keyfiyyət dəyişmələri baş verməlidir. Bu zaman aqrar bölmədə bu, məhsuldarlığın artırılması, çağdaş texnologiyaların tətbiqi ilə müşayiət olunmalıdır ki, bu da həmçinin əlavə maliyyə vəsaitləri tələb edir. 

Azərbaycanın aqrar sənaye kompleksinə (ASK) dövlət dəstəyi 2010-cu ildə 700 milyon aqro səviyyəsində planlaşdırılıb. Bu xərclərə dövlətin ölkənin aqrar sektorunun həm birbaşa, həm də dolayı yolla  maliyyələşdirilməsi daxildir. 

Bununla yanaşı, "Agrolizing" ASC üçün dövlət büdcəsindən 35 milyon manat,  KTN yanında KTKDA üçün  10 milyon manat ayrılıb. Bu il Sahibkarlığa Kömək üzrə Milli Fond (SKMF) üçün ayrılmış 44 milyon manatın 48 faizi kənd təsərrüfatı məhsullarının istehsalı və emalı üçün nəzərdə tutulub. 

Aparılmış tədqiqatlara görə, suvarma üçün istifadə edilən suyun min kubmetrinin qiyməti 18,8 manat təşkil edir, ancaq hazırda o, Azərbaycanın kənd təsərrüfatı istehsalçılarına 0,5 manatdan, yəni 37 dəfə ucuz satılır. Bu isə dövlət tərəfindən hər hektar əkin sahəsinə dövlət tərəfindən 80 manat birbaşa subsidiya ayrılması deməkdir. 2010-cu ildə ölkənin aqrar bölməsinin birbaşa subsidiyalaşdırılması 115 milyon manat səviyyəsində gözlənir, vergi güzəştlərinin verilməsi ilə bu bölmənin 149 milyon manat səviyyəsində dolayı subsidiyalaşdırılması gerçəkləşdiriləcək. 

 

Sığorta və zəmanət fondu                                   

Kənd əhalisinin büdcə vəsaitlərindən kənar maliyyə qaynaqlarına çıxışının yaxşılaşdırılması üçün Azərbaycan Mikromaliyyəşdərimə Assosiasiyası (AMFA) kənd təsərrüfatı sahəsində kreditlərin sığortası və zəmanəti fondu yaratmağı təklif edir. Təklif müəlliflərinin fikrincə, bu fond bir tərəfdən ASK sahəsində risklərin sığortası ilə məş-ğul olar, digər tərəfdən isə aqrar bölmənin kreditləşdirilməsi zamanı zaminə çevrilə bilər. Assosiasiya öz təkliflərini hökumətin baxışına vermək niyyətindədir. Çünki onun fikrincə, dövlət belə fondun yaradılmasına və işlədilməsinə fəal qatılmalıdır. 

Fond öz fəaliyyətinin prioritet istiqamətlərini müəyyənləşdirə bilər ; sığorta və zəmanət üçün maksimum həddi müəyyən edər; sığorta ödənişinin gerçəkləşdirilməsi üçün konkret halları müəyyənləşdirər; sığorta və zəmanətdən ötrü qiymətləndirmə meyarlarını təyin edər. 

Assosiasiyanın araşdırma qrupunun rəhbəri Vaqif Rüstəmovun sözlərinə görə, hazırda ASK sektorunda risklərin sığortası sahəsində müəyyən problemlər var. O cümlədən, bu, ASK sahəsində risklərin sığortası obyektlərinin  sayının məhdud olması, həmçinin əsasən təbii fəlakətlərlə bağlı olan sığorta ödənişləri üçün şərtlərin məhdudlaşdırılması ilə bağlıdır. Rüstəmovun sözlərinə görə,  fondun yaradılması üçün ayırca qanun qəbul edilməsinə ehtiyac yoxdur, çünki Azərbaycanda 1999-cu ildən bu yana "Kiçik sahibkarlığa dövlət dəstəyi haqqında" qanun qüvvədədir və qanunda lazımi maddə var. 

Assosiasiya mütəxəssislərinin fikrincə, Azərbaycanda kənd təsərrüfatı sığortası sisteminin təkmilləşdirilməsi üçün kənd təsərrüfatı sahəsində kreditlərin sığortası və zəmanəti fondu ilə yanaşı aşağıdakıları da etmək məqsədə uyğundur: aqrar profilli iri sığorta şirkəti və aqrar profilli regional şirkətlər şəbəkəsinin yaradılması; əsas istehsal fondlarının itkisi ilə bağlı zərərlərin ödənilməsi; məhsul itkisinin sığorta ödənişləri ilə  kompensasiyası; tarif siyasətinin təkmilləşdirilməsi (tariflərin differensasiyası, onları risklərin ölçüsü ilə uyğun səviyyəyə gətirilməsi); sığorta rezervlərinin formalaşdırılması və istifadə edilməsi vacibdir.

Kənd təsərrüfatı kreditlərinin sığortasının daha effektiv mexanizminin işlənməsi üçün mütəxəssislər yeni alətlərin tətbiq edilməsini təklif edirlər. Bunların sırasında bədbəxt hadisələrdən zəmanət üçün istiqrazları, əlverişsiz hava şəraiti indeksinə əsaslanan sığorta sazişlərini, ərazi məhsulu indeksi üzrə sığorta sazişlərini göstərmək olar. Təklif olunanlar  sırasında texnoloji innovasiyalar, məsələn, peyk sistem ilə havanın proqnozlaşdırılması, kosmiki təsvirlər, erkən xəbərdarlıq sistemi də var. Həmçinin özəl sığorta şirkətlərinin də stimullaşdırılması təklif edilir. Bunun üçün sığorta mükafatlarının və  ödənişlərinin verilməsi zamanı onlara güzəştin tətbiq edilməsi, inzibati xərclər üçün subsidiyaların təqdim olunması, subsidiyaların təkrar sığortası nəzərdə tutulur. 

Yeni mexanizmin tətbiqi risk amillərini nəzərə almağı da təklif edir. Bu amillər təbii (hava şəraiti), sanitar (xəstəlik və epidemiya), bazar (yerli və beynəlxalq bazarda qiymət fərqi, keyfiyyət standartlarında dəyişkliklər), siyasi, iqtisadi sosial (müharibə, maliyyə böhranı, institusional mexanizmlərinin zəifləməsi) kimi növlərə ayrılır. 

 

Məhsulsuz il 

Bununla belə, son hesablamalara görə, Kür və Arazdakı daşqınlar 60,107 min hektar kənd təsərrüfatı əkinini, o cümlədən 26,255 min ha taxıl sahəsini məhv edib. Məhz buna görə də, KTN-in bitkiçilik məhsullarının istehsalı və emalı üzərində nəzarət şöbəsinin rəisi Sabir Vəliyevin sözlərinə görə, Azrbaycanda təxminən 2 milyon ton taxıl yığılacaq ki, bunun təxminən 1,3 mln. tonu ərzaq buğdasının payına düşəcək.  Ölkənin ərzaq buğdasına ehtiyacı isə 1,5 mln. tondur. "Uyğun olaraq çatışmayan həcmlərin idxalı, xüsusilə də Qazaxıstandan idxalı nəzərdə tutulur", - deyə Vəliyev bildirir.

Onun sözlərinə görə, Azərbaycanda taxıl ehtiyatı yetərincədir - 2010-cu ilin əvvəlindən Azərbaycana 520 min ton taxıl gətirilib, bunun  15%-i Rusiyadan, qalanı isə Qazaxıstandan gətirilib. Ancaq bu gün taxılın bahalaşması riski var, çünki Rusiya hökuməti bu il avqustun 15-dən dekabrın 31-nə kimi quraqlıqla və məhsul itkisi ilə bağlı ölkədən kənara taxıl çıxarılmasına embarqo qoyub. Rəsmi məlumatlara görə, Rusiyada taxıl məhsulu 30% azala bilər və proqnozlara görə, RF bu il 75 mln. ton taxıl yığacaq. Dünya taxıl birjaları Rusiya hökumətinin qərarına dərhal reaksiya verdilər və taxılın qiymətləri kəskin artdı.  

Son altı-yeddi həftə ərzində Avropa Birliyi ölkələrində buğdanın qiyməti demək olar ki, iki dəfə artdı və bu, Rusiya hakimiyyyətinin taxıl ixracına müvəqqəti qadağa qoyması ilə izah edilirdi. Halbuki, birjalarda taxılın qiymətinin qalxmasını əsaslı saymaq olmaz, çünki Rusya taxıl bitkilərinin aparıcı ixracatçısı sayılmır. 

Keçən həftə isə Beynəlxalq Taxıl Şurası (BTŞ)  bildirib ki, ABŞ və Avstraliya Rusiyadan gələn məhsulun azalmasını kompensasiya etmək məqsədi ilə buğda ixracını artırmaq niyyətindədir. BTŞ-nin proqnozuna görə, bu il dünya üzrə taxıl istehsalı 686 mln tondan 651 mln tona düşəcək və istehlak isə 655 mln ton təşkil edəcək. Beləliklə, bazar keçid ehtiyatlara ümid etməli olacaq, bundan qabaqkı iki məhsuldar ilin hesabına bu ehtiyatlar yetərincə böyükdür (192 mln tondur). Ekspertlərin hesablamasına görə, dünya bazarında taxıl ehtiyatları onun qiymətinin birjalarda rekord yüksək səviyyəyə çatdığı 2007-ci il göstəricisindən 50% çoxdur. 

Bununla yanaşı, yaranmış durumla bağlı olaraq ixracatçı ölkələr xaricə mal göndərilməsini azaldırlar. Daxili bazarda taxılın qiymətinin artmasının qarşısını almaq üçün Azərbaycan Kənd Təsərrüfatı Nazirliyi (KTN) taxıl idxalından əlavə dəyər verigisinin (ƏDV) götürülməsi ilə bağlı hökumətə müraciət edb. 2010-cu ilin əvvəlindən Azərbaycanda taxıl idxalına ƏDV tətbiq edilir ki, bir ton taxılın qiyməti 480 dollar olduqda ondan 18%, yəni ölkəyə gətirilən taxılın hər tonu üçün 86,4 dollar ƏDV tutulacaq. 

Azərbaycana taxıl idxalı isə əsasən Qazaxıstandan gerçəkləşdirilir, Rusiya təchizatçıları ilə də artıq sazişlər bağlanıb və KTN təmsilçisi hesab edir ki, RF-in ixraca məhdudiyyətinə məhəl qoyulmayaraq həmin taxıl gətiriləcək, çünki pulu artıq ödənilib. 


MƏSLƏHƏT GÖR:

427