5 Dekabr 2025

Cümə, 23:10

BAĞDADDA SAKİTLİK OLACAQMI?

ABŞ İraqdakı "hərbi missiya"sını başa çatdırır

Müəllif:

15.08.2010

İraq dünyanın ən gərgin nöqtələrindən biri olaraq qalır. ABŞ prezidenti Barak Obama müharibədə əlil olmuş amerikalı veteranlar qarşısında Atlantda etdiyi çıxışını artıq 7 ildir müharibə şəraitində yaşayan bu ölkədəki hazırkı duruma həsr edib. O bildirib ki, bundan sonra İraq kampaniyasında prioritet hərbi yox, humanitar sahəyə aid olacaq.

Obama bildirib ki, Ağ ev əvvəlki plana uyğun olaraq, bu il avqustun sonlarında Amerika ordusunun hərbi birləşmələrini İraqdan çıxarmağa başlayacaq. Bununla da, İraqdakı hərbi əməliyyatlara son qoyulacaq. Beləliklə, prezident seçkiqabağı kampaniyası zamanı İraq siyasətinə dair verdiyi vədlərə əməl etmək niyyətində olduğunu bir daha nümayiş etdirib.

Xatırladaq ki, Obama 2008-ci ildə seçki kampaniyasını məhz İraq müharibəsinin başa çatdırılması və Amerika qoşunlarının bu ölkədən çıxarılması şüarı üzərində qurmuşdu. 

Sonradan artıq prezident statusu daşıyan Obama İraq rəhbərliyi ilə ABŞ hərbçilərinin bu ölkədə 2011-ci ilin sonunadək tam çıxarılmasını nəzərdə tutan razılaşmanın imzalanması təşəbbüsünü irəli sürmüşdü. 2009-cu il fevralın 27-də Kemp Lejen bazasında dəniz piyadaları qarşısındakı çıxışı zamanı o, vədini bir daha təsdiq etmiş, amerikalı hərbçilərin İraqdakı bilavasitə hərbi əməliyyatlarının 2010-cu ilin sonlarında başa çatdırılacağını bildirmişdi.

Obamanın prezidentliyə başladığı vaxt İraqda 144 000 ABŞ hərbçisi var idi. Ağ evin planına əsasən, 2010-cu il avqustun sonlarına orada 50 000 amerikalı hərbçi qalmalıdır. Onlar İraq təhlükəsizlik qüvvələrinə təlimlərin keçilməsi, yerli orduya kömək, antiterror əməliyyatları, həmçinin amerikalı diplomatların təhlükəsizliyinin təmini ilə məşğul olacaqlar.

ABŞ prezidenti qərarını "çətin məsələ" kimi xarakterizə edib və deyib: "Əvvəlkitək, indi də bombalar və güllələrlə silahlanaraq İraqın inkişafının qarşısını almağa çalışan qüvvələr var. Etiraf etməyə məcburuq ki, Amerikanın İraqdakı qurbanlarının sonu hələ ki, görünmür. Amma bir şey dəqiqdir: bundan sonra hərbi əməliyyatlar yerini dinc diplomatik səylərə verəcək".

Amerikanın qoşunlarını İraqdan çıxarmağa hazırlaşması fonunda bu ölkədə təhlükəsizlik sahəsində vəziyyət sürətlə pisləşir. Az qala, hər gün kamikadzelər terror aktları törədir, koalisiya qüvvələri və İraqın hüquq-mühafizə orqanları təmsilçilərinə hücumlar olur, günahsız insanlar ölür.

Bundan başqa, İraqda ciddi daxili böhran da hökm sürür. Martın 7-də keçirilmiş parlament seçkisindən sonra, hələ də yeni hökumətin formalaşdırılması mümkün olmayıb. Səbəb ölkənin əsas siyasi qüvvələri arasında razılığa gəlinə bilməməsidir. Beynəlxalq ictimaiyyətin Amerika kontingentinin İraqı tərk etməsindən sonra ölkədə vəziyyətin necə olacağına dair narahatlığı da bu məqamla bağlıdır. BMT Təhlükəsizlik Şurasının İraqın siyasi qüvvələrini yeni hökuməti mümkün qədər tez formalaşdırmağa çağırması da təsadüf deyil. BMT-nin xüsusi nümayəndəsi Ed Melkertin qiymətləndirməsinə görə isə İraq "kritik nöqtə"yə qədəm qoyub, bundan sonrakı ləngimələr ölkədə demokratiyanın qurulmasına qarşı olan şəxslərin xeyrinə işləyə bilər.

Dünyanın bir sıra nüfuzlu KİV-i də İraq və onun gələcəyi haqda nikbin fikirdə deyil. Məsələn, İspaniyanın "El Pais" qəzeti yazır: "Obamanın İraq küçələrində zorakılıq hallarının  minimuma endiyi haqda iddiaları elə İraq hökuməti tərəfindən də təkzib edilir. Bağdadın hazırladığı hesabatda bildirilir ki, iyulda dinc sakinlər və hərbçilər arasında ölənlərin sayı özünün son 2 ildəki ən pik həddinə çatıb: 535 ölüdən 396-sı dinc sakindir". Bu faktı əsas götürən qəzet yazır ki, Amerikanın "hərbi əməliyyatlarda iştirakdan imtina qərarı İraq üçün ciddi siyasi və institusional  qeyri-müəyyənlik dövründə verilib".

Buna rəğmən, aydındır ki, Obama İraqdakı ABŞ hərbçilərinin buradan çıxarılmasına dair qərar qəbul edərkən, Birləşmiş Ştatların siyasi elitasının İraq kampaniyasının iflasa uğradığı qənaətində olduğunu qəbul edirdi.

Vaşinqton tam qələbə qazana, xüsusilə də Bağdadın Qərbin inkişaf modelini qəbul etməsinə nail ola bilməyib. Dini və etnik qarşıdurmaların yaşandığı İraqda hər an gözlənilməz hadisələr baş verə bilər və bu da ABŞ-ın strateji maraqlarının olduğu məkanlardan sayılan Yaxın Şərq üçün təhlükə yaradır. Bu baxımdan, Obamanın dilə gətirdiyi "prioritetlərin dəyişməsi" fikrinə İraqa nəzarətdə sülh mexanizminə keçilməsinin vacib və qaçılmaz olması kimi yanaşmaq lazımdır. Yəni, indi Vaşinqton üçün ən vacibi müharibədən sonrakı İraqda iqtisadi mövcudluğa, onun enerji resurslarına nəzarətə xüsusi hərbi gərginliksiz nail olmaqdır. Enerji məsələsi xüsusilə aktualdır. Çünki artıq İraqın nəhəng neft yataqlarının işlənməsinə dair onlarla 20 illik müqavilələr imzalanıb. İraqda neft hasilatının artırılması ilə Birləşmiş Ştatlar "qara qızıl"ın dünya bazarındakı qiymətinin aşağı salınmasına, OPEK təşkilatının dünyanın iqtisadi konyukturasına artan təzyiqinin azaldılmasına nail ola bilər.

Amma Birləşmiş Ştatların İraqın "özəlləşdirilməsi" siyasətindən danışanlar daha bir iqtisadi faktoru da əsas gətirirlər. Britaniyanın The Guardian qəzetinin yazdığın görə, hazırda İraqdakı işğalçı qüvvələrə 100 mindən artıq podratçı işləyir ki, onlardan da 11 mindən çoxu "üçüncü ölkələr"dən olan silahlı muzdlulalardır. İndi Ağ Ev qarşısına belələrinin sayını artırmaq məqsədini qoyub. Məsələn, yalnız Dövlət Departamentində işləyən podratçıların sayının 2700-dən 7000-ə qaldırılması planlaşdırılır. Onların İraqın 5 müxtəlif rayonundakı "daimi postlar"da yerləşdirilməsi nəzərdə tutulub. Bununla da həmin postlar keçmiş "Səddam ölkəsi"ndə iqtisadi və maddi nəzarət mərkəzlərinə çevriləcək.

İraqlılar isə artıq bitib-tükənmək bilməyən müharibədən və əhalinin ayrı-ayrı qrupları arasındakı toqquşmalardan  beziblər. İraq torpağında 8 ildir davam edən müharibədə yüz minlərlə insan həlak olub, 4 milyon qaçqın düşüb. İşğal şəraitində 10 minlərlə insan hələ də zorakılığa məruz qalır, məhkəmə hökmü olmadan həbsxanada yatır, səhiyyə və təhsil tənəzzül yaşayır. Bununla yanaşı, İraq xalqı ölkələrinin xarici işğalına son qoyulduqdan sonra orada nələrin baş verəcəyini həyəcanla gözləyir. Hətta vaxtilə Səddam Hüseynin yaxın silahdaşlarından olmuş Tarik Əziz də ABŞ hərbçilərinin İraqı tərk etməsinin təhlükəsindən danışıb. 7 il əvvəl amerikalıların Bağdadı ələ keçirməsindən sonra həbsxanaya göndərilmiş Əziz o vaxtdan bəri verdiyi ilk müsahibəsində məhz bu məsələyə toxunub. İraq hökuməti başçısının sabiq müavini Britaniyanın "The Guardian" qəzetinə müsahibəsində bildiirb ki, Obamanın tezliklə İraqdan Amerika hərbçilərini çıxarmaq qərarı "ölkənin canavarların ağzına atılacağı" deməkdir. Tarik Əziz İraqın hazırda ABŞ-ın işğalından əvvəlki dövrlə müqayisədə daha pis durumda olduğunu da söyləyib: "Ölkədə zorakılıq, aclıq və xəstəlik baş alıb gedir".

Şübhəsiz ki, Əziz "canavarlar" deyərkən ən müxtəlif cəbhələri təmsil edən radikal islamçıları nəzərdə tutur.

Bununla yanaşı, müstəqil İraqın gələcəyinə təhlükə yaradacaq daha bir faktor da var. Düşünmək olar ki, ABŞ-ın İraqı tərk etməsilə İran daha fəal mövqe nümayiş etdirməyə başlayacaq.

Amerika hərbçilərinin İraqdan çıxarılması qonşu dövlətlərdə də böyük narahatlıq yaradır. Bu, xüsusilə həmin ölkədə İranpərəst qüvvələrin hakimiyyətə gələ biləcəyindən narahat olan İsrail və Səudiyyə Ərəbistanına aiddir. Hər halda, Tehran artıq indidən İraqın əsas ticarət tərəfdaşıdır və şübhəsiz ki, gələcəkdə bu ölkədəki mövqelərini daha da gücləndirməyə çalışacaq.

Bununla yanaşı, İraq böhranının həlli istiqamətində Obamanın ifadə etdiyi perspektiv Amerika administrasiyası üçün heç də az başağrısı sayılmayan digər məsələni ikinci plana atmayıb. Söhbət Əfqanıstandakı vəziyyətdən gedir. Obamanın da xatırlatdığı kimi, burada da "ABŞ tarixinin ən uzun hərbi münaqişəsi davam edir".

Son zamanlar Əfqanıstan kampaniyası koalisiya qüvvələri üçün kritik xarakter alıb. Amerikanın buradakı baş komandanı general Stenli Makkristalın digər general Devid Petreusla əvəzlənməsi də bunun göstəricisidir. Xatırladaq ki, ABŞ-ın sabiq prezidenti Corc Buş İraqdakı hərbi əməliyyatların təşkilini məhz Petreusa tapşırmışdı.

Bununla yanaşı, Obamanın bildirdiyi kimi, Birləşmiş Ştatlar Əfqanıstanda terrora qalib gəlmək niyyətindən imtina etməyəcək. Ağ ev sahibi bu istiqamətdə işlərin "uzunmüddətli və ağır olacağını" da etiraf edib.

Bu yerdə Barak Obamanın prezidentliyə bu perspektivi dəqiq şəkildə göstərməklə başladığını xatırlatmaq yerinə düşər: İraqdan qoşunların çıxarılması "Əl-Qaidə" beynəlxalq terror şəbəkəsinin Əfqanıstan-Pakistan coğrafi zonasında yerləşən əsas bazası ilə mübarizənin gücləndirilməsinə imkan verməlidir. Bu bazaya hücum strategiyası artıq özünün ilk nəticələrini verməkdədir. Son zamanlar "Əl-Qaidə"nin Pakistandakı mövqelərinə ciddi zərbələr endirilib. Amma Əfqanıstandakı Amerika və digər ölkədən olan hərbçilərin durumu demək olar ki, hər keçən gün daha da pisləşir. Fransanın "Le Monde" qəzeti tam haqlı olaraq hesab edir ki, "əcnəbilərin mövcudluğu müqavimətçiləri maqnit kimi özünə çəkir, 3 onillikdir müharibədən əziyyət çəkən əhali arasında taliblərin partizan müharibəsinə haqq qazandırılır". 

Bu səbəbdən də Ağ ev üçün İraq missiyasının tezliklə başa vurulması ən vacib məqamlardan biridir. Vaşinqton məhz bundan sonra fövqəldövlətlərin bütün enerjisini, Amerikanın artıq 10 ilə yaxındır ilişib qaldığı Əfqanıstana yönəltməyi planlaşdırır. Amma Vaşinqtonun siyasətindəki strateji dəyişiklik hələ ki həyati əhəmiyyət daşıyan bir suala cavab verməyəcək: 2011-ci ilin sonunda - Amerikanın ən son hərbçisi İraqı tərk edən zaman Bağdadda sakitlik və sabitlik yaranacaqmı? 



MƏSLƏHƏT GÖR:

562