ƏLVERİŞLİ FÜRSƏT SORAĞINDA
Yeni zorakılıq dalğası Ərəb-İsrail münaqişəsinin həllinə olan ümidləri yenidən "dəfn edə" bilər
Müəllif: Eldar PAŞAYEV Bakı
Yaxın Şərqdə gərginlik, demək olar ki, təhlükəli həddə çatıb. Vəziyyət hər an nəzarətdən çıxa bilər. Məsələn, "Time" qəzetinin yazdığına görə, nüfuzlu "International Crisis Group" təşkilatının analitikləri hesab edir ki, "Yaxın Şərqdəki siyasi proseslərin bütün iştirakçıları arasında tamhüquqlu dialoqun yoxluğu yeni silahlı münaqişəyə aparıb çıxara bilər. Bu halda o, daha miqyaslı və dağıdıcı olacaq, nə dinc sakinlərə, nə də mülki obyektlərə rəhm etməyəcək".
Aydındır ki, regionun əsas problemi Fələstin-İsrail münaqşəsi olaraq qalır. Hazırda Yaxın Şərqin bir sıra dövlətləri, həmçinin, Qərb ölkələri və xüsusilə ABŞ bu problemin həllini sürətləndirməyə çalışır. Bəzi bəyanatlara əsasən, guya fələstinlilərlə israillilər arasında birbaşa danışıqlar artıq avqustun ortalarında başlana bilər.
Əksər xarici KİV yazır ki, ABŞ prezidenti Barak Obama Fələstin Muxtariyyatının rəhbəri Mahmud Abbasdan İsraillə birbaşa danışıqlara başlanmasını tələb edib. Bununla yanaşı, Ağ ev sahibi açıq şəkildə bildirib ki, muxtariyyatın bundan imtinası mənfi nəticələrə, həmçinin, ABŞ-ın ona yardımının dayandırılmasına gətirib çıxara bilər.
ABŞ Dövlət Departamentinin rəsmisi Filipp Krouli də bildirib ki, Fələstin birbaşa danışıqlardan yayınarsa, öz şansını itirə bilər.
"Birbaşa dialoq olmadan bu münaqişəyə son qoyulmayacaq, sülh razılaşması imzalanmayacaq, Fələstin dövlətinin yaradılması isə heç cür mümkün olmayacaq. Bu, faktdır. Biz tərəflərin bir-birinin nə istədiyini anlaması üçün əlimizdən gələni etmişik. Qəti şəkildə əminik ki, birbaşa danışıqların başlanması üçün lazımi an yetişib. Hər iki tərəf üçün bizim əsas arqumentimiz budur", - deyə Krouli qeyd edib. O, hesab edir ki, şübhələr içərisində nə qədər vaxt itirilərsə, regionda danışıqlara mane olmağa çalışan radikal qüvvələrin əlinə o qədər çox "kozır"lar düşəcək.
Birbaşa danışıqların başlanmasını, həmçinin, 2002-ci ildə irəli sürülmüş və İsraillə barışığı nəzərdə tutan sülh təşəbbüsünün reallaşdırılmasını Ərəb Dövlətləri Liqası da dəstəkləyib. Danışıqlara başlanılması ideyası Avropa İttifaqı və Rusiya tərəfindən də dəstəklənir.
Fələstin isə birbaşa dialoqa başlaması üçün 3 şərt irəli sürür: 1967-ci ildə mövcud olmuş sərhədlərin bərpası (yəni, 1967-ci ildə mövcud olmuş sərhədlər çərçivəsində müstəqil Fələstin dövlətinin yaradılması), ərazi mübadiləsinə razılıq, nəhayət, Qüdsdə və İordan çayının qərb sahilində yaşayış məntəqələrinin tikintisinin dayandırılması. Müxtəlif mənbələr buraya Qəzza zolağının blokadasının aradan qaldırılmasını da əlavə edir.
Aydındır ki, İsrailin bütün bu tələbləri qəbul edəcəyi inandırıcı deyil. Bununla yanaşı, maraqlıdır ki, sanki danışıqlara başlamağa razılıq vermiş Fələstin lideri Mahmud Abbasla İsrailin baş naziri Benyamin Netanyahu daxili qüvvələrdən çəkinir. Həmin qüvvələrsə liderlərin qarşı tərəfə güzəştə getdiyini düşünür. Əksər analitiklər əmindir ki, Abbas bu danışıqlara getməklə tərəfdarlarının əksəriyyətini itirmək riski ilə qarşılaşacaq, Netanyahu isə hakim koalisiyada parçalanma ilə rastlaşa bilər. Məsələ ondadır ki, birbaşa danışıqların bərpasına hazırlıq vasitəçilərlərə aparılan müzakirələrin təşkilinin çətin olduğu dövrə təsadüf edir. Sülh prosesində isə uzun müddətdir ki, heç bir irəliləyiş yoxdur. Digər tərəfdən, daha əlverişli şəraiti onilliklərlə gözləmək olar. Belə anın gələcəyinə ümid isə demək olar ki, yoxdur.
Bütün bunlarla yanaşı, vasitəçilər istənilən formatda ərəb-İsrail danışıqlarından bəhs edən zaman Mahmud Abbasın Fələstinin yalnız bir hissəsinə nəzarət etdiyini unudurlar. Faktik olaraq, hazırda yalnız İordan çayının qərb sahili Abbasın nəzarətindədir. Qəzza zolağı isə ərəblərin sülh təşəbbüsünü və ümumiyyətlə, İsrail dövlətini qəbul etməyən HƏMAS-ın nəzarətindədir. Bu hərəkat İsraillə istənilən danışıqları rədd edir.
Xatırladaq ki, Abbasın rəhbərlik etdiyi FƏTH-lə HƏMAS-ın mövqeləri 2007-ci ildə tam ayrılıb. Buna səbəb HƏMAS fəallarının FƏTH-in Qəzzadakı yerli şöbəsini darmadağın edərək, Qəzzaya nəzarəti ələ keçirməsi olub. Bunadək də iki Fələstindaxili qruplaşma arasında barışığa edilmiş bütün cəhdlər iflasa uğramışdı.
İndi HƏMAS bildirir ki, Abbas və ƏDL İsrail və ABŞ-ın "təzyiqləri altında təslim olub". Qruplaşma üzvləri bunun ərəb dünyası və Fələstin xalqı üçün mənfi nəticələr verəcəyini düşünür.
Bunların fonunda Kroulinin regionda sülh danışıqlarını pozmağa cəhd edən qüvvələr haqda fikri ilə razılaşmamaq mümkün deyil. Hər halda, bu problem indiyədək özünü dəfələrlə göstərib. Hər dəfə tərəflərin mövqelərin yaxınlaşmasına olan ümidləri zorakılıq nəticəsində "dəfn olunub".
Son zamanlarda İsraillə Qəzza zolağı qarşılıqlı şəkildə bir-birinin ənrazisinə raket zərbələri endirir. Qəzza zolağındakı Dil əl-Balah qaçqın düşərgəsidə HƏMAS-ın silahlı qanadlarından biri olan "İzzəddin əl-Kasam Briqadası"nın rəhbərlərindən Alaa əl-Danafın evi partladılıb. Nəticədə 24 fələstinli xəsarət alıb. Bundan bir qədər əvvəl isə raket zərbəsi HƏMAS-ın daha bir səhra komandiri, "Əbu Bilal" ləqəbli İssa Batranın həyatına son qoyub. Bu insident nəticəsində daha 11 nəfər yaralanıb. İsrail aviasiyasının Qəzzaya raket zərbələri endirməsinin səbəbi bu bölgədən Aşkelon və Qərbi Neqevanın atəşə tutulması olub. Qeyd edək ki, bu, İsrailin 2009-cu ildə Qəzzada həyata keçirdiyi "Ərimiş qurğuşun" adlı hərbi əməliyyatından sonra yəhudi dövləti ərazisinə atılan ilk raketlər idi.
Qəzza ərazisindən Eylat kurort şəhəri də raket atəşinə tutulub. Nəticədə, İordaniyanın Akaba limanı yaxınlığında yerləşən şəhərdə 1 nəfər həlak olub, daha bir neçə nəfər yaralanıb. Baş verənlərin fonunda "İslami cihad" qruplaşması İsrailin kamkadzelər tərəfindən törədiləcək yeni terror aktlarına hazırlaşmalı olduğunu bəyan edib.
Yeri gəlmişkən, İsrailin "DebkaFile" agentliyi etibarlı hərbi mənbələrə istinadən xəbər verir ki, Qəzzada HƏMAS-la İran tərəfindən nəzarət olunan "İslami cihad" arasında ziddiyyət dərinləşir. Sonuncular HƏMAS-ı "həddindən artıq mülayim olmaqda" ittiham edir.
Qeyd edək ki, bu yaxınlarda İran dini liderinin xarici siyasət məsələləri üzrə məsləhətçisi Əli Əkbər Vilayəti HƏMAS-ın siyasi bürosunun rəhbəri Xaled Maşaal və "İslami-cihad"ın baş katibi Ramadan Abdullah əş-Şalaxla ayrı-ayrılıqda görüşlər keçirib. Görüşlər İranın Dəməşqdəki səfirliyində baş tutub. Vilayəti Suriyaya Livandan yollanıb. Livanda isə o, "Hizbullah" lideri şeyx Həsən Nəsrullah ilə "Livanda, həmçinin ümumilikdə Yaxın Şərqdəki hazırkı vəziyyət, Livan-İsrail sərhədində bu günlərdə baş vermiş ciddi insident"lə bağlı müzakirələr aparıb. Xatırladaq ki, bu sərhəddə bir müddət əvvəl tərəflər bir-birinə artileriya atəşinə tutmuşdu.
Həqiqətən də, həmin hadisələr zamanı müşahidəçilər 2006-cı ildə baş vermiş ikinci Livan müharibəsindən keçən dövr ərzində ilk dəfə bölgədə hərbi əməliyyatlar ehtimalının yarandığını düşünməyə başlamışdı. Livan tərəfi insident nəticəsində 3 əsgər və 1 jurnalistin öldüyünü, İsrail ordusunun mətbuat xidməti isə ehtiyatda olan 45 yaşlı polkovnik-leytenantın həlak olduğunu bildirir.
İnsidentin səbəblərinə gəlincə, hər iki tərəf baş verənlərə görə, bir-birini günahlandırır. Livan prezidenti Mişel Süleyman, baş nazir Saad Həriri və parlamentin spikeri Nabih Beri baş verənləri "İsrailin təcavüzü" adlandırıb. Onlar BMT-yə rəsmi şikayət edəcəklərini, İsrailin "2006-cı ildə Livanla müharibəyə son qoyan 1701 saylı qətnamənin tələblərini pozmasının qarşısını hamılıqla almağa çalışacaqlarını" bildirib.
İsrail hökuməti isə öz növbəsində BMT Təhlükəsizlik Şurasına şikayət edib. Şikayətdə bildirilir ki, Livan Cənubi Livanda çoxmillətli sülhməramlı qüvvələrlə (UNIFIL) razılıq əsasında təmir işləri aparan mühəndisləri atəşə tutub.
Nəticədə, BMT Təhlükəsizlik Şurası hər iki tərəfi səbrli olmağa çağırsa da, bu işin yalnız çağırışla həll edilməsinin mümkünsüzlüyü hər kəsə aydındır.
Livanın Mişel Süleymanın rəhbərlik etdiyi Ali Müdafiə Şurası Livan xalqı və silahlı qüvvələrini "insan təlafatına baxmayaraq, İsrailin xəyanətkar hücumlarının qarşısını almağa" çağırıb. "Hizbullah" lideri şeyx Həsən Nəsrullah isə "müqavimətçi qüvvəni tam şəkildə ordunun sərəncamına verməyə hazır olduğunu" bildirib.
Xatırladaq ki, "Hizbullah" Livanda, bir növ, "dövlət içində dövlət"dir. Onun öz ordusu və kommunikasiya şəbəkələri var.
Bu baxımdan 2006-cı il müharibəsi İsrailin məğlubiyyəti ilə başa çatmasa da, onun ciddi nailiyyət əldə etdiyini də söyləmək olmur. Çünki o zaman SAXAL istəyinə nail ola bilmədi, şeyx Nəsrullah isə sağ-salamatdır və "Hizbullah"a rəhbərliyi davam etdirir. Üstəlik, həmin müharibədən sonra ilk dəfə olaraq, analitiklər İsrail ordusunun bacarığına şübhə ilə yanaşmağa başladılar.
İndi isə Mişel Süleyman və şeyx Nəsrullah bildirir ki, Livanla yeni müharibənin başlanacağı təqdirdə SAXAL-a qarşı yalnız "Hizbullah" yaraqlıları deyil, həm də nizami ordu döyüşəcək.
Bütün bunlarla yanaşı, nəzərə alınmalıdır ki, "Hizbullah"ın himayədarı və əsas sponsoru İran hesab olunur. Əli Əkbər Vilayətinin Suriyaya da nəzər salmaqla baş tutmuş səfərindən görünür ki, Tehran həm HƏMAS, həm "İslami-cihad", həm də "Hizbullah" liderləri ilə mövqelərini uyğunlaşdırmağa çalışır.
Dəməşqlə Tehran haqda çox şey danışmaq olar. Lakin bir məqamı xatırlatmaq kifayətdir ki, Suriya 1967-ci ildəki müharibədən sonra İsrailin nəzarətinə keçmiş Holan yüksəkliklərini geri qaytarmaq üçün alışıb-yanır. Bu da Suriya ilə İranın mövqelərini bir-birinə yaxınlaşdırır.
Yeri gəlmişkən, İranın xarici işlər naziri Manuçöhr Möttəki bildirib ki, Livan və Suriya İsrailin hücumuna məruz qalarsa, İran bu ölkələrə hərtərəfli dəstək verəcək.
Analoji olaraq, belə fikirlər də səsləndirilir ki, ABŞ İrana hücum edəcəyi təqdirdə, "Hizbullah"la HƏMAS çətin ki, baş verənləri kənardan müşahidə etməklə kifayətlənsin.
Bütün bunların fonunda Livan-İsrail sərhədində vəziyyət gərgin olaraq qalır.
"Üçüncü Livan müharibəsi"nin uzaqda olmadığına dair fikirlər getdikcə daha çox yayılır (ilk Livan-İsrail müharibəsi 1982, ikincisi isə 2006-cı ildə olub). İsraillilər ölkənin şimalında genişmiqyaslı hərbi təlimləri xatırladan hərbi təlimlərə də başlayıb. Bu məqsədlə həmin əraziyə yüzlərlə tank, zirehli transportyor və digər ordu maşınları toplanıb.
Bu arada ABŞ İsrail və Livan sərhədçiləri arasında toqquşmanın detalları məlum olanadək, həmçinin, sərhəddəki insidentə "Hizbullah"ın aidiyyatının olub-olmadığını müəyyənləşdirinədək, Livana hərbi yardımları dayandırıb. Vaşinqtonda bir məsələ xüsusi narahatlıq yaradır: bəlkə hər il "terrorla mübarizə" üçün Livana verilən 100 milyon dollarlıq silah-sursat əslində şeyx Nəsrullahın qruplaşmasının nəzarətinə keçir? Məsələ ondadır ki, həqiqətən də bir çox siyasətçi və ekspertlər hesab edir ki, Livanda ordunun "hizbullahlaşdırılması" prosesi gedir. Yəni, ordu da getdikcə Tehranın nəzarəti altına keçir.
Bundan başqa, İsrail KİV yazır ki, "Hizbullah" İsraillə sərhəddə İrandan alınmış raketlərin yerləşdirilməsi ilə məşğuldur. Məlumata görə, onlar Qüds, Təl-Əviv və Hayfayadək uçmaq iqtidarındadır. KİV onu da bildirir ki, Livan-İsrail sərhəddində İranın İslam İnqilabı Keşikçiləri Korpusunun kəşfiyyat-diversiya qruplarına məxsus zabitlər qrupu da aşkarlanıb.
Beləliklə, bir məqamı da istisna etmək olmaz ki, yeni Livan-İsrail müharibəsi məhz Tehran tərəfindən qızışdırılır və məqsəd ABŞ-ın İrana mümkün hücumunun qarşısını almaqdır. Birləşmiş Ştatların İrana hərbi müdaxiləsi haqda isə son zamanlar hərbi və mülki ekspertlər yenidən çox sıx-sıx danışmağa başlayıb.
Yeri gəlmişkən, bu vəziyyətdə region dövlətləri və Qərb ölkələrinin Türkiyənin regional imkanlarını bir daha diqqətlə nəzərdən keçirməsinə ehtiyac var. "Azadlıq flotiliyası" ilə bağlı yaşanmış vəziyyətə baxmayaraq, Ankara həm İsraillə dialoq imkanlarını saxlayır, həm də İran da daxil olmaqla, regionun bir çox ölkələrilə körpü yaratmaq imkanına malikdir.
Yaxın Şərqdə gərginliyin azaldılmasına kömək edəcək istənilən imkandan yararlanmaq vacibdir. Çünki burada tammiqyaslı hərbi əməliyyatlar həm dünya siyasəti, həm də iqtisadi baxımdan gözlənilməz facifəvi nəticələrə aparıb çıxara bilər.
MƏSLƏHƏT GÖR:



585

