SEPARATÇILARIN “QAŞINMA” XƏSTƏLİYİ
Ermənilərin presedentlər haqqında növbəti təbliğat cəhdi iflasa uğradı
Müəllif: Oqtay ƏLİYEV, BSU-nun "Beynəlxalq münasibətlər" kafedrasının müdiri Sahil İSGƏNDƏROV, politoloq Bakı
BMT Beynəlxalq Məhkəməsinin Kosovo probleminə dair qərarı erməniliyin separatçılıq həvəsini artırıb. Hakimlərin Serbiyanın bu bölgəsinin müstəqilliyi haqda ağzını açmaları kifayət etdi ki, Ermənistan və erməni diasporu bu məsələ ilə Dağlıq Qarabağ münaqişəsini eyniləşdirmək üçün isterik fəaliyyətə başlasın.
Bu, ilk dəfə deyil. Hələ Rusiya Cənubi Osetiya və Abxaziyanı tanıyan zaman Ermənistan da səs-küylü təbliğata başlanmışdı. Onlar Moskvanın bu qərarı ilə Dağlıq Qarabağın da müstəqilliyinin tanınması üçün presedent yarandığını iddia edirdilər. Maraqlıdır ki, hər kəsi "Dağlıq Qarabağın müstəqilliyini tanımağa" çağıran Ermənistanın özü Kosovo, Abxaziya, Cənubi Osetiya, hətta elə Dağlıq Qarabağın müstəqilliyini tanımaqdan oddan qorxan kimi qorxur.
Yerevanın özünü bu cür aparmasında təəccüblü heç nə yoxdur. Amma kiminsə nə vaxtsa Dağlıq Qarabağın müstəqilliyini tanıyacağına zərrə qədər ümid etmək üçün Yerevan özü sadalanan separatçı rejimlərdən, heç olmasa, birini müstəqil ölkə kimi tanımalıdır. Lakin o, bu addımı ata bilmir. Çünki bu halda ya Vaşinqton, ya da Moskva Yerevana yaxşıca divan tuta bilər.
Məhz bu üzdən sonda elə erməni ekspertlərin özləri belə qənaətə gəliblər ki, Haaqa Məhkəməsinin Kosovo ilə bağlı qərarıyla Dağlıq Qarabağ münaqişəsi arasında heç bir uyğunluq yoxdur. Amma erməniliyin bəzi nümayəndələri özlərinə hələ də bir məsələ ilə təskinlik verməyə çalışır: guya beynəlxalq ictimaiyyət (daha doğrusu, fövqəldövlətlər) Kosovo ilə Dağlıq Qarabağı, sadəcə, geosiyasi maraqları baxımından eyniləşdirmir. Onların fikrincə, əks halda Kosovonun müstəqilliyinin tanınması, ilk növbədə, postsovet məkanındakı separatçı rejimlər üçün ilk presedent olardı.
Lakin Kosovo ilə Dağlıq Qarabağ münaqişələrinin səthi müqayisəsi belə göstərir ki, hər siyasi-hüquqi, həm də tarixi baxımdan burada hər şey fərqlidir.
Birincisi, Dağlıq Qarabağ münaqişəsini heç cür burada yaşayan erməni əhalinin müqəddəratını təyinetmə istəyi kimi qəbul etmək mümkün deyil. Çünki bu məsələ muxtariyyatın problemi deyil. O, ermənilərin yalnız Azərbaycana yox, bütün həmsədrhəd ölkələrə ərazi iddialarını nəzərdə tutan "Böyük Ermənistan" planının elementlərindən biridir. Dağlıq Qarabağda münaqişənin ermənilərin "miatsum!" tələbi ilə başlaması da təsadüf deyildi. Bu, tərcümədə "birləşmə" (Ermənistanla) anlamına gəlir. Üstəlik Yerevan da parlamentin 1988 və 1989-cu illərdə Dağlıq Qarabağın Ermənistana birləşdirilməsinə dair çıxardığı qərarlardan imtina etməyib.
Kosovoda isə mübarizə aparan albanlar qonşu Albaniyaya birləşmək və ya "Böyük Albaniya" yaratmaq məqsədini qarşıya qoymamışdılar.
İkincisi, 2 milyonluq Kosovoda əhalinin etnik tərkibi aşağıdakı kimidir: albanlar - 90%, serblər 6%, digər millətlər 4%. Dağlıq Qarabağda isə münaqişə yeni başlayan zaman Azərbaycanın bu muxtar vilayətindəki əhalinin ümumi sayı 192 min nəfər idi. Hətta erməni mənbələrin rəqəmlərini əsas götürsək, bu əhalinin minimum 30%-ni azərbaycanlılar təşkil edirdi. Kosovo və Dağlıq Qarabağ arasında əhalinin sayı və etnik tərkibinə görə bu qədər fərqin olması presedent iddiaları ilə çıxış edənlərin haqsızlığını göstərən əsas faktlardan biri sayıla bilər. Çünki 100-150 min erməninin yaşadığı hər bir bölgə üçün muxtariyyat və ya müstəqillik tələb ediləcək olarsa, tezliklə çoxsaylı "xırda Ermənistan"ların şahidi olarıq. Türkiyədə, Yunanıstanda, hətta "strateji tərəfdaş" olan Rusiyada kompakt yaşayan ermənilərin niyyətlərinə nəzər salsaq, bunun hansı mənfi fəsadlara aparıb çıxara biləcəyini anlamaq çətin deyil.
Üçüncüsü, sənədlərlə yer almış məlumatlara görə, XIV əsrin sonlarından Kosovoda məskunlaşmış albanlar bu bölgənin çiçəklənməsinə böyük tövhələr verib, bu ərazidəki bütün tarixi abidələri indiyədək qoruyub saxlayıb. Dünyanın müxtəlif yerlərində yaşayan ermənilərin Qarabağın dağlıq hissəsinə köçürülməsinə isə XIX əsrin 30-cu illərində başlanılıb. Bu, Türkmənçay müqaviləsinin imzalanmasından sonra çar Rusiyasının köçürmə siyasəti əsasında baş verib.
Bundan başqa, əgər Kosovoda albanların artımı təbii yolla baş veribsə, Dağlıq Qarabağda ermənilər digər regionlardan köçüb gələnlərin, həmçinin azərbaycanlıların sıxışdırılması hesabına çoxalıb. Tarixi abidələrə gəlincə, ermənilər işğal etdikləri ərazilərdə Azərbaycanın bütün tarixi və mədəni irsini məhv edib.
Dördüncüsü, Kosovo problemi dövlətdaxili xarakter daşıyırsa (dövlət və bu dövlətə aid muxtar vilayət arasında), Dağlıq Qarabağda söhbət iki keçmiş SSRİ respublikası (hazırda suveren dövlətlər) arasındakı problemdən gedir. Məsələnin məğzi isə Ermənistanın Azərbaycana qarşı ərazi iddiaları irəli sürməsindən ibarətdir. Hətta bugünkü danışıqlar prosesinin formatı da sübut edir ki, Dağlıq Qarabağ münaqişənin subyekti yox, onun obyektidir. Üstəlik, problem hələ SSRİ-nin mövcud olduğu dövrdə başlayıb. İttifaqın konstitusiyası isə bu dövlətin daxilindəki sərhədlərin sarsılmaz olduğunu bildirirdi. Beynəlxalq ictimaiyyət də Ermənistanın Azərbaycanı müharibəyə cəlb etdiyini təsdiqləyib, BMT Azərbaycanın işğal altındakı torpaqlarının qeyd-şərtsiz boşaldılmasını tələb edən 4 qətnamə çıxarıb.
Beşincisi, Albaniya Kosovo ilə ümumi sərhəddən bu bölgəni yaraqlı və beynəlxalq terrorçular yuvasına çevirmək üçün istifadə etməyib. Dağlıq Qarabağla ümumi sərhədə malik olmayan Yerevan isə Azərbaycanın bu regionuna bitişik olan daha 7 rayonunu işğal edərək, coğrafi baxımdan Dağlıq Qarabağı Ermənistana birləşdirib. Bu gün işğal altındakı torpaqlar narkotiklərin daşınması üçün əlverişli tranzit məkanına, beynəlxalq terrorçular üçün təlim meydanına çevrilib.
Altıncısı, yuxarıda qeyd edildiyi kimi, bu gün Kosovoda serblər yerli əhalinin cəmi 6%-ni təşkil edir və yerli rəhbərlik beynəlxalq qurumlar qarşısında onların müdafiəsi, normal yaşayış şəraitinin təmini sahəsində öhdəliklər götürüb. Hətta serb cəza dəstələri tərəfindən bölgədə etnik təmizləmə aparıldığı dövrdə belə, albanlar Kosovoda yaşayan serblərə qarşı adekvat əməliyyatlar aparmayıb. Onlar yalnız serb hərbçilərinə qarşı döyüşüblər. Serblər bölgədən qovulmayıb, bu gün də orada yaşayırlar. Hazırda Kosovoda 16 serb icması var və onların özünüidarə hüququ tanınır.
Yerevan isə nəinki müasir Ermənistan ərazisində yaşayan azərbaycanlılara qarşı etnik təmizləmə siyasəti aparıb, Dağlıq Qarabağ və işğal altındakı digər 7 rayonda yaşayan bütün qeyri-erməni millətləri oradan qovub.
Etnik təmizləmə zamanı erməni silahlı qüvvələri tərəfindən həyata keçirilmiş vəhşiliklər Kosovoda baş verənlərdən heç nə ilə geri qalmır və hətta bəzi məqamlardan onu üstələyir. Ermənistanın Haaqa Məhkəməsinə cəlb edilməsi üçün bircə Xocalı faciəsi kifayət edir (S.Sarkisyanın xarici jurnalistlərə müsahibəsində öz məqsədlərinə çatmaq naminə, dinc sakinlərin güllələnməsindən belə çəkinmədikləri haqda sözlərini xatırlayaq). Beynəlxalq ictimaiyyətin səhlənkarlığı isə bu gün Ermənistana artıq Dağlıq Qarabağa bitişik 7 rayona qarşı da ərazi iddiaları ilə çıxış etmək imkanı verir.
Bundan başqa, Ermənistan azərbaycanlı qaçqınların Dağlıq Qarabağdakı doğma torpaqlarına qayıtmasına müqavimət göstərir. Üstəlik, Ermənistan polietnik regionda çoxdan monoenik dövlətə çevrilib. Bu ölkədə, hətta rusların sayı cəmi 7 mindirsə, Azərbaycanda, təxminən, 200 min rus yaşayır.
Yeddincisi, Serbiya Kosovoya nəzarəti 1912-ci ildə ələ alıb, 1918-ci ildə isə bölgə serb, xorvat və sloveniyalılar krallığına daxil olub. Bu onu göstərir ki, ablanların Kosovoya köçməsi (XIV əsrin sonları) və bölgənin vahid krallığın tərkibinə daxil olması arasında kifayət qədər böyük tarixi müddət var.
Dağlıq Qarabağ isə tarixi Azərbaycan torpağıdır və heç zaman Ermənistana aid olmayıb. Bundan başqa, hətta hazırki Ermənistanın özü belə, Birinci dünya müharibəsindən sonra Qərb dövlətləri və Rusiyanın geosiyasi oyunları nəticəsində Azərbaycandan zorla alınmın tarixi torpaqlar üzərində süni şəkildə yaradılıb.
Və nəhayət, sonuncu məqam: Yuqoslaviya Federativ Sosiolist Respublikasının (YFSR) Konstitusiyasına görə, Serbiya ərazisində muxtariyyata və onunla eyni hüquqlara malik olan Kosovo YFSR-in tamhüquqlu subyekti sayılırdı. Onun Serbiyadaxili məsələlərin həllində veto hüququ da var idi.
Dağlıq Qarabağ isə heç zaman SSRİ-nin ayrıca subyekti olmayıb, ona heç vaxt Azərbaycana aid məsələlərdə veto hüququ verilməyib.
Bütün bu müqayisələr birmənalı şəkildə belə deməyə əsas verir ki, Kosovonun müstəqilliyinin tanınması Dağlıq Qarabağ münaqişəsinin həlli üçün presedent ola bilməz və bu haqda bəyanatlar adi siyasi spekulyasiyadan başqa, bir şey deyil. Bu səbəbdən də, Ermənistanın Azərbaycana qarşı ən cüzi ərazi iddiaları belə, sonda dünyaya 1938-ci ilin Münhen razılaşmasını və Hitlerə Çexoslavakiyanın Sudets vilayətinin güzəştini xatırladacaq çox mənfi nəticələrə aparıb çıxara bilər.
MƏSLƏHƏT GÖR:

540

