TAXIL DA OD TUTUB YANIR, QİYMƏTLƏR DƏ
Müəllif: Redaksiya
Ümumdünya Bankı taxıl ixrac edən ölkələri Rusiyadan nümunə götürməməyə və ixraca məhdudiyyətlər qoymamağa çağırıb. Bankda hesab edirlər ki, taxıl satışına qadağa qoyulması qlobal ərzaq böhranına səbəb ola bilər. Bu böhranın isə, öz miqyasına görə, 2007-2008-ci illərin böhranından da qorxulu olması mümkündür. Bundan başqa, belə bir məhdudiyyət, qlobal böhrandan sonra hələ də özünə gəlməmiş dünya iqtisadiyyatında yeni iqtisadi problemlər dalğası yarada bilər.
Bu arada isə "Time" yazıb ki, "iyunun əvvəlindən taxılın qiyməti birdən-birə 50% artıb. HSBC bank qrupunun məlumatına görə, bu, son 30 ildə ən böyük artımdır. Rusiya, Ukrayna və Qazaxıstandakı (dünyanın taxıl ixracatının 26%-i məhz bu ölkələrin payına düşür) quraqlıq isə qiymətlərin həddindən artıq bahalaşması və satışda problemlərin yaranmasına gətirib çıxara bilər.
Odur ki, Qərb mətbuatında ərzaq böhranı və onun mümkün nəticələri haqda proqnozlar səslənir. "Taxıl və arpanın qiymətindəki artım ailə büdcələrinə zərbə vuracaq və banklarda tarif dərəcələrinin artmasına səbəb olacaq ", - deyə "Independent" qəzeti yazır.
"Financial Times" isə yazır ki, " növbəti ərzaq böhranı istisna deyil " və əlavə edir ki, "Rusiyanın embarqosu elə bir vaxtda tətbiq olunub ki, ərzaq bazarında gərgin vəziyyət yaranıb. Nəticədə, qorxuya düşmüş treyderlər daha çox mal almağa cəhd göstərəcəklər. Bundan başqa, digər ölkələr də Moskvadan nümunə götürərək, özünün daxili bazarını qorumaq üçün analoji addımlar ata bilər. Və baxmayaraq ki, bəzi ölkələrdə - Avstraliya, Argentinada çox yüksək məhsuldarlıq qeydə alınıb, bazarın iflası və qiymətlərin artması ehtimalı real olaraq qalır".
Doğrudanmı taxılın qiymətindəki artım 2007-2008-ci illərki ərzaq böhranının təkrarlanmasına gətirib çıxara bilər? Analitiklərin fikrincə, hələlik iki il əvvəlki böhranın təkrarlanacağı gözlənilmir. Çünki kifayət qədər taxıl ehtiyatı var, ABŞ kimi nəhəng ixracatçı ölkədə isə əla məhsul gözlənilir.
ABŞ-ın özü isə dünyada taxıl istehsalına dair proqnozunu kəskin şəkildə aşağı salıb. Rusiya, Ukrayna və Qazaxıstana dair məlumatlara yenidən baxan ABŞ-ın Kənd Təsərrüfatı Departamenti dünyada taxıl istehsalı ilə bağlı proqnozlarını dəyişib. Departamentin ekspertləri hesablayıblar ki, ilin yekunlarına görə, dünyada 645,7 mln ton taxıl istehsal olunacaq ki, bu da əvvəlki proqnozdan 15,3 mln ton (və ya 2,3%) azdır.
Xatırladaq ki, isti və quraqlığa görə Rusiyada taxıl zəmilərinin ?-i yanıb və prezident Dmitri Medvedevin də bildirdiyi kimi, bu il məhsuldarlığın 15% aşağı düşəcəyi gözlənilir. Bununla əlaqədar olaraq, Moskva cari ilin sonunadək ixracata qadağa qoyub.
ABŞ Kənd Təsərrüfatı Departamentinin məlumatına görə, Rusiya ABŞ və Kanadadan sonra üçüncü böyük taxıl ixracatçısıdır. Bundan başqa, digər böyük ixraxatçılar - Qazaxıstan və Ukrayna da quraqlıqdan əziyyət çəkirlər və öz proqnozlarını müvafiq olaraq, 18% və 15% aşağı salıblar. Bu arada həm də məlum olub ki, Rusiya ilə Ukrayna da taxıl ixracına məhdudiyyət qoymaq haqda düşünür ki, bu da getdikcə artan qiymətləri bir az da yüksəldəcək. Amma Ümumdüya Ticarət Təşkilatının ekspertləri hesab edirlər ki, mümkün ərzaq böhranına dair iddialar əsassızdır - aclıq təhlükəsi yoxdur! Düzdür, taxıl istehsalına dair proqnozlar gözlənildiyindən də çox aşağı düşüb. Bununla belə, analitiklərin fikrincə, qiymətlərin qalxması üçün fundamental əsas yoxdur. Birincisi, təbiətin vurduğu ziyanı mövcud ehtiyatlar hesabına tam kompensasiya etmək olar. İkincisi isə, ABŞ, Hindistan, Avstraliya və Özbəkistanda məhsuldarlığın proqnozunun artması da nikbinliyi gücləndirir.
Amma digər tərəfdən, hazırkı quraqlıq 2011-ci ilin məhsuldarlığına da mənfi təsir göstərə bilər. Rusiyalı meteoroloqlar xəbərdarlıq edir ki, quraq keçən bu yay gələn ilin əkinində özünü göstərəcək.
Rusiya Hidrometeorologiya Mərkəzinin rəhbəri Roman Vilfandın sözlərinə görə, yağışlar yalnız avqustun son dekadasında gözlənilir, amma taxılın qış sortlarının əkini üçün kifayət etməyəcək.
Beləliklə, məhsuldarlığın olmaması və eyni zamanda buğdanın qiymətində artım davam edərsə, multiplikativ effektləri çox gözləmək lazım gəlməyəcək. Treyderlər düyü, qarğıdalı kimi alternativlərə də bel balğaya, bu da öz növbəsində digər xammalların qiymətinin artımına, ərzaq məhsullarının bahalaşmasına gətirib çıxa bilər.
HSBC Global Research-un analitikləri bu fikirdədirlər. Onlar qeyd edirlər ki, taxıl yeyinti zəncirində ilk halqalarda olduğundan, onun bahalaşması ümumilikdə ərzaq bazarındakı qiymətlərə təsirsiz ötüşməyəyəcək.
Yeri gəlmişkən, dünyanın aparıcı ərzaq şirkətləri öz məhsullarının qiymətlərinin bahalaşacağı ilə bağlı məlumat yayıblar. "Wall Street Journal" yazır ki, ərzaq məhsulları istehsal edən şirkətlərdən olan "Nestle" artıq xəbərdarlıq edib ki, ərzaq xammalına olan xərclərin artması ilə əlaqədar olaraq, şirkət də öz məhsullarının qiymətini artırmağa hazırlaşır.
Son bir neçə ay ərzində süd, kofe, kakao və taxıla olan qiymət dəfələrlə artıb. Və bu, Danone SA, Unilever PLC və Kraft Foods Inc kimi ərzaq şirkətlərini yaxın iki kvartala olan proqnozlarında daha ehtiyatlı olmağa vadar edir.
Bədbin olmaq istəməsək də, etiraf etmək lazımdır ki, nikbinlik üçün də ciddi əsas yoxdur. Çünki yer kürəsi əhalisinin getdikcə çoxaldığı bir şəraitdə, "əhalini necə doydurmaq olar" sualı getdikcə daha da aktuallaşmaqdadır. Hazırkı şəraitdə bizə yalnız ümid etmək qalır ki, idxalçılar və ixracatçılar öz ölkələrində ərzaq çatışmazlığı təhlükəsilə bağlı panikaya düşmədən, koordinasiya olunmuş və ölçülüb-biçilmiş addımlar atacaqlar. Axı, böhran üçün obyektiv səbəblərin olub-olmamasına baxmayaraq, böhranı defisitin özündən çox, onunla əlaqədar ortaya çıxan panikalar da yarada bilər.
MƏSLƏHƏT GÖR:

475

