25 Noyabr 2024

Bazar ertəsi, 23:36

DAĞIDICI SELDƏN HƏYAT MƏNBƏYİNƏ

Azərbaycanda su ehtiyatlarının idarə edilməsi üzrə kompleks strategiya hazırlanır

Müəllif:

01.08.2010

Bu ilin aprel-iyun aylarında Aran bölgəsinin böyük hissəsini su altında qoyan və son onillikdə misli görünməyən güclü daşqınlar ölkənin su ehtiyatlarının idarəedilməsi üzrə kompleks planın gerçəkləşdirilməsinin vacibliyini ortaya qoydu. Özü də söhbət təkcə iri su arteriyaları olan Kür və Araz çaylarının axınının tənzimlənməsindən getmir, həm də Böyük Qafqazın cənub qollarındakı dağ çaylarının sel axınlarının qarşısının alınması üzrə irimiqyaslı tədbirlər, həmçinin, iri bəndlərin və başqa hidrotexniki qurğuların təhl?kəsizliyinin təmin edilməsi nəzərdə tutulur. 

Bu ilin yazında leysan yağışları Kür və Arazın daşmasına, həmçinin, dağ çaylarında sellərə səbəb oldu ki, bu da 40-a yaxın rayonu əhatə etdi. İrimiqyaslı təbii fəlakət nəticəsində 20 minə yaxın ev su altında qaldı, onların 300-dən çoxu tamamilə dağıldı, 50 min hektara yaxın əkin sahəsi su altında qaldı. Azərbaycanın mürəkkəb landşaft-iqlim özəlliyi həmişə mövsümi daşqınlarla müşayiət olunub. Bundan başqa, həmin çətinlikləri olan rayonların sakinləri artıq ənənəyə çevrilmiş təbii fəlakətlərə alışıblar və hətta öz aqrar-təsərrüfat işlərinin ardıcıllığını yerli iqlim xüsusiyyətlərinə uyğun şəkildə qurmağa öyrəşiblər. Ancaq bu il baş vermiş daşqınların miqyası və davamlılığı qabaqlayıcı tədbirlərin görülməsinin, ölkənin su axınlarının kompleks tənzimləmə sisteminin yaradılmasının vacibliyini bir daha isbatlayır. 

 

Suların tənzimlənməsi dövlət təhlükəsizliyi məsələsidir 

Ötən ayın ortalarında Azərbaycan prezidenti İlham Əliyev 2010-cu ilin birinci yarısı üçün ölkənin sosial-iqtisadi inkişafının yekunlarına həsr edilmiş toplantıda bildirib ki, Kür-Araz vadisinin sakinlərinin bu yaz başına gəlmiş fəlakətlərin  təkrarlanmasına gələcəkdə yol verməmək üçün tutarlı tədbirlər görmək lazımdır. "Biz kompleks tədbirlərin görülməsinə nail olmalıyıq. Kompleks tədbirlər planı hazırlanıb və biz qısa müddət ərzində bütün bu işləri görəcəyik"-deyən prezident, bunun üçün ölkədə yetərincə sərmayə, texniki imkanlar və təcrübənin olduğunu vurğulayıb. Bu zaman dövlət başçısı kompleks planlara daxil edilməsi vacib olan bir sıra konkret istiqamətləri sadalayıb. Onların sırasında bəndlərin və qoruyucu dambaların möhkəmləndirilməsi üzrə bütün texniki məsələlərin həllini, çayların axınının tənzimlənməsini təmin edən bütün hidrotexniki qur-ğuların saz vəziyyətə gətirilməsini göstərib. O, həmçinin qeyd edib ki, cari ildə Tovuzçay su anbarının - həm elektrik enerjisi istehsalının artırılmasına yönəlmiş, həm də elə eyni səviyyədə suların tənzimlənməsini təmin edəcək nəhəng layihənin tikintisi planlaşdırılır. "əgər Tovuzçay su anbarı vaxtında tikilsəydi, bu daşqınlar da, sellər də bizə bu qədər əziyyət verməzdi. çünki həmin su anbarı hesabına istənilən həcmdə suyun idarə olunmasına nail ola bilərik. Yəni, bu layihənin icrası bir neçə il çəkə bilər. Ancaq bu il başlamalıyıq və bu işi də uğurla başa vurmalıyıq", - deyə prezident İlham Əliyev vur-ğulayıb. 

Beləliklə, su ehtiyatlarının tənzimlənməsi üçün kompleks planın yaradılması məsələsi üzrə siyasi qərar qəbul edilib, onun əsas istiqamətlərinin formalaşdırılması və gerçəkləşdirilməsinə başlamaq qalır. Yeri gəlmişkən, sahə elmi tədqiqat institutlarının bu istiqamətdə müəyyən işləri artıq var idi, keçən il isə bu cür planın işlənməsinə Fövqəladə Hallar Nazirliyinin mütəxəssisləri də qoşulublar. Bu məsələnin həllinə özəl və qeyri-hökumət təşkilatları (QHT) da öz yardımlarını etməyə hazırdırlar: belə ki, bu yaxınlarda "ASPI" şirkəti "2030-cu ilə kimi Azərbaycanın su ehtiyatlarının idarəedilməsi strategiyası" konsepsiyasını çap etdirib. Onun əsas ideyası infrastrukturun modernləşdirilməsinə və idaretmə sisteminin optimallaşdırılmasına sərmayələr balansı əsasında su təsərrüfatı sahəsinin yenidən təşkilidir. 

Bir ildən azacıq qabaq isə ölkə hökuməti bəndlərin texniki durumunun monitorinqini aparmaq üçün "Bəndlərin təhlükəsizliyi üzrə beynəlxalq təşkilat"ın ekspertlərinə müraciət edib. Bu beynəlxalq qurum ölkədə bəndlərin texniki durumu üzərində geniş monitorinq keçirməyə, bunun üçün xüsusi avadanlıq və ən yüksək səviyyəli mütəxəssislər verməyə hazırdır. Bu təkliflər hazırda hökumətdə müzakirə edilir, həmçinin hökumət ölkənin hidrotexniki qurğuları üzərində dövlət idaredilməsinin səmərəliliyinin artırılması tədbirləri üzərində işləyir. Baxılan variantlar içərsində bütün bəndlərin idarəedilməsinin bir qurumun idarəetməsinə verilməsinin məqsədəuyğunluğu yoxlanılır - böyük ehtimalla bu qurum əsas funksiyalarından biri də ölkənin su təsərrüfatının təhlükəsizliyi olan Fövqəladə Hallar Nazirliyi (FHN) olacaq. 

 

Kür kaskadının bəndlərinin təmirə ehtiyacı var 

Daşqın təhlükəsinə ən çox məruz qalan bölgə Kür-Araz vadisidir. Buradakı rayonlar, əsasən, dəniz səviyyəsindən 28 metr aşağıda yerləşir. Bir sıra hidrogeoloq alimlərin, bəndləri və su qovşaqlarını istimar edən qurumların mütəxəssislərinin fikrincə, Kürün deltasında axınların tənzimlənməsi məsələsinə Kür kaskadının su anbarlarının axınlarının idarəedilməsi ilə birgə baxılmalıdır. İttifaq dövləti dağıldıqdan sonra bölgənin baş çayının axınları üzərində nəzarətlə bağlı problem yaranıb. Daha öncə bu tənzimlənmə Gürcüstan tərəfindən aparılıb, bu dövlət onda Cənubi Qayqazın üç dövlətinin vahid enerji sistemində çalışmasına görə məsuliyyət daşıyıb. 

Öz növbəsində, Arazın axınları İranla birgə tikilmiş su anbarlarının vasitəsi ilə tənzimlənib. Təəssüf ki, hazırda bu məsələdə yetərincə dəqiq əlaqələndirmə yoxdur. Bundan başqa, Kürün və Arazın yuxarı axınında yerləşən dövlətlər daşqın təhlükəsi yaranan kimi suyun hidroqovşaqlardan qəza buraxılışına qərar verirlər ki, bununla da çox vaxt bizim ölkənin düzənlik ərazilərini təhlükə altında qoyurlar. 

Son iyirmi ildə yaranmış təcrübəyə əsasən ölkədə su anbarlarının və onlara bağlı hidrotexnik qurğuların tikintisi və istimarı ilə bir neçə dövlət qurumu məşğul olur.  Belə ki, "Meliorasiya və su təsərrüfatı" ASC toplam tutumu 18,5 mlrd kubmetr olan su anbarlarına cavabdehdir, 42 böyük və kiçik bəndin əksər hissəsi isə ölkənin əsas enerji operatoru "Azərenerji"yə tabedir. 

Eyni zamanda, son illərdə bu qurumlar su anbarı axınlarının təmizlənməsi və  burada yerləşən hidrotexniki qurğuların təmiri üçün lazım olan texniki və maddi resurslarla bağlı ehtiyac keçirirlər ki, bu da göstərilən obyektlərin durumuna mənfi təsir göstərir. "Bəndlərin təhlükəsizliyi üzrə beynəlxalq təşkilat"ın bir il qabaq dərc edilmiş ilkin araşdırmalarına görə, ölkdə olan 42 bənddən 15-nin təcili rekonstruksiyaya ehtiyacı var, çünki müəyyən mənada artıq ehtiyatları tükənib. Özü də təxirəsalınmaz işlər nəhəng Kür-Araz kaskadının dörd bəndində aparılmalıdır ki, onların hər biri bir neçə milyard kubmetr suya hesablanıb. 

Nümunə kimi Mingəçevir su anbarını və burada eyni adlı DRES üçün tikilmiş bəndi göstərmək olar. Mingəçevir hidrotexniki obyektlərinin tikilməsindən 55 il keçib: öz vaxtında burada tikilmiş bənd Avropa üzrə ən yüksək sayılıb. Onun tikintisi üçün 12 mln kubmetr torpaq və 900 min kubmetr beton işlədilib, həmçinin ümumi çəkisi 24 min ton olan metal konstruksiyalar quraşdırılıb. 

Bu ilin may aında "Azərenerji" Mingəçevir su anbarında bəndinn durumunun monitorinqini aparıb. Xoşbəxtlikdən burada heç bir çat və su sızması aşkarlanmayıb. Amma zaman öz sözünü deyir və Mingəçevir su anbarının ətrafında daha irimiqyaslı geoloji araşdırmalara yəqin ki, ehtiyac var. Bu həddindən vacibdir, özü də Mingəçevir su anbarının yaxınlığında Bozdağın ətəyində bir neçə il əvvəl güclü sürüşmə qeydə alınıb. 

Ümumiyyətlə, Kür kaskadında yerləşən Şəmkir, Mingəçevir və Yenikənd su anbarlarının üçündə də təmizləmə və təmir işlərinin aparılmasına ehtiyac var. Hazırda Kür kaskadının su anbarları lazım olan su axınını təmin edə bilmir ki, bu da Kürün aşağı axınının və mənsəbinin lillənməsinə səbəb olur, mənsəbdə dibdərinləşdirmə işləri də lazımi nəticələr verə bilmir. Mingəçevir su anbarından mənbəyini iki kanal - Yuxarı Qarabağ və Şirvan kanalları götürür ki, onların da müəyyən təmir işlərinə ehtiyacı var. Böhran məqamlarında, yəni leysan yağışları dövründə çayların və su anbarının dolması zamanı bu kanallar saniyədə 200 kubmetrdən çox su aparmalıdırlar, amma budaq kanalların tutulması ciddi qəzalara yol aça bilər. 

Kür kaskadında su axınlarının yeni planının gerçəkləşdirilməsi daşqın probleminin həlli ilə yanaşı burada yerləşən su-elektrik stansiyalarının (SES) məhsuldarlığını da iki dəfəyə qədər artırmağa, SES-lərdə elektrik enerjisi istehsalının toplam göstəricisini ildə 3 mlrd kilovat /saatdan ən azı 5 mlrd kilovat /saata qaldırmağa imkan verəcək.

Ən fəlakətli vəziyyətdə isə Ermənistanın  işğalı altındakı ərazilərdə yerləşən Sərsəng su anbarındadır. Yazda və yayda quraqlıq dövrlərində ermənilər su anbarından axınlara mane olurlar, bu isə artıq çox onillərdir ki, təmir olunmayan bəndi qəza təhlükəsi ilə üz-üzə qoyur. Təəssüf ki, Azərbaycanın müraciət etdiyi beynəlxalq təşkilatlar bununla bağlı çağırışlara heç bir məhəl qoymayıblar. 

 

Aran çölü üçün kanallar 

Başqa bir problem isə Xəzər dənizinin səviyyəsinin qalxması ilə Kürün mənsəbinin təzyiq hiss etməsidir ki, bu da çayın dənizə axın həcmini azaldır və deltanın lillənməsinə səbəb olur. Kürdə irimiqyaslı dibdərinləşdirmə işləri yetərincə çoxdan aparılmır. Ölkənin su ehtiyatlarının idarəedilməsi üzrə kompleks planda təmizləmə və dib dərinləşdirmə işlərindən başqa budaq kanalların çəkilməsi və hətta bölgənin bir sıra çaylarının axınının dəyişdrilməsi də nəzərdə tutulur. Belə ki, bir ay bundan qabaq Bəhramtəpə su qovşağının yanında Arazın yeni qolunun açılması baş verdi ki, bu da artıq suyu Kürdən yan keçməklə Xəzər dənizinə aparır. Salyan şəhərində də Kürün yatağının dəyişdirilməsi məsələsi öyrənilir: buradakı əyrini "düzəltmək" olar ki, onda çay bu inzibati mərkəzdən keçməyəcək və hər yaz onu daşqın təhlükəsi altında qoymayacaq.    

Ümumiyyətlə, Kürün təbii axın prosesinə hər hansı böyük dəyşiklik etmək cəhdi ciddi hidrogeoloji və ekoloji tədqiqatlar tələb edir. Daşqınları yalnız Kürün deltasının lillənməsi ilə bağlamaq düzgün olmaz, onun təmizlənməsi problemin tam həlli demək deyil. "Yüz ildə bir dəfə Kürdə iri daşqınlar baş verir və çay üçün yeni yataqlar açır, buna görə də biz bütün çayı boyu beton bəndlər quraraq onu sıxışdıra bilmərik. Bunu yalnız strateji vacib sahələrdə, əhalinin yığcam yaşadığı ərazilərdə etmək mümkündür. Qalan sahələrdə isə çayın daşması üçün məkan qoymaq lazımdır", - deyə Azərbaycanın ekologiya və təbii sərvətlər naziri Hüseyn Bağırov bildirir. 

Ölkənin su ehtiyatlarının kompleks idarəetmə planının başqa istiqaməti isə dağ çaylarının axınının tənzimlənməsini əhatə edir. Söhbət hər şeydən öncə Böyük Qafqazın Göyçay, Şəki, Zaqatala, Qax, Qəbələ, Qusar və başqa ra-yonların ərazisindən keçən çaylarından gedir, oralarda sellər yetərincə tez-tez baş verir. Azərbaycanda artıq bir neçə ildir ki, seldən müdaiə sistemin yaradılması aparılır və bu fəaliyyət hazırda FHN tərəfindən əlaqələndirilir. Daşqın və sel təhlükəsi ilə üz-üzə qalan ərazilər təxminən 1,2 mln hektar sahəni əhatə edir. Bu isə həmin torpaqların sakinlərini və onların toplam dəyəri $4 mlrd olan əmlaklarını təhlükə qarşısında qoyur.  

Mümkün fəlakətlərin qarşısının alınması üçün son bir neçə ildə bir sıra sel təhlükəsi olan rayonlarda qəsəbələri və kənd təsərrüfatı əkinlərini 27 dağ çayının daşqınlarından qorumaq üçün 28 km beton bənd tikilib. Mütəxəssislərin fikrincə, bənd şəbəkəsi ilə yanaşı sel axınlarının yaranması yerlərinin yuxarılarında gələn palçığın toplanıb saxlanması üçün sel ötürücüləri sistemi də yaratmaq lazımdır. 

Ümid var ki, su ehtiyatlarının idarəedilməsi üzrə işlənilməkdə olan konsepsiya ölkənin 24 mlrd kubmetr su ehtiyatını rasional paylamağa imkan verəcək və fəlakət tüğyanının qarşısını alacaq. 


MƏSLƏHƏT GÖR:

643