5 Dekabr 2025

Cümə, 23:59

KİÇİK DÜNYA

Doqquz il ərzində "Slavyanka" ilk dəfə öz ətrafına yalnız tələbələri deyil, həm də postsovet məkanından olan jurnalistləri yığmışdı

Müəllif:

15.07.2010

Yaydır. Qara dəniz, Krasnodar diyarının Tuapse rayonunun kiçik kurort qəsəbəsi Olqinkada "Qamma" sağlamlıq mərkəzi. Burada artıq doqquz ildir ki, tələbə düşərgəsi yerləşir, rəsmi adı "Tələbə əməkdaşlığı - sosial tərəfdaşlıq - dövlətlərin birliyi" gənclik layihə proqramlarının beynəlxalq sərgi-təqdimatıdır, qeyri-rəsmi isə bura "Slavyanka" deyirlər. 

Bu, nə deməkdir? Yəni yenə də rəsmiyyətə üz tutsaq, bu, fəal təcrübə mübadiləsi aparılan, əməkdaşlıq mexanizmləri barədə danışıqlar keçirilən, birgə layihələrin gerçəkləşdirilməsi barədə sazişlər bağlanan tədbirdir. Tədbir iştirakçıları postsovet məkanı ölkələrinin müxtəlif ali məktəblərinin tələbələridir və əməkdaşlıq haqqında danışıqları da tələbələr aparır. İşin gedişi zamanı hər bir ali məktəbin nümayəndələri öz layihəsinin məzmunu barədə danışır və maraqlı tərəfləri əməkdaşlığa çağırır. 

Hər bir layihə təqdimat-danışıq meydançalarında təqdim ediləndən sonra iştirakçılar tərəfindən müzakirə edilir, bu layihənin sonrakı əməkdaşlıq yolları müzakirə olunur, əməkdaşlıq edən tərəflərin iştirak mexanizmləri müəyyənləşdirilir. Tədbirin təşkilatçıları  Rusiya Federasiyası (RF)  prezidentinin mərkəzi federal dairə üzrə səlahiyyətli nümayəndəsinin aparatı, RF idman, turizm və gənclik siyasəti nazirliyi, Rus Pravoslav Kilsəsinin tədris komitəsi, Kursk vilayətinin rəhbərliyi idi. 

 

Bu alındı

Bu il "Slavyanka"ya MDB ölkələrindən 500-ə yaxın tələbə gəlmişdi, yetərincə böyük nümayəndə heyətləri idi. Bundan başqa təkşilatçılar "Slavyanka"ya həm də MDB məkanı ölkələrindən jurnalistləri də cəlb eləmişdilər ki, "Slavyan birliyi"ndən yalnız slavyanlar məlumatlı olmaqla qalmasınlar. Təşkilatçıların özləri deyirdilər ki, bu, doqquz il ərzində ilk belə  təcrübədir.  Beləliklə, biz iki jurnalist  ("R+" jurnalı və  "Novosti-Azerbaydjan" agentliyi) Avrasiya Araşdarmaları İnstitutunun dəvəti ilə  "Slavyanka-2010"da peyda olduq. Nə baş verdi? Əvvəl bir az gülməli kimi idi, tələbəlik illərini çoxdan yaşamış iki jurnalist demək olar ki, gənclik hərəkatına  qoşulmuşdular. 

Demək olar ki, hər bir tələbə dəstəsinin öz adı var idi və  jurnalistlər də camaatdan geri qalmaq istəmədilər (daha doğrusu, təşkilatçılar buna icazə vermədilər - müəllif) və öz komandalarını "Avroasiat"lar adlandırdılar, "Biz bir yerdəyik, biz güclüyük,  biz dünya yığmasıyıq" sözlərini deviz seçdilər.  Biz də çıxışlara və konsertlərə qatıldıq, amma başqalarından fərqli olaraq bizim əvvəlcədən hazırlanmış proqramlarımız yox idi və biz öz çıxışlarımızın ssenarilərini demək olar ki, çıxışdan iki-üç saat qabaq hazırlayırdıq. Biz də nə cür isə öz ölkələrimizi təqdim edə bildik. Biz deyəndə mən Özbəkistandan, Moldovadan, Ukraynadan, Tacikistandan, Qırğızıstandan, Rusiyadan, Estoniyadan, Azərbaycandan, Şimali Qafqazdan olan jurnalistləri nəzərdə tuturam. Biz həddindən müxtəlif idik, amma çox tezliklə dil tapdıq və 2010 mövsümünün sonunda anladıq ki, heç bir fərqimiz yoxdur. 

"Slavyanka" nədir? Qeyri-rəsmi şəkildə bu suala müxtəlif cür cavab vermək olar. "Bu, tələbə fəallarının beynəlxalq düşərgəsidir!" - deyə ən məsuliyyətlilər raport verə bilərlər. "Bu, dəniz və çimərlikdir!" - deyə günəşdən qaralanlar əmin edə bilərlər. "Bu, köhnə dostlar və yeni tanışlardır!" -  ən ünsiyyətcillər belə qışqırsalar  səhv etmiş olmazlar. ""Slavyanka" kiçik bir dünyadır!" - ən müdriklər belə deyər və doğru da olar.

Niyə? Ona görə ki, cəmi bir növbə ərzində həyatın aylarına yetən hadisələr baş verir. Buna görə də təəccüblü deyil ki, "Slavyan birliyi"ndə demək olar ki, hamıda eyni zamanda bir neçə yerdə olmağı bacarmaq kimi paranormal bacarıq peyda olur. Həm də əvvəllər slavyanların heç ağıllarına belə gətirmədikləri bir xeyli bacarıq və istedadlar ortaya çıxır. Məsələn, əgər sıradan bir növbə iştirakçısının gündəliyini oxusan  bu suala asanlıqla cavab taparsan. Kiçik (saat 2-dən 6-ya qədər çəkən) yuxudan sonra tələbələr səhər yeməyinə yollanırlar. Amma yemək heç də hamının yuxudan oyanmasına imkan vermir: çoxları əllərində qaşıq ola-ola mürgüləməkdə davam edir. Sonra ən intizamlılar konfrans-zaldakı səhər toplantısına yollanırlar.  Orada isə zəngli saat rolunu səhər bülbülləri - təşkilatçılar və dəstələrin kuratorları oynayırlar. 

Yəni toplantıya gələnlər ayılırlar. Sonra isə ənənəvi ekspert saatı başlayır, sonra da tələbələr  kefləri nə istəyir, ondan da danışırlar. Onların əsas istiqamət fəaliyyəti layihələr üzrə "dəyirmi masa"lar, gənc alimlərin forumu və əlbəttə ki, master-klasslar, "Slavyan kəhkəşanı" çərçivəsində axşam konsertinə hazırlaşmaq olur. Yeri gəlmişkən, media sahəsində Rusiya ekspertlərinin master-klassları xüsusi olaraq məhz jurnalistlər üçün təşkil olunmuşdu. 

Nahar vaxtı çox tezliklə yetişir və bundan sonra dəstələrin xalq arasında "beyin" adlandırılan ən ağıllı təmsilçiləri intellektual oyunlarla əylənməyə yollanır, ən çeviklər isə "İdman sülh gətirir" turnirinin yarışlarında öz dəstələrinin şərəflərini qoruyurlar, ən məsuliyyətlilər isə məşq etməkdə davam edirlər, ən ağıllılar da eyni vaxtda bu tədbirlərin hamısına qatılmağı, sonra isə çimərliyə tərəf sürüşməyi də bacarırlar. Bəs sonra "Slavyanka"nın bu pərən-pərən düşmüş sakinləri hara toplaşır? Əllbəttə ki, şam yeməyinə. Amma axşam yeməyindən sonra da tələbələr vaxtı boş keçirmirlər və sonrakı tədbirlərə hazırlaşırlar. 30 yaşına qədər kimlərin dünyanı dəyişməyi bacarması və ya yarım saat qabaq çəkilmiş filmi ən yaxşı necə montaj etmək barədə mübahisələr  "Slavyan birliyi" üçün adi işdir. 

Daha sonra isə hamı axşam tədbirinə toplaşır. Bu, heç də həmişə konsert olmur. "Oskar" tipli mükafatların olduğu kinofestival, şən və hazırcavablar klubu (KVN), işgüzar "Communication" oyununun finalı da ola bilər. 

Yaxşı, bundan sonra necə rahatlıqla nömrəyə getmək və heç bir təəssurat  bölüşmədən yatmaq olar?!. Buna görə də tələbələr dağılmırlar və əksinə ənənəvi "Slavyan dairəsi"ndə toplaşırlar. Orada hər bir kəs gününün necə keçməsi barədə təəssüratlarını bölüşür və bir-birlərinə sakit gecələr arzulayırlar. Burası da var ki, "Slavyan birliyi"ndə sakit gecələr nadir hadisədir.  Axı heç kimə gecə dənizinin sahilində yığışıb gitarada ifa edilən mahnılara qulaq asmağı qadağan etməyiblər. Sonrakı günə hazırlaşmağa da heç kim yasaq qoymayıb: kimsə tələsik şərq slavyanlarının milli dəsmalı olan ruşnikə bəzək vurur, kimsə internetdə məlumat axtarışındadır, kimsə də mətbuat mərkəzində növbəti məqalə üzərində tər tökür. Adam günün sonunda hadisələrin hesabını itirir və səhər nə baş verdiyini xatırlamır və bu, "Slavyanka" üçün normal haldır. Beləliklə, düşərgə bu düşüncə və fikirlər altında yuxuya gedir. Sabah isə düşərgəni belə parlaq, qaynar və yeniliklərlə, görüşlərlə, ünsiyyətlə, şənliklə dolu gün gözləyir.  Başqa cür gün sadəcə "Slavyanka"da olmur! 

 

Məlumat mübadiləsi 

Biz də danışdıq. Öz ölkələrimizdən, ənənələrimizdən, dillərimizdən, bayram günlərindən, qayğılarımızdan danışdıq. Bütün insanlar üçün ümumi olan Yer planetində doğulmağımızdan və hamımızın Tanrı qarşısında bərabər sadə insanlar olmağımızdan başqa bir-birimiz haqqında nə bildiklərimizi də soruşduq. Sərhədlər yada düşdü. Məlum oldu ki, dostluqdan söhbət gedəndə və insanlar bir masa arxasında əyləşib çörək kəsəndə onlar yoxa çıxırlar.  Aydın oldu ki, biz bir-birimiz haqqında heç də çox şey bilmirik, amma gözəl günlərdə şənlənməyi və sevinməyi çox yaxşı bacarırıq. Anladıq ki, 70-80-ci illərin təmsilçisi olan bizləri Sovet Sosialist Respublikalar İttifaqı birləşdirir, eyni vaxta həm də ayırır. Anladıq ki, sən demə həmin illərdə yaxşı yaşamışıq və böyük ümumi evimizin həsrətini indi də hiss edirik. 

Tələbələr isə bizdən onunla fərqlənirlər ki, Sovet İttifaqında doğulmayıblar, amma çox maraqlıdır ki, bu ölkə və sovet dövrü barədə az bilmirlər. Görəsən, onlar Azərbaycanı tanıyırlarmı və bizim ölkə barədə nə bilirlər? "Region plus"un müxbiri bu suallarla gənc insanlara müraciət etdi. 

Kristina Rudenko, Moskva Dövlət Vilayət Universitetinin tələbəsi, 21 yaş:

- Mən Azərbaycan haqqında çox şey bilirəm, nəzərə alaq ki, doğma olmasa da, mənim babam azərbaycanlıdır. Mənim nənəm, yəni anamın anası alim idi və bir dəfə işlə bağlı Bakıya gedibmiş. Orada Surxay Rəhimoviç Allahverdiyevlə tanış olub. Hazırda o, biologiya professorudur. Onlar bir-birlərini seviblər və nənəm tezliklə ona ərə gedib. Bundan düz bir il sonra isə nənəmin qızı, yəni anam məni doğub. Mən öz azərbaycanlı babamdan başqa, heç bir ayrı baba tanımıram. İndi bizim çox yaxşı münasibətlərimiz var, o, doğma nəvəsi kimi məni sevir. Mən də ona doğma babam kimi münasibət göstərirəm. Mən bir dəfə Bakıda onların qonağı olmuşam. Düzdür, son iki ildə məndə bu alınmır, çünki babam hazırda Türkiyədə işləyir. Bakıda yayda olmuşam, onda "Azərbaycan" kinoteatrına getmişəm və "Dünyalar müharibəsi" filminə baxmışam. Onda mənim 16 yaşım var idi. Mən bu şəhərdən ötrü ölürəm, çox gözəldir. Düzü mən heç bir yerdə Bakıdakı kimi mavi səma və bu qədər günəş işığı görməmişəm. Sahillə gəzib otların, dənizin ətrini almışam. Diləgəlməz duyğudur. Ümumiyyətlə, mənim də, valideynlərimin də həyatı sehrli şəkildə Azərbaycanla bağlıdır. Sən demə onlar 1988-ci ildə bal aylarını Bakıda keçiriblərmiş. Onlar mənə danışıblar ki, yüsək tavanı olan və fiqurlarla bəzədilmiş mehmanxanada qalıblarmış. Siyasi vəziyyətdən, Qarabağ hadisələrindən heç nə bilmirəm. Babam nəsə danışıb, amma mən dərinliyinə varmamışam, sizin ölkə haqqında xatirələrimi nə iləsə korlamaq istəməmişəm. Məndən ötrü Azərbaycan mava səma, çox uşaqlar, günəş, dəniz, sahil olan bir ölkədir. Sizin paytaxtı çox sevirəm və mütləq yenidən Bakıya dönəcəm.

Sergey Mixaylov, Estoniya ictimai teleradiokorporasiyası, redaktor, 28 yaş:

- Ölkə haqqında qiyabi danışmaq istəməzdim. Mən ölkə ilə onun özündə tanış oluram. Bizim sizin Azərbaycanla çox mürəkkəb viza rejimimiz olduğuna görə, sizin ölkədə hələ olmamışam. Düşünürəm ki, artıq Estoniya və Azərbaycan arasında viza rejimini ləğv etməyin vaxtı çatıb. Məsələn, biz bunu  Rusiya ilə etmişik. Bakıda olmağa səbəbim də çoxdur. Tallinndə mənim xeyli azərbaycanlı dostlarım var, çox xeyirxah, açıq insanlardır. Onlar Azərbaycan vətəndaşlarıdır və məni qonaq çağırıblar. 

İkincisi, sizin ölkə ilə biznes qurmaq istərdim. Nə biznesi? Hələ ki təsfilatına varmayacağam. Məni maraqladıran başqa məqam isə Azərbaycanın futbol klublarından oynayan eston futbolçuları - legionerlərdir. Mənə məlumdur ki, hazırda sizin ölkədə dörd eston futbolçusu oynayır və onun dörü də Estoniya yığmasının üzvüdür. Bunlar "Neftçi"də oynayan Dmitri Kruqlov, Taavi Raxne, Vladimir Voskoboynikov və  "Xəzər-Lənkəran"ın oyunçusu Tixon Şişovdur. Bildiyimə görə, onlar pis oynamırlar və buna görə də onlardan müsahibə götürmək istərdim. Mən idmanla, xüsusilə də futbolla çox maraqlanıram. 

Daha bir maraqlı fakt da var - bu yaxınlarda eston mətbuatı bir bədbəxt hadisədən çox yazırdı, bir eston qızının başına iş gəlmişdi və dərisinin 50%-i yanmışdı. Onun valideynlərinə deyiblər ki, qızı yalnız Azərbaycanda müalicə edə bilərlər, çünki Bakıdakı Yanıq Mərkəzində çox güclü həkimlər var. Xatırlayıram ki, qız müalicə üçün Bakıya getdi və vəziyyəti yaxşılaşdı. Amma o, öz müalicəsini davam etdirməli, mütəmadi  olaraq Bakıya getməlidir. 

Bir şeyi də deyə bilərəm, Estoniyanın keçmiş əhali məskunlaşması naziri azərbaycanlı Eldar Əfəndiyev idi. O, həm də Estoniyanın əhali sayına görə üçüncü şəhəri olan Narvanın meri olub. Hazırda o, mərkəzçi partiyadan Estoniya parlamentinin deputatıdır. Yeri gəlmişkən, eston parlamentinə Riyqikoqu deyirlər. Sizdə də yəqin ki, maraqlı olar, azərbaycanlıları eston parlamentinə ruslardan tez üzv seçildilər. Bütövlükdə, Estoniyada çox güclü Azərbaycan diasporası var və onunla hesablaşırlar. Siyasi suallara gəldikdə isə, mənə məlumdur ki, Azərbaycanda Qarabağ müharibəsi olub və mən onu Sovet İttifaqını dağıdan təxribat kimi xatırlayıram.  Axı İttifaqın dağılmasından sonra demək olar ki, bütün postsovet ölkələri "qaynar nöqtələr"ə çevrildilər. 

Sizin ölkənin prezidenti İlham Əliyevə böyük simpatiyam var, tanınmış siyasətçi Heydər Əliyevin oğludur və birinci xanım Mehriban Əliyevaya da hörmətim böyükdür. Azərbaycan dövlətinin başçısı öz xanımı ilə Estoniyaya gəlmişdi. Bu səfərdən sonra bizim yerli KİV-in çoxu Azərbaycanın birinci xanımının təkrarsız gözəlliyindən çox yazdılar. Mən də Bakıda olmağı çox istəyirəm. Ona görə də tezliklə görüşənədək. 

Svetlana Pantsa (Moldova, Kişinyov), jurnalist, 24 yaş:

- Azərbaycan haqqında çox şey eşitməmişəm. Deyirlər, orada müharibə gedir. Məsələ bundadır ki, Moldovada demək olar ki, MDB ölkələri ilə bağlı xəbərlər olmur. Olanda da yuxarı səviyyələrdə görüşlərdən, danışıqlardan bəhs edir. Bilirəm ki, bizim ölkələr arasında aqrar sahədə əməkdaşlıq barədə saziş var. Düşününrəm ki, hazırda  Moldova bütövlükdə  MDB barədə müəyyən informasiya blokadasına salınıb. Hazırda Moldovaya rəhbərlik edən hökumət Rumıniyanın vasitəsi ilə Avropaya daxil olmaq istəyir. Avropa bizim yaxın qonşumuz sayılır. Yəni bütövlükdə öz içimizə qapanmışıq. 

Artem Mararenko (Tacikistan), gənclər işi üzrə mütəxəssis, "Svetoç" respublika gənclər təşkilatının lideri, 29 yaş:

- Sizin ölkədəki siyasi vəziyyət mənə yaxşı tanışdır, Dağlıq Qarabağ ətrafıındakı münaqişə barədə çox eşitmişəm. Hansısa nəticələr çıxarmaq çox çətindir, amma onu deyə bilərəm ki, Tacikistan da oxşar vəziyyətdə idi və bizim ölkədə də müharibə gedirdi. Mən də xidmət etmişəm və müharibədə iştirakçı olmuşam. Çox ölüm və qan görmüşəm. Çox dostlarımı itirmişəm, ona görə də yeni insanlar görəndə onlara başları üzərində sakit səma arzulayıram. Azərbaycana da həmçinin. 

Sizin hökumət münaqişədə düzgün siyasət seçib və hesab edir ki, döyüş əməliyyatlarını həmişə başlamaq olar, amma sakitliyi qorumaq isə çox çətindir.  Bunu eşitmək yəqin sizin üçün xoş olar, mən sizin prezidentiniz İlham Əliyevin əllərini sıxmaq şərəfinə nail olmuşam. Çox xoş insandır və onunla ünsiyyətdə olmaq maraqlıdır. Tacikistana MDB prezidentlərinin səfərlərinin birində tədbir hazırlayırdıq. Prezidentlər, o cümlədən Azərbaycan lideri də tacik gəncləri ilə görüşməli və söhbət etməli idi. Mən bu tədbirin təşkilatçılarından idim. Beləliklə, mən də İlham Əliyevlə görüşmək şərəfinə nail oldum. Düşünürəm ki, sizin ölkənin insanları da prezidentiniz kimi xeyirxahdır. Bizim xalqların oxşar cəhəti qonaqpərvər və duz-çörəkli insanlar olmasıdır. Qoy evinizdə həmişə sülh olsun.

Yevgeni Samoylenko (Ukrayna, Kiyev), Ukrayna xalq deputatı Vladimir Tolstenkonun məsləhətçi-köməkçisi, "Azad Avropa" Yardım Fondu ictimai təşkilatının vitse-prezidenti, 29 yaş:

- Ukrayna və Azərbaycan arasında çox yaxşı  dövlətlərarası əlaqələr yaranıb. Azərbaycan da Ukrayna kimi prezident ölkəsidir, düzdür bizim ölkədə deputatlar sizinkindən bir qədər çoxdur. Ali Rada səviyyəsində Ukrayna ilə Azərbaycan arasında parlamentlərarası rabitə qrupu fəailyyət göstərir və Vladimir Tolstenko da ora daxildir. Mənə bəllidir ki, Azərbaycan Qafqaz bölgəsinin iqtisadi lideridir və bizim ölkələr arasında işgüzar, təhsil və mədəniyyət sahələrini əhatə edən çox önəmli anlaşmalar bağlanıb. Mənim çoxlu azərbaycanlı dostlarım var - çox qonaqpərvər və etibarlı insanlardır. Sizin ölkənizə Dağlıq Qarabağ ətrafında münaqişənin tezliklə həll olmasını arzulayıram. Qoy dinclik və sülh olsun.

P.S. Düşərgə iştirakçılarının təşkilati toplantısıdır. Adama elə gələ bilər ki, elə də maraqlı tədbir olmaz. Onda nəsə öyrənmək mümkündürmü? Təcrübə göstərir ki, mümkündür. Birinci təşkilati toplantıda düşərgə iştirakçıları müəyyən etdilər ki, onlar Olginkaya Rusiyanın, MDB-nin və uzaq xaricin 54 bölgəsindən gəliblər və 55 ali məktəbi təmsil edirlər. Bununla yanaşı, düşərgədə 26 ictimai təşkilat üzvü və 18 nəfər hakimiyyət qurumu təmsilçisi müəyyən edildi. 

Hovuzun yanındakı meydan. Bu sərin axşamda dəstələr özlərini təqdim edirlər. 14 slavyan dəstəsi bir-birləri ilə tanış olmaq üçün öz istedadlarını nümayiş etdirirlər. Gitarada çala bildikləri bütün mahnılar demək olar ki, hitə çevrildi. Amma heç də tələbələrin hamısı ənənəvi düşərgə romantikasına üstünlük vermədilər. Bəzi iştirakçılar akkordeonda çalmağa, ləzginka rəqsi etməyə, hətta aolv şousu göstərməyə tənbəllik etmədilər. Meydançada gurultu alatorana kimi davam etdi. "Qamma"nın bütün qalan sakinlərinin bu səs-küy barədə nə düşündüklərini də təsəvvür etmək çətin deyildi. Onlar istər-istəməz gözlərindən süzülən yaşları silib ayrılıqla barışmalı olurdular. 



MƏSLƏHƏT GÖR:

505