Müəllif: Ənvər MƏMMƏDOV BAKI
Aqrar bölmədə istehsal və istehlak həcmlərini nəzərəçarpacaq dərəcədə azaldan qlobal iqtisadi böhranın başlaması ilə dünya bazarında prinsipcə yeni problemlər yaranıb. Hazırda aqrar xammalın qiymət artımının templərinin azalması müşahidə edilir, halbuki, yüksək templər son illərdə sahənin nisbətən yüksək rentabellik səviyyəsini təmin edirdi. Kənd təsərrüfatında istehsal xərcləri və risklər artır ki, bu da bank kreditləşdirilməsi həcmlərinin azalmasına və şərtlərinin sərtləşdirilməsinə gətirib çıxarır. Xoşbəxtlikdən, bu proseslər bütövlükdə Azərbaycana toxunmayıb. Çünki burada aqrar-sənaye kompleksinin (ASK) güzəştli kreditləşdirilməsi əvvəlki kimi hökumətin iqtisadi siyasətinin məhək daşıdır.
Bir sıra obyektiv amillərlə bağlı Azərbaycanda kənd təsərrüfatı inkişafının güzəştli maliyyələşdirilməsi əsasən dövlət tərəfindən gerçəkləşdirilir. Qismən də kreditləşdirmə beynəlxalq maliyyə qurumlarının xətti ilə və hökumətlərarası sazişlər çərçivəsində müxtəlif donor layihələri tərəfindən həyata keçirilir. Bütövlükdə, ötən 15 il ərzində bizim ölkənin aqrar bölməsinin inkişafı iyirmidən çox beynəlxalq layihə tərəfindən dəstəklənib. O cümlədən Avropa Birliyi (AB), TACIS, Dünya Bankı (DB), Almaniyanın GTZ təşkilatı, Hollandiya hökumətinin PSO proqramı, Beynəlxalq Kənd Təsərrüfatının İnkişafı Fondu (IFAD), həmçinin Yaponiya hökuməti və dünyanın bir sıra dövlətləri dəstəkləyənlər sırasında olub. Bir qayda olaraq, bu maliyyə resursları bu və ya başqa ASK sahəsində ayrı-ayrı infrastruktur layihələrinin və ya kənd təsərrüfatı icmalarının inkişafına, kooperativ və kredit ittifaqlarının formalaşmasına yönəlmiş pilot proqramlarının dəstəklənməsinə istiqamətlənib.
Beynəlxalq dəstək
Bu cür əməkdaşlığa bariz nümunə kimi IFAD-ın bizim ölkədəki fəaliyyətini göstərmək olar. Bu beynəlxalq təşkilatın xətti ilə 1997-ci ildən toplam dəyəri $49,3 mln. olan dörd kredit xətti verilib. Fondun önəmli işlərindən biri 2007-ci ilin sonlarında başa çatmış və büdcəsi $10,3 mln-a bərabər olan "Dağlıq və yüksək dağlıq rayonların kənd təsərrüfatının inkişafı" layihəsidir. Bu layihənin gerçəkləşdirilməsi hesabına Qəbələ, Lerik, Gədəbəy və Şahbuz rayonlarında fermerlərin çoxsaylı kredit ittifaqları yaradılıb. Fermerlərin mikrokreditləşdirməsi proqramı gerçəkləşdirilib, heyvanların süni mayalandırılması mərkəzlərinin yaradılmasına və heyvandarlığın inkişafına, arıçılığın, kartof toxumçuluğunun inkişafına, meyvə bağlarının salınmasına kömək göstərilib. Həmçinin aqrar məhsulların emalı üçün kiçik müəssisələrin yaradılmasına yardım edilib. IFAD-la $17,9 mln.-luq növbəti kredit sazişi 2008-ci ildə bağlanıb. Həmin vəsaitlər də Ağstafa, Qazax, Şəmkir və Tovuz rayonlarında irriqasiya sistemlərinin inkişafına, xırda fermer təsərrüfatlarının məhsuldarlığının və rəqabət qabiliyyətinin inkişafına yönəldilib. 2010-2015-ci illərdə fond Azərbaycanda iki oxşar layihəni gerçəkləşdirmək niyyətindədir. Layihələr ölkənin bir sıra bölgələrində aqrar bölmənin inkişafını nəzərdə tutur və fond bununla bağlı hökumətlə müvafiq danışıqlar aparır.
Azərbaycanın dağlıq regionlarına maliyyə dəstəyi göstərməyə İslam İnkişaf Bankı (İİB) da hazırdır. İİB bu məqsədlə $30 mln. ayırmağı düşünür. Artıq bizim ölkənin hökuməti ilə müvafiq danışıqlar aparılır.
Ancaq aqrar bölməyə ən böyük kreditlər Dünya Bankının (DB) xətti ilə verilib. DB bizim ölkə ilə əməkdaşlığa 1997-ci ildən "Təsərrüfatların özəlləşdirilməsi" layihəsi ilə başlayıb. Bu layihə çərçivəsində altı pilot rayondan olan 23 min fermerə DB-nin toplam dəyəri $28,8 mln olan məsləhət, ən başlıcası isə maliyyə yardımı edilib. Vəsaitlərin paylanması və layihənin idarə edilməsi sonrakı yeddi ildə xüsusi yaradılmış "Kənd təsərrüfatında özəl bölmənin inkişafına yardım üzrə milli agentlik"ə tapşırılıb. Hazırda bu qurumun adı dəyişdirilərək Kənd Təsərrüfatı Kreditləri üzrə Dövlət Agentliyi (KTKDA) adlandırılır və Kənd Təsərrüfatı Nazirliyinin (KTN) nəzdində fəaliyyət göstərir. Bu layihənin uğurlu təcrübəsi hökuməti DB ilə birgə fermer təsərrüfatlarının inkişafını və müvafiq infrastruktur layihələrinin inkişafını nəzərdə tutan daha iri miqyaslı layihələr gerçəkləşdirilməsi ideyasına sövq edib.
2000-ci ildə tərəflər "Kənd təsərüfatının inkişafı və kreditləşdirilməsi" adı verilmiş yeni layihə haqqında saziş bağlayıblar. Layihə üç mərhələyə bölünür və DB onun gerçəkləşdirilməsi üçün $100 mln ayrılması məsələsinə baxır: layihənin birinci mərhələsi 2002-ci ildə başlayıb və keçən ilin iyun ayında başa çatıb, bütövlükdə onun gerçəkləşdirilməsinə $33,6 mln ayrılıb. Bu layihə fermer təsərrüfatlarının kredit ittifaqları vasitəsi ilə kreditləşdirilməsini, fermerlərin əmlakının qeydiyyatını, torpaqların qeydiyyatı üzrə regional idarələrin və məsləhət mərkəzlərinin yaradılmasını, həmçinin baytarlıq xidmətinin inkişafına yardımı nəzərdə tutur.
İkinci fazanın gerçəkləşdirilməsinə yaxın zamanlarda başlanılmalıdır, o da dörd il sürəcək və bu layihədə DB-nin payı $28,4 mln təşkil edəcək. Bu vəsaitlər lizinq şirkətlərinin və kommersiya banklarının maliyyələşdirilməsinə yönəldiləcək, onların vasitəsi ilə məqsədli kreditlər kənd təsərrüfatı məhsullarının emalı üzrə müəssisələrə paylanacaq.
Bir sıra beynəlxalq donor qurmaları bankların və bank olmayan kredit qurumlarının imkanlarından istifadə etməklə aqrar bölməni birbaşa maliyyələşdirməyə üstünlük verirlər. Bu cür kreditləşdirmə sxeminə, məsələn, Almaniya inkişaf bankı "KfW" üstünlük verib. "KfW" 2006-cı ilin avqustunda bağlanmış hökumətlərarası sazişlər çərçivəsində bizim aqrar bölmənin birbaşa maliyyələşdirilməsini genişləndirib. "KfW"nin yerli bankların kənd təsərrüfatı bölməsində gerçəkləşdirdiyi əməliyyatlarına hökumətlərarası saziş və dövlət zəmanəti tələb olunmur.
Kreditin maliyyələşdirmə şərtləri - faiz dərəcəsi və başqa şərtləri seçilmiş banklarla ayrı-ayrı sazişlərlə müəyyən edilir. "KfW"nin bu proqramına 6 mln avro ayrılıb: kənd təsərrüfatı kreditləşdirilməsinə daha fəal olan və regionlarda daha geniş şaxəli filial şəbəkəsinə malik bankların kapitallarına sərmayə yatırmaq nəzərdə tutulur. Bu əməliyyatlar üzrə "KfW"nin tərəfdaşları "AccessBank", "UniBank", "Bank Respublika", həmçinin bankolmayan kredit qurumu "CredAgro" olublar.
Dövlət himayəsi
Ölkənin kənd təsərrüfatı, emal və ərzaq sektorlarının çağdaşlaşdırılmasında daha nəzərəçarpacaq uğurlar son yeddi ildə regionların sosial-iqtisadi inkişafı üzrə dövlət proqramının gerçəkləşdirilməsinin gedişində əldə edilib. Regional dirçəlişin birinci mərhələsi uğurla 2004-2008-ci illərdə gerçəkləşdirilib, dövlət proqramının ikinci mərhələsinə isə keçən il başlanılıb və 2013-cü ilə kimi davam edəcək. Ölkənin aqrar istehsalının inkişafının ikinci elementi artıq ilyarımdır ki, gerçəkləşdirilən və 2015-ci ilə qədər hesablanmış "Əhalinin ərzaqla etibarlı təmini üzrə dövlət proqramı"dır.
Bu dövlət proqramlarının həyata keçirilməsinin əsas vasitələri sırasına fermerlərə, ərzaq məhsullarının istehsalı və emalı ilə məşğul olan kiçik və orta sahibkarlıq (KOS) subyektlərinə güzəştli dövlət kreditlərinin ayrılması daxildir. Bu məsələlərin həllində aparıcı rol dövlət qurumlarına - Sahibkarlığa Kömək Milli Fonduna (SKMF) və Azərbaycan İnvestisiya Şirkətinə (AİŞ) məxsusdur. Bu iki qurum xaricdən və yerli qaynaqlardan iqtisadiyyatın daha perspektivli sahələrinə investisiyalar cəlb etməli, özəl bölməni təsərrüfatçılığın proqressiv formalarına və innovasiya texnologiyalarına vəsait yatırmağa həvəsləndirməlidirlər.
Bu məsələdə əsas diqqət bölgələrdə çağdaş ixracayönümlü kənd təsərrüfatı və emal sənayesi yaradılmasına yönəldilməlidir. "Bir neçə ildən sonra Azərbaycan əsas ərzaq məhsulları ilə yüz faizi özünü təmin səviyüyəsinə çıxacaq, bununla da ölkənin ərzaq təhlükəsizliyi məsələsi həll ediləcək. Eyni zamanda, yerli bazarın nisbətən məhdud olması aqrar sənaye kompleksinin inkişafına mane ola bilər ki, bu da ixrac həcmlərini bir neçə dəfə artırmağı əsas məsələlər sırasına çıxarır. Özü də Azərbaycanın aqrar sənaye sahəsi texnoloji baxımdan təkmilləşməli, keyfiyyət standartlarını artırmalı və postsovet məkanındakı ənənəvi bazarları əhatə etməklə yanaşı daha fəal şəkildə dünya bazarlarına, xüsusilə də Avropa bazarlarına çıxmalıdır", - deyə prezident İlham Əliyev regionların sosial-iqtisadi inkişafı və KOS subyektlərinin dəstəklənməsi üzrə ikinci beşillik dövlət proqramının tapşırıqlarını ifadə edərkən bildirib.
Kənd təsərrüfatının dəstəklənməsinə yetərincə yardım SKMF tərəfindən edilir. Belə ki, keçən il fondun xətti ilə Azərbaycanın 55 şəhər və rayonunda 2100-dən çox KOS subyektinin toplam məbləği 130 mln manat olan investisiya layihələri maliyyələşdirilib. 2009-cu ildə verilmiş kreditlərin həcmi 2008-ci ilə baxanda 1,5 dəfə çox olub. Bu, bir çox özəl şirkətlərə qlobal böhranın ən çətin günlərini o qədər də pis olmayan göstəricilərlə başa vurmağa imkan yaratdı. Bu il fond biznes layihələrin güzəştli maliyyələşdirilməsinə 115 mln manat yönəltməyi planlaşdırır, ssuda həcminin nisbətən az formalaşması konservativ ssenrai üzrə gerçəkləşdirilmiş dövlət büdcəsinin gəlir hissəsinin azalması ilə bağlıdır. Diqqətə layiqdir ki, bu il SKMF nəzərini bir neçə prioritet istiqamtə yönəltməklə kreditlərin məqsədli şəkildə ayrılması taktikasını seçib. Burada konkret olaraq uşaq yeməkləri istehsalı, heyvandarlıq və quşçuluq komplekslərinin, həmçinin üzümün emalı üçün kiçik və orta müəssisələrin yaradılması üzrə investisiya layihələrindən söhbət gedir.
Fondun fəaliyyətinin daha bir strateji istiqaməti ölkənin regionlarında meyvə-tərəvəz və ət-süd məhsullarının saxlanması üçün xüsusi soyuducu bazaların yaradılmasıdır. Soyuducu-anbar bazalarının yaradılması üzrə işlərə keçən ilin payızından başlanıb və bu yaxınlarda dövlət başçısı Salyanda belə müəssisələrdən birinin - tutumu 10 min ton olan kompleksin açılışında iştirak edib. SKMF bütövlükdə 12 belə layihə gerçəkləşdirir: Quba-Xaçmaz iqtisadi rayonunda altı anbar kompleksi yaradılacaq, mərkəzi iqtisadi rayonda isə dörd refrijerator tikiləcək, Lənkəran və Gəncə-Qazax bölgələrinin hər birinin payına isə bir soyuducu anbar düşcək. Soyuducu anbar komplekslərinin yarıdılmsının ümumi dəyəri bu dörd iqtisadi zona üzrə 40 mln manat təşkil edir və bu məbləğin 60%-i SKMF tərəfindən maliyyələşdirilir. İş adamları layihənin ən azı 30%-ni maliyyələşdirməlidirlər, qalan vəsaitlər isə kredit şəklində cəlb edilməlidir, özü də kreditlər yalnız SKMF-dən deyil, AİŞ-dən də alına bilər.
SKMF ilə yanaşı orta və iri biznes layihələrinin dəstəklənməsinə AİŞ də qatılır. Məsələn, o, ölkənin yeddi iqtisadi zonasında taxıl elevatorlarının tikintisi üzrə layihələri maliyyələşdirir. AİŞ "Milk PRO" şirkəti ilə birlikdə regionlarda süd zavodlarının tikintisini maliyyələşdirib, "Azersun Holding" ilə birlikdə isə Masazır yodlaşdırılmış duz müəssisəninə vəsait yatırıb. Keçən ilin sonunda AİŞ kənd təsərrüfatı məhsullarının emalı, karton, alüminium və ya plastik qablaşdırma taralaranın istehsalı, alternativ enerji qaynaqlarını inkişafı üzrə yeni investisiya layihələrinə ərizə qəbuluna başlayıb. İlin əvvəlindən isə ilk sazişlər bağlanıb: AİŞ, Britaniyanın "Marcin International" və İsrailin "Myba Agro Project" şirkətləri Xaçmaz rayonunda istixana, soyuducu anbarı, həmçinin sortlaşdırma-qablaşdırma sexi tikmək üçün "AzAgro Export" birgə müəssisəsini təsis ediblər.
Keçən ilə baxanda bu il aqrar sənaye kompleksinin inkişafı üzrə layihələrə dövlətin dəstəyi bir qədər azalıb: qlobal böhran fonunda hökumət ölkənin kənd təsərrüfatının maliyyələşdirilməsi baxımından konservativ kursa üstünlük verib. Məsələn, bu il dövlət büdcəsindən kənd təsərrüatının ehtiyacları üçün 383 mln. manat ayırmaq nəzərdə tutulub, halbuki, keçən il bu, 408 mln manat təşkil etmişdi. Ancaq bu il fermerlərə ayrılan subsidiyaların həcmi artaraq 115 mln manat təşkil edcək. "Aqrolizinq" SC-nin maliyyələşdirilməsi üçün 35 mln manat ayrılıb, KTKDA 10 mln manat, SKMF 44 mln manat alacaq. Vəsaitlərin qalan hissəsi KTN-in dəstəklənməsinə və aqrar sənaye kompleksi üzrə başqa inkişaf layihələrinə, o cümlədən meliorasiya-irrqasiya təsərrüfatlarının infrastrukturunun yaxşılaşdırılması üzrə tədbirlərin maliyyələşdirilməsinə yönəldiləcək.
Bununla belə, hökumətdə əmindirlər ki, aqrar kompleksin və KOS-ların inkişafına büdcə maliyyələşdirməsinin azacıq azalması müvəqqəti haldır və sonrakı illərdə daxili investisiyalar xeyli artacaq.
Ölkənin əsas aqrobankı
Bununla yanaşı, nisbətən riskli və yetərincə gəlirliliyi olmayan aqrar bölmə ölkənin kommersiya banklarının müəyyən qismi üçün böyük maraq kəsb etmir. Aqrar sənaye kompleksinin məqsədli maliyyələşdirilməsi üçün Azərbaycanda artıq çoxdan tam keyfiyyətli aqrar bankın yaradılmasına ehtiyac duyulur. Bu cür xüsusi bankın yaradılması üzrə işlər hələ iki il qabaq başlayıb və baza kimi "Aqrar-Kredit" bankolmayan kredit qurumunun strukturunun istifadəsi təklif edilib.
90-cı illərin sonlarında yaradılmış "Aqrar-Kredit" bankolmayan kredit qurumu fermerlərə aşağı faizli və uzun müddətli kreditlərə çıxış imkanı yaradıb. 2003-cü ilin oktyabr ayında "Aqrar- Kredit Fondu" ilə birləşən "Aqrar-Kredit"in fəaliyyət dairəsi və maliyyə imkanları yetərincə genişlənib. Hazırda bu qurum demək olar ki, ölkənin bütün rayonlarında işləyir və bir neçə kreditlayihəsi gerçəkləşdirir, onların sırasında SKMF xətti ilə olanlar da var. Hazırda "Aqrar-Kredit"in kapitalı 18,5 mln. manat təşkil edir ki. bu da yeni bank yaradılması üçün yetərlidir.
Qurum 2009-cu ili gəlirlə başa vurub, bu ilin dörd ayı da bu cür uğurlu olub. "Azərbaycan Nazirlər Kabineti "Aqrar-Kredit"i tam keyfiyyətli aqrar banka çevirmək üzərində işi davam etdirir: burada əsas məsələ bu qurumun özəlləşdirilməsidir, məsələ ilə bağlı Dünya Bankı, Beynəlxalq Maliyyə Korporasiyası (IFC), Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) və başqa donor strukturlarla məsləhətləşmələr aparılır. Son qərar onun səhmdarları - Maliyyə və İqtisadi İnkişaf nazirlikləri tərəfindən veriləcək", - deyə "Aqrar-Kredit" bankolmayan kredit qurumunun idarə heyətinin sədri Məmməd Musayev bildirir.
Daha öncə "Aqrar-Kredit"in müəyyən iştirak payının xarici investora satılması yolu ilə dəyişdirilməsi ehtimal edilirdi, "Credit Agricole", "Rosselxozbank" və başqa beynəlxalq aqrar maliyyə institutları xüsusi aqrar bankın yaradılmasına texniki yardım göstərməyə, təcrübə mübadiləsinə hazır olduqlarını bildirmişdilər. Amma qlobal böhranla bağlı "Aqrar-Kredit"dən iştirak payının satışı barədə danışıqların aparıldığı Avropa bankları bu prosesi dayandırıblar.
Bu prosesdə iştiraka maraq daha çox IFC və AYİB tərəfindən göstərilməkdədir. İlkin özəlləşdirmə sxeminə görə, birinci mərhələdə "Aqrar-Kredit"in 25%-nin özəlləşdirilməsi, sonda isə tam özəlləşdirilməsi planlaşdırılırdı. "Düşü-nürəm ki, perspektivdə bu, xarici iştirak paylı bank olacaq, çünki bu tipli bankların yüksək kapitallaşması vacibdir. Ancaq ilkin mərhəldə bank dövlət vəsaitləri hesabına yaradıla bilər", - deyə M.Musayev vurğulayır.
Bu və ya başqa halda son on ildə aqrar islahatlarının təcrübəsi göstərib ki, bazar münasibətləri şəraitində fermer təsərrüfatların mövcudluğu yalnız güzəştli kreditləşdirmə şəraitində mümkündür.
MƏSLƏHƏT GÖR: