26 Noyabr 2024

Çərşənbə axşamı, 00:37

"AVRO-2" QÜVVƏYƏ MİNDİ

Azərbaycanın avtomobil bazarı kəmiyyətdən keyfiyyətə keçir

Müəllif:

15.07.2010

İndən belə Azərbacana "Avro-2" ekoloji standartlarına uyğun gəlməyən nəqliyyat vasitələri idxal edilməyəcək. İyulun  1-dən Azərbaycana köhnə xarici avtomobillərin gətirilməsi, daha dəqiqi isə "Avro-2" standartlarına uyğun gəlməyən avtomobillərin idxalının qadağan edilməsi barədə yeni qaydalar qüvvəyə minib. Belə avtomobillər ya xaricdə qalmalı, ya da ki öz mövcudiyyətini başa vurmalıdır - sadə dillə deyilərsə, sökülüb ehtiyat hissələrinə çevrilməlidir.

İndi gömrük əməkdaşı avtomobilin ölkəyə gətirilməsinə icazə verməzdən əvvəl onun artıq Azərbaycan ərazisində sertifikatlaşmadan keçirilmiş avtomobillərin siyahısında olub-olmayacağını yoxlayacaq. Əgər nəqliyyat vasitəsinin ekoloji sinfi müəyyən edilə bilməsə və ya sahibi ehtimal edilən siniflə razılaşmırsa, onda uyğunluq sertifikatının alınması üçün yerli qurumlara müraciət etməlidir ki, bunun da qiyməti 20 manatdır. 

 

Yaşı 12-dən yuxarılar sınaqdan keçiriləcək 

"Avro-2" standartlarına keçmək üçün Azərbaycanın Standartlaşdırma, Metrologiya və  Patent üzrə Dövlət Komitəsi (SMPDK) milli AZS 447-2010 "Azərbaycan ərazisində dövriyyəyə buraxılan avtonəqliyyat vasitələri tərəfindən atmosferə zərərli maddələr buraxılmasına tələblər" standartını işləyib. Bu yeni standart sözügedən normativin qüvvəyə minməsinə qədər ölkəyə gətirilmiş avtomobillərə, həmçinin əntiq avtomobillərə qarşı tətbiq edilməyəcək, onların geri qayıtması zamanı sertifikatlaşmadan yenidən keçirilməsi tələb olunmayacaq. Testləşdirmə əvvəllər ölkəyə gətirilməmiş yeni avtonəqliyyat vasitələrinə və istismar müddəti 12 ildən yüksək olan köhnə avtomobillərə şamil ediləcək. Sınaq Daxili İşlər Nazirliyinin (DİN) laboratoriyalarında aparılacaq. 

"Avro-2" standartının peyda olduğu 1996-cı ildən sonra buraxılmış avtomobillər Azərbaycana idxal edilən zaman texniki pasportda tullantılar barədə göstərilmiş göstəricilərə uyğunluq üzrə yoxlanılacaq. 1996-cı ildən əvvəl buraxılmış avtomobillərin gətirilməsi isə mühərrikdə müəyyən dəyişiklik edildikdən sonra mümkündür. 

Azərbaycana 2010-cu ilin iyul ayının 1-dən sonra daxil olmuş avtomobillər hər il keçirilən məcburi yoxlama ilə yanaşı, həm də hər il əlavə texniki baxışa cəlb ediləcək. Bu, ölkəyə iyulun 1-nə kimi gətirilmiş avtomobillərə aid deyil - onlar yalnız hər il ənən?vi texniki baxışdan keçiriləcək. 

 

Avtomobil bazarının "təmizlənməsi" 

Hələ ki, bu yenilik ölkəmizə yeni gətirilən xarici maşınlara şamil olunacaq. Yollarımızda artıq şütüyən xarici avtomobillər "Avro -2"yə görə yoxlanılmayacaq. Ancaq SMPDK başçısı Ramiz Həsənov bildirir ki, yavaş-yavaş "Avro-2" standartlarına uyğun gəlməyən avtomobillərin istismardan tam çıxarılması gerçəkləşdiriləcək. Belə ki, birinci mərhələdə bu standarta uyğun gəlməyən avtomobillərin idxalına qadağa qoyulub, ikinci mərhələdə isə ölkəyə daha öncə gətirilmiş və "Avro-2" standartlarına uyğun gəlməyən avtomobillərlə bağlı konkret tədbirlər görüləcək. 

İki ildən sonra Azərbaycanda neft məhsullarının keyfiyyəti ilə bağlı "Avro-3" ekoloji standartlarının tətbiq edilməsi düşünülür. Daha sonra "Avro-4" və daha yuxarı standartlara keçiləcək ki, bu da bazarı lazımi tələblərə uyğun gəlməyən avtomobillərdən təmizləməyə imkan yaradacaq.  Ekoloji standartların təkmilləşməsi ölkədə neft məhsullarının keyfiyyətinin yaxşılaşdırılmasına paralel aparılacaq. 

Hazırda ölkənin yeganə neft məhsulları, o cümlədən, benzin və dizel yanacağı  istehsalçısı ARDNŞ-dir. Daha öncə şirkətin başçısı Rövnəq Abdullayev bildirmişdi ki, ölkədə istehsal edilən benzin və dizel yanacağı tamamilə "Avro-2" standartlarına uyğun gəlir. Yaxın zamanlarda isə ARDNŞ neftayırma zavodlarının çağdaşlaşdırılması hesabına istehsal edilən yanacağın keyfiyyətini "Avro-3"ə qədər qaldırmağı düşünür. ARDNŞ "Avro-5"ə və yuxarı standartlara uyğun neft məhsulları istehsalı üçün kompleks tikmək niyyətindədir, kompleksin tərkibinə yeni neft-qaz emalı və neft-kimya istehsalı sahələri daxil olacaq. 

 

Gömrük yeniliyə hazırdır 

Dövlət Gömrük Komitəsinin (DGK) sədri Aydın Əliyev hesab edir ki, həm ekologiyanın qorunması və həm də nəqliyyatda təhlükəsizlik baxımından "Avro-2" standartının tətbiqi Azərbaycan üçün lazımdır. Onun tətbiq edilməsi avtomobillərin keyfityyətinin yaxşılaşdırılması ilə yanaşı, həm də istifadə olunan yanacağın standarta uyğunluğu deməkdir. 

Atmosferə zərərli maddələrin atılması səviyyəsini yoxlamaq məqsədi ilə DGK lazım olan avadanlıq alıb, həmçinin gömrük bəyannaməsinin gerçəkləşdirilməsi üçün xüsusi iş otaqları ayırıb. Qurum başçısının sözlərinə görə, gömrük rəsmiləşdirilməsi zamanı avtomobil nəvləri ilə bağlı məhdudiyyətlər olmayacaq, çünki burada məhz maşının durumuna fikir veriləcək. Əgər bu və ya başqa şəkildə şübhə doğuran avtomobil olarsa, onda diaqnostikaya göndərilcək.

Bəs "Avro-2" ekoloji standartının qəbul edilməsi dövlətə və əhaliyə nə verəcək?

 

Ekologiya 

Gözlənilən nəticələr sırasında birinci yer, təbii ki, ekoloji faydaların payına düşür. Azərbaycanda da, dünyanın bir çox başqa ölkələrində olduğu kimi, avtomobillərin sayının sürətlə artması  havanı çirkləndirmək üzrə antireytinq siyahısında nəqliyyat vasitələrini ilk sıralara çıxarıb.

Statistikaya görə, bir il ərzində Azərbaycanın avtonəqliyyat  vasitələri tərəfindən atmosferə, təxminən, 691,2 min ton karbon oksidi atılır. Mütəmadi olaraq 280-ə yaxın müxtəlif zərərli komponentlər, o cümlədən, dəm qazı və azot oksidi də havaya buraxılır. Bu problemin yaşandığı bir sıra Avropa ölkələrində bu məsələni məhz "Avro" standartlarının tətbiqi ilə həll edirlər. 

"Avro" normaları işlənmiş qazların zəhərliliyinin məhdudlaşdırılması, yanacağın xüsusiyyətlərinin yaxşılaşdırılması üzrə tələblərdir və hər şeydən öncə, avtomobil istehsalçıları üçün nəzərdə tutulur. 

 

Vergi yükü 

Hazırda ən düşündürücü məsələlərdən biri "Avro-2" standartlarının avtomobil idxalına təsirdir. DGK sədri Aydın Əliyevin sözlərinə görə, 2008-ci ilə kimi Azərbaycana avtomobil idxalının həcmi artmaqda idi, amma 2008-2009-cu illərdə idxal azaldı. Bu ilin yanvar-may aylarında isə ölkəyə avtomobil idxalı az da olsa, təxminən, 3-4% səviyyəsində artıb. DGK-da hesab edirlər ki, yeni standartların tətbiqi avtomobil idxalının kəskin azalmasına səbəb olmayacaq.  

Yenilik həmçinin  "Avro-2" standartlarına uyğun minik avtomobillərinin gömrük rüsumları dərəcəsinə də təsir göstərməyəcək. "Hazırda "Avro-2" standartlarına uyğun minik avtomobillərinin gömrük rüsumları dərəcəsinin artırılması  məsələsi gündəlikdə durmur", - deyə Aydın Əliyev vurğulayır. Halbuki daha öncə DGK sədri ölkəyə ümumi idxal həcminin azalması üzündən gömrük dərəcələrinin artırılmasını təklif edirdi. 

Ancaq əvvəl olduğu kimi, "yaşı" bir ilə qədər olan avtomobillərdən mühərrikin həcminin hər kubsantimetri üçün $0,4,  bir ildən çox olanlardan isə hər kubsantimetr üçün $0,7 tutulacaq. Aksizləri, gömrük yığımlarının, həmçinin başqa vergi və ödənişlərin də ölçüləri əvvəlki kimi qalır. 

 

Tələb və təklif 

"Avro-2" standartının tətbiq edilməsi ölkənin avtonəqliyyat parkının nəzərəçarpacaq səviyyədə yeniləşdirilməsinə səbəb olacaq. Köhnə avtomobillərə gəldikdə isə, onların yiyələrinin narahatlığına əsas yoxdur; bu standart Avropa ölkələrində 1996-cı ildən qüvvədədir. Buna görə də yaşı hətta 10-a çatan xarici avtomobillər elə ilk başdan  bu standarta uyğun olub. Artıq Azərbaycan ərazisində qeydiyyatdan keçmiş avtomobillər isə son nəfəslərinə qədər öz yiyələri üçün hər hansı bir problem yaratmadan işləyə biləcək, onların sadəcə, təmir xərclərinə ehtiyacı olacaq. 

Bununla yanaşı, dəyişikliklər ərəfəsində Bakının avtomobil bazarında may üzrə ilin bu mövsümü üçün ənənəvi olmayan passivlik davam etməkdə olub. "Əmlak bazarı iştirakçıları" İctimai Birliyinin (ƏBİİB) araşdırmalarına görə, ilin əvvəlindən keçən dörd ay müddətində Bakının avtomobil bazarında passivlik kəskinləşib. Mayda həmçinin avtomobil satışı üzrə mərkəzlərə müraciət sayı azalıb ki, bu da bağlanmış əqdlərin sayının 1,8% azalmasına gətirib. Bununla belə, mayda avtomobilin orta qiyməti dəyişməyib və 15380 dollar təşkil edib. Mayda avtomobil bazarının likvidlik əmsalı son üc il üçün ən aşağı səviyyəyə düşüb. 

Bütövlükdə, bazara yeddi mindən çox avtomobil təklif edilib, bunun 36,1%-i mayın payına düşüb, qalanları isə keçən aylardan qalıb. Köhnə avtombillərin iki ay ərzində bazara müşahidə edilən kütləvi  axını may ayında müəyyən qədər sabitləşib. Artıq üç ildir ki, Bakının avtomobil bazarında liderlik edən "Mercedes-Benz" markalı avtomobillərin payı mayda daha 0,4% artıb və ümumi bazar portfelinin 38,96%-ni təşkil edib. 

Təkrar bazara təklif edilən avtomobillərin illər üzrə paylanmasında da ciddi dəyişkliklərin olduğunu qeyd etmək lazımdır. Araşdırmalar göstərir ki, avtomobil idxalına ekoloji tələblərin sərtləşdirilməsi haqqında qərar təkliflər portfelinin illər üzrə strukturuna ciddi təsir göstərib (cədvələ bax).  Ekspertlərin fikrincə, yaxın gələcəkdə bazarda üstünlük daha çox 2003-cü ildən sonra buraxılmış avtomobillərə veriləcək. 

Amma narahat olmağa tələsməyin: hər addımda sizin avtomobilin "Avro-2" standartlarına uyğun olub-olmamasını heç kim yoxlamayacaq. Bu standartlar avtomobil istehsalçıları üçün nəzərdə tutulub və yol şəraitində bu uyğunluğu yoxlamaq sadəcə mümkün deyil. Yeni standartlar həmçinin Azərbaycan ərazisinə idxal edilən və ya burada istehsal edilən yeni avtomobillərin qiymətində özünü göstərməyəcək. 

Bazarın iri iştirakçıları - rəsmi dilerlər və istehsalçılar üçün  "Avro-2" standartlarına keçmək hazırda elə bir ciddi maneə və əlavə xərclər tələb etmir :  bütün "ağ" avtomobillər çoxdan tələblərə uyğun gəlir. Özü də Azərbaycan ərazisində artıq çoxdan "Avro -2" normalarına və hətta daha sərt olan "Avro-3", "Avro-4" normalarına uyğun gələn maşınlar şütüyür. Bu, sivilizasiyalı bazar formalaşdıran bütün ölkələr üçün normal praktikadır. Hətta yük avtomobilləri də daxil olmaqla, Rusiya avtmobil sənayesinin bütün çağdaş məhsulları "Avro-3" normativlərinə uyğun gəlir.  

Ekspertlərin fikrincə, daxili bazarda köhnə avtomobillərin qiymətinin azalması gözlənilir. Ölkənin avtomobil bazarında bu meyil artıq çoxdan müşahidə edilir. Təbii ki, yaxın gələcəkdə istismarı qadağan edilən "qara siyahı"ya düşmə üzrə potensial riskə malik avtomobilləri almaq  istəyənlərin sayı azalacaq. 


MƏSLƏHƏT GÖR:

499