5 Dekabr 2025

Cümə, 23:14

KOMOROVSKİ - TUSK TANDEMİ

Polşanın islahatlar "qatar"ı "vətəndaş platforması"ndan yoluna davam edir

Müəllif:

15.07.2010

Beləliklə, Polşa Seyminin spikeri, hakim liberal "Vətəndaş platforması" partiyasının namizədi Bronislav Komorovski Polşanın yeni prezidenti seçildi. Yeni prezidentin inauqurasiyası avqustun əvvəllərində - Ali Məhkəmənin seçkinin nəticəsini təsdiqləməsindən sonra keçiriləcək.

"Xalq seçdi. Dövlətin gələcəyi ilə bağlı qərar qəbul etdi. Mən seçkidə iştirak edən hər kəsə, həmçinin, rəqiblərimə təşəkkür edirəm", - deyə "prezident-elekt" Komorovski (Polşada yeni seçilmiş prezidenti səlahiyyətlərinin icrasına başlayanadək belə adlandırırlar) bildirib. O, bu bəyanatdan əvvəl tərəfdarları ilə birgə qatıldığı bayram axşamında "Polşa demokratiyasının qələbə qazandığını" bildirib, hamını "münaqişələr deyil, milli birlik əsasında vahid Polşanın qurulması üçün cəmiyyətdəki parçalanmaya son qoymağa" çağırıb.

Analitiklər Komorovskinin qələbə qazanacağını əvvəlcədən də proqnozlaşdırırdılar. Amma səslərin sayılması zamanı onun üçün hər şey heç də asan keçməyib. "Qanun və Ədalət" partiyasının namizədi Yaroslav Kaçinski ilə Komorovski arasında fərq o qədər də böyük deyildi. Bülletenlərin 95%-nin hesablanmasından sonra, Komorovski 52,63% səslə öndə idi. Kaçinskinin isə 47,37% səsi vardı. Bülletenlərin 50%-nin hesablanmasından sonra isə Kaçinsi, hətta öndə idi. 

Amma sonda Komorovski 53,01% səs qazanaraq, rəqibini 6%-lik fərqlə üstələyə bildi. Yekun nəticə Kaçinskiyə seçicilərin 46,99%-nin səs verdiyini göstərdi.

Xatırladaq ki, Polşada prezident seçkisinin ilk turu hələ iyunun 20-də keçirilmişdi. Lakin həmin turda namizədlərin heç birinin 50%+1 səs toplaya bilməməsi ikinci turun keçirilməsini labüd etmişdi: ilk turda Komorovskiyə 41%, Kaçinskiyə isə təxminən 36% seçici səs vermişdi.

Qeyd edək ki, Polşada növbədənkənar prezident seçkisini dövlət başçısı Lex Kaçinskinin təyyarəsinin qəzaya uğraması zəruri etmişdi. Məlum olduğu kimi, aprelin 10-da prezident təyyarəsinin Smolensk üzərində qəzaya uğraması nəticəsində Kaçinski ilə yanaşı, çoxlu sayda dövlət və ictimai xadim, hərbçi və diplomat dünyasını dəyişdi. Nümayəndə heyəti vaxtilə Katında güllələnmiş Polşa əsgər və zabitlərinin xatirəsinə həsr olunmuş matəm tədbirinə qatılmaq üçün Smolenskə gedirdi. Bu dəfə prezidentin, çoxlu sayda hərbçi  və ölkənin siyasi elitasının ölümü Polşa üçün daha böyük zərbə oldu. Ölkənin bu faciədən çıxması isə, ən azı, Polşaya hörmət etməyə əsas verir.

Bronislav Komorovski 4 iyun 1952-ci ildə anadan olub. O, litvaəsilli məşhur polşalı qraf Ziqmunt Leon Komorovskinin oğludur. Evlidir, 5 övladı, nəvəsi var. Ov həvəskarı olan Komorovski həm də çoxsaylı çastuşka müəllifidir.

O, Varşava Universitetinin tarix fakültəsini bitirib. Polşa Xalq Respublikası dövründə fəal müxalifətçi olub. 1980-ci ildə "Həmrəyliy"ə qoşulub, ötən əsrin dönüş nöqtəsi olan 90-cı illərində isə hökumətdə və Seymdə çalışıb. 2001-ci ildə liberal-mühafizəkar "Vətəndaş platforması"nın yaradıcılarından biri olub. 2007-ci ildən Seymin rəhbəridir.

Komorovski praqmatik, sözünün sahibi olan siyasətçi kimi tanınır. O, Polşanın gələcəyini bazar iqtisadiyyatlı hüquqi dövlət kimi gördüyünü dəfələrlə bildirib. Komorovski hesab edir ki, Polşa Avropa və demokratik dəyərlərlə yaşamalıdır. O, baş nazir Donald Tuskla birlikdə ölkədə yaşayış səviyyəsinin yüksəldilməsinə, müasirləşməyə, iqtisadiyyatın müxtəlif sahələrinin özəlləşdirilməsinə yönəlmiş siyasət yürütməyə köklənib.

Ekspertlər bildirir ki, "Komorovski -Tusk tandemi"nin bu planlarını reallaşdırmaq üçün bütün şansları olacaq. Çünki artıq yalnız baş nazirin deyil, prezidentin də təmsil etdiyi hakim "Vətəndaş platforması" partiyası müxalifətin müqavimətindən xilas olub və müstəqil siyasət yürütmək imkanı qazanıb. Baş nazir Tuskun mərhum prezident Lex Kaçinski ilə münasibətlərində problem yaşandığı, bunun zaman-zaman vacib qərarların qəbuluna mane olduğu bəlli idi. Xatırladaq ki, Lex Kaçinski baş nazirin irəli sürdüyü qanunlara düz, 18 dəfə veto qoymuşdu.

Digər tərəfdən, ekspertlər hakimiyyətdəki belə konsolidasiyanın sonda prezident və baş nazir üçün mənfi tərəfinin də ola biləcəyini düşünür. Çünki hər hansı uğursuzluq halında onlar bütün məsuliyyəti öz üzərlərinə götürməli olacaqlar. 

Bundan başqa, Komorovski və Tusk kimi iddialı və təcrübəli siyasətçilər arasında hansısa fikir ayrılığının yaranacağını da istisna etmək olmaz. Xüsusilə, opponentlərinin dəfələrlə "Donald Tuskun əlaltısı" adlandırdığı Komorovskidə siyasi arenada mövqelərini daha da möhkəmləndirməyə cəhd etməsi mümkündür. Üstəlik, nəzərə almaq lazımdır ki, baş nazirin prezidentə müqavimət göstərmək üçün kifayət qədər imkanları var - hökumətin fəaliyyət sahəsi xeyli genişlənib. Yeni prezidentin buna necə reaksiya verəcəyi isə bəlli deyil. 

Bundan əlavə, Polşa həm də parlament respublikasıdır. Bu haqda "The New York Times" çox düzgün qeyd edib ki, "mərkəzçi Komorovskinin Polşa prezidenti seçilməsi, yəqin ki, Tuskun sağ-mərkəzçi hökumətinin mövqelərini möhkəmləndirəcək".

Yeri gəlmişkən, Seymin yeni marşalı postuna Komorovskinin yerinə Qjeqoj Sxetına seçilib. O da "Vətəndaş platforması" partiyasının təmsilçisidir (baş katib və parlament fraksiyasının rəhbəri).

Komorovskinin prezidentliyi dönəmində Polşanın xarici siyasətində bir tərəfdən, ciddi dəyişikliklər gözlənilməsə də digər yandan çoxları düşünür ki, Komorovski ilk növbədə qonşularla, xüsusilə də Almaniya ilə münasibətlərdə yeni yanaşma ortaya qoyacaq. Komorovski ölkəsinin Avropa İttifaqı və NATO-dakı rolunu möhkəmləndirmək niyyətində olduğunu artıq bəyan edib. Yerli KİV isə yazır ki, yeni prezident daha çox Aİ-yə can atır, nəinki ABŞ-a. 

Komorovskinin bir fikri kifayət qədər məşhurdur: "Avropanın küncündə yox, mərkəzində olmaq lazımdır. Bunun üçün elə etmək lazımdır ki, səsin Aİ-də eşidilsin".

Yeni dövlət başçısı problemlərin həllinə kollektiv yanaşma tərəfdarıdır və bu, Brüsselin məqsədlərinə tam cavab verir.

Maraqlıdır ki, Polşada keçirilən prezident seçkisinin ikinci turundan bir qədər əvvəl ABŞ-ın dövlət katibi Hillari Klinton xarici turnesi çərçivəsində bu ölkəyə də baş çəkib. Diplomatik addım atan Klinton burada nə Komorovski, nə də Kaçinski ilə görüşüb. Amma o bildirib ki, "Polşa hansı namizədi seçir-seçsin, ABŞ bu ölkənin dostu və tərəfdaşı olaraq qalacaq".

Klinton Polşanın xarici işlər naziri Radoslav Sikorski ilə görüşündə isə iki ölkə arasında hava hücumundan müdafiə haqda müqaviləyə edilən əlavələr təsdiqlənib. Bu sənəd sözügedən müqaviləni ABŞ prezidenti Barak Obamanın elan etdiyi raketdən müdafiə sisteminin yeni arxitekturasına uyğunlaşdırıb.

Komorovski Rusiya ilə də münasibətləri inkişaf etdirmək niyyətindədir. Tarixən belə olub ki, Rusiya mövzusu Polşa üçün aktual və son dərəcə ağrılı mövzudur. Onlar arasındakı münasibətlərdə gərginliyin son pik həddi o qədər də uzaq olmayan keçmişdə yaşanıb - 2008-ci ilin avqustunda Rusiya ilə Gürcüstan arasında baş vermiş müharibə zamanı. 

ABŞ-ın sabiq prezidenti Corc Buşun Polşada HHM sistemi yerləşdirmək planının meydana çıxması da Polşa-Rusiya münasibətlərində gərginliyi artıran səbəblər sırasında idi.

Ağ evin yeni sahibi Barak Obamanın Moskva ilə münasibətlərdə "yenilənmə"yə qərar verməsi isə Rusiya-Poşla münasibətlərinə müsbət təsirsiz ötüşə bilməzdi. Yeri gəlmişkən, Polşa KİV bir məqamı fəal şəkildə xatırlatmaqdadır: 2008-ci ilin avqustunda baş vermiş Rusiya-Gürcüstan qarşıduması zamanı məhz Komorovski hökuməti "nəticə çıxarmağa, tələsməməyə və başqalarının münasibətinə qarışmamağa" çağırmışdı.

Bütün bunlarla yanaşı, əlbəttə ki, Moskva-Varşava münasibətlərindən sensasiya gözləməyə dəyməz. Şübhəsiz ki, faciəvi keçmişin kölgəsi hələ uzun müddət hər iki ölkənin üzərinə düşəcək. 

Elə indiki münasibətlər də ideal deyil.

Yaroslav Kaçinskiyə gəlincə, o, məsələni çox uzatmayıb və seçkidə məğlubiyyətini etiraf, rəqibini isə təbrik edib. Amma o, partiyasının revanş götürəcəyinə ümid etdiyini də söyləyib. Kaçinski partiyasının növbəti parlament və yerli şuralara seçkidə qələbə qazana biləcəyini düşünür.

Mühafizəkar "Qanun və Ədalət" partiyasının lideri yaxın zamanlarda partiyasında "səfərbərlik"lə məşğul olmaq niyyətindədir. Prezident seçkisi göstərib ki, onun parlamentə "siyasi hücum" üçün yaxşı resursları var.

Əksər müşahidəçilər hesab edir ki, məğlubiyyətə baxmayaraq, Kaçinski böyük uğur qazanıb. "Bronislav Komorovski Smolensk faciəsinə, daşqınlara, zəif seçki kampaniyasına və katolik kilsələrinin əksəriyyətinin Kaçinskini dəstəkləməsinə rəğmən qələbə qazandı. Qələbə qazandı, amma çox az fərqlə. Həqiqətən də, seçkini Bronislav Komorovski udmadı, Yaroslav Kaçinski uduzdu", - deyə "Qazete vıborçey" yazır.

Həqiqətən də, mühavizəkar millətçi Yaroslav Kaçinski seçkiqabağı kampaniyada "Qanun və Ədalət" partiyası üçün ənənəvi olan mühafizəkar xətdən uzaqlaşa bilib. Görünür, o anlayıb ki, əsas diqqətin yalnız kommunist keçmişdən xilas olmağa yönəldilməsi dövrü, artıq başa çatıb. Polşa XX əsrə aid məsələlərdə ilişib qalmağa yox, gələcəyə doğru getməyə ehtiyacı olan dövlətdir. Müttəfiqlərin tapılması mümkün olan yerdə israrla düşmən axtarmaqda davam etmək olmaz. Analitiklərin Lex Kaçinskinin həlak olmayacağı təqdirdə, oktyabrda keçiriləcək seçkidə məğlubiyyətini  proqnozlaşdırması da boş yerə deyildi.

İndi bir tərəfdən belə bir fikir səslənir ki, seçki Polşada güclü qütbləşmənin olduğunu göstərdi. "Le Monde" yazır ki, hazırda Polşada "liberalizmlə dövlət intervenüionizmi, şəhərlərlə kəndlər, ölkənin qərbi ilə şərqi arasında dərin parçalanma mövcuddur". Komorovski də "milli birliyin yaradılması"nın vacib olduğunu söyləyərkən dolayısı ilə bunu etiraf edib.

Digər tərəfdən, bəzi analitiklər prezident seçkisinin ikinci turunda əldə edilmiş nəticədə narahatlıq yaradacaq heç nə görmür. Onlar düşünür ki, sadəcə, Komorovskinin elektoratı daha çevik haldadır. Onlar şəhər sakinləri, ali təhsilli gənc və fəal şəxslərdir. Belə insanların əksəriyyəti xüsusilə yayda seçki məntəqələrinə getmir. Çünki onlar ölkədə yox, hardasa kənarda istirahətdə olurlar. Kaçinskinin tərəfdararı isə əksinə, daha oturaq və məsuliyyətlidir. Onlar kənd sakinləri, ölkənin şərqində yaşayan yaşlı nəslin nümayəndələri, inanclı katoliklər, milli ənənələrə sadiq insanlardır.

Komorovskinin qalibiyyətinə Avropa ölkələrinin reaksiyasına gəlincə, onlar bu qələbəni nəzərəçarpacaq ruh yüksəkliyi ilə qarşılayıb. "Mərkəzçi Bronislav Komorovskinin qələbəsi onun özü üçün, həmçinin, Polşa və ümumilikdə Avropa üçün irəliyə addım oldu", -  "Frankfurter Allgemeine Zeitung" belə yazır. 

"Der Standard"  da  oxşar fikirlərə yer verib: "Komorovskinin qələbəsindən Avropa da uddu. Polşanın sabitləşməsi Avropanın Şərqə doğru genişlənməsi kimi rsikli layihənin uğurlu olmasına imkan yaradır. Polşa dəhşətli anları cəsurcasına geridə qoydu. Avropa üçün bu, həlledici əhəmiyyətə malikdir. Çünki daha Polşa onu ləngitməyəcək. O, fəallaşacaq və Aİ-dəki fəaliyyətini daha da konstruktivləşdirəcək".

Bundan başqa, belə bir fikir də var ki, "daha güclü Aİ-nin açarı Varşavanın əlindədir. Üç dövlətin (Almaniya, Fransa və Polşa) 1991-ci ildə yaratdığı "Veymar üçbucağı" isə Aİ üçün lokomotiv rolu oynaya bilər. Çünki iqtisadi böhran nəticəsində Almaniya ilə Fransa Aİ-yə təkbaşına həlledici impuls vermək iqtidarında deyil. Polşa isə Aİ-nin Şərq siyasətində həlledici sözə malik ola bilər".

Azərbaycan Prezidenti İlham Əliyev Bronislav Komorovskini Polşanın dövlət başçısı seçilməsi münasibətilə təbrik edib. İ.Əliyev Bakının Azərbaycan-Polşa dövlətlərarası münasibətlərinə böyük əhəmiyyət verdiyini qeyd edib: "Əminəm ki, çoxşaxəli dostluq əlaqələrimiz, istər ikitərəfli qaydada, istərsə də beynəlxalq qurumlar və layihələr çərçivəsində qarşılıqlı iş birliyimiz, strateji tərəfdaşlıq xarakteri almış əməkdaşlığımız xalqlarımızın mənafelərinə uyğun olaraq, bundan sonra da inkişaf edəcək və genişlənəcək".

Bu baxımdan qeyd etmək lazımdır ki, Varşava həqiqətən də Aİ-nin postsovet məkanı ilə bağlı siyasətində əhəmiyyətli rola malikdir. Polşanın "Şərq Tərəfdaşlığı" proqramının təşəbbüskarlarından biri olduğunu xatırlatmaq kifayətdir. Bundan başqa, Bakı ilə Varşavanın Avropanın enerji təhlükəsizliyinin təminindəki əməkdaşlığı da xüsusi diqqətə layiqdir.



MƏSLƏHƏT GÖR:

502