"YENİLƏNMƏ" DAVAM EDİR
Yaxud casus qalmaqalı Rusiya ilə ABŞ-ı necə yaxınlaşdırdı?
Müəllif: Ramin ABDULLAYEV Bakı
ABŞ-da casusluqda şübhəli bilinərək bir qrup rusiyalının sensasion şəkildə həbsi əsl blokbaster ssenarisini xatırladır. Amma necə - dram, yoxsa komediya kimi?
İyunun 27-də ABŞ-ın xüsusi xidmət orqanları Rusiyanın casus qrupunun üzvləri saydıqları şəxslərin evlərində axtarış aparıb və 10 nəfəri saxlayıb. Daha 1 nəfər Kiprdə həbs olunub.
İyulun 8-də keçirilmiş məhkəmədə saxlanılan şəxslər özlərini qismən təqsirli biliblər və bu, onların Moskvada ABŞ-a casusluqda günahlandırılan 4 nəfərlə dəyişdirilməsinə imkan verib.
Amerikada hakim bu 10 nəfərin üzərindən gəlirlərin qeyri-qanuni yolla leqallaşdırılması, şəxsi məlumatların saxtalaşdırılması və sair ittihamları götürüb və onların qərarın elanından dərhal sonra ölkəni tərk etməli olduqlarını bəyan edib. Casusluq haqda isə ümumiyyətlə, söhbət getməyib.
İyulun 9-da Vyanada təşkil olunmuş "casus" mübadiləsi isə "soyuq müharibə" dövrünü xatırladıb, amma bir ciddi fərqlə. Aydındır ki, bu işdə nə ABŞ, nə də Rusiya baş verənlərin ikitərəfli münasibətlərə mane olmasını, "yenilənmə"yə mənfi təsir göstərməsini istəyirdi. Əks halda, bu tezliklə mübadilə sxeminin müəyyənləşməsi mümkün olmazdı. Bundan başqa, ənənəvi olaraq, ABŞ məhkəmənin casusluqda günahlandırdığı şəxslərin mübadiləsinə çalışırdı. Amma bu dəfə nə "casusluq" maddəsi ilə ittiham, nə qə qərar var (ola bilsin ki, bu, saxlanılmış şəxslərin konkret fəaliyyətə keçməyə macal tapmamaları ilə bağlıdır). Onlar çirkli pulların yuyulmasında təqsirləndiriliblər. Üstəlik söhbət mövzusu olan məbləğ də o qədər də böyük deyil.
Hətta "casus ovu"-nun fəal dövründə də ABŞ-da bu qədər sovet qeyri-leqalını eyni vaxtda üzə çıxartmaq mümkün olmamışdı. Hadisələrin ildırım sürəti ilə cərəyan etməsi isə əsas suallara cavab tapmağa imkan verməyib. Bəlkə də, budəfəki mübadilənin belə tezilklə baş tutması da bununla əlaqədardır. Tərəflər məhz bu yolla daha çox informasiya alınmasını önləyib. Bununla belə, görünür "Rusiya casusları" Birləşmiş Ştatlara ciddi təhlükə də yarada bilməyib.
Baş verənlər bəzi vacib məqamların üzə çıxmasına səbəb olub. Məsələn, Rusiya ABŞ ərazisində kəşfiyyat şəbəkəsinin işlədiyini dolayısı ilə təsdiqləyib. Özü də bu dəfə söhbət ABŞ ərazisində gələcək casusların hazırlanmasından gedir.
ABŞ-da həbs olunmuş 10 nəfərdən 2-si - Anna Çapman və Mixail Semenko əvvəlcədən özlərini rus kimi təqdim ediblər. Daha 2 nəfər - özlərini Mixail Kutsik və Natalya Pereverzeva kimi təqdim etmiş şəxslər bir müddət sonra Rusiya vətəndaşı olduqlarını etiraf ediblər. Xuan Lazaro isə uşaqlığını Sibirdə keçirdiyini söyləyib.
Nəhayət, sonda digər saxlanılanlar da analoji etirafla çıxış edib.
Amerika xüsusi xidmət orqanları mübadilə ideyasının həbslərdən sonra meydana çıxdığını bildirsə də, əslində onların əməlləri başqa şeydən xəbər verir. Məsələnin həlli son dərəcə operativ olub, üstəlik amerikalılar Rusiya həbsxanalarından çıxartmağa çalışdıqları şəxslərin siyahısını bir anın içindəcə ortaya qoyublar.
Daha sonra Rusiyanın Xarici Kəşfiyyat Xidmətinin direktoru Mixail Fradkov ilə MKİ-nin rəhbəri Leon Panett arasındakı əlaqə zamanı mübadilə haqda razılıq əldə olunub. Razılaşma yalnız ABŞ-da həbs olunmuş 10 nəfərlə Rusiyada məhbus olan 4 nəfərin azad edilməsi və dəyişdirilməsini nəzərdə tutumurdu. Bununla yanaşı, Moskva Rusiyadakı ABŞ vətəndaşlarına qarşı cavab addımları atılmayacağına dair öhdəlik də götürüb.
Daha bir maraqlı məqam: hər iki tərəf əməliyyatın məntiqsizliyinə və qeyri-müəyyənliyinə göz yumub. Məsələn, Rusiya mübadiləyə razılıq verməklə, faktiki olaraq öz vətəndaşlarının casusluğunu etiraf edib. Çünki ABŞ-ın məhkəmə sistemi onların casus olduğunu sübut edən heç bir material ortaya qoymayıb. Üstəlik, Moskva bu şəxsləri ölkənin təhlükəsizliyinə həqiqətən problem yarada biləcək şəxslərlə dəyişməyə razılaşıb.
ABŞ öz növbəsində casusluğa görə həbs olunmuş, amma indiyədək günahını boynuna almamış, neçə ildir Rusiya həbsxanalarında saxlanılan Sutyaqinlə bağlı özünü pis vəziyyətdə qoyub. Onu rus cəsuslarına dəyişməklə, Amerika həm hər iki tərəfdən olan hüquq müdafiəçilərini, həm də öz rəsmilərini çıxılmaz duruma salıb. Axı uzun illər idi hər kəs onun Amerikanın casusu olmadığını iddia edirdi.
Kəşfiyyat üzrə ekspertlər isə bildirir ki, Qərbə göndərilmiş 3 rusdan ən əhəmiyyətli şəxs Aleksandr Zaporojskidir. Rusiya KİV-nin iddiasına görə, dövlət mükafatları ilə təltif olunmuş keçmiş DTK zabiti MKİ-yə təxminən 20 rusiyalı casus haqda məlumat ötürüb.
Əhəmiyyətinə görə ikinci şəxs Sergey Skripal hesab olunur. O, Rusiya Hərbi Kəşfiyyatının (RHK) keçmiş polkovnikidir. Rusiya mətbuatı yazır ki, Skripal Britaniya kəşfiyyatına işləyən onlarla rusiyalını ələ verib.
Şərqlə Qərb arasında casusların kütləvi mübadiləsi son dəfə 1985-ci ildə baş vermişdi. O zaman ABŞ-da casusluq edən polyak Marian Zaxarski Berlinin Qlinika körpüsündən 4 nəfərlik qrupun tərkibində keçmişdi. Onlar o dövrkü ADR və Polşa həbsxanalarında casusluğa görə saxlanılan 23 nəfərlik qrupla dəyişdirilmişdi.
Xüsusi xidmət orqanları əməkdaşlarının xatırlatdıqları kimi, o zamanlar belə hadisələr ciddi dramatik hadisəyə və təbliğat vasitəsinə çevrilirdi. Tərəflər arasında məsələnin yoluna qoyulması üçün aparılan danışıqlar aylarla və hətta illərlə davam edirdi.
SSRİ kəşfiyyatının atom bombasının istehsalına aid əldə etdiyi sənədləri xatırlatmaq kifayətdir. O qədər də məşhur olmayan başqa uğurlara da rast gəlinir. Məsələn, müharibə vaxtı SSRİ Amerikanın Emerson radiolaboratoriyasından təsvirlər və radioelektrik qurğuların çertyojunu əldə edə bilmişdi. Belə hesab olunur ki, məhz onlardan istifadə 1960-cı il mayın 1-də sovet raketlərinin pilot Qeri Pauersin idarə etdiyi kəşfiyyatçı təyyarəni vurmasına kömək edib.
Son casus qalmaqalının uzanmasını isə nə Rusiyanın xüsusi xidmət orqanları, nə də Amerika tərəfi istəyib.
Amma xüsusi xidmət orqanları bu casus mbüdaləsi ilə öz taktika məqsədlərinə çatıblar. MKİ və RHK iflasa uğramış casuslarını xilas etdiyini, FTB boş yerə işləmədiyini (eyni zamanda kifayət qədər zəif sübutlarının məhkəmədə yoxlanmasından yayınmaqla) göstərib. FTX isə Sutyaqini müdafiə edənləri olduqca pis vəziyyətə qoyub.
Bu halda ABŞ-ın məntiqi də başa düşüləndir: Rusiyanın casusluğunun üstü açılıb, saxlanılanlar təqsirlərini etiraf ediblər, "yenilənməyə" dəyə biləcək zərər isə minimuma endirilib.
Təbii ki, Moskva və Vaşinqton yenə də bir-birlərinə qarşı casusluğu davam etdirəcək. Axı əslində nə qədər paradoksal səslənsə də, "casus qalmaqalı" iki ölkəni bir-birinə yaxınlaşdırıb və skeptiklərə "yenilənmə"nin mümkünlüyünü göstərib, bu gün ABŞ-la Rusiyanın tez bir zamanda razılığa gələ bildiklərini nümayiş etdirib.
MƏSLƏHƏT GÖR:

631

