FORPOST FİKRİNİ DƏYİŞİB
Yaxud Ermənistanın NATO-ya yaltaqlanmasının arxasında nə dayanır?
Müəllif: Sahil İSGƏNDƏROV, politoloq Bakı
Deyəsən, "KTMT-nin lokomotivi" olan Ermənistan (bu ölkəni qurumun baş katibi Nikolay Bordyuja məhz belə adlandırıb) başqa səmtə istiqamət götürür. Yerevan NATO ilə "Fərdi Tərəfdaşlıq" proqramını (IPAP) ictimaiyyətə açıqlayıb. Sənədin mətni Müdafiə Nazirliyinin rəsmi saytında yerləşdirilib. "Regnum" agentliyi bildirir ki, proqram ümumilikdə Ermənistan ordusunda həyata keçirilməli olan islahatların siyahısını, onun NATO standartlarına yaxınlaşması üçün atılmalı olan addımları özündə əks etdirir. Agentlik sənəddəki 1.2 maddəsinə (qonşularla münasibət) xüsusi diqqət çəkir. Bu maddədə digər məqamlarla yanaşı, o da bildirilir ki, Ermənistan Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə nail olmaq üçün ATƏT-in Minsk qrupu ilə işləmək öhdəliyi götürür və "alyansı problemin həlli prosesi ilə bağlı məlumatlandırmağı dəstəkləyir".
Daha maraqlı olanı isə Ermənistan prezidenti Serj Sarkisyanın mayın sonlarında Brüsselə səfəri zamanı səsləndirdiyi bəyanatdır. Onun NATO-nun Baş katibi Anders Foq Rasmussen ilə keçirdiyi mətbuat konfransında səsləndirdiyi fikirlərdən faktiki bu qənaətə gəlmək olar ki, Yerevan Şimali Atlantika Alyansını Cənubi Qafqaza, xüsusidə Ermənistan-Azərbaycan münaqişə zonasına çağırır. Ölkəsinin NATO-ya üzvlüyə can atmadığını vurğulayan Sarkisyan bununla yanaşı bildirib ki, "NATO-nun ümumiyyətlə Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesində heç bir rol oynamadığını (ələlxüsus, vəziyyət yeni hərbi fazaya keçərsə) heç vaxt eşitməmişəm". Maraqlıdır ki, Rasmussenin özü regionda hərbi əməliyyatların bərpası halında belə, NATO-nun Dağlıq Qarabağ münaqişəsinə hərbi müdaxiləsini real saymır.
İlk baxışdan düşünmək olar ki, hər bir ölkə siyasətini, xarici siyasi tərəfdaşlarını öz istəyinə uyğun seçir və S.Sarkisyanın əməllərində pis heç nə yoxdur. Amma KTMT üzvü, Cənubi Qafqaz ərazisində Rusiyanın hərbi bazasını saxlayan yeganə ölkə olan Ermənistanın özünü belə aparması Moskvada mənfi reaksiya yaratmaya bilməzdi. Düzdür, forpostdan rəsmi izahat tələb olunmaya bilər. Amma Rusiyanın Münaqişələrin Proqnozlaşdırılması Mərkəzinin ekspertlər şurası baş verənlərə belə münasibət bildirib: "Erməni tərəfinin Brüsseldəki bəyanatları onun Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının üzvü olması nöqteyi-nəzərindən qeyri-səmərəli və yanlışdır".
Aydındır ki, NATO-nun Cənubi Qafqazda, hətta sülhməramlı qismində belə dəvət olunması Rusiyanın maraqlarına birbaşa ziddir. Özünü Moskvanın "strateji müttəfiqi" adlandıran Yerevan da bunu yaxşı bilir.
Bilir, lakin çağırır. Bu, heç də təəccüblü deyil. Çünki Ermənistan-Rusiya münasibətlərinin tarixində "forpost"un bu cür əməlləri saysız-hesabsızdır.
Tarixə nəzər
Ermənistan və ermənilik tarixin bütün mərhələlərində özünün əsasən təcavüzkar maraqlarını təmin etmək üçün Şimal qonşusu ilə münasibətlərdə manipulyasiyalar edib. Bu baxımdan, hələ 1988-ci ilin yayında bütün ermənilərin katolikosu I Vagzenin dünya ermənilərinə müraciəti nəyə desən dəyər: "Hələ də bizim bütün torpaqlarımızın özümüzə məxsus olmadığı heç kəsə sirr deyil. Onları almaq və həmin ərazilərdə məskunlaşmaq vaxtı gələcək. Son 40 ildə ermənilər öz dədə-babalarının torpaqlarına qayıdıblar. İndi orada onların sayı 60% - dir. Krasnodar və Stavropol vilayətlərindəki torpaqlarımız tədricən rusların nəzarətindən azad olunur. Armavirdə, Şimali Ermənistanda (ermənilər Rostov vilayətini məhz bu cür adlandırır) 80% torpaqlar bizimdir və ağıllı hərəkət etsək, Rostov vilayətində də məskunlaşacağıq. Narahatlığa əsas yoxdur. Bizi rus kilsəsi dəstəkləyir və çox sayda tərəfdarımız yüksək postlar tutur. Düşünürəm ki, Moskvadakı 480 min erməni də artıq özü-özlüyündə nəsə deməkdir. Mənim balalarım, sakit, sülhlə evlərinizi alın, yerliləri oradan getmələri üçün dilə tutun, doğma torpaqlarınızda kök salın. İndi SSRİ dağılır və tezliklə biz Rusiyanın da parçalanmasına kömək edəcəyik. Artıq bizim iztirablı xalqımızı doğma torpaqlarından qovmuş hər kəsə qarşı xaç yürüşünə başlamaq vaxtıdır!".
Etnik ayrı-seçkiliyin qızışdırılmasında erməni kilsəsinin misilsiz rolunu nəzərə alsaq, Rusiya belə açıq çağırışa etinasız yanaşmamalı idi. Ermənistan və erməniliyin Rusiyaya əsl münasibətinin nədən ibarət olduğuna bariz nümunəyə rus şair, publisist və ictimai xadim V.L.Veliçkonun "Qafqaz" kitabında, SSRİ DTK-nın sabiq sədr müavini, ordu generalı F.Bobkovun xatirələrində və s. rast gəlinir. Ermənilərin Rusiyanın cənub bölgələrinə iddia etdiyinə şübhəsi olanlar ermənilərə dost münasibəti ilə tanınmış V.Pikulun "Favorit" kitabına nəzər sala bilər. Sən demə, ermənilər XVIII əsrin 70-ci illərindən Armaviri hələ mövcud olmayan dövlətlərinin paytaxtı elan etmək istəyirmişlər.
Yalnız maraqlar - nəinki dostlar
Ermənilik kimi diasporal etnoslar heç zaman yaşadıqları ölkənin sadiq vətəndaşı olmur. Onların bütün cəhdləri və fəaliyyəti öz etnoslarının məqsədinə çatmasına xidmət edir. Onların dövlət qurumlarında da "əsrlik dostluq", "strateji müttəfiq münasibətləri"ndən danışılmasına baxmayaraq, digər dövlətlərin maraqlarının nəzərə alınmasını "yaxın buraxmır". Hər şey yalnız öz maraqları üçündür.
Məsələn, Ermənistanın da üzv olduğu Avrasiya İqtisadi Əməkdaşlıq Təşkilatının növbəti toplantısında 10 milyard dollarlıq regional antiböhran investisiya fondunun yaradılmasına qərar verilib. Məqsəd böhran dövründə MDB ölkələrinin iqtisadiyyatına dəstək üçün sabitləşdirici kreditlərin verilməsidir. Lakin krediti yalnız fondun yaradılmasında maliyyəsi ilə iştirak edən ölkələr ala biləcək. Və cəmi 100 min dollarla fondun yaradılmasının iştirakçısına çevrilmiş Ermənistan indi bunun müqabilində milyardlarla kredit almaq məqsədi güdüb. Bu günlərdə məlum olub ki, o, 600 milyon dollar kredit götürə biləcək.
Uzun illər ərzində Rusiya Ermənistana təbii qazı MDB məkanında ən aşağı tariflərlə satıb. Amma nə vaxt ki, Moskva qaz tariflərinin beynəlxalq standartlara uyğunlaşdırılması haqda ürəksiz də olsa danışmağa başlayır, Ermənistanda Rusiyaya münasibət dərhal mənfi tərəfə dəyişir. Həmin anda Yerevan şimal qonşunun "satqınlığı"ndan gileylənməyə başlayır. Moskva Ermənistan sənayesinin 80%-ni əlində cəmləşdirməsinə baxmayaraq, həmin müəssisələrə məqsədli şəkildə investisiya qoymamaqda, süni olaraq ölkədə işsizlik yaratmaqda günahlandırılır. Bu cür "analitik" materiallar "əlverişli şərait" yaradır və erməni cəmiyyətində antirusiya əhvalının yüksəldilməsinə kömək edir.
2 il əvvəl beynəlxalq Gallup mərkəzi Cənubi Qafqaz ölkələrində sorğu keçirərək, əhalinin Rusiyanın regionda yürütdüyü siyaətə münasibətini öyrənməyə çalışmışdı. Ermənistanda əldə edilmiş nəticələri çətin ki, "əsrlərlə tarixi olan dostluq"dan xəbər verən göstərici saymaq mümkün olsun. Bu ölkədə rəyi soruşulanların 62%-i Rusiyanın regiondakı siyasətinə mənfi münasibətini açıqlamışdı.
Ermənistan keçmiş SSRİ respublikaları arasında etnik rusların sayının azaldılması baxımından da ilk pillədə qərarlaşıb. Hazırda Ermənistanda cəmi 7 min rus yaşayır və onların əksəriyyəti Rusiyanın bu ölkədəki hərbi bazalarında çalışan hərbçilərin ailə üzvləridir.
Ermənistanda rus dilinə münasibət də eyni cürdür. Bir müddət əvvəl hökumətin ölkədə xaricidilli, həmçinin rusdilli məktəbələr yaratmaq təşəbbüsü ictimaiyyət tərəfindən əməlli-başlı isterika ilə qarşılanıb. İsterikanın əsas təşəbbüskarı kimi isə Ermənistan İctimai Şurasının rəhbəri Vazgen Manukyan və sabiq təhsil naziri Aşot Belyan çıxış ediblər.
Ermənistanı qloballaşma prosesi də qətiyyən qane etmir. Bu ölkənin məqsədi yalnız etnofundametalizmi əsas götürən "Böyük Ermənistan" yaratmaqdır.
Ermənistanda Rusiya ilə hərbi sahədə əməkdaşlığa da eyni nöqteyi-nəzərdən yanaşılır. Rusiya ilə Ermənistan arasında hələ 1997-ci ildə Dostluq, əməkdaşlıq və qarşılışlı yardım haqqında razılaşma imzalanıb. O, qarşılıqlı hərbi yardımı nəzərdə tutur. Bununla da Yerevan bir tərəfdən Dağlıq Qarabağ münaqişəsini uzun illər "dondurmağa" çalışır, digər yandan da Cənubi Qafqazı bütünlükdə siyasi qeyri-sabitlik regionuna çevirir.
Bunun əvəzində o, ərazisində Rusiya hərbi bazalarının yerləşdirilməsinə razılıq verib. Guya bu bazalar Rusiyanın cənub sərhədlərini hansısa təhlükədən qorumalıdır. Bu məsələdə də Yerevan zaman-zaman Moskvanı bazalara görə pul ödəməməkdə ittiham edir.
Bu gün Ermənistan bir tərəfdən rusiyapərəst hərbi-siyasi blok olan KTMT-nin üzvüdür, digər yandan isə, NATO ilə "eşqbazlıq" edir. Bununla da, özünün müttəfiq kimi ardıcıl olmadığını bir daha sübut edir.
Buna baxmayaraq, maraqlıdır ki, digər postsovet ölkələrinin NATO ilə əlaqələrindən qıcıqlanan Moskva öz forpostunun bu Qərb bloku ilə oyununa səbrlə yanaşır.
Uzun illər ərzində Yerevan Rusiyanın regiondakı maraqlarına "Türkiyə təhlükəsi" ilə manipulyasiya edib və bununla da Rusiyanın qüdrətindən öz maraqları üçün istifadə etməyə nail olub. Moskva-Ankara münasibətlərinin yaxınlaşmağa başlaması ilə ermənilik dərhal Rusiyanı "strateji müttəfiq"ini "satmaqda" günahlandırıb. Bu azmış kimi, o, dərhal Qərbə himayədar axtarışına da çıxıb. İndi "forpost" öz maraqları üçün regionda Rusiya ilə ABŞ-ın qarşı-qarşıya gətirməyə çalışır. Bu baxımdan, S. Sarkisyanın 2007-ci ildə (baş nazir olarkən) "Moskovskiye novosti"yə verdiyi müsahibəni xatırlamaq da yerinə düşərdi. Yerevanın Rusiya və ABŞ-la bağlı xarici siyasətini necə quracağına dair sualı cavablandıran Sarkisyan gözünü də qırpmadan belə cavab vermişdi: "Həm Rusiya, həm də ABŞ-la dostluq (əməkdaşlıq yox, məhz dostluq - red.) edəcəyik".
MƏSLƏHƏT GÖR:




426

