Müəllif: Zərifə BABAYEVA Bakı
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində (ƏƏSMN) narahatdırlar ki, Azərbaycanda hələ də uşaq əməyinə qarşı istismar faktları mövcuddur və elə biz özümüz də hər gün bunun şahidi oluruq. Uşaqlar ictimai nəqliyyatda gediş haqqı yığır, xörəkpaylayan və əlbuyruqçusu, poçtdaşıyan, kuryer işləyir, ticarətdə, tikintidə çalışırlar. Bölgələrdə, xüsusilə də şimal-şərq rayonlarında kənd təsərrüfatı işlərində uşaq əməyindən istifadə edilir. Buna da dözmək olardı, amma çox vaxt uşaqlar tütün plantasialarında işləyirlər ki, bu da onların sağlamlığına böyük zərər vurur.
Qarnı necə doydurmalı?
Uşaq əməyinin istismarında əsas səbəblər sırasında ailənin, hər şeydən öncə, iqtisadi xarakterli problemləri yer alır. Buna görə də uşaqlar tamamilə təhsili atırlar və Təhsil Nazirliyi bu problemə artıq dəfələrlə diqqət yetirib. Onlar müəyyən edilən iş həftəsindən artıq da işləyə bilər, hətta gecələr də işə çıxarıla bilərlər. Özü də evsiz uşaqların ac qalmamaq üçün istənilən işdə çalışmaları da mümkündür. Bu isə yalnız yerli qanunvericiliyi deyil, beynəlxalq hüququ da pozur.
Belə ki, Əmək Məcəlləsinə görə, yaşı 15-dən kiçik olan uşaqları əmək fəaliyyətinə cəlb etmək qadağan edilir. Əks halda, bu qaydanı pozmuş iş sahibi cinayətə görə mühakimə oluna bilər. Yaşı 15-dən yuxarı olan uşaqlar yalnız onların valideynlərinin icazəsi ilə işə cəlb edilə bilərlər. Amma belə olan halda da müəyyən qaydalar gözlənilməlidir - uşağın ağır işdə çalışdırılmasına yol verilmir, iş günü sutkada 4 saatı ötə bilməz və s. Qeyd edək ki, Azərbaycanda 1998-ci ildə qəbul edilmiş "Uşaqların hüquqları haqqında" qanuna uyğun olaraq, yaşı 18-ə kimi olan şəxslər uşaq sayılır.
ƏƏSMN-də bildirirlər ki, hazırda evsiz və həmçinin qanunsuz olaraq əməyə cəlb edilmiş uşaqlar barədə dəqiq rəqəmləri nə dövlət orqanları, nə də uşaqlarla işləyən qeyri-hökumət təşkilatları deyə bilməzlər, çünki belə statistikanı aparmaq qeyri-mümkündür. Hansısa orta hesablamalar aparılır. Bir qayda olaraq, uşaqlarla bağlı beynəlxalq qurumlarda real rəqəmlər 10-a vurulur ki, bu da gerçək mənzərəni əks etdirmir. Daxili işlər orqanlarında isə 4000-ə yaxın uşaq qeydə alınıb ki, onların 30-40%-ni tərbiyə etmək qeyri-mümkündür.
Ölkənin hüquq-mühafizə qurumları ƏƏSMN-nin əməkdaşları ilə birlikdə yeniyetmə əməyinin istismarı faktlarının araşdırılması üzrə mütəmadi yoxlamalar aparırlar. Beləliklə, ƏƏSMN-nin Baş Əmək Müfəttişliyinin təmsilçiləri şirkətlər və ticarət obyektləri üzrə profilaktiki tədbirlərin gedişində əmək müqavilələrinin mövcudluğunu, təhlükəsizlik normalarının yerinə yetirilməsini, əmək haqlarının və məzuniyyətlərin vaxtında verilməsini yoxlamaqla yanaşı, həmçinin işçilərin yaşını da aydınlaşdırırlar.
Aydın olub ki, qadağan olunmuş yerlərdə kiçik yaşlarından əmək fəaliyyətinə məhz yoxsul ailələrin uşaqları başlayırlar. İş yiyələrini ən çox əl əməyindən geniş istifadə imkanları, uşaq əməyinin ucuzluğu və onları idarə etməyin asanlığı cəlb edir. Özü də uşaqların 90%-i ilə heç bir əmək müqaviləsi bağlanılmır. Bu uşaqlar, hətta əmək müqaviləsinin nə olduğunu da anlamırlar. Belə hallar restoran və kafelərdə geniş yayılıb. Amma Beynəlxalq Əmək Təşkilatının (BƏT) qətnaməsində bildirilir ki, əgər uşaqlar əmək fəaliyyətinə cəlb olunursa, onların əmək haqqı yaşlıların əmək haqqından fərqlənməlidir.
Vəsaitlər
Ekspertlər iddia edirlər ki, uşaq əməyinin istismarına qarşı mübarizədə nizamlılıq önəmlidir. Məsələn, dövlət və qeyri-hökumət təşkilatları yeniyetmələrə və yoxsul ailələrin uşaqlarına xüsusi maarifləndirmə proqramları keçməlidirlər. Bu isə o deməkdir ki, yoxsul ailələrin də uşaqları ailələrinin vəziyyətinin qeyri-sabitliyinə baxmayaraq, normal şəraitdə böyüməli və inkişaf etməlidirlər. Bundan başqa, valideynlər və işə götürənlər arasında da maarifçilik işləri aparılmalıdır. Bütövlükdə, Azərbaycanda ailələrin təminat səviyyəsindən asılı olmayaraq, uşaqların həyat şəraitini bərabərləşdirməyə imkan verən mexanizm yaradılıb. Bu həm aztəminatlı ailələrə ünvanlı sosial yardımlar, həmçinin, müxtəlif cür müavinətlər verilməsi ilə gerçəkləşdirilir.
Ancaq aydındır ki, bu istiqamətdə daha çevik konsepsiya işləmək gərəkdir və çox vaxt indiki vəsaitlər yetərli olmur, amma əhalinin rifahının yaxşılaşması ilə yoxsulların dəstəklənməsi üçün imkanlar genişlənir. Başlıcası, ictimaiyyətin bu ciddi problemə laqeyd qalmamasıdır. Qeyd etmək gərəkdir ki, Azərbaycanda uşaqların hüquqları və onların əmək fəaliyyəti Azərbaycan Respublikasının Konstitusiyası, Əmək Məcəlləsi, Ailə Məcəlləsi və "Uşaqların hüquqları haqqında" qanun tərəfindən tənzimlənir.
Ailənin, Qadınların və Uşaqların Problemləri üzrə Dövlət Komitəsində (AQUPDK) bildirirlər ki, işləyən uşaqların yaşı oğlanlar üzrə 12-14 yaş, qızlar üzrə 12-16 yaş arasında dəyişir. Bu yaşda qızlar, əsasən, fahişəliyə cəlb edilir, oğlanlar isə konduktor işləyir və ya avtomobil yuyurlar. Monitorinqlər göstərir ki, belə uşaqların aylıq gəliri $20-dən $50-dək, ən çoxu $100-dək olur ki, bu pulu da yalnız fahişəlik edən qızlar qazana bilir. Uşaqlar qazandıqları pulun yalnız 2%-ni təhsilə sərf edirlər. Qalanı isə əsasən gündəlik yeməyə gedir. Bu uşaqların 64,7%-i tənha anaları ilə və bacı-qardaşı ilə birgə yaşayırlar.
Şəksiz ki, Azərbaycanın uşaq əməyini tənzimləyən qanunvericiliyi bir çox Avropa ölkələrini də geridə qoyub. Əgər Cənub-Şərqi Asiya və ya Latın Amerikası ölkələri ilə müqayisə edilərsə, Azərbaycanda ümumiyyətlə uşaq əməyinin olmadığını iddia etmək olar. Bundan başqa, ekspertlər bildirirlər ki, bizim ölkədə, o cümlədən, ticarət və nəqliyyat bölmələrində uşaq əməyinin istismarı ilə bağlı azalma meyli müşahidə edilir.
Amma məişətdə uşaq əməyi hələ də istifadə edilir. Bu problemi yalnız inzibati üsullarla həll etmək çox mürəkkəbdir. Məsələn, Hindistanda oyuncaq istehsal edən aparıcı fabriklərdən biri uşaq əməyindən istifadə edib. Müşahidələr nəticəsində bəlli olub ki, bu uşaqların çoxu və ya onların ailələri sadəcə acından ölürlər.
Buna görə də hazırda Azərbaycanda bu problemin həll olunmasında istifadə edilən üsul - inzibati metodların istifadəsi ilə ünvanlı sosial yardımların verilməsi mütəxəssislərə daha əlverişli görünür. Ancaq bu sahədə hələ də yetərincə problemlər var - əvvəlcə gərək körpə doyuzdurulsun.
Sərbəst vaxtdanə etməli?
Hazırda uşaqların əmək fəaliyyətinə cəlb edilməsi, şəksiz, gerçəklikdir. Cəmiyyətin sosial ədalət göstəricisi olan bu reallığa müxtəlif tərəflərdən yanaşmaq olar. Amma bu məsələdə heç bir ciddi amil diqqətdən kənarda qala bilməz. Uşaqların sərbəst vaxt keçirə biləcəyi bütün dərnəklər əsasən pulludur. Çox vaxt valideynlər uşaqların sərbəst vaxtının təşkilinə pul xərcləmək istəmirlər və ya buna imkanları olmur. Belə olan hallarda azyaşlılar bunu özləri qazanmağa cəhd edirlər.
Bu zaman bir neçə fərqli situasiya yaranır: birinci halda pul qazanılır və sonra təyinatı üzrə dərnəyə (idman seksiyasına və s.) xərclənir; ikinci halda pullar qazanıldıqdan sonra onların xərclənmə istiqaməti dəyişir və daha cəlbedici işlərə - siqaretə, alkoqollu içkilərə və sonra da narkotiklərə xərclənir; üçüncü halda isə valideyn hesab edir ki, pullar uşağın özünə yox, ailənin ehtiyaclarına xərclənməlidir. Müəyyən hallarda bu, ailədə uşaqla valideynlər arasında münasibətlərin pisləşməsinə səbəb olur. Bütün hallarda uşağın qazanca məcbur edilməsi faktları arzuolunmazdır.
Ancaq əgər biz belə halların qarşısının alınmasından danışırıqsa, əmək fəaliyyətinə sərf olunmuş vaxtın uşaqlar üçün səmərəli və maraqlı keçirilməsinə diqqət yetirməliyik. Əks halda, sərbəst vaxtı səmərəli keçirmək istəyi uşaqların arzuolunmaz yolla getməsinə səbəb ola bilər.
Uşaqların ağır zəhmətdən azad edilməsi kampaniyasına, təxminən, 150 il qabaq başlanılıb. Problemlə üz-üzə qalan Beynəlxalq Əmək Təşkilatı (BƏT) həddi-buluğa çatmamışları istismardan qoruyan konvensiya qəbul etməyə məcbur olub. Sənəddə bildirilir ki, yaşı 15-dən kiçik uşaqlar istehsalatda və kənd təsərrüfatında işlədilə bilməz. Erkən məşğulluq onların sağlamlığına mənfi təsir göstərir və təhsildən məhrum edir. BƏT-in məlumatına görə, hazırda dünyada 200 milyondan çox uşaq istismara məruz qalır və on milyondan çox uşaq ev qulluqçusu kimi işlədilir.
Evlərdə uşaq əməyindən istifadə üzrə ilk üçlüyə İndoneziya, CAR və Braziliya daxildir. Bu praktika qonşu Rusiyada da genişlənir. Bəzi məlumatlara görə, dünyada 50 milyondan 60 milyona kimi uşaq gücü çatmayan işlərlə məşğuldur. Hər il ən azı bir milyon uşaq seksual istismar şəbəkəsinə düşür və ya ticarət obyektinə çevrilir. Hazırda yaşı 8-ə qədər olan 300 000 uşaq dünyanın 30-dan çox ölkəsində baş verən hərbi toqquşmaların iştirakçısıdır.
MƏSLƏHƏT GÖR: