Müəllif: Ceyhun NƏCƏFOV Bakı
Dünya maliyyə bazarlarında durum belə tezliklə qaydaya düşməyə-cək. Bu yaxınlarda Torontoda keçirilmiş "səkkizlər"in, sonra isə "iyirmilər"in sammitində də elə bu barədə danışılıb. Müzakirələrin böyük bölümü dünya maliyyə sisteminin sabitləşməsinə, büdcə kəsrlərinin, dövlət borcunun azaldılmasına, beynəlxalq təşkilatların islahatına həsr edilib. "İyirmilər"in görüşünün əsas mövzusu beynəlxalq maliyyə sisteminin bir sıra maliyyə bazarlarının və banklarının islahatı olub.
Qərb ekspertlərinin fikrincə, Yunanıstanın, İspaniyanın, Portuqaliyanın və bir sıra başqa Avropa ölkələrinin borc problemləri sərmayəçiləri qorxudur və bütün avrozona məkanında sabitliyi pozur. Amma maliyyə bazarlarının əsas problemi heç nə ilə əsaslandırılmayan pulların qalmaqda davam etməsidir.
ABŞ-da durum heç də maliyyə fəlakəti yaşayan Yunanıstandan elə də yaxşı deyil. İlk baxışdan elə görünə bilər ki, Ştatlarda işlər sanki normal gedir. Sərmayələr üzrə tanınmış ekspert Maykl Meloni bildirir ki, hələ 2007-ci ilin yazında ABŞ Konqresi dövlət büdcəsinin yuxarı həddinin $8,2 trln.-dan $9 trln.-a kimi qaldırılmasına imkan verən qərar qəbul edib. Bundan cəmi bir neçə ay sonra borc $8,98 trln.-a çatdı və Konqres həddi artıq $9,8 trln.-a qaldırdı. Başqa sözlə, cəmi bir neçə ay ərzində ABŞ-ın dövlət borcu $850 mlrd. artıb. Bu isə o deməkdir ki, ABŞ-da doğulmuş hər bir körpənin artıq $30 min borcu var.
Və bütün bunlar heç nə ilə əsaslandırılmayan sosial xərclərə görünməmiş məsrəflərin nəticəsində baş verib. ABŞ və bir sıra Avropa ölkələrinin hökumətləri öz üzərlərinə sosial və başqa xərclər üzrə öhdəliklər götürüblər, amma bunun üçün pulların haradan alınacağını bildirməyiblər. Rusiyanın "Finam" nəşri bildirir ki, ötən ilin avqustuna baxanda dolların avroya məzənnəsi 1,5 səviyyəsinə düşüb, xəzinə istiqrazlarının gəlirliliyi 4%-ə yaxınlaşıb, bununla belə, prezident Obamanın iqtisadiyyatın böhrandan çıxarılması barədə planları yaxın iki il üçün büdcə kəsrini daha $4,2 trln.-a artırılmasını tələb edir.
Cari maliyyə ili üçün ABŞ büdcəsinin kəsri $1,4 trln səviyyəsində planlaşdırılır ki, bu da ümumi daxili məhsulun (ÜDM) 11,2%-i səviyy?sindədir (müqayisə üçün Yunanıstanda bu, 13,8%-dir). ABŞ-ın ümumi dövlət borcu isə 2009-cu ilin sonunda $12,8 trln.-a bərabər olub ki, bu da adambaşına göstəriciyə görə Yunanıstanın göstəricisindən 1,5 dəfə çoxdur. Qeyd edək ki, Avropa Birliyinin məcmu borcu 7,7 trln avro və ya ÜDM-in 61,5%-i qədərdir (2008-ci il).
Ancaq Ağ ev məsələni Afinada olduğu kimi, küçə toqquşmalarına gətirib-çıxarmaq niyyətində deyil, sadəcə, lazım olan miqdarda "yaşıl əsginas"lardan çap edərək, toplumdakı sosial gərginliyi aradan qaldıracaq.
Rusiyalı investor Yevgeni Ryabitskinin fikrincə, gələcəkdə investorlar ABŞ-ın özündə borc problemlərindən güclü əziyyət çəkəcəklər. Daha sonra dolların başqa valyutalara nisbətən məzənnəsinin sürətlə düşməsini və artıq dollara etibar böhranı ilə bağlı dünya iqtisadiyyatının növbəti kollapsı barədə təhlükələrin yaranmasını gözləmək olar.
Bütün bu valyuta ekvilibristikası dünyanın bütün əsas valyutalarına etibarı gözdən salır, həm də kəsrlərin doldurulması üçün valyuta emissiyaları inflyasiya proseslərinin güclənməsinə səbəb olur ki, bu da son qərar kimi investorların alternativ yatırımlara üz tutmasına gətirəcək. Rusiya mətbuatı yazır ki, nəticədə, qızılın və başqa xammal məhsullarının qiyməti arta bilər.
Bir sıra tanınmış maliyyə analitikləri hesab edirlər ki, artıq yeganə etibarlı valyuta və ən perspektivli investisiya məhsulu olan qızılın erası başlayır. Göründüyü kimi, kağız pullara etibar tamamilə yoxa çıxacaq.
Dolların özünün bir beynəlxalq valyuta kimi güclənməsi əvəzinə, onun imici daha güclü və tutarlı formalaşıb. Mürəkkəb təkamül dövrü keçən bəşəriyyət yenidən ilk başladığı yerə - qızıla dönür. Kağız pullardan kənar durmaq qızılın ikiqat bahalaşması ilə özünü göstərəcək və "sarı metalı" ən əlverişli kapital yatırımı ünvanına çevirəcək.
Gözlənilən "qızıl qızdırması"nın xeyrinə olan başlıca arqumentlər barədə Bakıda keçirilmiş "Banklar və maliyyələr - 2010" beynəlxalq konfransında "4C Diamond BVBA" şirkətinin direktoru Maykl Terner də danışıb. Onun müəyyən qədər şok doğuran çıxışının əsas məqamlarını göstərmək yerinə düşərdi. Belə ki, Terner qeyd edir ki, kağız pulların problemi ondadır ki, müxtəlif ölkələrin hökumətləri onları hədsiz miqdarda yarada bilərlər.
Bütün tarixboyu, xüsusilə, son 100 ildə onlar məhz bunu ediblər ki, bu da əksər valyutaların iflasına səbəb olub. İnsanların əksəriyyəti, hətta bilmir ki, dövlətlər onların pullarını dəyərsizləşdirir. Pulların çap edilməsi onlarda daha varlı olmaları barədə illüziya yaradır, əslində, onların malik olduqları şey üzərində daha çox sıfır rəqəmi təsvir edilmiş kağız parçasından başqa bir şey deyil. Amma bir valyuta var ki, dövlət onu çap edə bilmir - bu qızıldır.
Son 5000 il boyunca qızıl həmişə gerçək valyuta olub və bütün tarixboyu yeganə salamat qalmış valyutadır. Qızıl çap edilə bilməz və heç bir dövlət onu geniş miqyasda nəzarətə də götürə bilməz. Məhz buna görə də qızıl həmişə pulların yaradılması ilə bağlı möhtəkir fəaliyyətlərin qarşısını alacaq. Biz bunu hazırkı təcrübəmizdən bilirik. Qızılın mütləq qiyməti qalxmır. Amma bunun əvəzinə qızıl həmişə olduğu kimi öz dəyərini və alıcılıq qabiliyyətini qoruyur.
Ternerin Fransanın "Societe Generale" bankının hesabatından misal gətirdiyi rəqəmlərdə bildirilir ki, böhranla mübarizə və iqtisadiyyatın stimullaşdırılması ilə bağlı olaraq inkişaf etmiş ölkələrin dövlət borclarının yaxın iki ildə $10 trln artması dolların məzənn?sinin və neftin qiymətinin düşməsinə səbəb ola bilər, həmçinin ABŞ və AB-yə qoyulan bütün aktivləri riskli edər.
Onun fikrincə, hazırda biz istər dollar olsun, istər funt, istərsə də avro və s. olsun, kağız pulların tam məhvini görürük. Yalnız son 10 ildə dollar qızıla nisbətən 79% qiymətini itirib. Başqa valyutaların əksəriyyətinin də vəziyyəti eyni cürdür. Buna görə də qızılın qiymətinin qalxmasına, həm də kağız pulların dəyərinin azalmasına inanmaq tam xülyadan başqa bir şey deyil. Hər şeyi qızıl həll edir və hədsiz dərəcədə kağız valyutaların çap edilməsi bunu əks etdirir.
Bundan başqa, analitikin fikrincə, qlobal böhran dövründə etibarlılığına, likvidliyinə, gəlirliliyinə görə qızılla müqayisə edilə biləcək alternativ investisiya yoxdur. Yaxın illərdə qızıl həm də "qara qızıl" tərəfindən güclü dəstək əldə edəcək - OPEK-in bir sıra ölkələri, o cümlədən, Rusiya və Çin yaxın gələcəkdə neft satışlarında qızılla hesablaşmaq barədə anlaşma əldə ediblər.
Amerika bankları 2013-cü ilə qədər qızılın troya unsiyasının $2500-ə kimi, yəni 2 dəfədən çox bahalaşacağını proqnozlaşdırırlar.
Qızılın dəyərinin artması onun sənayedə geniş miqyaslı istifadə edilməməsi ilə bağlıdır, başqa sözlə, qızıl neft, metal, kömür kimi sənaye istehsalının düşməsi üzündən ucuzlaşa bilməz. Başqa bir önəmli arqument isə bir oyunçu tərəfindən bazara böyük həcmlər atmaqla qızılın spekulyativ yollarla ucuzlaşdırılmasının qeyri-mümkünlüyüdür. Ekspert sanır ki, qızıla yiyəlik az-çox bərabər paylanıb, hasilat həcmləri və yataqlardakı ehtiyatları barədə məlumatlar yaxşı bəllidir.
Yeri gəlmişkən, bu yaxınlarda Corc Soros valyuta bazarından qızıl bazarına keçməsi barədə bəyanat verib. Bununla yanaşı, o, növbəti dəfə bəyan edib ki, Avropa valyutası indiki maliyyə böhranından sağ çıxmaya bilər.
MƏSLƏHƏT GÖR: