
İSLAM ALTERNATİVİ
İslam Inkişaf Bankının prezidenti Əhməd Məhəmməd Əli islam bank sisteminin sirlərini açıb
Müəllif: İlahə MƏMMƏDLİ Bakı
"Azərbaycanın uğurlu iqtisadi inkişafında İslam Bankının xidmətləri çox böyük olub. Əminəm ki, qarşıdan gələn illərdə bu əməkdaşlıq dərinləşəcək və biz də ölkəmizin qarşısında duran iqtisadi və sosial məsələlərin həlli üçün uğurlu əməkdaşlığı davam etdirəcəyik".
Bu barədə Azərbaycan Prezidenti İlham Əliyev İslam İnkişaf Bankı (İİB) qrupunun 35-ci illik yığıncağının açılışında bildirib. Dövlət başçısı qeyd edib ki, bankın xətti ilə Azərbaycanda gerçəkləşdirilmiş layihələr özünü doğruldur və bu əməkdaşlığın gözəl gələcəyi var.
Azərbaycanla münasibətlərin perspektivləri haqqında İİB prezidenti Əhməd Məhəmməd Əli də ümidlə danışıb. Jurnalımıza müsahibəsində o, etibarlı və dayanıqlı tərəfdaş kimi Azərbaycanın önəmini vurğulayıb. İslam Bankının başçısı hazırda dünyadakı iqtisadi durum, islam maliyyə-bank sisteminin inkişaf perspektivləri, bankın gələcəklə bağlı proqnozları və prioritetləri barədə fikirlərini də bölüşüb.
- Dünya böhranı İslam İnkişaf Bankının üzvü olan ölkələrə necə təsir göstərdi və hansı ölkə böhranın nəticələrini daha asanlıqla aradan qaldıra bildi?
- Bu, çox çətin sualdır. Böhrandan çıxmaq üçün çox uzun vaxt gərəkdir, buna görə də hansı ölkənin böhrandan daha az zərər gördüyünü indi demək çox çətindir. Böhranın təsirindən ən çox Pakistan, Banqladeş və əmək miqrantlarından pul köçürmələri alan ölkələr zərər görüblər. Qərblə - Avropa və ABŞ-la kiçik ticarət əməliyyatlarına malik ölkələr isə böhrandan daha az zərər görüblər.
Azərbaycanın bəxti gətirib. 2000-ci illərdə Azərbaycan yüksək ümumi daxili məhsulun (ÜDM) artım templəri ilə dünyanın ən sürətlə inkişaf edən ölkəsinə çevrildi. Güclü maliyyə mövqeləri ölkəyə böhranla asan mübarizə aparmağa və onun qarşısını almağa imkan verdi.
- Dünya böhranının təsirlərinin aradan qaldırılması üçün hansı tədbirləri görmək önəmlidir? Böhranın təsirlərinin aradan qaldırılması üçün investisiya banklarının yaradılmasına nə dərəcədə ehtiyac var?
- İnvestisiya banklarının yaradılması islam bank sistemi kontekstində təklif edilir. Sizin bölgədə islam banklarının sayı çox azdır, fəaliyyət göstərənlər də çox kiçikdir. Qərbdə böhrandan ən böyük zərbəni investisiya bankları aldılar və onların böyük hissəsi müflis oldu. Buna görə də bu ölkələrdə iqtisadiyyatın real sektoruna kapital yatırımları etməyə qadir iri investisiya banklarının yaradılmasına ehtiyac var. Bununla da biz İİB üzvü olan ölkələrin iqtisadiyyatlarına töhfələr verə bilərik. Böhran nəticəsində iqtisadiyyatın real sektoruna böyük diqqət ayrılmağa başlanıb. Hətta Çin kimi bir ölkə öz vəsaitlərinin böyük hissəsini iqtisadiyyatın real sektoruna yatırmağa çalışır.
- Böhranın təsirindən daha az zərər görmüş islam bank işinin əhatəsini necə genişləndirmək mümkündür?
- Hər şeydən öncə, biz maliyyə böhranını iqtisadi böhrandan ayırmalıyıq, çünki islam maliyyə sahəsi maliyyə böhranının təsirindən ən az zərər gördü. Amma iqtisadi böhran islam bankçılığına da təsir göstərdi.
Biz bilirik ki, dünya böhranı istiqrazlarla, borc ticarəti ilə əqdlər üzrə borcların yaranması üzündən başlayıb, islam banklarında isə borclarla tranzaksiyaların keçirilməsi qeyri-mümkündür. Bu baxımdan islam bankçılığı maliyyə böhranında daha az zərər gördü, amma maliyyə böhranı iqtisadi böhrana çevrildikdə, onun əhatə dairəsi genişləndi, çünki ticarət əməiyyatlarının, pul köçürmələrinin həcmi, həmçinin, ölkələr arasında pul transferləri azaldı. O cümlədən, bu, neftin qiymətinin azalması ilə də bağlı oldu. Və bizim üzv ölkələrimizin çoxu iqtisadi böhrandan zərər gördü ki, bu da İslam İnkişaf Bankına təsir göstərdi.
İslam bankçılığının əhatə dairəsinin genişləndirilməsi üçün ölkələrdə əhalini və maliyyə institutlarını daha çox məlumatlandırmaq gərəkdir. Buna görə biliklərin artırılması üçün kurslar və seminarlar təşkil etmək lazımdır. İslam İnkişaf Bankı olaraq, biz islam bankçılığı barədə öyrənmək istəyən hər kəslə, maliyyə və elm institutları ilə, elm istehsalat birlikləri ilə əməkdaşlıqda maraqlıyıq.
- İslam bankçılığının Azərbaycanda tətbiq ehtimalı nə qədərdir və İİB bu məsələdə hansı yardımları edə bilər?
- Birinci addım seminar və konfranslar keçirilməsi yolu ilə əhalinin məlumatlılığının artırılması olmalıdır. Bu istiqamətdə biz hər bir ölkəyə yardım etməyə hazırıq. Əgər hökumət və maliyyə institutları maraqlı olarsa, İİB kömək etməyə hazırdır.
İİB bir sıra hallarda Azərbaycanda hakimiyyətlə sıx əməkdaşlığa maraq nümayiş etdirib. İİB bu məsələdə çox maraqlıdır, çünki bu, bankın və onun inkişafının əsas məqsədləri sırasındadır. İİB qrupunun bölmələrindən biri olan İslam Araşdırmaları və Treninq İnstitutu (İATİ) üzv ölkələri bu sahədə araşdırma və treninq imkanları ilə təmin edir, həmçinin, İATİ ölkədə islam bankçılığı və maliyyələşdirməsi bilikləriinn səviyyəsinin genişləndirilməsində də maraqlı olan tərəflərlə fəal işləyir.
- İİB qrupu Azərbaycanla, o cümlədən, ölkənin özəl bölməsi ilə əməkdaşlığa nə dərəcədə hazırdır?
- Biz bunda çox maraqlıyıq və Azərbaycanla əlaqələri, o cümlədən, özəl bölmənin inkişafı üzrə islam korporasiyası vasitəsilə genişləndirməyi çox istəyirik. Özəl bölmənin (kiçik və orta sahibkarlığın (KOS) inkişafı üçün bank kiçik və orta müəssisələrin müvəkkil yerli bankların/maliyyə institutları vasitəsilə maliyyələşdirilməsini təmin edir.
Bu, kənd təsərrüfatı kimi xüsusi sahələrdə KOS-un inkişafına, yoxsulluq səviyyəsinin azalmasına, qadınların səlahiyyətinin yüksəlməsinə, ölkənin daha çox baxımsız qalmış və zərər görmüş sahələrinin maliyyələşmə ilə təmin edilməsinə yönəlmiş spesifik inkişaf vasitəsidir. Bundan əlavə, İİB artıq özünün ICD və ITFC kimi törəmə qurumlarının, UIF paylı investisiya fondu vasitəsilə hərtərəfli əməliyyatlar keçirir və artıq Azərbaycanda qeyri-dövlət (dövlət zəmanəti verilməyən) layihələrin maliyyələşdirilməsinə də cəlb edilib.
- İİB Azərbaycanda prosedurların və maliyyələşdirmə şərtlərinin sadələşdirilməsi imkanlarını nəzərdən keçirirmi?
- Bizim bütün ölkələr üçün şərtlərimiz eynidir və onlar dəyişdirilmir.
- İİB-in marağı daha çox hansı sahələrə yönəlib?
- Biz prioritetləimizin əsası kimi həmişə dövlətin maraqlarını götürürük, amma bankın özünün də strateji prioritetləri var. Bunların sırasında başlıca yerdə insan resurslarının inkişafı, təhsil, səhiyyə xidmətlərinin yaxşılaşdırılmasına yardım göstərilməsi gəlir. Biz həm ölkənin, həm də bütövlükdə bölgənin ehtiyaclarını nəzərə alırıq. Coğrafi baxımdan dünya bazarlarına çıxışı olmayan Mərkəzi Asiya ölkələrində üstünlük nəqliyyat layihələrinin maliyyələşdirilməsinə verilir. Bizim bank Qazaxıstanda, Türkmənistanda, Tacikistanda avtomobil və dəmir yollarının tikintisi sahəsində layihələri maliyyələşdirir. Həm də su-elektrik stansiyalarının tikintisi bizim üçün maraq kəsb edir.
- İslam İnkişaf Həmrəyliyi Fondunun yaradılmasının vacibliyini nələr diqtə edirdi və fondun əsas məqsədlərinə nə daxildir?
- İİB üzvü olan ölkələrdə yoxsulluq səviyyəsində yaşayan insanlar çoxdur. Buna görə də yoxsulluqla mübarizə bizim bankın əsas prioritetləri və hədəfləri sırasındadır.
Fondun vəsaitləri dövlətlərin könüllü ianələri hesabına formalaşır və sonradan yoxsul ölkələrin problemlərinin həllinə yönəldilir.
- Bankın 2009-cu il üzrə işinin nəticələri necə olub və siz Azərbaycanda fəaliyyətinizi necə qiymətləndirirsiniz? Dünya böhranı bankın Azərbaycandakı və bütövlükdə regiondakı maliyyə əməliyyatlarına təsir göstəribmi?
- 2009-cu ildə İİB "Istisna" maliyyələşdirilməsi vasitəsilə "Cənub" elektrik stansiyasının tikintisi üçün $201,5 milyon ayrılmasını təsdiq edib. Bu, bank tərəfindən Azərbaycan üzrə təsdiq edilmiş ən iri layihədir. Biz bankın fəaliyyətini müsbət dəyərləndirə bilərik. Dünya maliyyə böhranı kontekstində bank bölgədə öz layihələrinin miqyasını artırıb. Yuxarıda söylənənlər isə göstərir ki, bank müştərinin dəstəklənməsinə yönələn strategiyasına (impact-oriented and client-faced strategy) sadiqdir.
- Böhran dövründə Azərbaycandakı iqtisadi durumu necə qiymətləndirirsiniz, ölkə böhrandan sonrakı dövrə nə səviyyədə hazırdır?
- Bu məsələ çoxtərəfli makroiqtisadi araşdırma və təhlil tələb edir, ona birdən cavab verməyə cəhd etmək çox mürəkkəbdir. Bununla belə, bütövlükdə biz deyə bilərik ki, Azərbaycan iqtisadiyyatı böhranın xeyli mənfi və arzuolunmaz təsirlərinə qarşı müəyyən dayanıqlıq göstərdi.
Bundan başqa, Azərbaycan hökumətinin və Mərkəzi Bankın diqqətlə seçilmiş müdrik müdaxiləsi nəticəsində, bank/maliyyə sektoru dayanıqlı oldu və duruş gətirdi.
- 2010-cu ildə İslam İnkişaf Bankı ilk dəfə olaraq, İİB rəhbərlərinin illik yığıncağını Bakıda keçirib. İllik görüşün keçirilməsi üçün Azərbaycanın seçilməsi nə il bağlıdır? Siz bu tədbirin təşkilindən nə dərəcədə razı qaldınız?
- İİB illik yığıncağının harada keçirilməsi barədə qərar İİB yuxarı orqanı olan və üzv ölkələrin nazirləri səviyyəsində təmsil olunduğu rəhbərlər şurası tərəfindən verilib. Bu qərarın verilməsinin əsasında İİB üzv ölkələrinin illik yığıncağının keçirilməsi barədə göndərdikləri dəvətnamələr durur. Məsələyə baxılır və üzv ölkənin tədbirin keçirilməsi üçün bütün imkanlara malik olması və hazırlığı aydın olursa, onda rəhbərlər şurası qərar verir, bu zaman öncədən razılaşdırılmış iclas qrafiki nəzərə alınır.
Budəfəki illik yığıncağın gedişində Çad, İran, Mali, Seneqal, Burkina-Faso, Serra-Leone, Toqo, Livan və Nigeriya kimi bir sıra ölkələrdə toplam dəyəri $241,4 mln olan bir sıra yeni layihələrin maliyyələşdirilməsi təsdiq edilib. Həmçinin, Burundi, Həbəşistan, Qana, Hindistan, İsveç və Niderlanddakı layihələrə texniki dəstək üçün "Wagf" fondu tərəfindən toplam məbləği $2,044 mln olan zəmanətin verilməsi təsdiq edilib.
Türkiyənin "Kuwait Turkish Participation Bank" (KTRB) qurumunun səhmdar kapitalının artırılmasında iştiraka hüquq verilib və bunun üçün də $18,2 mln ayrılıb.
Şura, həmçinin, Tacikistanda daşqınların nəticələrinin aradan qaldırılması, Qırğızıstanda etnik qarşıdurmadan və Nigeriyadakı ərzaq böhranından əziyyət çəkənlərə yardım edilməsi üçün $3,4 mln ayrılması qərarını dəstəkləyib.
Bütövlükdə, tədbirin təşkil edilməsi yüksək səviyyədə idi.
- İlk dəfə Bakıda nə vaxt olmusunuz və Azərbaycan paytaxtı barədə təəssüratınız necədir?
- Mən Azərbaycana ilk dəfə 1992-ci ildə gəlmişəm. Hətta həmin illərlə müqayisədə belə çox böyük fərq var. Mən çox böyük inkişaf görürəm.
MƏSLƏHƏT GÖR: