Müəllif: İlahə XƏLİLOVA Bakı
Qlobal böhran işgüzar aləmi islam maliyyə sisteminin mexanizmlərini diqqətlə nəzərdən keçirməyə məcbur etdi, çünki islam dünyası böhranın mənfi təsiri altına çox az düşmüşdü. Tanınmış Qərb bankları öz mövqelərini günbəgün deyil, saatbasaat verdikləri bir zamanda, islam banklarının məcmu aktivləri keçən il 30% artdı, 2010-cu ilin sonlarına isə bu aktivlərin bir trilyon dollara çatması gözlənilir ki, bu da dünya maliyyə sisteminin bütün kapitalının bir faizinə bərabərdir.
Son 10 ildə islam bankçılığı dünyanın inkişaf etmiş ölkələrinin maliyyə dairələrində önəmli yer tutur. Məhz bu baxımdan, bu gün getdikcə daha çox şəriət prinsipləri ilə işləyən bankçılığın qlobal maliyyə sisteminə uyğunlaşdırılmasına çağırışlar eşidilir. Bu mə-sələnin aktuallığı İslam İnkişaf Bankı (İİB) qrupunun rəhbər şurasının ilk dəfə Azərbaycanda keçirilən illik (35-ci) yığıncağının gedişində də vurğulanıb.
İİB prezidenti Əhməd Məhəmməd Əli bildirib ki, islam bank sistemi beynəlxalq səviyyədə bütün layihələrin maliyyələşdirilməsinə böyük sabitlik təmin edən variant təklif edir. Dünya maliyyə böhranı inkişaf etmiş ölkələrlə inkişaf etməkdə olan ölkələr arasında böyük qarşıdurma yaradır. Bu məsələyə daha dərindən baxdıqda, "bizim hamımız bu qərara gəlirik ki, bu durumdan çıxmaq yalnız daha intensiv inkişafla bağlıdır".
Bunu nəzərə alan İİB prezidenti dünyaya yüksək iqtisadi səviyyədə islam maliyyə sisteminin şəriət qanunlarına əsaslanan qaydalarını qəbul etməyi təklif edir. Onun fikrincə, islam maliyyələşdirməsi ciddi maliyyə sistemlərinə çox böyük üstünlüklər təqdim edir. Bankın prezidenti hesab edir ki, əsas məqsəd islam maliyyə sənayesinin qarışıqtipli yeni maliyyə sistemi yaradılmasına imkan verən bütün məqamlarının başa düşülməsi ilə bağlıdır.
O bildirib ki, xüsusi yaradılmış işçi qrupun fəaliyyətinin nəticələri əsasında, islam alətlərinin beynəlxalq maliyyə sisteminə çıxarılmasının yolları müəyyən ediləcək. Sonucda bu, növbəti böhranın və ya indiki böhranın qarşıdakı dalğasının yaranma ehtimalını azalda bilər.
Bu zaman İİB başçısı qeyd edib ki, onun sözləri heç də bütün dünyadakı ənənəvi maliyyə sisteminin islam sisteminə dəyişdirilməsinə çağırış deyil, amma onun fikrincə, islam maliyyəçiliyinin bir sıra müddəalarının tətbiqi mütləq müsbət nəticələr verəcək. Bu, öz təsdiqini "böyük iyirmilər"in görüşündə də tapıb.
Əhməd Məhəmməd Əli, həmçinin, bankın Azərbaycanla əməkdaşlığın genişləndirilməsində maraqlı olduğunu da vurğulayıb. Onun sözlərinə görə, ölkədə müvafiq maraq olarsa, İİB islam bankçılığı prinsiplərinin Azərbaycanda tətbiqinə yardım göstərməyə hazırdır.
Azərbaycan bankları və "islam maliyyəsi"
Qeyd etmək gərəkdir ki, islam bankları artıq öz fəaliyyətini İran körfəzindən xeyli uzaqlara yaya bilib. MDB ölkələri içində ilk dəfə Qazaxıstan islam maliyyə alətlərinin tətbiqinə təşəbbüs göstərib.
Son zamanlarda Azərbaycanda da şəriət qanunları əsasında biznes aparılmasına maraq yetərincə artıb. Həm də təsadüfi deyil ki, islam maliyyə qurumlarının təmsilçilərinin özləri də Azərbaycana can atırlar. Amma bizim bankları isə daha çox maliyyə alətlərini özəl bölmə ilə işdə istifadə etmək maraqlandırır.
Hazırda Azərbaycan banklarının çoxu artıq bu sistemin tətbiqolunma imkanlarına baxırlar, çünki banklar üçün bu, ilk növbədə, yeni maliyyələşdirmə mənbələrinə çıxışın açılması, yeni geniş müştəri bazasının yaradılması, həmçinin, bu sistemi istifadə etməyən banklar qarşısında üstünlük qazanılması imkanlarıdır.
İnvestisiya kapitalına gəldikdə isə islam bankları artıq çoxdan dünyaya öz imkanlarını göstəriblər. Buna görə də belə böyük həcmlərdə investisiya kapitalının ölkə iqtisadiyyatının inkişafı naminə Azərbaycanın bank sektoruna cəlb edilməsi, əlbəttə ki, həm hökumət, həm də ölkənin bankları üçün önəmli stimullardan biridir.
Azərbaycan əhalisinin böyük bölümü islama inanan ölkələrdəndir, buna görə də ölkədə olan normaları şəriət nomaları ilə uzlaşdırmağı bacaran bankların olması adi kommersiya banklarına etibar etməyən əhali kəsiminin pullarını islam banklarına qoymasına imkan yarada bilər. Və əlbəttə, Azərbaycan bazarı üçün önəmli amillərdən biri hazırda ilkin olmaq faktorudur. Yeni sistemin ilk bankı olan qurum bir sıra üstünlüklər əldə edəcək və bu da onun bazarda mövqelərini önəmli şəkildə gücləndirəcək.
Ancaq Azərbaycanda islam bankinqin tam keyfiyyətli maliyyələşdirilməsi üçün müvafiq qanunvericilik bazası yaradılmalıdır, buna görə də hazırda bunda maraqlı olan Azərbaycan banklarının əsas çətinliklərindən biri təkliflərin işlənilməsi və onların ölkənin Mərkəzi Bankına təqim edilməsidir.
Ümumiyyətlə, ölkədə olan qanunvericilik bazası bir neçə islam bankinq məhsullarının tətbiqinə imkan verir ki, bu da bir sıra banklara artıq öz müştərilərinə islam bankinqin məhdud spektrdə xidmətlərini təklif etməsinə imkan yaradır.
İslam bankinqə maraq göstrən Azərbaycan bankları sırasında Azərbaycan Beynəlxalq Bankını (ABB), "Kauthar Bank", "Amrah Bank" və "Texnika Bank" kimi qurumları göstərmək olar. "Kauthar Bank" artıq mövcud bank qanunverciliyi çərçivəsində islam bankinq xidmətləri göstərir. "Amrah Bank" bu sistemin tətbiqinə təzə başlayıb, ABB isə yaxın perspektivdə "islam pəncərəsi"ndən istifadə etməyi planlaşdırır.
"İslam pəncərəsi" - islam bankinqə bütünlüklə keçmək istəməyən banklar üçün optimal çıxış yoludur. Bu, bankda islam normaları ilə işləyən müəyyən quruluşdur və onun hesabatı bankın başqa bölmələrindən ayrı tutularaq aparılır.
Ehtimal etmək olar ki, Azərbaycanda müvafiq qanunvericiliyin qəbul edilməsi ilə "islam pəncərələri"nə maraq artacaq, çünki bu, ölkədə olan ənənəvi banklara qismən islam bankinqi tətbiq etməyə imkan yaradır. Hazırda dünyanın iri bankları da "islam pəncərəsi" açırlar ki, bu da islam bankinqə marağın artmasının sübutudur və onun tətbiqi Azərbaycan kimi ölkələr üçün böyük aktuallıq kəsb edir.
Amma hələ ki Azərbaycanda bu istiqamətdə inkişafı tənzimləyən normativ-hüquqi baza yoxdur. Azərbaycan Mərkəzi Bankı (AMB) islam bankinq prinsiplərinin istifadə məsələsini, bunun Azərbaycan iqtisadiyyatı üçün nə dərəcədə faydalı olmasını öyrənməkdə davam edir.
AMB bank bölməsinin klassik inkişaf formasına üstünlük verir. AMB İdarə Heyətinin sədri Elman Rüstəmovun sözlərinə görə, Azərbaycan mentallığı çox uğurludur, o, həm çağdaşlığı, avropaçılığı və milliliyi birləşdirir. "Bununla yanaşı, axtarış gedir və istənilən model sınaqdan keçiriləcək", - deyə Rüstəmov vurğulayıb. Onun sözlərinə görə, əgər milli mentalitet bu cür bank xidməti formasını tələb edərsə, onda bu məsələyə baxılacaq.
İİB, həmçinin, AMB-yə ölkədə islam bankının yaradılmasında yardım etməyi təklif edib. Ancaq İİB-nin struktur qurumu olan özəl bölmənin inkişafı üzrə İslam Korporasiyası artıq Azərbaycanda islam prinsipləri ilə işləyən iki qurum təsis edib; bunlar kapitalı $5 mln olan lizinq şirkəti "Ansar Leasing" və Xəzər Beynəlxalq İnvestisiya Şirkətidir ($40 mln).
Yüz ölç, bir biç
Azərbaycanın bank maliyyə sistemi 17 il ərzində klassik maliyyə alətləri əsasında inkişaf edərək böyük nəticələr qazanıb. Risklərə baxmayaraq, ölkənin bank bölməsi qlobal böhran qarşısında yetərincə dayanıqlılıq göstərdi. O cümlədən, bank sisteminin kapitallaşma səviyyəsi qaldırıldı, idarəetmə potensialı gücləndirildi, xarici borc səviyyəsi azaldıldı. 2003-2008-ci illər ərzində ölkənin bank bölməsi, orta hesabla, 10 dəfə böyüdü. Yeni maliyyə aləti nə qədər effektli olsa da, əlində bu cür göstəricilər olan Azərbaycan hökuməti, çətin ki, onun tətbiqini təcrübədən çıxarmağa tələssin.
AMB başçısı Elman Rüstəmov da hesab edir ki, islam maliyyəçiliyinin Azərbaycanın bank bölməsinə tətbiqindən öncə müəyyən araşdırma aparılmalıdır. Onun sözlərinə görə, bunun Azərbaycan maliyyə sisteminə tətbiq edilməsi ilə bağlı araşdırmalar 2011-ci ildən tez başlaya bilməz. AMB-nin fikrincə, bu məsələ ciddi təhlil edilməlidir.
Hazırda ölkənin maliyyə-bank bölməsinin yeni inkişaf strategiyası hazırlanır və orada əsas diqqət böhranlara hazırlıq məsələsinə yönələcək. Ölkənin gələcək inkişafı proqramı çərçivəsində real iqtisadiyyatın artımı ilə yanaşı, başlıca rolu maliyyə sənayesinin inkişafına da ayırmaq lazımdır, çünki o, katalizator kimi iqtisadiyyatın irəliləməsində rol oynaya bilər.
Bununla yanaşı, AMB başçısı Azərbaycanın bank bölməsinin gələcək sabitliyinin təmin edilməsində islam bankçılığı mexanizmlərindən istifadə edilməsi imkanlarını də istisna etmir. Hazırda onun sözlərinə görə, islam bank işi artıq ön sıraya çıxır və dünyanın çox ölkələrində gerçəkləşdirilir. Böhran dövründə islam maliyyələşdirmə mexanizmlərinə diqqət daha da artıb.
Bank bölməsində islam metodologiyasından istifadə etməklə, "biz Azərbaycanın iqtisadi inkişafında yeni uğurlar əldə etməyə nail olardıq". Şübhəsiz, bu metodologiya islam bankçılığının ağıllı prinsiplərinə əsaslanaraq işlənməlidir ki, Azərbaycan da çox diqqətlə bu prosesləri izləyir. AMB başçısı bildirir ki, bu planda qlobal anlaşma əldə edildikdən sonra, "biz də bu qeyri-ənənəvi bank işini öz ölkəmizdə tətbiq edəcəyik".
Mütəxəssislər tövsiyə edir
"Dar Al Istithmar" şirkətinin baş məsləhətçisi Səid Faruk hesab edir ki, islam bankinqin müəyyən məhsullarının tətbiq edilməsi üçnü Azərbaycanda imkanlar var. Xarici mütəxəssis bu rəyə ölkədə islam bankçılığının tətbiq edilməsini istəyən Azərbaycan bankları ilə danışıqlardan sonra gəlib. Səid Faruk hesab edir ki, Azərbaycanda şərait məhduddur, amma olanlar da islam bankinq sahəsində bir sıra əməliyyatlar keçirməyə imkan yaradır. Bu baxımdan, müştəri hesablarına xidmətdən, pərakəndə ticarət, lizinq təminatlı aktivlərin maliyyələşdirilməsi sahəsində əməliyyatlardan söhbət gedir. Ancaq hüquqi tənzimləmə olmadan islam bankinqin tətbiq prosesi mürəkkəbləşə bilər.
Ekspert bildirir ki, Azərbaycanda islam bankçılığına tələb var, adi kommersiya banklarında pul saxlamaq istəməyən və islam bankinq sisteminin peyda olması ilə orada hesab açmağa hazır olan müştəri bazası mövcuddur. Bu cür bankların yaranması üçün başqa səbəb islam maliyyə sistemində, xüsusilə də Yaxın Şərqdə likvidliyin yüksək olmasıdır və bu, özünü Azərbaycanda reallaşdıra bilər. Faruk bildirib ki, bankların çoxu öz investisiyalarını diversifikasiya etmək istəyir və Azərbaycan onların yerləşdirilməsinə tam uyğun gəlir.
Beynəlxalq İslam İqtisadiyyatı Assosiasiyasının prezidenti Mabid Əli Əl-Cərhi də hesab edir ki, İran körfəzinin islam bankları Azərbaycanın islam bankinqi sahəsinə çıxmaqda maraqlıdırlar. Əlbəttə ki, burada önəmli rol ölkədə müvafiq qanunvericilik bazasının yaradılmasına məxsusdur. Qazaxıstan öz qanunvericiliyini dəyişərək, islam maliyyələşdirməsinə dəstək verdikdən sonra İslam Dünyasının bu ölkəyə sərmayələri bir milyard dollara çatdı. Qəbul edilməsi vacib olan hüquqi aktlar sırasına ikiqat vergi tutulmasının qarşısını alan və islam maliyyə kontraktlarını tanıyan qanunlar da daxildir. İslam Assosiasiyasının başçısı Azərbaycan hökuməti ilə qanunvericilik bazasının tərtibində və ölkədə islam bankinqi tətbiqində əməkdaşlığa hazır olduqlarını bildirib.
"Dar Al Shari`a" (Dubay) prezidenti və "Dubai Islamic Bank", "Emirates Islamic Bank", "Shajah Islamic Bank", "Ajman Bank", "Dubai Financial Market" kimi qurumları birləşdirən Şəriət Şurasının sədri, doktor şeyx Hüseyn Həmid Həsənin fikrincə, Mərkəzi Asiyada islam maliyyələşdirilməsinin mərkəzi olmaq üçün Azərbaycanın yaxşı imkanları var. Azərbaycan da islam maliyyələşdirilməsinin mərkəzi olan Bəhreynin təcrübəsindən yararlana bilər. O, kiçik ölkə olsa da, yetərincə təbii qaynaqlara malikdir.
Ekspertlərin qiymətləndirməsinə görə, hazırda islam bankinq, orta hesabla, ildə 10-15% sürəti ilə artır ki, bu da dünya üzrə ən dinamik artım göstəricilərindəndir. Hazırda dünyanın 51 ölkəsində toplam kapitalı $700 mlrd.-ı ötən 300-dən çox islam bankı var.
Bu cür inkişaf, əsasən, müsəlman ölkələrinə yetərli miqdarda neft dollarlarının gəlməsi ilə bağlıdır. Bu isə müəyyən müddətə sərbəst olan, ölkə daxilində investisiya layihələrinə yönəldilə bilməyən böyük miqdarda likvidliyi təmin edir və Səudiyyə Ərəbistanı, Küveyt, Birləşmiş Ərəb Əmirlikləri və Malayziyada maliyyə mərkəzlərinin yaradılması ilə maliyyə infrastrukturunun intesiv inkişafına imkan yaradır. Bu ölkələrdə yüksək likvidlik və maliyyə infrastrukturunun keyfiyyətinin artması sərbəst ehtiyatların xaricdəki layihələrə yatırılmasını stimullaşdırır.
MƏSLƏHƏT GÖR: