
RƏHMƏT, ÖZBƏKİSTAN!
Bu ölkəyə səfər etdikdən sonra Səmərqənd möcüzələri və özbək qonaqpərvərliyini unutmaq mümkün deyil
Müəllif: Ayaz MİRZƏYEV Bakı-Daşkənd-Səmərqənd
"Rəhmət Əkə" ifadəsi özbəklərin ən çox istifadə olunan etiket sözüdür - "Sağ ol, qardaş" deməkdir. "Rəhmət" sözü bizim dilə "sağ ol", "əkə" isə "böyük qardaş" anlamına gəlir. Bu, müraciət forması ilk dəfə özbək dili eşidən adamın ən çox yadında qalan bir ifadədir.
Səmimi desəm, bu ölkəyə səfər etməmişdən əvvəl elə düşünürdüm ki, bu ölkədə həyat tərzi sovetlər dövründən bəri çox da dəyişməyib. Amma paytaxt Daşkəndi görəndən sonra anladım ki, yanılmışam. Uzun və işıqlı küçələr, yeni tikilmiş və tikilməkdə olan müasir binalar, gülərüz özbək gəncləri...
Axı, onların da kökü türkdür!
Daşkənd hava limanına ayaq basar-basmaz bizi müşayiət edəcək Özbəkistan mətbuatının təmsilçisi mənə zarafatyana bir etirazını bildirdi: "Axı, siz niyə bir millət iki dövlət deyirsiniz ?!" Sözün doğrusu, əvvəl onun nədən narazı olduğunu başa düşmədim. Lakin qısa arayışından sonra anladım ki, o, Azərbaycanla Türkiyə münasibətləri haqqında deyilən bu fikrin niyə Özbəkistana da aid edilmədiyini soruşur. Şükrətcan ortaq türk köklərimizdən danışır, dilimiz, adət-ənənələrimiz, xasiyyətimiz, musiqimiz, mətbəximiz və memarlığımızdakı oxşarlıqları vurğulayırdı. Beləliklə, mən və Azərbaycandan gələn həmkarım İlqar Vəlizadə ilk dəfə səfər etdiyimiz Özbəkistanı kəşf eləməyə başladıq. Başlanğıc nöqtəmiz isə, təbii ki, paytaxt Daşkənd oldu.
Abidələrə ehtiram
Özbəklərin bir xüsusiyyəti çox xoşuma gəldi. Bu xalq öz tarixi abidələrinə göstərdiyi münasibətə görə, bəlkə də, dünyada ilk sıralarda yer almalıdır. Dostumuz Şükratcan deyir ki, Daşkənd nə qədər yenilənirsə mədəni abidələrə olan qayğı da ikiqat artır. Orta əsrlərdən etibarən Özbəkistan həmişə bölgənin əsas beynəlxalq nəqliyyat mərkəzi olub. Hələ nəzərə alaq ki, 1917-ci il inqilabı zamanı baş vermiş vandalizmdən və 1966-cı il zəlzələsindən sonra şəhərdə mövcud olan bənzərsiz memarlıq abidələrinin çox hissəsi məhv olub, bununla belə, Özbəkistanda hər addım başı tarixi abidə var.
Özbəkistan paytaxtının dini mərkəzi sayılan qərb hissəsinə, Qəst-İmam meydanına yola düşdük. Burada islam mədəniyyətinə aid qədim bina və abidələrdən ibarət bir ansamblla tanış olmaq mümkündür. Maraqlı binalardan biri XVI əsrdə inşa olunmuş Kukeldaş mədrəsəsidir. Bu tikili Əbu Bəkrin Kaffali Şaş mavzoleyi kimi də tanınır və ondan muzey kimi istifadə olunur. Elə buradaca nadir Şərq əlyazmalarının, o cümlədən xəlifə Osmana məxsus məşhur Quranının qorunduğu kitabxana yerləşir. Görünür, bu tikililərdə qorunan maddi və mədəni irs bu qədər əhəmiyyətli olduğuna görə ziyarətçilər giriş üçün əvvəlcədən icazə almalıdırlar. Hesab eləyək ki, bizim bəxtimiz gətirdi. Abidəyə baxmaq üçün heç kəsdən icazə almağa ehtiyat olmadı.
Bu əsrarəngiz tarixi abidə kompleksini ziyarət etdikdən sonra yollandıq özbəklərin qürur mənbəyi olan, deyilənə görə cəmi səkkiz aya tikilən Əmir Teymurun və ümumilikdə, Teymurilərin şəhərdəki ən böyük muzey kompleksinə. Burada məşhur sərkərdənin həyat və fəaliyyəti, bütün hərbi səfərləri, geyimlərindən tutmuş oxuduğu kitablara qədər hər şey qorunub saxlanılır. Yalnız onun qəbrindən savayı. Bunun üçün "Şərqin mirvarisi" kimi tanınan Səmərqənd şəhərinə səfər etmək lazımdır ki, biz düşünmədən yola düzəldik.
"Şərqin mirvarisi"
Onun yaşı Babil və Roma şəhərlərinin yaşı ilə müqayisə olunur və hətta bəzi mənbələr Səmərqəndin yaşının 2500 il olduğunu göstərir. "İslam Şərqinin mirvarisi" sayılan Səmərqəndi müxtəlif tarixi mənbələrdə həm də "Şərqin Roması", "Göylər altında olan ən gözəl şəhər" adlandırırlar. Şəhərin tarixi, gözəlliyi və əhəmiyyətini nəzərə alsaq, şübhəsiz, onu, ümumiyyətlə, "Mərkəzi Asiyanın paytaxtı" da adlandırmaq olar. Bu sirli-sehrli şəhər Özbəkistana gəlmiş hər bir turistin ən çox görmək istədiyi məkandır. Bunu nəzərə alan özbəklər turistlərin işini asanlaşdırmaq üçün qət edəcəkləri yolu xeyli qısaldıblar.
Daşkənddən maşınla hərəkət etməli olsaq, 5- 6 saatlıq məsafədə yerləşən Səmərqəndə indi cəmi 2 saata çatmaq olur. Bu da regionda ilk dəfə istismara verilən sürət qatarı sayəsində mümkündür. Özbəklərin "Afrasiyob" adlandırdıqları bu qatar, adətən, Avropa ölkələrində rast gəldiyimiz analoqlarından heç də geri qalmır. Beləliklə, "Afrasiyob" bizi Özbəkistanın ən görməli yerinə çatdırdı.
Özbəkistan müstəqillik əldə etdikdən sonra 370 min əhalisi olan Səmərqənd ölkənin ən böyük mədəni və iqtisadi mərkəzlərindən birinə çevrilib. Hətta Bakıda olarkən mənə məsləhət vermişdilər ki, əgər yolun Səmərqənddən düşsə, şəhərin ən möhtəşəm memarlıq abidələri - Bibi Xanım Məscidi, Registan meydanı və Qur-Əmir mavzoleyini mütləq ziyarət elə. İlk dayanacağımız Bibi Xanım məscidi oldu.
Səmərqənd möcüzələri
Deyilənə görə, bu məscid təkcə Səmərqəndin və Özbəkistanın deyil, bütün Türk dünyasının ən tanınmış tarixi məscididir. Məscidin tikintisinə 1399-cu ildə, Əmir Teymur Hindistan yürüşündən qayıtdıqdan sonra başlanılıb və o, 5 il ərzində inşa olunub. Məscid-sarayın həyətində mərmərdən hazırlanmış böyük "Quran" yerləşir. Səmərqəndin digər möcüzəsi olan Registan kompleksi isə şəhərin ürəyi sayılır. Hələ orta əsrlərdən etibarən islam dininə və elmə daha yaxşı yiyələnmək üçün alimlər və tələbələr məhz bu kompleksdə yerləşən mədrəsələrə üz tuturdular. İyirminci əsrin bir çox məhşur din xadimləri, o cümlədən Bütün Qafqazın Şeyxi Hacı Allahşükür Paşazadə də məhz Səmərqənddə dini təhsil alıb. Uluq Bəy, Şer-Dor Bəy və Tilya-Kori Bəy mədrəsələri bu təhsil ocaqları arasında ən məhşurlarıdır.
Maraqlı ziyarətlərimizdən biri də Danyal peyğəmbərin uzunluğu 10 metr olan məzarının yerləşdiyi sərdabəyə oldu. Bütün gördüklərimiz kifayət elədi ki, hər küçəsində tarixin bir izi olan Səmərqəndin UNESCO-nun ümumdünya irsi siyahısına daxil edilməsinin təsadüfi olmadığına əmin olaq.
Sözsüz turistləri və xarici qonaqları Səmərqənddə ən çox cəzb edən Əmir Teymur və onun nəslinin uyuduğu Qur-Əmir Mavzoleyidir. Bu həmin Mavzoleydir ki, xüsusilə İkinci Dünya müharibəsindən sonra onun haqqında çoxlu müzakirələr və mübahisələr getdi. Hər şey 1941-ci ilin martında Stalinin şəxsi icazəsi ilə elmi ekspedisiyanın təşkil olunması ilə başladı. Əsas məqsəd Əmir Teymurun qəbrini tapmaq idi. Əmir Teymur Teymurilər dövlətinin banisi, türk dünyasının ən böyük sərkərdələrindən biridir. Düzdür, ona qarşı münasibət heç də hər yerdə birmənalı deyil. Misal üçün, özbək xalqı üçün o qəhrəmandırsa, ordusunun işğal etdiyi İran, Qafqaz, Hindistan, Kiçik Asiya və digər dövlətlərdə isə Əmir Teymuru istilaçı kimi qəbul edirlər. Əsas kimi isə onu göstərirlər ki, onun səfərləri, adətən, bir çox şəhərlərin dağıdılması və Teymurilər dövlətinin sərhədlərinin genişlənməsi ilə nəticələnib. Amma dünya alimlərinin yekdil rəyi belədir ki, hər şeyə rəğmən Əmir Teymur tarixi şəxsiyyət və görkəmli dövlət xadimidir. Tarix isə heç vaxt mühakimə olunmur. Bu məhşur sərkərdənin ətrafında sirr pərdəsinin yaranmasına səbəb isə onun 1405-ci ildə hərbi yürüş zamanı müəmmalı şəkildə dünyasını dəyişməsi olub. Bütün tarixi dəlillər onun məzarının məhz Səmərqənddə olduğuna işarə edir. Şəhərdəki sərdabələri qarış-qarış araşdıran sovet ekspedisiyasının üzvləri, nəhayət, Qur Əmir məqbərəsinə gəlib çatırlar. Axtarışlardan sonra üzərinə qədim ərəb yazısı həkk edilmiş mərmər daşa rast gəlinir. Mərmər daşın üzərində "Özünü digərlərindən üstün sayan və əcdadlarının ruhunu ləkələyənləri dəhşətli bəla gözləyir" ifadəsi ilə bitən yazı ekspedisiyanın üzvlərini qorxuya salır. Bununla belə, onlar işləri dayandırmırlar və Əmir Teymurun basdırıldığı güman edilən məzarı açırlar. Vaxt göstərir ki, bununla onlar həm də obrazlı desək, "Pandoranın qutusu"nu açmış olurlar. Növbəti gün Hitler Almaniyasının SSRİ-yə qarşı müharibəyə başladığı barədə məlumat radio vasitəsilə verilir. Böyük Vətən müharibəsi başlayır.
Etiraf etməliyəm ki, mətbuatda gedən məlumatlar və hekayələr bizim əhvalımıza da az-çox təsir etmişdi. Sərdabəyə daxil olanda eynilə bizi də bir anda qəribə həyəcan hissi bürüdü. Görünür, məhz buna görə, cəsarətimizi toplayıb böyük sərkərdənin qəbrinə yaxınlaşa bilmədik.
Artıq vaxt yetişmişdi. Biz geri dönməli idik. Daşkəndə yeni dostlaşdığım Şükratcan bizi gözləyirdi. Evinə qonaq çağırmışdı. Özbək mətbəxi və qonaqpərvərliyi ilə əyani tanış olmaq üçün əlimizə düşən bu fürsəti dəyərləndirməli idik. Həm də burada nahar və ya şam yeməyinə dəvətdən imtina etmək yaxşı hal sayılmır.
Bir sözlə, Özbəkistan tarixi ənənələrin, memarlıq abidələrinin toplandığı xəzinə, qədim şəhərlərin yerləşdiyi məkan, əfsanəvi İpək Yolunun mərkəzlərindən biridir. Məhz burada əsl Qədim Şərqin nə olduğunu canlı görmək, min ildən çox yaşı olan özbək plovunun dadına baxmaq, islam sivilizasiyasının tarixi irsi ilə tanış olmaq olar. Bu səbəbdən, əlinizə bu Şərq ölkəsinə səyahət etmək fürsəti düşsə, onu əldən verməyin.
MƏSLƏHƏT GÖR: