Müəllif: Əli ZEYNAL Bakı
Qəribə, möhtəşəm dramatik səsə malik, öz istedadına çox ehtiyat və qayğı ilə yanaşan Lütfiyar İmanov virtouz akademik tenorlardan biri idi. Rejissorlar ona ən yaxşı, ən məşhur partiyaları həvalə edirdilər. "Karmen", "Faust", "Otello", "Trubadur", "Aida", "Riqoletto" kimi operalardan olan ariyaları o, dünyanın ən məşhur teatrlarında ifa etmişdi - Moskvanın Böyük Teatrından tutmuş, Milanın La Skalasınadək.
Parlaq istedad
"Faktiki olaraq, İmanov üçün əsl dünya debütü 1959-cu ildə Moskvada Azərbaycan incəsənəti dekadası zamanı olub", - deyə publisist və teatrşünas, incəsənət xadimləri, o cümlədən Lütfiyar İmanov haqda kitabların müəllifi Fazil Rəhmanzadə bildirir: "Yeri gəlmişkən, Rusiya tamaşaçısı əyalət ifaçılarına müəyyən qədər skeptik yanaşır, onları sanki ekzotika kimi qəbul edirdilər. 1959-cu ilin yazında misilsiz Lütfiyarın Böyük Teatrın səhnəsində dahi Üzeyir Hacıbəyovun "Koroğlu" operasından partiyanı ifası bu stereotipi aradan qaldırdı".
O dövrdə Azərbaycanda operanın olduğunu çox kiçik sənətşünas qrupu anlayırdı. Doğrudur, kütlə, əlbəttə ki, "Arşın mal alan" və "O olmasın, bu olsun"u da tanıyırdı. Amma onlara əyalət tamaşaçısı üçün yaradılmış operettalar kimi yanaşılırdı. Teatr həyatı müəyyən mənada bu günün şou-biznesi ilə oxşardır - oradakı yerini daim təsdiqləməlisən. İlk olaraq, Azərbaycan operasında yeni səs gətirən dahi Bülbül olub və onun buna "Koroğlu" ariyası ilə nail olmasını rəmzi hadisə kimi qiymətləndirmək olar. Amma o vaxtdan (1959) 20 ildən artıq vaxt keçmişdi. Bu dövrdə çox şeylər baş vermişdi (müharibə, ölkədə böyük repressiyalara imza atmış tiranın ölümü), bir çox şeylər artıq unudulmuşdu. Odur ki, uzaq 1938-ci ildə Böyük Teatrda "Koroğlu"nun ilk dəfə ifa olunmasını da, demək olar ki, heç kim xatırlamırdı.
Güman ki, məhz İmanovun ifası uzun illər davam edən fasilədən sonra hər kəsi yenidən Azərbaycan operasına ciddi yanaşmağa vadar etdi. Onun sonradan Mosartın, Verdinin, Bizenin, Leonkavallonun və digər məşhur ustadların əsərlərilə bağlı işlərisə Bakıya ciddi musiqi məktəbi statusu qazandırdı.
"Lütfiyar yerli bəstəkarları da yaddan çıxarmırdı. Dünya tamaşaçısına onların əsərlərini ilk çatdıranlardan biri məhz İmanov olub", - deyə sənətşünas bildirir: "O, Fikrət Əmirovun "Sevil" operasında Balaşı, Cahangir Cahangirovun "Azad" operasında Ayazı, Ramiz Mustafayevin eyniadlı əsərində Vaqifi, Müslüm Maqomayevin "Nərgiz"ində Əliyarı əsl etalon obraz kimi yaradıb".
Biz ifaçılar, bəstəkarlar, librettoçular, dirijorlar, rejissorlar tanıyırıq. Amma əslində onların arxasında istedadlarını aşkar edən və "itiləyən" yaxşı peşəkar məktəbin dayandığı haqda çox az adam düşünür.
1943-cü ilin martında, yəni müharibənin ən qızğın vaxtında Lütfiyarın vətənində, o dövrdə yoxsulluq içərisində yaşayan Sabirabadda musiqili dram teatrı açılmışdı. Teatra həvəsi olan 15 yaşlı gənc də ilk olaraq oraya üz tutdu - suflyor kimi.
Amma hədəfin varsa və hədəfə çatmaq üçün əlindən gələni etməyə hazırsansa, teatr səni cəlb edəcək. İmanovun aktyorluq istedadı və (opera ifaçısı həm də aktyor idi), gözəl səsi diqqətlərdən kənarda qalmadı. Qeyd etmək lazımdır ki, İmanovun sahib olduğu dram tenoruna xas əsl istedad (bu, Bülbüldə də var idi) operaya həvəsi olan insan üçün ən qiymətli hədiyyədir. Bu, ifaçıya, demək olar ki, bütün məşhur ustadların ən yaxşı partiyalarını oxumağa imkan verən geniş diapazondur. Amma dram tenoru həm də güclü "silahdır" və hələ ondan istifadə etməyi öyrənmək lazımdır. Məhz bu məqamda məktəb son dərəcə vacibdir.
Görülmüş işlərin hesabatı
Ədalət naminə qeyd etmək lazımdır ki, sovet opera məktəbi dünyanın ən yaxşılarından idi. 30-50-ci illər isə Azərbaycan operasının ən yaxşı dövrlərindən biri sayıla bilər. Milli opera sənəti, məhz həmin dövrdə parlayıb, Azərbaycan məktəbi, məhz həmin illərdə saysız - hesabsız ustadlar yetişdirib. 30-cu illərdə açılmış Azərbaycan Dövlət Musiqili Komediya Teatrı 40-cı illərin sonlarında artıq son dərəcə böyük şöhrət qazanmışdı. Bu, ilk növbədə, "Arşın mal alan", "Məşədi İbad", "Hacı Qara", "Ulduz", "Durna" operettaları hesabına mümkün olmuşdu. İlkin dövrdə autsayder hesab olunan, ciddi yanaşılmayan, "təlxək işi" sayılan bu teatr cəmi bir neçə il sonra parlaq ifaçıların, aktyorların ocağına çevrilmişdi. Sonda o, Azərbaycan tamaşaçısı üçün ən populyar teatr oldu. Bu baxımdan, məhz Musiqili Komediya Teatrına gedib çıxdığı üçün Lütfiyarın bəxti gətirmişdi. Bu teatr əksəriyyət üçün olduğu kimi, İmanov üçün də tramplin rolunu oynadı. Daha sonra o, ömrünün sonunadək Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında işlədi, Moskvada və Milanda təcrübə keçdi.
İmanov hər zaman nəhəng iş qabiliyyətilə seçilib. Hətta 80 yaşında belə, o, nəinki müəllimlik edir, həm də ifaçılığı davam etdirirdi. Lütfiyar İmanov son böyük konsertini 2006-cı ildə Azərbaycan Dövlət Filarmoniyasında verib. Bu konsert, sanki, onun 50 illik zəngin yaradıcılıq yolunun hesabatı idi. İmanov ömrünün sonunadək yeni nəsildən olan aktyor və ifaçıların hazırlığı ilə məşğul olub. O, Teatr Xadimləri İttifaqının sədri kimi teatrın problemlərinin həllilə məşğul olur, bununla da, opera üçün ən ağır illərdə belə, bir neçə ifaçı, rejissor, bəstəkar nəslinin "damla-damla" topladılmasına çalışırdı.
İmanovun səyləri və zəhməti heç də hədər getmədi. Bakı opera məktəbi mövcudluğunu davam etdirir. Sadəcə, bu gün opera sənətinə maraq bir qədər azalıb və indi Çaykovskinin, Verdinin, Quno, Bize, Əmirov, Hacıbəyov kimi ustadların operalarının canlı ifasının gözəlliyini heç də hər kəs anlamır. Amma məktəb yerindədir və öz saatını gözləyir.
MƏSLƏHƏT GÖR: