24 Noyabr 2024

Bazar, 02:24

OYNAYARAQ BÖYÜMƏK

Azərbaycanın uşaq bağçalarında uşaqlara niyə bioloji varlıq kimi yanaşılmır?

Müəllif:

03.02.2015

"Yaxşı uşaq bağçası odur ki, yağış çiləyən zaman uşaqlardan küçədə gəzmək üçün özlərilə plaş və çəkmə gətirmələri istənilsin". Bu, məşhur ukraynalı uşaq həkimi, "Həkim Komarovski məktəbi" televiziya verilişinin aparıcısı Yevgeni Komarovskidən sitatdır. Əslində, bu fikirdə kifayət qədər dərin məna var.

Həkim Komarovskinin əksər məsləhətləri sağlam düşüncəli ana və ataların əksəriyyəti tərəfindən təcrübədə sınaqdan keçirilib. Şişirtməyə yol vermədən demək olar ki, bu gün Komarovski övladını vahiməsiz, isteriyasız böyütməyə üstünlük verən hər bir valideynin ailəsində "yaşayır". 

Beləliklə, uşaq bağçalarından danışacağıq. "Sağlam düşüncə" dedikdə, biz uşaqlarımızı yalnız fiziki deyil, həm də psixoloji baxımdan sağlam görmək istəyirik. Hər şey isə məlum olduğu kimi, bələkdən başlayır və bunun ardınca bağça gəlir. Bəs, bu mövzuya yenidən müraciət etməmizin məqsədi nədir? Övladlarımız böyüyür, bu prosesin hər mərhələsində müvafiq qənaətlərə gəlirik. Artıq bir fikri açıq şəkildə söyləməyin vaxtıdır: müasir valideynlər özəl uşaq bağçalarında infrastrukturun inkişafı nəticəsində cəmiyyətdə yaranan mənfi tendensiyalara göz yummamalıdırlar. Üstəlik, dövlətə məxsus uşaq bağçalarında da heç də hər şey qaydasında deyil.

 

Plaş və çəkmə məsələsi

Artıq vaxtı çatıb! Çünki müasir valideynlərin, bəlkə də, yalnız onundan biri bağçada övladına cizgi filminin nümayiş etdirilməsinə mənfi yanaşar. Çoxları düşünmədən deyəcək: burada pis nə var ki? Əksini düşünənlər isə tərbiyəçilərin gözündə demaqoqdan başqa bir şey deyillər. Tərbiyəçinin əməllərini tənqid edən valideyn ən pis halda övladına qarşı mənfi münasibətlə belə, qarşılaşa bilir və bu üzdən də əksəriyyət susmağa üstünlük verir. Əks təqdirdə - istəmirsənsə, uşağını başqa bağçaya ver. Bu isə indiki dövrdə açıq desək, asan məsələ deyil. Çətinliklərin nədən ibarət olduğunu keçən nömrələrimizdəki məqalələrdə sadalamışıq.

Beləliklə, tərbiyəçilər utanmadan yarım saat, bəzən isə 1 saat dinc oturmaq üçün uşaqlara cizgi filmləri nümayiş etdirirlər.

 

Uşaq oynayaraq böyüyür

Əslində isə uşaq bağçalarının əməkdaşları körpələrin cizgi filminə baxmaları ilə itirilən dəyərli vaxtlarını onlara nələrisə öyrətməklə keçirməlidirlər. Bu da yoxdursa, uşaqların sadəcə özləri üçün oynamalarına şərait yaradılmalıdır. Yeri gəlmişkən, sonuncu məqam uşaqların inkişafında az qala ən vacib amildir. Məsələ ondadır ki, bir sıra özəl bağçaların pedaqogikadan anlayışı olmayan rəhbərlərinin fikrincə, uşaq bağçasında televizorun olması onun elitarlığının göstəricisidir. Bu, tamamilə yanlış düşüncədir. Qəribədir ki, əksər valideynlər də övladlarının uzun-uzadı televizor qarşısında əyləşərək cizgi filmi izləməsinin müsbət hal olmadığını anlamırlar. Halbuki beynəlxalq elmi nəşrlərdə dərc olunan onlarla araşdırmada bir məqam konkret olaraq göstərilir: yaşından asılı olmayaraq, uşaq televizora nə qədər az baxarsa, o qədər sağlam olar. Televizora, cizgi filminə baxmaq sanki uşaqlar üçün narkotikə çevrilir. Uşaq körpə yaşlarından televizora çox baxarsa, böyüdükdən sonra da bu vərdişindən əl çəkə bilməz. 

 

Televizor dayə deyil

İdealda 2 yaşadək uşaqlar, ümumiyyətlə, televizora baxmamalıdırlar. Bir qədər böyük - 3 yaşadək olanlar gündə maksimum 20-30 dəqiqə televizor qarşısında ola bilərlər. Körpə yalnız 2,5-3 yaşında olarkən çox qısa, sadə əhvalatın gedişini izləmək bacarığına yiyələnir. Tərbiyəçilər televizorun heç bir halda dayə rolunu oynamalı olmadığını anlamalıdırlar.

Məsələn, Fransada hətta uşaq kanallarının yayımı belə, qadağandır. Çünki onlar uşaqların inkişafına kömək etmir. Körpə televizora baxdığı zaman fiziki passivlik yaşayır. Bu halda uşaqlar zehinlərini, çevikliyini, nitqini, ünsiyyətcilliyini inkişaf etdirəcək əməllərdən məhrum olurlar. Çünki uşaq yalnız fəal, hərəkətdə olduqda inkişaf edir. Hətta sonradan körpənin gördüklərilə bağlı müzakirələr aparılarsa belə, bəzi səhnələr uşaq psixikasını zədələyə bilər. Məsələ ondadır ki, uşaq 6-7 yaşadək gördüklərinin doğru, əsl olmadığını anlamaq, virtualı realdan ayırmaq iqtidarında deyil. Bu üzdən də, körpələrdə gecələr qarabasmalar, yuxudan oyanmalar, qorxulu yuxu görmə ola bilər...

Televizorla keçirilən vaxt həddindən artıq çox olarsa, bu, körpənin nitqinə də təsirini göstərir: uşaq, orta hesabla, gündə 13 min söz eşidir. O və ətrafı vaxtının çoxunu televizora baxmaqla keçirirsə, bu halda uşaqla az söhbət olunur. Nəticədə, danışmaq zövqündən məhrum edilir və gün ərzində eşitməli olduğu sözlərin cəmi üçdə birini eşidir. Bu halda körpənin özü də az danışır və nəticədə, söz ehtiyatı 30% az olur.

Televizor həvəskarı olan uşaqlarda təxəyyül və kreativlik də az olur. Ekrandakı mənzərələr ona hər şeyi verir, uşaq darıxmır, yəni o, öz beynində öz dünyasını qurmur, başını qatmaq üçün oyunlar düşünmür və s... Yeri gəlmişkən, hazırda dövlətə məxsus uşaq bağçalarında da səhər və axşam saatlarında uşaqlara cizgi filmi nümayiş olunur. Üstəlik, həmin filmlərin məzmunu heç də körpələrin valideynlərilə razılaşdırılmır. Uşaqlarla məşğul olmağa maksimum 1 saat vaxt ayrılır. Bu, bəlkə də, yaxşıdır. Pis olan başqa şeydir. 

 

Absurd teatrı

Məsələnin digər tərəfi də var - absurd teatrı. Özəl hazırlıq bağçalarında uşaqlara, demək olar ki, hər saat nəsə öyrədilir. Körpələr yalnız qidalanma və yuxu zamanı məşğələdən ayrılırlar. Bunu bizə bənzər "elitar" uşaq bağçalarından birinin tərbiyəçisi danışıb. Onun sözlərinə görə, uşaqlar, demək olar ki, bütün gün ərzində parta arxasında əyləşir, elə orada da yuxuya gedirlər. Bu halda hansı material mənimsənilməsindən danışmaq olar? Direktor tamamilə yanlış olaraq düşünür ki, onun bağçasında yalnız dərs keçilməsi də oranın "elitar"lığının göstəricisidir. Maraqlıdır ki, belə bağçaların tərbiyəçiləri iş yerlərini itirəcəklərindən qorxduqları üçün öz fikirlərini direktora çatdıra bilmirlər. Bundan başqa, tərbiyəçilər hətta bəzən onlara qarşı hörmətsizlik edən, təhqirlər səsləndirən uşaqlara irad bildirmək haqqına belə, malik deyillər. Bu, ya uşaqların ailədə düzgün tərbiyə olunmamasının, böyüyə hörmətin olmamasının nəticəsidir, ya da dərslə həddindən artıq yüklənmənin yaratdığı aqressivlik ... Direktorlar uşaqların nüfuzlu valideynlərilə qalmaqal yaşayacağından, nəticədə, uşağın bağçadan çıxarılacağından və müvafiq olaraq qazancını itirəcəyindən ehtiyatlanır. Amma uşaq bağçada mənfi əməllərinə görə balanslı müqavimətlə qarşılaşmırsa, o, hansı tərbiyəni ala bilər?

Beləliklə, uşaq bağçasında cəmiyyətin kiçik modeli yaradılır - imkanlı adamlara hər şeyə icazə var. Yeri gəlmişkən, 5 yaşına çatmış uşaq intuitiv olaraq ailəsinin hansı sosial təbəqəyə məxsus olduğunu dərk edir. O, pul haqqında, valideynlərinin hansı resurslara malik olmaları haqqında, demək olar ki, hər şeyi bilir, bununla çox əla manipulyasiya edir. Amma bu, məsələnin bir tərəfidir.

Məsələnin digər tərəfi fasiləsiz məşğələdir. Bəzi valideynlər üçün uşaqlarının gün ərzində nə ilə məşğul olduğu, onlara cizgi filminin nümayiş etdirilib-etdirilmədiyi o qədər də maraqlı deyilsə, müxtəlif məlumat kitabçalarından, internetdən erkən inkişaf haqda oxuyan digər valideynlər səhv olaraq, uşaqlara bütün gün ərzində dərs keçilməsinin vacibliyini düşünürlər. Sonuncular dünyaya gəlmiş körpələrinə heç də hər zaman bioloji obyekt kimi yanaşmırlar. Bəzən düşünürlər ki, uşaq sanki istifadə təlimatı olan tozsoranabənzər bir şeydir. 

Bizim uşaq bağçalarımızda və məktəblərimizdə tətbiq olunan pedaqogikadakı yanlışlığın əsasını məhz uşağın bioloji varlıq olduğunun qəbul edilməməsidir. Hər iki halda dəbdə olan tendensiyalar kor-koranə təkrarlanır. Yəni "qazanda nə bişdiyini bilmədən, "mənə də çək" misalı kimi. Bununla bağlı, ixtisasca bioloq olan Katerina Muraşova maraqlı məqalə yazıb. "Bütün balaca canlılar kimi, uşaqlar da yalnız oynamaq deyil, həm də dırmaşmaq, tullanmaq, qaçmaq, qışqırmaq, iməkləmək, asılmaq, əlinə keçən hər şeyi yığaraq "ehtiyat toplamaq" istəyirlər. Bundan başqa, onlar bütün digər uşaqlarla rəqabət aparmağa çalışırlar, bunun onlarda necə alındığını, lazımi şeyləri kifayət qədər öyrənib-öyrənmədiklərini yoxlamağa cəhd edirlər. Bəzən də elə olur ki, onlar ya heç nə eləmək istəmir, ya da öz bildiklərini etmək istəyirlər - bu, sintez dövrüdür. Dünyanın əyani-aktiv dərk edilməsi - bu, bir mərhələdir. Bu, olmalıdır. Əgər bunu kitab oxumaq, rəsm çəkmək, konstruktor toplamaq, planşetdə oyun, cizgi filminə baxmaq və s. ilə əvəzləsək, sonra bu biologiya onunla yaxşı davranmayanlardan qisasını alacaq. Yeri gəlmişkən, qisas çox vaxt öz bədənilə qəribə və qeyri-sağlam davranışda əks olunur", - deyə Muraşova yazır. 

Psixoloq Arzu Quliyevanın fikrincə, bu gün ölkənin uşaq bağçalarında baş verənlər məktəbəqədər təhsil sahəsində uşaq psixologiyasının elementar əsaslarını bilməyən təsadüfi adamların yer alması ilə bağlıdır. "Açıq desək, Azərbaycanda uşaq tərbiyəçisi peşəsi də bir o qədər populyar peşə deyil. Və ali məktəblərdə bu ixtisası zorla bitirənlərin əksəriyyəti başqa ixtisaslar üçün lazımi bal toplaya bilməyənlərdir", - deyə mütəxəssis bildirir. Onun sözlərinə görə, özəl bağçalarda da, əsasən, qeyri-peşəkarlar yer alır. Çünki bu gün müəyyən kapitala malik istənilən şəxs bağça açmaq hüququna malikdir: "Bunun üçün hazırda dəbdə olan erkən inkişaf klişesindən istifadə, müəyyən reklam kampaniyası və bəzən sadəcə tanışlar arasında kadrlar toplamaq kifayətdir. Bəs, bu insanların uşaqlarla işləməyin yolları haqda təsəvvürləri varmı? Buna ikinci dərəcəli məsələ kimi yanaşılır".

A.Quliyeva deyir ki, hazırda istər dövlət, istərsə də özəl uşaq bağçalarının əksəriyyətində psixoloqlar yoxdur. Halbuki istənilən məktəbəqədər təhsil müəssisəsində və məktəbdə bu ştat olmalıdır. Ciddi nəzarətin olmaması nəticəsində isə biz bəzi valideynlərin, özəl bağça direktorlarının, müəyyən istisnalar olmaqla, tərbiyəçilərin savadsızlığından ibarət "zəncir"ə düşürük.

"Uşaq bağçasında təmizlik, yaxşı qidalanma, oyuncaqlar, öz işinin mütəxəssisi olan mehriban, bilikli tərbiyəçilər, ətraf aləmlə nümunələr əsasında tanış olmaq imkanı olmalıdır. Bu, sanki, elementar məsələ olsa da, deyəsən, çox çətindir", - deyə Quliyeva qeyd edib. Mütəxəssisin dediyinə görə, əksər tərbiyəçilərdə, məktəb direktorlarında və valideynlərdə öyrənmək istəyi belə, yoxdur. Halbuki indi internetə daxil olmaqla körpənin harmonik böyüməsinin yollarını öyrənmək üçün lazım olan bütün materialları əldə etmək mümkündür.

Necə deyərlər, "parlayan hər şey qızıl deyil", yaxud yüksək təmirə, televizora malik özəl uşaq bağçalarının heç də hamısı yaxşı bağça sayıla bilməz. Bu mənada Komarovski 100% haqlıdır.

 

 

FRANSADA TƏRBİYƏÇİ OLMAQ

Pamela Drukermanın "Fransız uşaqları yeməyi tüpürmürlər" kitabından parça

"…ABC Ruericulture - körpələr evləri üçün tərbiyəçilərin hazırlandığı məkanlardan biridir. Növbədə yüzlərlə həyəcanlı qadın (və bir neçə kişi) var və onların yaşları 20 civarındadır; namizədlər qorxa-qorxa bir-birlərinə nəzər yetirir, yaxud qalın dəftərlərdə qeyd olunanları oxuyurlar. Onların nədən bu qədər gərgin olduqları aydındır: 500-dən artıq namizədin arasında oxumağa yalnız 30-u qəbul ediləcək. Namizədlər məntiqi düşüncə, mətnin qavranılması bacarığı, riyaziyyat və insan biologiyasından imtahan verəcəklər. İkinci mərhələyə adlayacaq şəxsləri psixologiya imtahanı, özü haqda şifahi məlumat vermək, ekspertlər kollegiyası ilə söhbət gözləyir. Məhz bu mərhələlərdən sonra ən yaxşı 30 nəfər il ərzində dövlət proqramı ilə müəyyənləşmiş təcrübə keçəcək. Tələbələr gigiyenanın əsasları, uşağın yuxusu və qidalanması haqda biliklər alacaq, süni qidalanma üçün qarışığın hazırlanmasını, uşaq əskisinin dəyişdirilməsini öyrənəcəklər. Sonra onlar bütün karyeraları boyunca həftəlik treninqlər, ixtisasartırma kursları keçəcəklər".

 

TƏRBİYƏÇİLƏRİN OXUMALI OLDUQLARI KİTABLAR

İrina Mlodik. "İdeal olmayan valideyn üçün kitab və ya sərbəst mövzu".

Maşa Traub. "Ehtiyatlı olun, uşaqlar!"


MƏSLƏHƏT GÖR:

670