24 Noyabr 2024

Bazar, 20:31

DÜZ YOL GEDƏN YORULMAZ

Regional nəqliyyat qovşağına çevrilməklə Azərbaycan neftin ucuzlaşdığı dövrdə bir çox məsrəflərdən artıq sığortalanıb

Müəllif:

03.02.2015

Təxminən, 15 il əvvəl Azərbaycanda genişplanlı nəqliyyat infrastrukturunun formalaşdırılması istiqamətində miqyaslı layihələrin icrasına start verildi. Ciddi xərclər tələb edən bu layihələrin həyata keçirilməsi üçün böyük həcmdə büdcə vəsaitinə və xarici borclanmalara ehtiyac var idi. Lakin vaxtında reallaşdırılan nəqliyyat strategiyası sahibkarlıq fəaliyyəti üçün aşkar üstünlüklər yaratmaqla və əyalətlərin inkişafına səbəb olmaqla, Azərbaycanı Xəzər regionunun əsas nəqliyyat xabına çevirdi.

Son zamanlar hər il bütünlükdə dövlət sərmayə qoyuluşunun üçdə biri nəqliyyat sektorunun inkişafına yönəldilib. Bu sahəyə yatırılmış kapitalın həcmi 20 milyard dolları aşıb. 

"Regional dəniz və quru marşrutlarının kəsişməsində yerləşən Azərbaycan öz coğrafi mövqeyinin üstünlüklərindən istifadə etməklə şaxələnmiş nəqliyyat infrastrukturunun formalaşdırılmasına milyardlarla dollar cəlb edib", - deyə nəqliyyat naziri Ziya Məmmədov Bakıda avtomobil yolu infrastrukturunun inkişafına həsr olunmuş beynəlxalq konfransda bildirib: "Yalnız son 10 ildə ölkə iqtisadiyyatına qoyulmuş investisiyaların 21%-i bu sektorun payına düşür. Onun ÜDM-dəki payı isə 5,1%-ə çatıb. Hesabat dövründə orta illik yük daşımalarının həcmində artım 5,7% təşkil edib, sərnişindaşıma 3,7%, tranzit 3,4% artıb".

Ölkənin nəqliyyat infrastrukturunun inkişafı istiqamətində görülmüş işlərin miqyasını bu dövrdə həyata keçirilmiş iri layihələr də təsdiqləyir. Şübhəsiz ki, burada ən nəhəng beynəlxalq layihələri də yada salmaq lazımdır. Söhbət neft və qaz ixrac boru kəmərlərinin tikintisində, Bakı-Tiflis-Qars dəmir yolunun maliyyələşdirilməsindən, həmçinin Bakı - Böyük-Kəsik dəmir yolu xəttinin 317 kilometrlik hissəsinin müasirləşdirilməsindən, dəmir yolu nəqliyyatının alınmasından gedir. Bu məqsədlə ötən ilin sonlarında Gəncədə sərnişin vaqonlarının istehsalı ilə məşğul olacaq zavodun təməli qoyulub. Bununla yanaşı, ötən il Azərbaycanda Heydər Əliyev Beynəlxalq Hava Limanının yeni aerovağzal kompleksi istismara verilib, ondan əvvəlki illərdə isə respublikanın vacib inzibati mərkəzlərində 6 müasir aeroport işə düşüb. Ötən il həm də regionun ən nəhəng liman terminalının istifadəyə verilməsilə yadda qalıb. O, tikilməkdə olan "Yeni Bakı" Beynəlxalq Dəniz Limanında yerləşir. Son bir neçə ildə ölkədə yeni gəmiqayırma zavodu, Zığda gəmi təmiri müəssisəsi istifadəyə verilib, bərələr və tankerlər, yük və yük-sərnişin gəmiləri alınıb.

Son illərin təcrübəsi göstərir ki, nəqliyyat infrastrukturuna çoxmilyardlı investisiyalar qoyulmasaydı, ölkə iqtisadiyyatı qeyri-neft sektorunun inkişafında nailiyyət qazana, regionların inkişafına, sosial sahənin müasirləşdirilməsinə nail ola bilməzdi. 

"Vaxtında real sektora, infrastruktura investisiya qoymayan ölkələr bu gün peşman olurlar", - deyə Azərbaycan Prezidenti İlham Əliyev regionların 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramının icrasının birinci ilinin yekunlarına həsr olunan konfransdakı çıxışında bildirib: "Onlar bu işə indi başlayırlar, amma artıq gecdir. İndi neftin qiyməti düşəndən sonra böyük investisiya qoymaq o qədər də asan məsələ deyil".

Bazar islahatlarının başladığı ilk andan Azərbaycan ardıcıl olaraq və əsasən öz gücü hesabına nəqliyyat infrastrukturunun inkişafı strategiyasını həyata keçirib. Sonrakı hadisələr göstərib ki, bu, yeganə düzgün yol imiş. Çünki yalnız xarici investorların cəlbinə, yaxud maraqlı tərəflərin bu işdə könüllü şəkildə iştirakına bel bağlamaq heç də hər zaman özünü doğrultmur. "Əgər təşəbbüs göstərməsəydik, real təklifi, maliyyə resurslarını ortaya qoymasaydıq, Bakı-Tiflis-Qars və ya TANAP və Cənub Qaz Dəhlizi kimi vacib layihələr kağız üzərində qalacaqdı", - deyə İlham Əliyev qeyd edib. Regional aeroportların tikintisini də nümunə göstərən dövlət başçısı xatırladıb ki, bu işlərə başlanılan zaman bəzi ekspertlər belə layihələrə vəsait xərclənməsinə ehtiyacın olmadığını iddia edirdilər: "Amma, görün, indi nə qədər insan cənub, şimal-qərb bölgələrindən müxtəlif ölkələrə rahat gedir, daha Bakıya gəlməyə ehtiyac yoxdur".

Qeyd etmək lazımdır ki, nəqliyyat şəbəkəsinin inkişafında ən ciddi uğur məhz avtomobil yollarının inşası sahəsində əldə olunub. Son onillikdə ölkədə avtomobil yolları infrastrukturunun inkişafına 10 milyard dollar xərclənib. Yalnız son 5-6 ildə birinci kateqoriyaya aid 1500 kilometr uzunluğunda avtomagistral istifadəyə verilib. Azərbaycanda müasirləşdirilmiş, TRASECA və Şimal-Cənub beynəlxalq layihələrinə qoşulmuş avtomobil dəhlizlərinin ümumi uzunluğu isə 1915 kilometrə çatır. Bir neçə il əvvəl 208 kilometrlik Bakı-Samur magistralında işlər tamamilə başa çatdırılıb. Bakıdan Gürcüstanla sərhədədək olan 508 kilometrlik avtomagistralda isə miqyaslı işlər yekunlaşmaq üzrədir. Yaxın 2 ildə uzunluğu 300 kilometrdən bir qədər artıq olan avtobanlar da dünya standartları səviyyəsinə gətirilməlidir. Söhbət, xüsusilə ölkənin cənubundakı magistrallardan gedir.

Nəqliyyat naziri Ziya Məmmədovun sözlərinə görə, yalnız 2014-cü ildə Azərbaycanın nəqliyyat infrastrukturuna 2,5 milyard dollar sərmayə qoyulub. Bunun 1,9 milyardı avtomobil yollarında görülən işlərə yönəldilib. Ümumilikdə isə son onillikdə Azərbaycanda, təxminən, 11 min kilometr avtomobil yolu və 300 körpü tikilib və ya yenidən qurulub. Nazirin sözlərinə görə, Böyük Bakının yol infrastrukturunun inkişafına da ciddi vəsait xərclənib. Məsələn, paytaxtda 100 kilometrlik yeni magistrallar çəkilib, 70 körpü, 84 yeraltı və yerüstü piyada keçidi inşa olunub.

Maraqlıdır ki, son 3-4 ildə büdcədən maliyyənin ayrılması zamanı qəsəbələrarası avtomobil yollarının tikintisi və yenidən qurulması prioritet təşkil edib. Bu gün Nəqliyyat Nazirliyi əsas diqqəti 14,3 min kilometrlik yerli, 2,7 min kilometrlik respublika əhəmiyyətli yolların yenidən qurulmasına yönəldib. 

Güman ki, beynəlxalq əhəmiyyətli magistral yolların tikintisi 2017-ci ildə başa çatdırıldıqdan sonra belə, regionlarda yerli əhəmiyyətli avtomobil yollarının maliyyələşdirilməsi hələ uzun illər yol inşasının əsas istiqaməti olaraq qalacaq.

Şübhəsiz ki, dünyada neftin ucuzlaşması və neft ixracından gələn gəlirlərin azalması nəqliyyat infrastrukturunun inkişafı tempinə də öz təsirini göstərə bilər. "Etiraf etmək lazımdır ki, dünyada neftin qiymətinin ucuzlaşması xüsusilə sürət qatarları və tramvaylar üçün infrastrukturun yaradılması kimi bir sıra bahalı layihələrin reallaşdırılmasını ləngidə bilər", - deyə nəqliyyat naziri Z. Məmmədov bildirib: "Lakin qlobal iqtisadi vəziyyət sabitləşdikdə ölkəmizdə bu perspektivli layihələrin reallaşdırılması üçün real şərait yaranacaq".

İstənilən halda, bu gün əsas üstünlük ondan ibarətdir ki, Azərbaycan hökumətinin vaxtında ortaya qoyduğu səylər yol tikintisi sahəsində miqyaslı və bahalı işlərin əksəriyyətinin qlobal iqtisadi böhranın növbəti mərhələsinədək reallaşdırılmasına imkan verib. Hazırda "Azəryolservis" ASC-nin sədri Cavid Qurbanovun dediyi kimi, Azərbaycanda yol infrastrukturunun tikintisi və yenidən qurulması prosesi keyfiyyətcə yeni inkişaf səviyyəsinə qədəm qoyur. Bu, müasir texnologiyaların, innovasiyaların tətbiqidir - keyfiyyət xarakteristikalarının optimallaşdırılması, yol kommunikasiyalarının uzunömürlülüyünün təminatı.

 

 

SİTAT

"Vaxtında real sektora, infrastruktura investisiya qoymayan ölkələr bu gün peşman olurlar. Onlar bu işə indi başlayırlar, amma artıq gecdir. İndi neftin qiyməti düşəndən sonra böyük investisiya qoymaq o qədər də asan məsələ deyil".

İlham ƏLİYEV, Azərbaycan Prezidenti



MƏSLƏHƏT GÖR:

656