13 Mart 2025

Cümə axşamı, 13:06

YENİ NƏFƏS VERMƏK

Azərbaycanda sığortanın inkişaf templəri asta şəkildə irəliləyir, lakin bir sıra tədbirlərin həyata keçirilməsi bu prosesi olduqca sürətləndirə bilər

Müəllif:

03.02.2015

Müasir həyatın qızğın ritmi, yol-nəqliyyat hadisələrinin artımına səbəb olan avtomobillərin sayının artması, sağlamlıq problemləri ilə bağlı stressli vəziyyətlərin çoxalması sığortalanma məsələlərini aktuallaşdırır. Dünyanın inkişaf etmiş ölkələrinin əksəriyyətində vətəndaşlar, demək olar ki, hər şeyi - ev və maşından başlayaraq, bədənin ayrı-ayrı hissələrinə qədər sığortalayırlar. Şirkətlərlə bağlı bu siyahı isə daha böyükdür. Azərbaycanda istehsal səviyyəsində sığorta kifayət qədər tətbiq olunur, amma məişət səviyyəsində - hələ də inkişafın böyük potensialı mövcuddur. Digər tərəfdən sığorta makro və mikro səviyyədə müşahidə edə biləcəyimiz proseslərin inikası, ölkə iqtisadiyyatının özünəməxsus güzgüsüdür. Buna görə də sığortaçıların fəaliyyətinin nəticəsi də iqtisadiyyatın cari vəziyyətinin göstəricisidir.

 

Bazar

Azərbaycan Sığortaçılar Assosiasiyasının məlumatına görə, 2014-cü ildə Azərbaycanda sığortahaqqı 5,8% artıb və 429,2 mln. manat toplanılıb. "Əlbəttə, bu bizim ilkin gözləntilərimizdən bir qədər azdır. Belə ki, ötən ilin əvvəlində biz 2014-cü ildə bazarda 15-20% səviyyəsində artım proqnozlaşdırırdıq. Lakin müəyyən proseslər, öncə bank sektorunda sığortahaqlarına mənfi təsir göstərib. Lakin, ümumilikdə, bazarın 6% artması - bu bizim ilin bütün ikinci yarısında istiqamət götürdüyümüz göstərici idi", - deyə assosiasiyanın rəhbəri Orxan Bayramov bildirib.

2014-cü ildə sığorta bazarının daha təmkinli artımının əsas "müqəssiri" bank sektoru olub. Ötən ilin yanvar ayında Azərbaycan Mərkəzi Bankı istehsal kreditləşməsi, habelə avtomobil krediti şərtlərinin sərtləşdirilməsi haqda qanun qəbul etdi. Nəticədə, 2014-cü ildə avtomobil kreditləşməsi 31% azaldı və sığorta sektoruna zərər vurdu. Əsasən, avtomobillərin "kasko" sığortası üzrə sığortaçıların sığortahaqqı 2014-cü ildə 37,8 mln. manata qədər - 33,5% azalıb.

Qeyd etmək lazımdır ki, ötən il həyat sığortası ilə bağlı olmayan sığortanın bütün növləri üçün heç də uğurlu olmayıb - 2013-cü illə müqayisədə sığortahaqlarının həcmi 324,2 mln. manata qədər 3,8% azalıb. Düzdür, sığortanın bu növləri hələlik bazarda dominantlığını qoruyur və sığortaçıların bütün sığortahaqlarının 75%-dən çox hissəsini formalaşdırır. Lakin sığortaçılar həyat sığortası ilə bağlı olmayan sığorta üzrə haqların böyük hissəsini könüllü tibbi sığorta və avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortasından (AVSMMİS) toplayıblar. Tibbi sığorta üzrə haqlar 2014-cü ildə 9% artaraq 71, 3 mln. manat və AVSMMİS üzrə isə 1,6% artaraq 70.3 mln. manat təşkil edib. 2014-cü ildə sığorta bazarının xilaskarı həyat sığortası oldu. Bazarın bu seqmenti sığortaçılar üçün olduqca uğurlu keçdi. Hərçənd bu sahədə cəmi üç şirkət çalışır. Həyat sığortası üzrə əməkdaşların haqları 105 mln. manat təşkil edib və hesabat dövründə 52,7% artıb. Son il müşahidə edilən həyat sığortasının sürətli inkişafı nəticəsində sığortanın bu növü üzrə yığımlar 2012-ci ildən, demək olar ki, üç dəfə artıb. 

Ödənişlərə gəldikdə isə 2014-cü ildə onların həcmi 157,1 mln. manat təşkil edib və 2013-cü illə müqayisədə 28% artıb, yəni ödənişlərin artım templəri, haqların artımından daha yüksək olub. 2013-cü ilin nəticələrində də eyni vəziyyət müşahidə edilmişdi. Həmin vaxt sığorta ödənişləri 30,8% olduğu haqda, sığortahaqları 18,4% artmışdı. O.Bayramovun qiymətləndirmələrinə görə, 2015-2017-ci illərdə bu cür tendensiya qorunub saxlanılacaq. "2014-cü ilin nəticələrinə əsasən, sığorta bazarında toplanmış 100 manat sığortahaqqı müqabilində 36,6 manat ödəniş həyata keçirilib. 2013-cü ildə bu göstərici 30,3 manat təşkil edib. Hesab edirəm ki, yaxın üç ildə sığorta ödənişlərinin artım tempi, sığortahaqlarından daha yüksək olacaq. Nəticədə, ödənişlərin haqlara olan nisbəti 50% göstəricisini üstələyəcək", - deyə o, qeyd edib.

 

Sığortaçılar

2014-cü ilin nəticələrinə görə, 5 sığorta şirkəti tərəfindən sığortahaqlarının 48,6%-i - 208, 8 mln. manat toplanıb. Ümumilikdə, sığorta bazarının top-10-na daxil olan şirkətlər, 2014-cü ildə sığortahaqlarının 324,9 mln. manat və ya sığortaçıların bütün sığortahaqlarının 75,7%-ni toplayıblar. Bununla bərabər, onların arasında mövqelərini həyat sığortası möhkəmləndirib ki, bu da təəccüblü deyil. Belə ki, bazarın məhz bu seqmenti ötən il artımın yüksək tempini nümayiş etdirib. 

2013-cü ilin nəticələrinə görə, top 5-likdə ancaq bir, top 10-da iki həyat sığortaçısı təqdim olunmuşdursa, 2014-cü ildə top 5-yə 3 həyat sığortaçısından 2-si daxil olmuşdu. Bu seqmentin üçüncü şirkəti isə yeddinci mövqeyə əsaslanırdı. Çox güman ki, bu üç şirkət sığorta bazarının olimpinə gedən yola davam edəcəklər, çünki ekspertlərin qiymətləndirmələrinə görə, Azərbaycanda həyat sığortası yaxın bir neçə il ərzində sığortanın digər növləri ilə müqayisədə daha sürətli templərlə artacaq. 2014-cü ildə bazarda fəaliyyət göstərən 28 sığorta şirkətindən 2013-cü illə müqayisədə sığortahaqlarını 11 sığortaçı artırıb, 17 şirkət isə azaldıb. Odur ki, sığortaçıların böyük əksəriyyəti ötən il son dərəcə çətin olub. 

2014-cü ildə sığorta bazarı iştirakçılarından birini itirdi - "Royal Sigorta"da Maliyyə Nazirliyinin minimum kapitala qoyulan tələbini yerinə yetirmək alınmadı və getməli oldu. Bu aqibəti lisenziya fəaliyyəti eyni səbəbdən dayandırılan "Era Trans Sigorta" şirkəti də bölüşə bilər. Lakin bazarda şirkətlərin sayının azalması dövlət orqanlarının prioritetlərində deyil. "Hesab etmirəm ki, Azərbaycanda sığortaçıların sayının azaldılmasına zərurət var. Bu gün sığorta ilə əhatə olunmayan çox sayda daşınar və daşınmaz əmlak var. Əsasən, bu, könüllü sığortaya şamil olunur. Buna əsasən bazarda 27 sığorta şirkətinin olması - hətta deyərdim azdır", - deyə Maliyyə Nazirliyinin lisenziyalaşdırma, ərizə və şikayət şöbəsinin rəisi Mahir Abdullayev hesab edir.

Sığorta ödənişlərinə görə top 5-liyə daxil olan şirkətlərlə digərləri arasında məsafə daha çoxdur. 2014-cü ilin nəticələrinə görə, sığortaçıların beşliyinə bu sığorta ödənişlərinin 57,3%-i düşür. Ümumilikdə isə sığortahaqları üzrə top 10-luğa 128,4 mln. manat ödəniş və ya bütün ödənişlərin 81,7%-i düşüb.

 

Bazarın inkişafı

Yaxın üç ildə sığorta bazarı üçün özünəməxsus "yol xəritəsi" Maliyyə Nazirliyinin təsdiq etdiyi "2015-2017-ci illərdə Azərbaycan sığorta bazarının inkişafına dair tədbirlər planı" olacaq. "Bu plan sığorta bazarının inkişafına yönəlmiş tədbirlər kompleksinin keçirilməsini nəzərdə tutur. İstiqamətlərdən biri bazarda icbari sığortanın yeni növlərinin tətbiq olunmasıdır", - deyə M. Abdullayev bildirib. Bununla da, Maliyyə Nazirliyinin 2010-2011-ci illərdə keçirməyə başladığı sığortanın icbari növlərinin inkişafı kursu yaxın üç ildə davam edəcək.

2014-cü ilin nəticələrinə görə, Azərbaycanda icbarı sığorta növlərində yığımlar 144,5 mln. manat və ya bazarın 33,7%-ni təşkil edib. Bununla bərabər, 2014-cü il ərzində icbari sığorta növləri üzrə haqlar 7,3% artıb ki, bu da könüllü sığortahaqlarının artım tempindən bir qədər yüksəkdir (5.1%). 

Maliyyə Nazirliyinin planlarına əsasən, ortamüddətli perspektivdə bazarda peşə məsuliyyətinin icbari sığortasının yeni növləri yaranacaq. Bundan sonra, bazarın inkişafının əsas amili icbari tibbi sığortanın (İTS) tətbiqi olmalıdır. Hökumət İTS-in hansı modelinin seçildiyini, o cümlədən bu prosesin başlama müddəti və dəyəri haqda hələlik açıqlama verməyib. İstənilən halda İTS dövlət sektoru işçilərinin sığortalanması üçün dövlət büdcəsindən xeyli vəsait tələb edəcək. Gəlirlərin azalması ilə müşayiət edilən neftin qiymətinin düşməsi şəraitində, hökumət icbari tibbi sığortanın tətbiqinə tələsməyəcək. Sığortanın icbari növləri ilə bağlı planlaşdırılan digər bir yenilik isə 2018-ci ilə qədər "e-sığorta" xüsusi portalı vasitəsilə sığortanın icbari növləri üzrə sığorta polislərinin onlayn-satış sisteminin yaradılmasından ibarətdir. Miqyaslı dəyişikliklər avtomobillərin sığortalanması sahəsində gözlənilir. Belə ki, Maliyyə Nazirliyi və Sığortaçılar Assosiasiyası istər icbari, istərdə də könüllü qaydada avtomobillərin sığortalanması ilə tədbirlər kompleksinin keçirilməsini planlaşdırırlar. 2015-2017-ci illərdə avtomobillər və daşınmaz əmlaklar üzrə sığorta hadisələri zamanı dəyən zərərin məbləğinin hesablanması üçün standartların hazırlanması nəzərdə tutulur, həmçinin vətəndaşların AVSMMİS üzrə razılaşmadan yayınma hallarının qarşısını almaq üçün təkliflərin hazırlanması planlaşdırılır. 

Bundan başqa, Maliyyə Nazirliyi avtomobil qəzaları zamanı arayışların alınmasını sürətləndirmək üçün tədbirlərin keçirilməsini də nəzərdə tutur. Sirr deyil ki, bu gün bu proses son dərəcə uzun və enerji sərfi tələb edir. Arayışların alınması prosesinin sürətləndirilməsi üçün İcbari Sığorta Bürosunun informasiya sisteminin Daxili İşlər Nazirliyinin müvafiq informasiya sistemi ilə əlaqələndirilməsi gözlənilir. Bu da hakimiyyətin fikrincə, bütün zəruri sənədləri daha operativ və real zaman rejimində əldə etməyə imkan verəcək. Bundan savayı, Maliyyə Nazirliyi mütəmadi olaraq avtomobil sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta məbləğinin tədricən artırılması üçün qanunvericiliyə dəyişikliklərin edilməsi barədə təkliflər hazırlayacaq. Qüvvədə olan qanuna görə, AVSMMİS üzrə əmlaka dəyən ziyan zamanı sığortanın məbləği 5 min manat, bir fiziki şəxsin sağlamlığına dəyən zərər üzrə - 5 min manat, bir hadisə üzrə - 50 min manat təşkil edir. Bununla da, AVSMMİS üzrə sığortanın ödənilməsinin maksimal məbləği 55 min manat təşkil edə bilər. 

Maliyyə Nazirliyi kənd təsərrüfatını da unutmayıb, nəzərə alsaq ki, 2015-ci il Azərbaycanda "Kənd təsərrüfatı ili" elan edilib. İstisna deyil ki, cari ildə Maliyyə Nazirliyinin hazırladığı "Dövlət dəstəyi ilə aqrar sənaye kompleksinin sığortalanmasının stimullaşdırılması" haqqında qanun qəbul ediləcək. "Bu gün ASK-nın sığortası axsayan növ hesab olunur. Zərər həddindən artıq yüksək olduğundan, sığortaçılar bu sığorta növü üzrə müqavilələrin bağlanmasına çox da meyil göstərmirlər. Maliyyə Nazirliyi hazırda Nazirlər Kabinetinin ekspertizasına verilən müvafiq qanunla bağlı layihə hazırlayıb", - deyə M. Abdullayev bildirib.

Bu cür qanunun qəbul edilməsinin əsas məqsədi kənd təsərrüfatı məhsullarının istehsalçılarının mülkiyyət hüquqlarının müdafiəsidir. Bu qanunun maddələri hələlik sona qədər razılaşdırılmayıb, amma artıq məlumdur ki, Azərbaycan ASK sektorunda risklərin sığortalanma sistemi üçün Türkiyə modelindən istifadə etməyi planlaşdırır. Belə ki, sonuncu özünəməxsus sığorta hovuzu - TARSIM idarəedici şirkət yaradıb. Sığorta şirkətləri ASK üzrə bütün yığımları TARSIM-a ötürür və əvəzində komissiya ödənişləri alırlar. Sığorta hallarında isə kənd təsərrüfatı istehsalçılarına ödənişlər TARSIM-dan həyata keçirilir. Azərbaycanda ASK sektorunda risklərin sığortalanması könüllü olacaq.

Bazarın kəmiyyət istiqamətlərinə gəlincə isə yaxın üç ildə Maliyyə Nazirliyi sığortahaqlarının əhalinin adambaşına 50 manatadək artımına ümid edir. 2014-cü ilin nəticələrinə görə, Azərbaycanda əhalinin adambaşına düşən sığortahaqqı 41,5 manat təşkil edib. Sığortanın həyatımıza nüfuzetmə dərəcəsi ilbəil artacaq. Sözsüz ki, bu nüfuzetmənin templəri sürətli deyil, daha çox orta asta şəkildə reallaşacaq. Bir çoxları üçün Azərbaycanda sığortalanma - təkcə mümkün nəticələrdən qorunmaq deyil, həm də daha çox, havaya sovrulan pulların müəyyən "məcburiyyətidir". Sığortaçı və sığortanı tənzimləmə orqanı üçün bu stereotipi qırmaq təşəbbüsü dönüş nöqtəsi olmalıdır. Əlbəttə, yığımlar və ödənişlərin artımı - bazarı səciyyələndirən mühüm amildir. Sığortalanmanın müsbət təsiri geniş təbəqələrə çatdırılarsa, sığorta ödənişləri zamanı maneələr aradan qaldırılarsa və sığortaçıların rahatlığı üçün bu proses maksimum sürətləndirilərsə, sığorta bazarının artım templəri daha yüksək olacaq. Bu halda sığortaçı və sığorta olunan ünsiyyətə rahat girəcək.


MƏSLƏHƏT GÖR:

640