24 Noyabr 2024

Bazar, 20:02

"ÇİRKLİ PULLAR"a STOP

Azərbaycan terrorçuluğun maliyyələşdirilməsi və "çirkli pullar"ın yuyulmasına qarşı nəzarət sistemini təkmilləşdirəcək

Müəllif:

03.02.2015

2002-ci ildən "çirkli pullar"ın yuyulması ilə bağlı ümumavropa mübarizəsinin fəal üzvü olan Azərbaycan, bu dövr ərzində Avropa Şurası Ekspertlər Komitəsinin (MONEYVAL) olduqca təzadlı münasibəti ilə üzləşməli olub: gah təşkilatın irəli sürdüyü bütün prinsiplərə riayət olunmasında ölkənin əyani nailiyyətləri etiraf edilib, gah da bank sektoru ilə bağlı iradlar səsləndirilib. Lakin qeyd etmək lazımdır ki, Azərbaycanda istənilən obyektiv narazılıqlar hesaba alınaraq, dərhal da aradan qaldırılırdı. Komitənin sonuncu iclasında respublikaya qarşı əsassız qərar qəbul etmə cəhdinə də bu cür operativ reaksiya verilmişdi. Və nəticədə, bu addım ölkənin mövqeyini ən az 2020-ci ilə qədər möhkəmləndirdi. 

Qeyd etmək lazımdır ki, MONEYVAL-da milli sistemlərin - beşinci raund çərçivəsində komitə üzvlərinin qiymətləndirilməsi metodologiyasının müzakirəsinə başlanılıb. Lakin sonuncu iclas ötən ilin sonunda keçirilib. 

Növbəti qiymətləndirilmənin həyata keçirilməsi üçün 2014-cü ilin fevral ayında Azərbaycana MONEYVAL-ın xüsusi missiyası səfər edib. Sentyabrda isə Strasburqda hesabat layihəsinin ilkin ikitərəfli müzakirələri keçirilib. Müzakirələrin gedişində 2008-ci ildə əvvəlki qiymətləndirmə ilə müqayisədə əhəmiyyətli nailiyyətlər və tərəqqi qeyd edilib. 

Nəzərə almaq lazımdır ki, Azərbaycan 2003-cü ilin sonunda MONEYVAl-ın yeni tövsiyələrinə əsasən qiymətləndirməni keçən ilk ölkə olub. Onlar "40+9" ("çirkli pullar"ın yuyulmasına qarşı mübarizə üzrə 40 standart, terrorçuluğun maliyyələşdirilməsi üzrə isə 9 standart) prinsipi üzrə FATF-ın hər bir standartının uyğun ayrı-ayrı qiymətləndirmələrinin kompleksindən ibarətdir. Lakin standartların hər birini 180 yarımbənddən ibarət bir neçə abzas təşkil edir. Bütün bəndlər üzrə vahid qiymətlər verilmir və ölkə hər bəndə görə ayrı-ayrılıqda qiymət alır. Azərbaycan FATF standartlarına olduqca uyğun gəlir və ölkəyə verilən MONEYVAL qiyməti, hökumətlərarası ekspertiza qrupu çərçivəsində əldə ediləndən daha yüksək olub. 

MONEYVAL-ın əsas tələbi "Pulların yuyulması və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqda" qanunun qəbul edilməsi və maliyyə monitorinqi orqanının təsis edilməsi idi. Bütün bunların hamısını Azərbaycan yerinə yetirdi. Sonuncu görüşdə MONEYVAL katibliyi və bəzi ölkələrin nümayəndələri hesabata Azərbaycanda terrorçuluğun maliyyələşdirilməsi və cinayət yolu ilə əldə olunmuş "çirkli pullar"ın yuyulması sahəsində sistemin effektiv olmamasına dair siyasi xarakterli dəyişikliklər edilməsi, eləcə də ölkədə xüsusi monitorinqin bərpası təklifi ilə çıxış ediblər. Lakin Azərbaycanın nümayəndə heyətinin əsaslandırılmış dəlilləri və aydın mövqeyi sayəsində həmin təkliflər qəbul edilməyib. Azərbaycan artıq 2006-cı ildən respublikaya Komitə tərəfindən tətbiq edilən xüsusi monitorinq rejiminin nəzarəti altında olub. Bu prosedurların gedişində Azərbaycan komitənin plenar iclaslarında terrorçuluğun maliyyələşdirilməsi və "çirkli pullar"ın yuyulmasına qarşı mübarizə tədbirlərinə dair hesabatlar təqdim edib. Azərbaycan barəsində bu rejimin dayandırılması və adi qiymətləndirmə proseduruna 2009-cu ilin sonunda keçildi. Bu cür qərar "çirkli pullar"ın yuyulması və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə sahəsində qanunvericiliyin tətbiqi və yaradılması ilə əlaqədar ölkənin əldə etdiyi nailiyyətləri, habelə Mərkəzi Bank yanında maliyyə monitorinqi xidmətinin fəaliyyətinin başlaması ilə əlaqədar qəbul edilib. 

Monitorinq rejimindən çıxdıqdan sonra, Azərbaycan bu təşkilata ölkədə həyata keçirilmiş yeni təşəbbüslər haqda da hesabatlar tədqim etməyə başladı. "Bu gün terrorçuluğun maliyyələşdirilməsi və "çirkli pullar"ın yuyulmasına dair bir neçə məhkəmə qərarı varsa, bu, həmin faktların olduğunu göstərir", - deyə bunu "R+"a Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin (QKDK) sədri Rüfət Aslanlı bildirib. 

Onun sözlərinə görə, bu gün 20 min manatdan artıq müntəzəm əməliyyatın keçirilməsinə dair hesabat maliyyə kəşfiyyatı orqanının analiz aparmaq üçün kifayət qədər bazaya malik olduğu üçün təqdim edilir. Bundan başqa, xidməti məlumatların toplanması, cinayət yolu ilə əldə edilmiş pul vəsaitləri və əmlakın leqallaşdırılması, terrorçuluğun maliyyələşdirilməsində şübhəli bilinən hüquqi və fiziki şəxslərin registrasiyası məqsədilə mərkəzləşdirilmiş elektron-informasiya sistemini təşkil edilib. Qeyd edək ki, 2014-cü ilin yanvar-may aylarında xidmətə şübhəli və cari əməliyyatlar üzrə 164,5 min məlumat daxil olub. Halbuki 2013-cü ilin analoji dövründə 115,015 min məlumat qeydə alınıb. 

2018-ci ilə qədər strateji plana əsasən, maliyyə monitorinqi xidmətinin qarşısına dörd əsas məqsəd qoyulub. İlk növbədə, bu "çirkli pullar"ın yuyulması və terrorçuluğun maliyyələşdirilməsi mübarizəsinin risksəmtli sistemi çərçivəsində formalaşmasıdır. Əsasən, riskin milli qiymətləndirilməsi əsasında yeni çağırışlar müəyyənləşdirilməli, lombard və riyeltorlara nəzarət sistemi yaradılmalıdır. Həmçinin aparıcı dünya təcrübəsinə uyğun analoji potensialının yaradılması, Maliyyə Monitorinqi Xidmətində (MMX) menecmentliyin səmərəli sisteminin qurulması, bu "çirkli pullar"ın yuyulması və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizədə beynəlxalq inteqrasiyanın genişləndirilməsi məsələləri də qarşıda durur. Bundan başqa, ölkəyə daxil olan və xaricə çıxarılan valyuta vəsaitləri haqda Maliyyə Monitorinqi Xidmətinə məlumatın təqdim edilməsi qaydalarına əsasən, Azərbaycan Mərkəzi Bankı (AMB) ölkəyə gətirilən və çıxarılan valyutanın mənşəyi haqda ətraflı məlumat təqdim etməli olanların ölkələrinin siyahısını tərtib etməyə başlayıb. Bu günə MMX-nin təsdiq etdiyi siyahıda 17 ölkə var. 

Mərkəzi Bank, həmçinin Azərbaycanda xarici valyuta ilə əməliyyatların aparılması Qaydalarını da hazırlayıb. Onlara əsasən, bir əməliyyat günü ərzində, bank hesabı açılmadan əcnəbi valyutanın xarici köçürülmə məbləği sərbəst qaydada min dollardan 10 min dollara qədər artırılacaq. Xaricə birdəfəlik köçürmədən ötrü isə 50 min dollardan artıq məbləğ üçün bank hesabının açılması tələb olunacaq. Bu qaydalar rezident və qeyri-rezident fiziki şəxslərə şamil olunur. Söz gəlişi, R. Aslanlının fikrincə, 2020-ci ilə qədər baş tuta biləcək MONEYVAL milli sisteminin növbəti qiymətləndirilmə raunduna, Azərbaycan "çirkli pullar"ın yuyulmasına nəzarət sisteminin daha da təkmilləşdirilməsinə dair məlumat təqdim etməyə hazır olacaq.

 

 

BİZİM ARAYIŞ

Qeyd edək ki, MONEYVAL 1997-ci ildə Avropa Şurasının Nazirlər Komitəsi tərəfindən yaradılıb. Komitənin məqsədi üzv ölkələrin pulların yuyulması və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə aparması üçün effektiv vasitələrə malik olmasını və müvafiq sahədə mövcud olan beynəlxalq standartlara cavab verməsini təmin etməkdir. Hazırda MONEYVAL-ın Kipr, Monako, Lixtenşteyn və Rusiya da daxil olmaqla, 30 üzvü var. 


MƏSLƏHƏT GÖR:

575