Müəllif: Nurlanə QULİYEVA Bakı
Azərbaycanda neft hasilatının lap əvvəlindən beynəlxalq institutlar ölkəni neft gəlirlərindən asılılıq və onların dayandırılması zamanı iqtisadi iflası ilə qorxudardılar. Ötən illər ərzində sübut olunub ki, enerji daşıyıcılarının satışından əldə olunan gəlirlərin səmərəli istifadəsi, ölkə iqtisadiyyatının bütün sahələrini canlandıra və bununla da, neft gəlirlərinin azalması təqdirində, bufer yarada bilər. Məhz bu prinsip ölkə iqtisadiyyatının artan statistik göstəricilərinə görə mövcudluq hüququnu əminliklə sübut etmiş Azərbaycanın öz unikal iqtisadi modelinin əsasını təşkil edib.
Dünya iqtisadiyyatında yeni çağırışların ortaya çıxması və neftin qiymətinin kəskin azalması ilə, Azərbaycanın seçdiyi kursunun üstünlüklərini, belə desək, praktiki olaraq, təsdiqləmək üçün imkanı yaranır. Və Prezident İlham Əliyevin regionların 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramının icrasının birinci ilinin yekunlarına həsr olunan konfransda proqram çıxışında qeyd etdiyi kimi "Azərbaycanın uğurlu inkişafı davam etdiriləcək".
Həqiqi müstəqillik
Demək lazımdır ki, Prezident İ.Əliyev son bir neçə ay ərzində dünya siyasi-iqtisadi arenasında böhranlı vəziyyətin Azərbaycana təsir etməsi ilə bağlı bir neçə bəyanat verib. Qeyd olunan konfrans çərçivəsində onun çıxışı isə proqram xarakteri daşıyırdı. Yəni cəmiyyətin dünyada qeyri-sabit vəziyyətə marağını nəzərə alaraq, dövlət başçısı məmurlara və vətəndaşlara bu gün dünyada mənfi tendensiyalar fonunda ölkənin iqtisadi inkişafı nöqteyi-nəzərindən hansı vəzifələrin vacib olduğunu ətraflı izah edib. "İstisna olunmur ki, gələcək illərdə regionda gərginlik daha da artacaq. Çünki bizim əvvəllər görmədiyimiz təhdidlər yaranır. İstisna olunmur ki, iqtisadi, maliyyə böhranı ilə əlaqədar gələcəkdə bizi daha böyük sınaqlar gözləyə bilər. Lakin biz hazırlaşmalıyıq və biz bütün bu çağırışlara hazırıq", - deyə Prezident bildirib.
Məhz Azərbaycanın xarici mənfi amillərə hazırlığını da reallaşdırılan iqtisadi modelin əsas nailiyyətlərindən biri hesab etmək olar. Çünki ölkə 2008-ci ildə dünyanı bürüyən maliyyə böhranı qarşısında inamla tab gətirib və o vaxtdan bəri öz ehtiyat potensialını daha da möhkəmləndirməklə, qeyri-neft sektorunun inkişafına diqqət yönəldərək, yeni çağırışların "gözünün içinə" qorxusuz baxıb. "Biz heç vaxt populist bəyanatlarla çıxış etməmişik, heç vaxt hər hansı xarici qurumun xoşuna gəlmək üçün addımlar atmamışıq. Biz sadəcə praqmatik siyasət yürüdürdük, Azərbaycan xalqının maraqlarını qoruyurduq, öz ölkəmizi əminliklə idarə edirdik", - deyə İ.Əliyev bildirib. Beləliklə, Azərbaycan iqtisadiyyatı artıq dünyada şaxələndirilmiş iqtisadiyyat kimi böyük nüfuz qazanıb, bunu da son 10 il ərzində statistik göstəricilər təsdiq edir: 2004-cü ildən ölkənin ÜDM-i 3,4 dəfə artıb, bu da dünya miqyasında rekord göstəricidir.
Sənaye istehsalı 2,7 dəfə artıb, 11 il ərzində iqtisadiyyata 180 mlrd. dollar sərmayə yatırılıb, valyuta ehtiyatları 50 mlrd. dollardan çoxdur. Və ən əsası, Azərbaycan bu göstəricilərə praktiki olaraq xarici donorların köməyindən imtina edərək nail olub. Məlumdur ki, bu cür dəstək heç vaxt əvəzsiz olmur və təkcə ona görə deyil ki, verilən kreditləri istər-istəməz nə vaxtsa qaytarmaq lazım gələcək. Xaricdən bütün subsidiyaların əvəzinə müəyyən siyasi qərarlar da verilir, bu da çox vaxt ölkəni asılı vəziyyətə qoyaraq, onun milli maraqlarına zidd olur. Misal üçün, uzağa getmək lazım deyil."Yoxsul, dilənçi Ermənistana baxın, nəzər yetirin. Ermənistan nəinki müstəmləkə, hətta heç nökər adına da layiq deyil. Milli ləyaqəti kriminal xunta tərəfindən ayaqlanıb və son hadisələr bunu bir daha göstərir. Baxın, nə qədər bunlar aciz durumdadırlar ki, hətta haqlı tələblərini də irəli sürə bilmirlər. Bu ölkə artıq sübut edib ki, müstəqil ölkə kimi yaşaya bilmir. Müstəmləkə kimi yaşaya bilər. O qədər xalqlar var ki, onların müstəqilliyi yoxdur. Əgər öz çirkin siyasətindən əl çəkməzlərsə, onlardan biri də Ermənistan olacaq", - deyə İ.Əliyev çıxışı zamanı bildirib. Buna baxmayaraq, Ermənistanın bugünkü durumu onun kəsilməyən iştahasına və qeyri-real ərazi iddialarına görə bu gün bütün iştirakçı dövlətlərə gəlir gətirən və Azərbaycanın təşəbbüsü, iştirakı ilə həyata keçirilən regional layihələrdən kənarda qalmasının tamamilə ədalətli qisasıdır.
Hazırda Azərbaycanın xarici borcu ÜDM-in yalnız 8%-ni təşkil edir, bu da dünya miqyasında ən yaxşı nəticələrdən biri hesab edilir. "Hazırda Azərbaycanın kredit reytinqi, makroiqtisadi vəziyyəti, valyuta ehtiyatları o qədər müsbət mənzərə yaradır ki, biz xarici bazarlardan istənilən məbləğdə - 10 mlrd., 20 mlrd., 30 mlrd. dollar vəsait götürə bilərik, ancaq götürmürük. Çünki bayaq qeyd etdiyim kimi, bu məsələyə məsuliyyətlə yanaşırıq. Xarici borc daim aşağı səviyyədə olmalıdır. Biz, əslində, bu borcu bir gündə də ödəyə bilərik. Çünki xarici borcumuz valyuta ehtiyatlarımıza nisbətdə, təxminən, 10 faizdən bir qədər çox rəqəm təşkil edir", - deyə Prezident İ.Əliyev deyib. Bu cür iqtisadi müstəqillik, təbii ki, siyasi müstəqilliyin ən yaxşı zəmanətidir. "Heç kim bizimlə diqtə dili ilə danışa bilməz. Bəziləri bunu istəyir, ancaq alınmır və alınmayacaq", - deyə dövlət başçısı vurğulayıb.
"Məntiqli qənaət"
Azərbaycan yeni böhrana tab gətirmək üçün kifayət qədər iqtisadi və maliyyə baqajı yığıb. Bundan əlavə, bu böhran iqtisadiyyatın qeyri-neft sahələrinə daha çox diqqətin ayırılması üçün həm də növbəti tutarlı bir səbəbdir. Bu gün onların inkişafının intensivləşməsi üçün bütün şərtlər var - demək olar ki, tamamilə müasirləşdirilmiş infrastruktur, yenilənmiş yol təsərrüfatı, əlçatar maliyyə resursları və s. Bütün bunlar mahiyyətcə Azərbaycanın unikal iqtisadi modelinin əsasını təşkil edən dövlət proqramlarının düzgün və vaxtında həyata keçirilməsi üçün baza yaradır. Lakin neft qiymətlərinin dünya bazarlarında aşağı düşməsi yaxın müddət üçün Azərbaycanın iqtisadi siyasətinə müəyyən korrektivlərini daxil edəcək. Təbii ki, bu, ölkə gəlirlərinin səviyyəsinə, valyuta ehtiyatlarının artmasına təsir edir. Bu halda da, vəsaitlərə məntiqli qənaət - yeganə düzgün qərardır. "Əgər əvvəlki illərdə biz bəzi hallarda o qədər də böyük prioritet təşkil etməyən layihələri də investisiya proqramına daxil edirdiksə, artıq o dövr bitdi. İnvestisiya proqramına ancaq prioritet məsələlər salınır.
Eyni zamanda ciddi nəzarət aparılmalıdır. Həm dövlət strukturları, həm dövlət şirkətləri artıq xərclərə yol verməməlidirlər. İsrafçılığa, ümumiyyətlə, yol vermək olmaz - nə həyatda, nə siyasətdə, nə də ki iqtisadi məsələlərin həllində, o cümlədən indiki şəraitdə. Neftlə zəngin olan bütün ölkələr, böyük potensiala malik olan ölkələr öz büdcələrini ixtisar edirlər, özü də böyük dərəcədə. Xərcləri ixtisar edirlər. Bu da təbiidir", - deyə dövlət başçısı qeyd edib.
Həmçinin müəyyən vəzifələr bank-maliyyə sektoru qarşısında da dayanır. Xüsusilə, hazırda manatın kursunu Azərbaycanın ticarət tərəfdaşları qismində çıxış edən qonşu ölkələrin valyuta bazarlarında müşahidə olunan kəskin mənfi tendensiyalar şəraitində saxlamaq lazımdır.
"Biz pul islahatını apararkən, bir manat bir dollara bərabər idi. Ondan sonra manatın qiyməti qalxdıqca 1 manat 1,3 dollar olmuşdur. Bir növ manat avroya bağlı idi. Bir manat bir avro. İndi isə bir manat bir avrodan daha da qiymətlidir və bahalıdır. İqtisadiyyat, ixrac potensialımız üçün bu, o qədər də müsbət hal deyil. Ona görə hesab edirəm ki, manatın bundan sonra da avroya qarşı bahalaşması müsbət hal deyil. Hesab edirəm ki, bir manat bir avro səviyyəsində qalarsa, makroiqtisadi vəziyyət təmin ediləcək. Eyni zamanda bu, insanların gündəlik həyatına ancaq müsbət təsir göstərəcək. Eyni zamanda bizim ixracımız üçün heç bir problem yaranmamalıdır. Çünki Azərbaycan iqtisadiyyatı bundan sonra ixracyönümlü iqtisadiyyat kimi inkişaf etməlidir... Müvafiq qurumlar, hökumət, Mərkəzi Bank bu məsələlərə diqqətlə yanaşmalıdırlar ki, manat həddindən artıq bahalaşmasın", - deyə Prezident bildirib.
Banklara gəlincə, daha çox iqtisadiyyatın real sektorunun kreditləşməsinə diqqət ayırmaq lazımdır. Təbii ki, bu vəsaitlər "uzun pullar" sayılır və banklar üçün bu gün Azərbaycanda populyar olan istehlak kreditlərindən tez gəlir əldə etmək daha çox sərfəlidir. Lakin hazırda yerli maliyyə institutları kifayət qədər kapitallaşmaya sahib olduğu halda ölkə daxilindəki iqtisadi proseslərdə daha aktiv iştirak etmək vaxtı artıq yetişib. Bütün inkişaf etmiş ölkələrdə məhz bu, bankların ən əsas vəzifəsidir.
Bu baxımdan, İ.Əliyevin qeyd etdiyi kimi, bank sektorunun əsas fəaliyyəti yeni müəssisələrin açılmasına, yeni iş yerlərinin yaradılmasına yönəlməlidir. "Azərbaycan dövləti və hökuməti həmişə bank sektoruna dəstək olmuşdur, eyni zamanda onlara maliyyə resursları da verir, təmin edir, onlar üçün qazanc mənbəyi yaradır. Yəni bank sektoru bunu düzgün qiymətləndirməlidir və dövlətə minnətdar olmalıdır ki, bunlara bu qədər qayğı göstərir", - deyə dövlət başçısı qeyd edib. Onun fikrincə, banklar hansı vəsaitləri, hansı həcmdə, hansı layihələrə, hansı rayonlara və ya Bakı şəhərinə ayırdığı barədə məlumat verməlidirlər.
Bir sözlə, bu bəyanatdan sonra bank biznes kreditləşmə sahəsində, təbii ki, iqtisadiyyatın qeyri-neft sektorundakı layihələrdə canlanmanı gözləməyə dəyər. Çünki son nəticə keyfiyyətli və ən əsası ixraca yönələn məhsulun buraxılışı olmalıdır. "Böyük dövlətlər, böyük sənaye potensialına, əlaqələrə, təsir gücünə malik olan ölkələr bütün mövcud bazarları tutublar. Biz də bunu edirik və etməliyik. Siyasi hakimiyyət biznesi dəstəkləməlidir. Mən bunu dəfələrlə demişəm, xaricdə fəaliyyət göstərən səfirlərlə görüşlərdə onlara da tapşırmışam, gedin, çalışdığınız ölkələrdə Azərbaycan biznesi üçün şərait yaradın ki, gəlsinlər, öz ixrac məhsulları ilə o bazarlara girsinlər", - deyə İ.Əliyev qeyd edib.
Bu kontekstdə, onun fikrincə, əlavə imtiyazların tətbiqi ilə ixraca yönələn biznesin həvəsləndirmə sisteminin yaradılması effektiv olardı. Bu da sahibkarlarda öz məhsullarını xaricə ixrac etməkdə maraq yaratmağa daha da kömək edəcək. Diqqət mərkəzi bu il, təbii ki, 2015-ci ilin Azərbaycanda "Kənd təsərrüfatı ili" elan olunduğunu nəzərə alaraq, ölkənin aqrar sektoruna yönələcək. Burada da nailiyyətlərlə yanaşı, tez bir zamanda həllini tələb edən kifayət qədər problemlər mövcuddur. Belə ki, Prezident İ.Əliyev müvafiq dövlət strukturlarına kənd təsərrüfatı üçün yararlı, lakin hələ də boş olan torpaqların təyinatı üzrə istifadəsiylə bağlı tapşırıq verib. "Kim torpağı icarəyə götürüb istifadə etmirsə, gərək, o, icarə müqavilələri ləğv edilsin. O müqavilələr verilsin o torpaqda işləyənə. Yerli icra orqanlarının nümayəndələri nəzarət etməlidirlər", - deyə o qeyd edib. Həmçinin Prezident "elektron kənd təsərrüfatı" layihəsinin qeyri-qənaətbəxş gedişi ilə bağlı narazılığını da ifadə edib.
"İndi peykimizin olduğu bir vaxtda nəyisə gizlətmək, yaxud da ki əksinə nəyisə artırmaq, rəqəmləri şişirtmək çətin olacaq. Buna da son qoyulmalıdır və son qoyulur. Kənd təsərrüfatı məhsullarının bəzilərinin istehsalının aşağı düşməsi təkcə quraqlıqla bağlı deyil. Çünki əvvəllər qiymətlər şişirdilirdi. Nəyə görə? Subsidiyalara görə. Məgər, burada oturanlar bilmir subsidiyalarda hansı pozuntular baş verirdi? Yaxşı bilirlər və bəziləri bu pozuntuların iştirakçılarıdır. Ona görə buna son qoyulmalıdır. Dövlət bu pulu fermerlərə verir, məmurlara yox", - deyə İ.Əliyev vurğulayıb.
Söz düşmüşkən, Prezident növbəti dəfə kifayət qədər sərt formada məmurları tənqid edib və qeyd edib ki, vətəndaş-məmur əlaqələri ölkənin uğurlu inkişafı üçün böyük əhəmiyyət kəsb edir.
"Məmurlar yaddan çıxarmamalıdırlar ki, onlar xalq üçün işləyirlər, onlar xalqın xidmətçiləridir. Dəfələrlə demişəm ki, mən birinci xidmətçiyəm. Xalqın birinci xidmətçisi prezident olmalıdır, çünki xalq bizə inanır, bizə bu missiyanı aparmağı həvalə edib, tapşırıb. Məmurlar, dövlət qurumlarının nümayəndələri xalqla bir yerdə olmalıdırlar, onların qayğıları ilə yaşamalıdırlar, kobudluğa, yekəxanalığa yol verilməməlidir. Bəzi hallarda yekəxanalıq müşahidə olunur, bəzi hallarda məmurlar özlərini çox təkəbbürlü aparırlar. Buna yol vermək olmaz", - deyə dövlət başçısı bildirib və bir daha məmurları bütün sahələrdə səmərəli iş görməyə çağırıb.
Bir sözlə, proqram çıxışı zamanı hökumət qarşısında qoyulan vəzifələr kifayət qədər sərt və aydındır: ölkədə iqtisadi uğurların davamı naminə daha da sahmanlı və qənaətcil fəaliyyət üçün vaxt yetişib. Böhran isə, deyildiyi kimi, mənfi amildir, lakin eyni zamanda bu, seçilən yolun düzgün olması və istənilən şəraitdə öz iqtisadi modelinin yaşamağa qadir olduğunu dünyada təsdiqləmək üçün həm də bir fürsətdir.
MƏSLƏHƏT GÖR: