
"PERİNÇEK İSVEÇRƏYƏ QARŞI"
və ya Türkiyə ilə Azərbaycan "soyqırımı" haqda erməni mifini ifşa etmək üçün səylərini birləşdirirlər
Müəllif: Fuad HİLALOV Bakı-Strasburq-Bakı
"Biz buraya Avropa insanının azadlığı naminə toplaşmışıq. İfadə azadlığı çoxdan köhnəlmiş ideyalarla bağlı fikrini söyləmək hüququdur. Yüzilliklər boyunca Avropanın dahi mütəfəkkirləri Cordano Bruno, Nikolay Kopernik, Qalileo Qaliley və digərləri hamının qəbul etdiyi "doqma"ların əleyhinə çıxdıqları üçün təqib olunub, onlardan bəziləri isə buna görə həyatlarını itiriblər. Amma tarix onların haqlı olduqlarını sübuta yetirib". Bu sözləri Türk Fəhlə Partiyasının lideri Doğu Perinçek Strasburqda, Avropa İnsan Haqları Məhkəməsinin (AİHM) 28 yanvar 2015-ci il tarixində keçirilən iclasında səsləndirib. Söhbət "Doğu Perinçek İsveçrəyə qarşı" işi üzrə keçirilən prosesdən gedir. Məhkəmə bu işə fasilələrlə artıq, təxminən, 10 ildir ki, baxır.
2005-ci ildə Doğu Perinçek tanınmamış Şimali Kipr Respublikasının mərhum lideri Rauf Denktaşla birlikdə İsveçrədə bir neçə konfransa qatılıb. Bu konfranslardan birində o, Osmanlı İmperiyası dövründə baş vermiş "erməni soyqırımı"nı "imperiya yalanı" adlandırıb. Bundan sonra "İsveçrə - Ermənistan" Assosiasiyası türkiyəli siyasətçini məhkəməyə verib. 2007-ci ildə Lozanna Məhkəməsi Perinçeki irqi ayrı-seçkilikdə təqsirli bilib. Lakin o, 2008-ci ildə qərardan AİHM-yə şikayət edərək, İsveçrəni söz azadlığını pozmaqda günahlandırıb. 17 dekabr 2013-cü ildə AİHM Perinçekin şikayətini təmin edib. İsveçrə isə öz növbəsində 2014-cü ilin martında qərardan apellyasiya verib.
Beləliklə, 2015-ci il yanvarın 28-də bütün Avropanın diqqəti həm ifadə azadlığı kimi əsas hüququn müdafiəsi, istərsə də tarixi ədalətin bərpası baxımından həyati əhəmiyyət daşıyan məhkəmə prosesinə yönəlmişdi.
Bu dəfə Türkiyə tərəfini artıq cavabdeh kimi, Perinçekin özü və vəkilləri Mehmet Cengizlə Kristian Loran Peş təmsil edirdilər. İsveçrə isə məhkəmədə vəkillər Qurno Suizerro Daniel Tyurer və Frank Şurmanla təmsil olunurdu. Erməni iddiaçılarına gəlincə, onlar məhkəməyə vəkillər Qevorq Konstanyan, Cefri Robertson və Amal A. Kluni ilə qatılmışdılar. D.Perinçek müdafiə çıxışında AİHM-in onun iddiasını təmin etmiş 17 dekabr 2013-cü il tarixli qərarının Avropanın söz azadlığı dəyərlərinə zəmanət olduğunu bildirib, bu qərarın təkrarlanmasını gözlədiyini söyləyib.
"Birinci Dünya müharibəsinin iştirakçısı olmuş dövlətlərdə, onların xalqlarında bir-birlərinə qarşı müəyyən stereotiplər ola bilər. Lakin biz bu mənfi stereotiplərin xalqlarımızın gələcəyinə təsirindən qurtulmalıyıq. Avropa xalqlarının beyni tarixi məqamların müzakirəsilə bağlı qadağalarla dolmalı deyil", - deyə D. Perinçek qeyd edib.
Erməni tərəfinin vəkili C.Robertson isə Perinçeki tarixi diskussiyalarda iştirak etmək əvəzinə, bəyanatı ilə İsveçrə qanunlarını pozmaqda günahlandırıb. Çıxışını Parisdə törədilmiş terror aktından sonra dəbə minmiş "Biz - Charlie Hebdo-yuq!" şüarı ilə bitirən ingilis vəkilə Türkiyənin sabiq Avropaya inteqrasiya naziri Egemen Baxış cavab verib: "Burada Charlie Hebdo varsa, o, da Doğu Perinçekdir".
İsveçrəli vəkillərə müraciət edən hakim isə öz növbəsində deyib: "Siz hansı sübutlara əsaslanaraq soyqırımının baş verdiyini iddia edirsiniz?" Daha sonra o, kollegiya üzvlərinin diqqətini Ermənistan və İsveçrə təmsilçilərinin məhkəmə prosesi çərçivəsini aşmalarına, onların müdafiəsinin soyqırımın baş verdiyinə dair iddialara söykənməsinə çəkib. Bu, qondarma erməni soyqırımı tərəfdarlarının mövqelərinin nə qədər zəif olduğunu göstərir.
Qarşı tərəfin mövqelərinin zəifliyinə prosesin əsas qəhrəmanı olan Doğu Perinçek də əmindir. "Məhkəmənin hökmü ən azı bir neçə aydan sonra açıqlanacaq. Amma prosesin uğurlu keçdiyini əminliklə söyləmək olar. Bunu yalnız biz yox, müxtəlif ölkələrdən olan müşahidəçilər də deyirlər. Türkiyə tərəfi mövqeyini kifayət qədər tarazlı, ciddi və praqmatik şəkildə ortaya qoyub. Bu zaman emosionallığa, həddindən artıq həssaslığa yol verilməyib. Bütün çıxışlarımız qanun çərçivəsində olub, ən başlıcası isə məhkəmə prosesinin çərçivəsini aşmayıb. Qarşı tərəf, yəni İsveçrə, xüsusilə də Ermənistan isə mövqeyini emosional, bəzən qeyri-adekvat şəkildə ifadə edib, hakimlər isə buna mənfi reaksiya göstəriblər. Onlar dəlillərini hansısa kədərli tarixi səhnələr təsvir etməklə gücləndirməyə çalışıblar. Məhkəmə prosesinin çərçivəsini nəzərə alaraq biz tarixi faktlara, erməni dövlət xadimlərinin etiraflarına müraciət etməyi lazım bilmədik. Halbuki onlar bizim mövqeyimizin düzgün olduğunu təsdiqləyir. Bu prosesdə əsas vəzifəmiz "erməni soyqırımı"nın inkar olunmasının istənilən azad insanın hüququ olduğunu sübuta yetirmək idi", - deyə D. Perinçek "R+" jurnalına açıqlamasında bildirib.
Onunla qarşı tərəfin vəkili Frank Şurman belə, razılaşmaya bilməyib. Məhkəmədə İsveçrəni təmsil edən vəkil bu ölkənin "Tagesanzeiger" qəzetinə müsahibəsində deyib: "Perinçekin çıxışı, əsasən, obyektiv olub. Düşünürəm ki, o, əsasən qanuni düşüncələrini səsləndirib. Onun mövqeyini cinayət hüququnun predmeti edəriksə, şübhəsiz ki, bu, fikrin azad ifadəsinə müdaxilə sayılacaq".
Türkiyə tərəfinin bu yanaşması məhkəmədən kənarda da müşahidə olunub. Türkiyə və Azərbaycanın Avropa ölkələrindəki diasporunun minlərlə üzvü bu məsələdə həmrəylik nümayiş etdiriblər. İntizamlı, yaxşı təşkil olunmuş nümayişlərə qatılanlar D. Perinçekə və onun tərəfdarlarına dəstək veriblər. Qarşı tərəf isə küçələrə yalnız 30 erməni tələbəsindən ibarət qrup çıxara bilib. Onlar millətçi, bəzən isə təhqiramiz şüarlar səsləndirib, Türkiyə təmsilçilərini, türk diasporunun üzvlərini təxribata çəkməyə çalışıblar. Bunu fevralın 1-də keçirdiyi mətbuat konfransında AİHM-in təmsiçisi Din Şpilmann da dilə gətirib: "Mənə iclas zalından kənarda yaşananlar haqda məlumat veriblər. Nümayişlərdə hər hansı insident baş verməyib. Türklər qanun çərçivəsində hərəkət ediblər". Strasburq polisinin nümayəndələrisə türklərin nümayişlərinin təşkilatçılarına zəng edərək təmkinli davranışlarına, erməni tələbələrin təxribatlarına uymadıqlarına görə minnətdarlığını bildiriblər.
Nümayiş haqda isə ayrıca danışmağa ehtiyac var. Müxtəlif yaşda, ideologiyada, partiyada olan minlərlə insan məhkəmədə Türkiyə tərəfini dəstəkləmək üçün ayrı-ayrı ölkələrdən Strasburqa axışıblar. Onları Perinçekin əleyhinə qərarın çıxarılma ehtimalı narahat edirdi. Onu da nəzərə almaq lazımdır ki, məhkəmə əsas vətəndaş hüquq və azadlıqları uğrunda mübarizənin vətəni olan Fransada keçirilirdi.
Nümayişə qatılanlar mövqelərini kifayət qədər soyuqqanlılıqla, avropasayağı ortaya qoyublar. Maraqlıdır ki, Perinçekə dəstək nümayişində Türkiyə bayraqları ilə yanaşı, onlarla Azərbaycan bayrağı da dalğalandırılırdı. Azərbaycan Türkiyəni bu haqq işində bütün səviyyələrdə dəstəkləyib. Bunu D. Perinçek də etiraf edib. "Azərbaycan xalqına və qardaş ölkənin hökumətinə minnətdarlığımı bildirmək istəyirəm. Bu prosesin gedişində, xüsusilə bu günlərdə biz azərbaycanlı qardaşlarımızın dəstəyini hiss etmişik", - deyə Perinçek "R+"a müsahibəsində bildirib. Bu, heç də təsadüf deyil.
Azərbaycan Prezidenti İlham Əliyev dəfələrlə bəyan edib ki, "Türkiyə və Azərbaycan erməni soyqırımı haqqında yalana qarşı birgə mübarizə aparacaqlar". Məhkəmə və etiraz aksiyaları ərəfəsində isə KİV nümayəndələrinə Azərbaycanın Prezident Administrasiyasının sektor müdiri Fuad Axundovun rəsmi bəyanatı paylanılıb.
"Türkiyə hökuməti ermənilərin "soyqırımı"nın törədilməsi ittihamlarına cavab olaraq 1915-ci ildə baş verən hadisələr barədə həqiqəti bilmək istəyən hər kəs üçün öz arxivlərini açıb. Ermənilər isə bunu etmirlər, öz siyasətlərindən əl çəkməyərək, ilk növbədə, öz vətəndaşlarını regionun keçmişi barədə məlumatsız saxlamağa davam edirlər. Onlar hətta bu düşüncə ilə öz alimlərini dünya elminin incilərinə, xüsusilə türk arxivlərinə çıxışlarının qarşısını alırlar. Erməni millətçilərinin cinayətkar məntiqi aydındır: əgər həqiqəti bilmək istəyən alimlər Türkiyənin arxivlərinə çıxış əldə etsələr, bu, indiki Ermənistanın bütün ideologiyasını parçalayacaq. Bu səbəbdən, İrəvanın məqsədi çox sadədir: xalqının xarici istorioqrafiyaya, indi isə xarici arxivlərə çıxışının qarşısını almaq.
Gözübağlı, real tarixi bilmədən ermənilərin qondarma "1915-ci il soyqırımı"nın inkar edilməsinə görə cinayət məsuliyyətinə cəlb etmə cəhdlərini dəstəkləyənlər bütün bunları nəzərə almalıdırlar. Bu gün İrəvanda həvəslə uydurulan tarixi qəbul edən, tarixi hadisələrin alternativ, əslində isə əsl versiyasını dinləməkdən imtina edən hər kəs bunu bilməlidir.
Erməni saxtakarlarının iddialarına zidd mövqe səsləndirdiklərinə görə insanların cinayət məsuliyyətinə cəlb olunması avropalılar tərəfindən cidd-cəhdlə müdafiə edilən söz və fikir azadlığı kimi fundamental dəyərlərə nə dərəcədə uyğun gəlir? Niyə 1,5 milyard müsəlmanın hisslərinin təhqir edilməsi söz azadlığının təzahürü hesab edilir, amma 100 illik tarixə malik mübahisəli hadisələri soyqırımı kimi tanımaqdan imtinanı isə ciddi cinayət kimi qələmə verməyə cəhd edirlər? Əsrlərlə Türkiyə və Azərbaycan ərazisində regionun yerli xalqı olan "türklərə" qarşı soyqırımı törədən millətin həmin türkləri soyqırımı törətməkdə ittiham etməyə, ümumiyyətlə, mənəvi haqqı varmı?" - deyə bəyanatda bildirilir.
Onu da qeyd etmək lazımdır ki, Türkiyə tərəfinə dəstək nümayişində Azərbaycanda olan jurnalistlər və Azərbaycanın Avropadakı diasporunun çoxsaylı nümayəndələrilə yanaşı, AŞPA-nın sessiyasına qatılmaq üçün Strasburqa yollanmış Azərbaycan parlamentinin deputatları da iştirak ediblər.
Məhkəmənin hökmü ən azı 2 aydan sonra açıqlanacaq. Lakin artıq bir şey tam aydındır: nəticədən asılı olmayaraq, bu məhkəmə prosesi Türkiyə tərəfinin Azərbaycanın dəstəyilə, nəhayət, müdafiədən hücuma keçdiyini təsdiqləyib.
Bu, 1915-ci il "soyqırımı" nəzəriyyəsinin yox edilməsi istiqamətində ilk ciddi addımdır. Məhkəmə prosesi İsveçrənin "erməni soyqırımı"nın inkarına görə cinayət məsuliyyətini nəzərdə tutan qanununun nə qədər absurd olduğunu göstərib. Birincisi, bu, "Avropa insan haqları və əsas azadlıqları bəyannaməsi"nin 10-cu maddəsinin, yəni ifadə azadlığının kobud şəkildə pozulmasıdır. İkincisi, 1915-ci ildə Osmanlı Türkiyəsində baş vermiş hadisələr "soyqırımı" kimi təqdim edilə bilməz. Çünki bu məsələdə konsensus yoxdur və diskussiyalar hələ də davam edir. Və nəhayət, bu məsələdə qərarın verilməsi bu və ya digər ölkə parlamentinin səlahiyyətində deyil.
Göründüyü kimi, Türkiyənin siyasi isteblişmenti 1915-ci il hadisələrinin 100-cü ildönümü ərəfəsində praqmatik yanaşma və effektiv siyasət ortaya qoyur. Bu kontekstdə Perinçekin İsveçrəyə qarşı iddiası ilə yanaşı, Türkiyə rəhbərliyinin bir mühüm qərarı da diqqətə layiqdir. Söhbət 24 aprel 2015-ci ildə Çanaqqala zəfərinin qeyd olunması qərarından və Ermənistan prezidentinin bu tədbirə dəvət olunmasından gedir. Dünya erməniliyinin "iztirablı xalq" statusunu möhkəmləndirməyə çalışacağı gündə Türkiyəyə dəvət olunan Ermənistan prezidenti Serj Sarqsyanın isterik bəyanatla çıxış etməkdən başqa yolu qalmayıb.
Dünya erməniliyi üçün daha bir "soyuq duş" Almaniya hökumətindən gəlib. Yanvarın 22-də Almaniya parlamentinin 3 deputatı hökumətə sual ünvanlayıblar: "1915-ci il hadisələrinə soyqırımı kimi yanaşılacaqmı? Bu hadisələrin 100-cü ildönümü ilə əlaqədar hər hansı tədbirin keçirilməsi nəzərdə tutulubmu?" Almaniya hökumətinin suala cavabı birmənalı olub: 1948-ci ildə BMT Baş Assambleyasının soyqırımı haqda xəbərdarlıq və ona görə cəza bəyannaməsini qəbul etməsinədək baş vermiş hadisələr soyqırımı kimi qiymətləndirilə bilməz. Soyqırım haqqında tezislər elmi araşdırmaların mövzusudur. Bu elmi diskussiyalarda tərəflər isə Türkiyə və Ermənistan olmalı, məhz onlar birgə tədqiqat qrupları yaratmalıdırlar. Almaniya hökumətinin bəyanatında o da bildirilir ki, "həmin hadisələrin 100-cü ildönümü ilə bağlı heç bir tədbirin keçirilməsi nəzərdə tutulmayıb".
Maraqlıdır, bu halda İsveçrənin hüquq mühafizə orqanları necə davranardılar? Onlar faktiki olaraq, "erməni soyqırımı"nı inkar edən Almaniya hökumətinə qarşı cinayət işi açardılarmı?
Aydındır ki, tarixi və siyasi aspektlərə baxmayaraq, "erməni soyqırımı" mifi hüquqi müstəvidə iflasa uğrayıb. Tarixi müstəvidə ermənilərin tezisləri dünyaca məşhur bir çox tarixçilər tərəfindən məhv edilib. Onların arasında erməni əsilli tarixçilər də var. Odur ki, ermənilik məsələni hüquqi müstəviyə çıxarmağa çalışır. Amma son məhkəmədəki iflasdan sonra "soyqırımı"nın tanınmasının tərəfdarları üçün siyasi intriqalar aparmaqdan başqa yol qalmır. Burada da Türkiyə və Azərbaycanın əsas vəzifəsi tarixlə spekulyasiyalar edilməsi, ədalətin bərpası istiqamətində səyləri birləşdirməkdir.
MƏSLƏHƏT GÖR: