TÜRKİYƏ YENƏ NARAHATDIR
PKK-nın yeni terror aktlarının arxasında kimlər və nələr dayanır?
Müəllif: Ramin ABDULLAYEV Bakı
Türkiyə Kürd Fəhlə Partiyasının (PKK) yeni terror aktları dalğası ilə üz-üzə qalıb. Son partlayışlar nəticəsində onlarca hərbçi həlak oldu.
Gözlənildiyi kimi, terrorçuların fəallaşması ordunun ölkənin cənub-şərqində genişmiqyaslı təmizləmə əməliyyatlarına başlamasına gətirib çıxardı. Bu da öz növbəsində əhali arasında ciddi narazılıq yaratdı.
PKK-nın əsas məqsədi ölkədə sabitliyi pozmaq, etnik kürdlərin məskunlaşdığı əyalətlərdə fövqəladə vəziyyətin elan edilməsinə nail olmaqdır. Amma hökumət də yaxşı anlayır ki, fövqəladə vəziyyət elan olunsa, onda, konstitusiya dəyişikliklərinə dair (bu dəyişikliklər sırasında isə etnik kürdlərin mədəni hüquqlarının genişləndirilməsi də var) sentyabrın 12-nə təyin etdiyi referendum bütün əhəmiyyətini itirəcək. Axı məqsədindən asılı olmayaraq, ordunun istənilən əməliyyatı vətəndaşlar tərəfindən narazılıqla qarşılanır.
Terrorçuların yeni taktikası isə dinc sakinləri "potensial hədəf"ə çevirib. İraqla həmsərhəd olan Həkkəri əyalətində 12 türk hərbçinin ölümü ilə nəticələnmiş hadisəyə nəzər salaq. İyunun 19-da 27 terrorçudan ibarət qrup hərbçilərin xəbərdarlıq atəşinə cavab verməyərək hərbi posta yaxınlaşıb. Nəticədə, hərbçilər PKK üzvlərini dinc sakinlər sayaraq, onları lap yaxına buraxıblar. Bu isə əsgərlərin ölümü bahasına başa gəlib.
Həlak olmuş hərbçilərlə vida mərasimində baş nazir Rəcəb Tayyib Ərdoğan PKK-nın ünvanına indiyədək görünməmiş hədə ilə çıxış edib: "Qalib gələcəyinizi düşünməyin. Siz öz qanınızda boğulacaqsınız. Heç kim türk xalqının birliyini pozmağa qadir deyil". Ərdoğan Türkiyə rəhbərliyinin "düşmənə sevinmək üçün əsas verməyəcəyini" də bəyan edib.
Hərbçilərin ölümü ictimaiyyət arasında kəskin narazılığa səbəb olub. Müxalifət isə hökumətdən cənub-şərq əyalətlərinə nəzarətin gücləndirilməsini, xüsusilə orada fövqəladə vəziyyətin bərpasını tələb edib. Hökumətin opponentləri hesab edir ki, rəsmi Ankara terrorla mübarizə aparmaq gücündə deyil.
Hərbçilərə hücumun baş verən blok-posta baş çəkmiş Ərdoğanın, təhlükəsizilk məqsədi ilə aşağı çömələrək, şəkil çəkdirməsi də sərt tənqidə səbəb olub. Bu şəkil dərhal bütün KİV-də yayılıb, müxalifət nümayəndələri isə bəyan ediblər ki, "hökumət başçısı öz doğma torpağında terrorçulardan gizlənərək çöməlməməlidir".
Bu məsələ ilə bağlı Türkiyənin məşhur jurnalistləri də fikirlərini bölüşüblər.
"Hürriyyet" qəzetindən Yılmaz Özdil yazır ki, tarixboyu saysız-hesabsız müharibələr görmüş bir ölkənin baş naziri və Baş Qərargah rəisi səngərdə bu cür çöməlməməli idi, ələlxüsus da ətraf ərazi yüzlərlə xüsusitəyinatlılar və 3 hərbi vertolyotla mühafizə olunurdu. "Bu şəkil xalqın mənəvi ruhuna mənfi təsir göstərib. Biz asanlıqla İraq ərazisinə girir, amma öz ərazimizdə gizlənməli oluruq", - deyə müəllif bildirir.
Nüfuzlu telekanallardan olan "Haber Turk"un aparıcısı Fatih Altaylı isə bildirir ki, hətta bu ərazi təhlükəli olsaydı belə, baş nazir bu halda şəkil çəkdirməyə bilərdi: "Terrorun gözünə dik baxmaq lazım idi. Özünüz düşünün. Əgər Ərdoğanın yerinə Mustafa Kamal Atatürk olsaydı, bu formada şəkil çəkdirərdimi?".
Həmin telekanalın digər aparıcısı Balçiçək Pamir isə hesab edir ki, baş nazirin hərbi bazaya hərbi paltarda baş çəkməsi daha yaxşı olardı: "Ərdoğanın pozası çoxlarına türk emmiqrantlarını xatırladıb. Baş nazir bütün müsbət və mənfi məqamları yaxşı götür-qoy etməli və yalnız bundan sonra şəkil çəkdirməli idi. Türkiyənin baş naziri öz ərazisində belə pozada oturmamalıdır".
Bu ittihamlara cavab olaraq, Ərdoğan bildirib ki, müxalifət və KİV PKK hücumlarından öz məqsədləri üçün istifadə edir. Rəhbərlik etdiyi hökumətin islahatlar paketindən imtina haqda düşünmədiyini deyən baş nazir, sentyabrda həmin paketin referenduma çıxarılacağını xatırladıb. Ərdoğan onu da bildirib ki, hazırda ölkənin gündəmində növbədənkənar parlament seçkisinin keçirilməsi yoxdur.
"PKK ilə mübarizə üçün vacib olan addımlar artıq atılır. Bu məsələdə hökumət müvafiq orqanlara bütün lazımi köməkliyi göstərir", - deyə Ərdoğan bildirib.
Bununla yanaşı, o, ölkənin cənub-şərq əyalətlərində fövqəladə vəziyyət elan etmək fikrində olmadığını da vurğulayıb.
Türkiyə kəşfiyyatı isə PKK sıralarını tərk etmək istəyən və ya terrorçuların fəaliyyətinə etiraz edən kürdlərin güllələndiklərinə dair məlumat yayıb. Məlumata görə, yalnız son həftədə PKK-nın səhra komandirləri 8 belə şəxsi "edam edib". Öldürülən kürdlərin ailələrinə onların guya türk əsgərləri tərəfindən qətlə yetirildiklərinə dair məktublar göndərilir.
PKK rəhbəri postu uğrunda mübarizənin qızışdığı da bildirilir. Qeyd edək ki, terrorçu quruma hazırda Murat Karayılan rəhbərlik edir.
Rəsmi statistika da vəziyyətin gərginliyindən xəbər verir. Baş Qərargah təmsilçisi general Fəxri Kır bildirib ki, yalnız son 4 ay ərzində Türkiyə ordusu 130 PKK üzvünü zərərsizləşdirib. Bu zaman ordu 43 hərbçisini itirib.
Türkiyənin enerji və təbii resurslar naziri Taner Yıldız isə neft və qaz kəmərlərinin təhlükəsizliyinin təmini üçün əlavə tədbirlər görüldüyünü açıqlayıb. Nazirin sözlərinə görə, hökumət terrorçuların tranzit boru xətlərinə hucüm ehtimalını analiz edib və neft kəmərilərinin mühafizəsinin gücləndirilməsinə qərar verib. "Bu, ilk növbədə, Bakı-Tbilisi-Ceyhan və Kərkük-Yumurtalıq" kəmərlərinə aiddir. Hər halda, indiyədək heç bir insident qeydə alınmayıb", - deyə Yıldız bildirib.
Bir qədər sonra məlum olub ki, Türkiyə hökumətinin narahatlığı heç də əbəs deyilmiş. İyunun 22-də İstanbulun Halkalı rayonunda törədilən partlayış 5 nəfərin həyatına son qoyub. Terrorçular hərbçiləri aparan avtobusu hədəf götürüb. İlkin araşdırma terror aktının əsas bazası Şimali İraqda yerləşən PKK üzvləri tərəfindən törədildiyini üzə çıxarıb.
Qeyd edək ki, son aylarda rəsmi Ankara Şimali İraqın kürd administrasiyası ilə əlaqələri intensivləşdirib. Odur ki, istənilən genişmiqyaslı əməliyyat transsərhəd əməkdaşlığını aradan qaldıra bilər. Vəziyyətin gərginləşməsi üçün əlindən gələni edən PKK da məhz buna ümid edir.
Şimali İraq administrasiyasının fəaliyyətsizliyi və PKK ilə mübarizə aparmaq istəmədiyi də ortadadır. Son qanlı terror aktları isə göstərir ki, Ankaranın bu istiqamətdəki diplomatik səyləri heç bir effekt verməyəcək.
Hərbi ekspertlər də Ankaranı İraqda hərbi əməliyyatları gücləndirməyə çağırır. Onlar hesab edir ki, Türkiyə-İraq sərhəddindəki dağlıq ərazilərə nəzarətin təmin edilməsi mümkün deyil. Bunun üçün dağın arxasında hərbi kordonlar yerləşdirmək bəlkə də effekt verər. Amma oralar İraq ərazisidir. Bununla belə, ekspertlərin fikrincə, yeganə çıxış yolu 60 kilometrlik təhlükəsizlik zonasının yaradılmasıdır.
Qeyd edək ki, bu təşəbbüslər yeni deyil və onlara dəfələrlə Türkiyənin aparıcı müxalifət partiyaları da dəstək verib. Amma ABŞ-ın sərt etirazı, rəsmi Bağdad və digər regional qüvvələrin mövqeyi Ankaranın bu təşəbbüsü inkişaf etdirməsinə mane olub.
Vaxtilə Vaşinqton Şimali İraqda hərbi əməliyyatlara dair Ankaranın mövqeyini yumşaltmağa nail olmuşdu: bunun müqabilində, ABŞ transsərhəd ərazilərdə terrorçu qrupların hərəkətinə dair Ankaraya kəşfiyyat məlumatları ötürməli idi. Lakin Hakkaridə hərbçilərə gözlənilməz hücumlar göstərir ki, Ankaraya terror aktının hazırlanmasına dair heç bir məlumat verilməyib.
Bu isə ortaya bir sıra suallar çıxarır.
Məsələn, Türkiyə KİV hesab edir ki, Ankara Vaşinqtonu İrana qarşı sanksiyaların sərtləşdirilməsi məsələsində dəstəkləmədiyi üçün ABŞ da qeyd olunan sahədə Türkiyə ilə əməkdaşlıq etmir. Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğanla ABŞ prezidenti Barak Obama arasında "Böyük iyirmilik"in Torontoda keçirilən sammitində keçirilmiş görüş zamanı bu məsələyə xüsusi diqqət yönəldilməsi də problemin nə qədər ciddi olduğunu göstərir.
Qeyd edək ki, Türkiyə ekspertlərinin bir hissəsi də belə qənaətdədir ki, PKK-nın fəallaşması Ankaranın regional nüfuzunu azaltmağa çalışan xarici qüvvələrin marağındadır: həmin qüvvələr bununla Türkiyənin imicinə zərbə vurmağa çalışır.
Bu məsələdə "ən optimal oyunçular" ABŞ və Hərbi Hava Qüvvələri "Sülh flotiliyası"na hücum edərək bir neçə Türkiyə vətəndaşını öldürən İsrail sayılırdı. Yeri gəlmişkən, qeyd edək ki, Türkiyə ordusu bu yaxınlarda çoxlu sayda İsrailə məxsus pilotsuz təyyarə alıb. Onların fəaliyyətini israilli mütəxəssislər tənzimləməli idi. Lakin bəzi məlumatlara görə, son hadisələrdən sonra həmin mütəxəssislər Türkiyədən göndərilib və nəticədə İraqla sərhəddə yaraqlıları effektiv şəkildə zərərsizləşdirə biləcək aparatlar havaya qalxmayıb.
Bütün deyilənlərdən belə qənaətə gəlmək olar ki, Türkiyədə terror hücumlarının növbəti dalğası həm xarici siyasi faktorlar, həm də daxili siyasi vəziyyətlə əlaqədardır. Bunu xüsusilə, Ərdoğan hökumətinin kürdlərin mədəni hüquqlarının genişləndirilməsi təşəbbüsü ilə əlaqədəndirmək olar.
Bu faktorun hər ikisi türk əsgərlərinin ölümündə böyük rol oynayır.
MƏSLƏHƏT GÖR:





574

