13 Mart 2025

Cümə axşamı, 03:16

"A" PLANI və "B" PLANI

"hurriyyet daily news"un baş redaktoru d.cadson: "azərbaycanın türkiyəsiz fəaliyyət göstərmək imkanları nə qədər geniş olsa da, o, ankara ilə birlikdə daha yaxşı işləyə bilər"

Müəllif:

01.07.2010

David Cadson "Dogan Media Group"a daxil olan "Hurriyyet Daily News"un baş redaktorudur. Dünyanın 12-dən artıq ölkəsində fəaliyyət göstərən bu holdinq Türkiyənin ən nəhəng, Avropanın isə iri media qruplarından biridir.

Həyatının 30 ildən artıq dövrünün Türkiyə ilə bağlı olduğu amerikalı Cadson regionumuzun problemləri ilə kifayət qədər yaxından tanışdır. Bundan başqa, "Hurriyyet Daily News & Economic Review" qəzetinin də rəhbəri olan Devidin dünyada cərəyan edən iqtisadi proseslərə peşəkar baxışı var. 

Amma yenə də onunla müsahibəyə siyasətdən başladıq.

 - İlk növbədə, sizin regionda baş verən proseslərə baxışınızı bilmək istərdik. Türkiyə -Ermənistan dialoqu və Dağlıq Qarabağ münaqişəsinin həlli proseslərində hansı irəliləyişləri gözləmək olar?

- Şəxsi fikrim belədir ki, regionda münasibətlərin normallaşdırılması prosesindəki çətinliklərə lazımi əhəmiyyət verilməyib. Bu onunla bağlıdır ki, bu işlə məşğul olan (onlar həm də bu məsələdə KİV-ə təsir imkanlarına malikdir) qeyri-hökumət təşkilatları bütün diqqəti yalnız sərhədlərin açılmasına yönəldirlər. Bu isə Dağlıq Qarabağ problemi məsələsini kölgədə qoyur.

Amma məhəl qoyulmayan başqa məqamlar da var. Məsələn, bu gün Türkiyənin Ermənistana təzyiq üçün rçaqları çox məhduddur. Amma əksər iqtisadçılar düşünür ki, Ermənistan sərhədlərin açılmasından "böyük qazanc" götürəcək. Əgər belə olarsa, bu, Türkiyənin Qarabağ münaqişəsilə bağlı mövqeyini yumşaltmasına yox, əksinə, sərtləşdirməsinə imkan yaradar. 

Bu, müzakirə ehtiyacı olan mövzu olsa da, belə fikir mübadiləsi aparılmır. İstənilən halda, Türkiyə ilə Ermənistan arasında QHT-lər vasitəsilə aparılan danışıqlarda azərbaycanlıların mövqeyi də eşidilməlidir.

- Türkiyə Dağlıq Qarabağ münaqişəsinin həlli prosesində Azərbaycanı daim dəstəkləyib və əminliklə bildirir ki, bu dəstək sonadək davam etdiriləcək. Necə düşünürsünüz, Türkiyə beynəlxalq təzyiq nəticəsində Azərbaycanın maraqlarını nəzərə almadan hansısa qərar qəbul edə bilərmi?

- Şübhəsiz ki, Türkiyə ilə Azərbaycanı bir-birlərinə dərin tellər bağlayır. Kanada ilə Birləşmiş Ştatlar və ya İsveçlə Danimarka kimi. Bu tellər həmişə münasibətlərə kömək edəcək. Amma Türkiyənin daima Azərbaycanın tərəfində olacağı, Azərbaycan hökumətinin siyasətinə uyğun addımlar atacağına dair gümanlar əsasında qurulmuş xarici siyasət qeyri-real və qeyri-sağlam siyasət olardı. İngilis dilində belə bir ifadə var: "B planınız nə qədər yaxşıdırsa, A planının uğurlu olacağı şansı bir o qədər də yüksəkdir".

Başqa sözlə, Azərbaycanın Türkiyəsiz fəaliyyət göstərmək imkanları nə qədər çox olarsa da, onun Ankara ilə birgə addımlamaq ehtimalı da o qədər yüksəkdir.

- Yeri gəlmişkən, müttəfiqlik münasibətləri haqda. Türkiyə ilə İsrail həmişə müttəfiq olublar. Amma Davosda Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan ilə İsrail prezidenti Şimon Peres arasında yaşanmış insidentdən sonra bu münasibətlər korlanıb. Qəzzada baş verən son hadisələr isə iki ölkə arasında gərginliyi daha da artırıb. Fikrinizcə, bu proseslərin arxasında nə gizlənir?

 - Mürəkkəb sualdır. Ərdoğan Qəzzanın taleyindən çox narahatdır. Onun çıxışı (Davosdakı - red.) ölkə daxilində çox populyarlıq qazanmışdı. Amma nədənsə, bu səs-küyün və mübahisənin, müəyyən mənada, İsrailə və ABŞ-ın siyasətinə kömək etməsi faktı nəzərdən qaçırılır. Axı, 2 il əvvəl Qəzzada istənilən taksi sürücüsünün avtomobilində İran prezidenti Mahmud Əhmədinejadın şəkli var idisə, bu gün həmin şəkillər Ərdoğanın fotoları ilə əvəzlənib.

Ərdoğanın alovlu ritorikasının İranın ərəb dünyasına təsirinin azalmasına təsiri birbaşa və konkret şəkildə həm İsrailin, həm də Birləşmiş Ştatların maraqlarına uyğundur. Gəlin biz başqaları kimi, bu vacib aspekti unutmayaq.

- Qəzetiniz iqtisadi nəşrdir. Qlobal iqtisadi böhrandan sonrakı durumla bağlı proqnozunu eşitmək istərdik.

- Çox çətin sualdır və buna uzun-uzadı cavablar vermək olar. Lakin ən vacibi odur ki, iqtisadi hakimiyyət, Azərbaycan kimi sürətlə inkişaf etməkdə olan ölkələrə keçir. 1965-ci ildə dünyanın ümumi daxili məhsulunun 80%-dən çoxu ABŞ, Avropa və Yaponiyada istehsal olunurdu. 2001-ci ildə onların bu payı 50%-dən az idi. Bu dəyişiklik davam edir.

- Sonda sizdən bir jurnalist kimi soruşmaq istərdik: KİV-lər həmişəmi doğru məlumat yayır? Hansısa konkret vəziyyətdə həqiqət dövlətin maraqlarına ziyan vurursa, KİV necə etməlidir?

- Hökumət məhkəmə vasitəsilə KİV-i yalan, ədavətin qızışdırılması, yalançılıq və cinayətkar fəaliyyətə görə cəzalandırmaq hüququna malikdir. Amma televiziya və radio sahəsində hökumət KİV üzərinə müəyyən vəzifələr də qoya bilər. Məsələn, maarifləndirmə proqramları və ya seçki vaxtı namizədlərin çıxışları. Çünki elektron KİV ictimai kanallardan, tezlikdən və "yayım spektrləri"ndən istifadə edir. Bu, fabriklərə dövlət torpaqlarında tikintiyə və ya fermalara dövlət mülkiyyəti olan çayların sularından istifadəyə icazə verilməsi kimi bir şeydir.

Amma demokratik dövlətlərdə KİV dövlətin qanadı ola bilməz. Bu, "dördüncü hakimiyyət"dir. Kompleks demokratiyanın effektiv məhkəmə sisteminə, qanunverici və icraedici hakimiyyətə, həmçinin effektiv KİV-ə ehtiyacı var. KİV-in yeganə öhdəliyi həqiqətə can atmaqdır. Bu, hökumət qarşısında yox, ictimaiyyət və oxucular qarşısında götürülmüş öhdəlikdir.

- Nə vaxtsa yalnız obyektivlik xətrinə qəzetinizdə dövlətin maraqlarına zidd informasiya dərc etməli olmusunuzmu?

- Hər gün!


MƏSLƏHƏT GÖR:

407