NAXIŞLARIN RİTMİ
Azərbaycan xalçası öz əvvəlki şöhrətini qaytarır
Müəllif: Sabirə MUSTAFAYEVA Bakı
"Azərilmə" MMC-də əfsanəvi Azərbaycan xalçalarını əsrləröncəsi olduğu kimi əllə toxuyurlar. Bu isə o deməkdir ki, naxışına və rəng çalarına görə eyni olan iki xalça tapmaq mümkün deyil. Mühəndislər, rəssamlar, xalçaçılar - bütün bu insanlar tayı-bərabəri olmayan xalça inciləri yaradırlar. Onların hazırlanması zamanı toxuyucular üç alətdən - xüsusi bıçaqdan, şax-şaxdan və qayçıdan istifadə edirlər. Maraqlıdır ki, bu müəssisədə xalçalar çağdaş üsluba və beynəlxalq standartların tələb etdiyi texnoloji parametrlərə uyğun şəkildə, amma Azərbaycan xalçaçılarının ənənələrinin qorunması ilə hazırlanır.
Toxucuların halal və yorğun əlləri ilə hazırlanmış xalçanı əllərinizlə yoxlayın, demək olar ki, bir anda bütün bədəninizə istilik yayılacağını hiss edəcəksiniz. Təkrarolunmaz ətir, rahatlıq və xalçalara heç bir təsir göstərməyən zamanı hiss edəcəksiniz. Artıq əfsanəvi uçan - məkan və zaman boyunca hərəkət edə bilən xalça barədə xəyallar qura bilərsiniz. Azərbaycanın ilmələrdə əbədiləşmiş tarixi, məişəti, ənənələri, ritmi, dəyərləri, mədəniyyət zənginlikləri, milli bəlağəti və təntənəsi xalçalara hopub.
Xalçalar təbii ipək və yundan toxunur, iplər yalnız bitkimənşəli rənglərlə boyanır. Bunun üçün lazım olan hər şey - qoz qabığı, tut yarpağı və dəniz duzundan ibarətdir. Müəssisənin direktoru Vidadi Muradov bildirib ki, rənglərin təbiiliyi xalçaların emosional ifadəliliyini, onların parlaqlığını və rəng həllinin dolğunluğunu vurğulayır, onlara sonsuz və sirli gözəllik bəxş edir. Göründüyü kimi, bu adam "Azərilmə" tərəfindən yaradılmış bu əsərlərin gözəlliyinə heyranlıqdan heç zaman yorulmayacaq.
O, xalça işi üzrə ekspertdir, üç dildə - Azərbaycan, rus və ingilis dillərində 500 səhifəlik "Azərbaycan xalçaları" albomunu çap etdirib. Kitabda Azərbaycanın xalça incilərinin 1000-d?n çox illüstrasiya çap edilib və xalçaçılıq işinin ən yaxşı ustaları, təkrarsız naxışlar barədə danışılır. Vidadi Muradov bu incəsənət əsərlərinin hər biri haqqında saatlarla danışa bilər. Məhz "Azərilmə"nin ustaları Azərbaycanın məşhur "Şeyx Səfi" xalçasının - Səfəvi mədəniyyətinin incisi və öz dövrünün ən gözəl xalçası olan bu şah əsərin daha bir surətini toxuyublar. Xalçanın orijinalı Londonun Viktoriya və Albert muzeyində saxlanılır.
Azərbaycan xalçalarının tarixi
Vidadi Muradov danışır ki, elmi mənbələr Azərbaycan ərazisində xalçaçılığın yayılmasını və inkişafını bizim eradan əvvəl ikinci minilliyə aid edirlər. Buna əlverişli coğrafi iqlim şəraiti, həmçinin, əhalinin təsərrüfat fəaliyyətində heyvandarlığın üstünlük təşkil etməsi imkan verib. İlk vaxtlar xalçalar çadırlarda örtük, döşəmə, pərdə rolunu oynayıb, amma getdikcə yüksək bədii önəm qazanıb, insanların estetik tələbatını ödəməyə başlayıb, onların məişətinin və yaşamının ayrılmaz hissəsinə, təsərrüfat fəaliyyətinin aparıcı istiqamətlərindən birinə çevrilib.
Azərbaycan xalçası tarixin bütün çağlarına ixrac məhsulu olub. XIV yüzillikdən başlayaraq onun məhsullarını Avropaya yola salıblar. Xalçaçılıq tarixi kilim, palaz, cecim, şəddə, ladı, zili, vərni və sumax kimi xovsuz xalçaların toxunmasından başlayır. Ancaq təsirli və xüsusi bədii təsvirli əsərlərin yaradılması yalnız xovlu xalçaların peyda olması ilə bağlıdır. Bütün tarixi mərhələlərdə inkişaf etmiş və milli mədəniyyətin ayrılmaz hissəsinə çevrilmiş Azərbaycan xalçaçılığı, şərti olaraq, Bakı, Quba, Şirvan, Gəncə, Qazax, Qarabağ və Təbriz məktəblərinə bölünür. Bu məktəblər öz kompozisiya quruluşlarına, zəngin motivlərinin orijinallığına, rənglərin ahənginə və texnoloji xüsusiyyətlərinə görə bir-birindən fərqlənir.
Ənənələrin qorunması
"Azərilmə" müəssisəsinin özü 1996-cı ildən işə başlayıb. Burada əvəzsiz, amma yaddan çıxmış xalça kompozisiyalarının bərpası ilə yanaşı, dünyanın bir çox muzeylərini və fərdi kolleksiyalarını bəzəyən Azərbaycan xalçalarının istehsalı və bədii ənənələrinin inkişafı üzrə böyük iş gerçəkləşdirilir. Onların xaricdə satılmasının və təbliğatının təşkili üçün böyük səylər göstərilir.
"Bizim məqsədimiz Azərbaycan xalçaçılıq sənətinin ənənələrini əbədiləşdirmək və inkişaf etdirməkdir. Bunu nəzərə alaraq, unudulmuş qədim xalçaçılıq kompozisiyalarını istifadə etməklə biz yüksək keyfiyyətli xalçalar toxuyuruq - bu irsi gələcək nəsillərə ötürməyə çalışırıq. "Azərilmə"də 350 adam işləyir. Onların sırasında rəssamlar, incəsənətşünaslar, boyaçılar, xalçatoxuyanlar və başqa mütəxəssislər var. Əlbəttə ki, bütün bu iş milli ənənələr əsasında hazırlanmış və beynəlxalq standartlara cavab verən yun və ipək xalçalar üzərində əksini tapmış bədii təxəyyüldən ibarətdir və xalçaçılardan xüsusi biliklər, zövq, bacarıq, ustalıq tələb edir. Əminliklə demək olar ki, "Azərilmə"nin mütəxəssisləri bütün bu peşə keyfiyyətlərinə sahibdir və bu gün nəinki Azərbaycanda, hətta başqa ölkələrdə də "Azərilmə" ilə rəqabət aparacaq, onunla eyni səviyyədə işləyə biləcək ikinci bir şirkət yoxdur. "Azərilmə"də biz xalça toxuyuruq, onun təqdimatı ilə məş-ğuluq və onların satışını təşkil edirik. Ölkəyə gələn hörmətli qonaqlar bizdə xalça toxunması prosesi - təbii boyalarla iplərin rənglənməsi, Şəki ipəyi və hər bir ilmə üçün nə qədər məsuliyyət və əmək sərf edilməsi ilə tanış olurlar. Bu, xalçalara sevgini və hörməti artırır", - deyə Vidadi Muradov vurğulayır.
"Azərilmə"nin toxucuları qədim milli ənənələr əsasında əsl incilər yaradırlar. Bu, sadə istehsal deyil, müxtəlif xalçaçılıq məktəblərinin inkişaf etdirilməsi məqsədilə filialları bütün regionlar üzrə paylanmış böyük müəssisə, yaradıcılıq studiyasıdır. "Biz Kürdəmirdə Şirvan ənənələrini bərpa etmək istəyirik, Abşeron filialında isə Abşeron ənənələrini dirçəldirik. Bu baxımdan, regionlarda filialların yaradılması çox önəmlidir. Bölgələrdə toxuculuq emalatxanalarına malik olan "Azərilmə" əsrlərboyu oturuşmuş milli xalçaçılıq ənənələrinin davam etdirilməsi üzrə gördüyü işin yüksək səviyyəsi hesabına yalnız Azərbaycanda deyil, həm də beynəlxalq səviyyədə böyük hörmət qazanıb. Emalatxanaların olduğu bölgələr sırasında Bakının Nardaran, Binə, Hökməli, Lökbatan kəndlərini, aran Şirvanın Kürdəmir şəhərini, dağlıq Lerik şəhərini göstərmək olar. Hazırda "Azərilmə" Azərbaycanın Qazax, Borçalı, Göyçə, Zəngəzur, Ağbaba, Dərəçiçək, Paşalı, Calaloğlu, Hamamlı, Şərur-Dərələyəz, Dərbənd, Təbriz, Ərdəbil, Sərab və başqa tarixi ərazilərinin xalq sənətkarlarının toxuduğu xalçaların bədii və texniki ənənələrini inkişaf etdirir", - deyə müəssisə rəhbəri vurğulayır.
"Azərilmə"nin xalçaları işləmələrin zərifliyi, ilmələrin yüksək sıxlığı, tərtibatın özünə məxsusluğu, parlaq və ahəngdar çalarlarına görə seçilir. Bakı, Quba və Şirvan bölgələrində xalq sənətkarlığı ənənələri əsasında əyrilmiş yun iplər və Şəkidə istehsal edilmiş ipək saplar boyama sexlərinə daşınmaq üçün kələflərə vurulur. Burada iplər boyanır. Bu əsərlərin yaranmasından öncə isə əsas işi peşəkar rəssamlar görürlər. Onlar hər bir xalça üçün müfəssəl eskizlər, naxış planı, peyzaj motivləri, çalar həlli hazırlayır, texniki parametləri müəyyən edən fərq diapazonu müəyyən edirlər. "Azərilmə"də artıq 900-ə yaxın müxtəlif xalça eskizləri üzərində işlənib. Burada ən bahalı və möhkəm materiallardan hazırlanmış, çağdaş texnoloji imkanlara malik hanalarda ölçüsü 1 kvadratmetrdən 40 kvadratmetrə qədər dəyişən müxtəlif sıxlıqlı ipək və yun xalçalar ən qısa zaman ərzində toxunur.
Milli kolorit
Azərbaycan xalçaları mürəkkəb həndəsi və nəbati naxış quruluşuna görə təkrarsızdır, spiralvari və başqa naxış sistemlərinin peşəkarlığına görə seçilir. Əgər xalçalara diqqətlə baxılarsa, onların hər birinin rəng və toxunmasına, naxışlarına və rəsmlərinə görə özünəməxsus fərdiliyinin, üslub və keyfiyyətinin olduğunu görmək mümkündür. Bu, Azərbaycan xalçaçılığının rəngarəngliyinin və zənginliyinin əsasında durur. Azərbaycan xalçaları əvəzsizdir, çünki onlar çoxçalarlı olmaları, rənglərinin zənginliyi ilə seçilirlər. Başqa ölkələrdə xalça naxışları tez-tez təkrarlanır, Azərbaycan ustalarında isə bu olmur.
Azərbaycan xalçaçılığı bütün bəşəriyyətə məxsus inciləri ilə bizim günlərdə də dünyada şöhrət qazanıb. Azərbaycanın xalça incəsənəti onun çoxəsrlik tarixə malik xalqının mənəvi dünyasını, estetik duyumunu, təbii istedadını və fəlsəfi dünyagörüşünü əks etdirir. Bu incilər haqqında sonsuza qədər danışmaq mümkündür.
MƏSLƏHƏT GÖR:




596

