GÖYLƏRƏ APARAN SİRLİ MUSİQİ
Alim Qasımovun konsertindən qeydlər
Müəllif: Natəvan FAİQQIZI Bakı
Bu yaxınlarda Azərbaycan prezidenti İlham Əliyev 2010-cu il üçün elm, mədəniyyət və ədəbiyyat sahəsində dövlət mükafatlarının verilməsi haqqında sərəncam imzaladı. Mədəniyyət sahəsində təltif olunanlar arasında bu yaxınlarda Bakıda solo-konsertlərlə çıxış edən görkəmli xanəndə, xalq artisti Alim Qasımov da var idi. "Qızıl səs" sahibinin Muğam Teatrı və H. Əliyev adına Sarayın səhnəsində verdiyi iki konsert muğamsevərlər üçün əsl hədiyyə idi.
Bardaş qurub oturarkən,
O, sanki bütün kainatı özündə cəmləşdirir
Göylərə üz tutan qaval isə Günəşi tərənnüm edir.
Şur.
Alim Qasımovun hər konserti köklərimizə səyahət etməyə dəvət və ya şüuraltı aləmə qaçışdır. Hərçənd sirri hiss edərək, onu anlamağa cəhd etmək lazım deyil. O, bizi təəccübləndirir. Belə etmək istəyənlər çoxdur, amma nədənsə, onlar istedadlarının olmalarına baxmayaraq, dünyanı fəth edə bilmirlər. Elə edəsən ki, dünya sənə aşiq olsun - bu, nadir insanlara nəsib olur. Alim Qasımov kimi. Bunun üçün qeyri-adi bir güc, bəlkə də xüsusi kosmik psixologiya tələb olunur. Həm də sənin nəbzin Yer Kürəsinin nəbzi ilə bir döyünməlidir.
Alim Qasımov bizim mədəniyyətin yeni və unikal bir başlanğıc nöqtəsidir. Bu sənət bütün ideoloji, milli, psixoloji və mental maneələri dəf edərək, tamaşaçıya çatan bir enerji burulğanıdır. O, oxuyur və oxumağı ilə insanları birləşdirir. O oxuyur və oxumasıyla müxtəlif millətlərə və hətta irqlərə məxsus insanları bir planetin - Yer Kürəsinin sakinlərinə çevirir.
Digər ifaçılar üçün demək olar ki, mütləq olan tamaşaçıları ələ almaq istəyi ona yaddır və dinləyicidən "Ona inanırsanmı?" soruşmaq yersizdir: konsert başlayandan ta sona qədər hər kəs qeyri-ixtiyari onun dünyasına qərq olur, onun yaratdığı qanunlarla tabe olur. O qanunlara ki onlara hələ konsertdən xeyli sonra da riayət edəcəksən.
Alimin teatrı, onun psixoloji dramı son dərəcə impulsiv və sirlidir. Onun yellənərək özünü oxumağa kökləməsini, sanki zikr tutmasını görmək lazımdır.
Transa girib-çıxan gerçək şamanı xatırladan bu ritmik və təsirli bədən hərəkətləri onun hər bir çıxışından əvvəl müşahidə edilirdi.
Daxili etiraza malik insanları sevirəm. Şuluqçuları da sevirəm. Axı, bir az dərindən düşünəndə incəsənət özü də bir növ şuluq salmaqdır. Çünki yaradıcı insan - yazıçı, rəssam, müğənni oxucunu, tamaşaçını, dinləyicini öz toxunulmamış məntiqinə tərəf yönəltməyə çalışır, çox vaxt da sonda buna qədər doqmatik saydığı bu məntiqə özü də şübhə ilə yanaşmağa başlayır. Bizim Alim də sözün həqiqi mənasında bununla məşğul olur.
Bir də axırı görünməyən labirintləri sevirəm. Belə qeyri-məyyənliklərlə rastlaşmağın özü də bir xoşbəxtlikdir, çoxmənalıdır və sonu bitməyən suallar doğururlar.
Dahidir. Alim Qasımov bəlkə də ilk müğənnidir ki, sağlığında bu cür dəyər qazanıb, adətən, bizdə bu cür tərifləri adamın özü dünyada olmadıqda deyirlər. Artıq ona bu sözü deməyə ehtiyat etmirlər. Ehtiyat etmək mənasızdar. Əks halda, onun diskinin dünya reytinqlərini qıraraq birinci yer tutmasını necə izah edərdilər?.. 2000-ci ilin fevral ayı Fransada Alim Qasımov ayı elan edildi, bu yaxınlarda isə Yaponiyadan ona səsinin şəfaverici olması ilə bağlı xüsusi sertifikat veriblər.
Alimin çırpınan zaman əlləri gözlənilmədən səs axarının davamına və səsin göylərə müraciətinə çevrilir. Bəzən elə gəlir ki, o, əlləri ilə insanın imkan çərçivələrini itələyir, nə vaxtsa kimlərsə tərəfindən qoyulmuş janr ülgülərini yox edərək, dinləyiciyə ənginlikləri, sonu olmayan azadlğı bəxş edir. Zəngin mədəni irsə malik olmaq azdır, həm də bu zənginliyi dünyada layiqincə şöhrətləndirmək lazımdır. Onun adına xaricdə dərhal reaksiya verirlər. Hətta kaliforniyalı taksi sürücüsü də onun adını eşidəndə canlanır və söhbətə qoşulur. Nəticədə, ünsiyyət və bölünməz hörmət ortaya çıxır. Kainatla rezonansa düşmək bax, belə olar.
Mədəniyyət ölkənin tanınmasına xidmət edir. Onun ən yaxşı reklamıdır. Özü də qədim mədəniyyətə və inanlımaz dərəcədə parlaq olan çağdaş incəsənətə malik bir ölkənin. Əgər bizim günlərdə fransızlar arasında muğam ifaçıları varsa, şübhəsiz, burada Alim Qasımovun böyük xidməti var. Dünya ulduzu Yo-Yo Ma da etiraf edib: "Mən xoşbəxtəm ki, Alim Qasımovla eyni vaxtda yaşayıram", - onun qiyməti böyükdür.
Qaval getdikcə daha yuxarı qalxırdı və sevincli Alim rəngin şaqraq ahəngi altında oturaraq rəqs edirdi, amma birdən bu sevinc sanki dağ uçurumu kimi qırıldı.
Beləliklə, "Şur" dünya ilə onun münasibətini müəyyən etmək vasitəsinə çevrilir. Sonra musiqi vergisinə və səhnə cazibəsinə malik qızı Fərqanə də ona qoşulur.
Göy və yer söhbətə başladılar.
Mənəviyyat söhbətinə.
Ata və qız duet oxumağın bütün fəndlərini ustalıqla bildiklərini nümayiş etdirdilər - "açıq səma"ya tənha sıçrayışlar, peşəkar ikisəslilik və bir-birlərinə baxmadan əldə etdikləri inanılmaz unison göstərdilər. Bu cür uyğunluq əldə etmək üçün çox çalışmaq lazımdır! Onların ifası sanki bir adamın ifasıdır və bu hiss tamaşaçını tərk etmir - onlar unison nümayiş etdirdilər, birgə nəfəs aldılar, birgə qaval çaldılar. Əllərin, ürəklərin, ruhların sinxronu bu deməkdir. Müəyyən mənada qızı sarıdan onun bəxti gətirib. Təkcə qızı sarıdan deyil.
"Çox işləmək lazımdır və hər dəfə səhnəyə çıxanda fikirləşməlisən ki, bunu sonuncu dəfə edirsən", - deyə o, bir dəfə mənə demişdi.
Birbaşa muğamla nəfəs alan Alimə baxanda düşünürdüm: istənilən avropalı istehsalat, biznes baxımından bizimkiləri 100 bal arxada qoya bilər. Qərblə yarışa biləcəyimiz tək şey istedaddır. Həm də axı yarışırıq. Kiplinqin Şərqlə Qərbin qarşılıqlı münasibətinin qeyri-mümkünlyü barədə məşhur geosiyasi tezisini təkzib edərək yarışırıq. Alim oxuyur və adama elə gəlir ki, yalnız Şərqlə Qərb deyil, həm də başqa dünyalar qovuşub. Oxuyaraq sanki qalaktikalararası əlaqələri gerçəkləşdirir.
Silsilə fraqmentlər bir-birinin ardınca emosional partlayışlarla müşayiət olunur. Sanki özünüifadə üçün bütün maneələr yoxa çıxıb, heç nə ilham axınının və onu gerçəkləşdirmə imkanlarının qarşısını ala bilmir.
Sərbəstlik fəzasında uçuş!
Nəhəng enerji axını. Bir-birinin ardınca yerləşən paralel dünyalarla münasibətə açar tapmaq cəhdləri...
Onun dəqiq biçimlənmiş auditoriyası yoxdur. Həm də onun konsertlərində əksqütblü dünyagörüşə malik insanları görmək olar - bütün bu fikir və görüş "plüralizm"ini o, öz unikal sənəti ilə ortaq məxrəcə gətirir. Onun incəsənətinin daha bir danılmaz xüsusiyyəti qeyri-ordinar insanları özünə cəlb etməkdir. Solğun insanlar onun təsir dairəsinə düşə bilmirlər.
Qeyri-adidir. Bu, iki cür olur - bilərəkdən və anadangəlmə. Qasımov anadangəlmə qeyri-adidir. Bu elə haldır ki, harada olursan-ol, havaya bir az qəribəlik qatırsan. Həmin gün də istisna olmadı - o, "Şur" oxuyurdu, vidalaşdı getdi və... sonra dönüb salamlaşdı. "Unutdum", - dedi, - "bağışlayın" və onun səmimiliyinə inanırsan. Tanrı onu necə yaradıbsa, elə də qalıb. Heyranedici təbiiliyi də buradandır. Həm də xatırlayıram ki, "Dünyanı necə görmək istəyirsiniz?" sualına və ya ona oxşar nəsə bir suala belə cavab verdi: "İnsanlar göründüyü kimi olsunlar. Mən də elə onların içində".
"Son zamanlar oxumaq getdikcə çətinləşir və səhnə bəzən pis görünür."
Çalışıb "adam olmaq" mümkündür, "dahi olmaq" yox. Mümkün deyil. Onun xasiyyətini təsvir etmək də mümkün deyil - təzadlıdır, dəyişkəndir və eyni zamanda heyranedici şəkildə məqsədlidir. Mən dəfələrlə onun məşqlərində olmuşam və bu qənaətə gəlmişəm ki, ulduz istedadlı zəhmətkeş deməkdir. Yəni Allahdan bərəkət olanda, ondan da hərəkət lazımdır.
Həm də Yanardağ kimi alovları sönməyən torpaq lazımdır.
Səslə ovunmaq, səslə nəşələnmək, səsin şəfası, səsin duası. Yaponlar bizim ustad şəfaçının unikal qabiliyyətini təsdiq edən diplomu təqdim edən zaman nə etdiklərini biliblər (onlar hər şeyi hamıdan qabaq anlayırlar və heç zaman səhv etmirlər). Stresslərlədolu bizim həyatımızda onların nəticəsi olan psixiki travmalar da yetərincədir. Artıq bizim həyatımızdan xəyal yoxa çıxıb, onsuz isə insan orqanizmində normal balans ola bilməz. Hətta ani baxışla belə görmək olar o da xəyaldır, səsin, onun obrazının xəyalı. "Muğamın şəfa qüvvəsi" məhz buradan qaynaqlanır.
Onun səhnə davranışında sivilizasiyadan öncəyə aid nəsə var, insanın ruhi quruluşunu əks etdirir. İnsan öz Kainatının məhsuludur, onun ayrılmaz hissəsidir. Öz yüksək texnologiyalı, dəlisov vurnuxmamızda biz bunu bir növ unutmuşuq, amma Alim yox. O, anlaşılmaz bir tərzdə bunu anlayır - bu fani dünyada fani kimi yaşamır. Yəni həyatın müddətli olması hissi, onun ağırlığı, mövcudluğunun dinamik çırpıntıları həsədaparılacaq şəkildə səbirlə çuğlaşır. Yəni istedadı anlamaq mümkün deyil. Sadəcə, onun qanadları da, uçuşu da başqadır. Qəzavü-qədərə inandığı halda, sirli təyinatlar, seçilmələr və işarətlər barədə açıq söhbətlərə heç vaxt getmir. Sadəcə, öz xüsusi taleyi ilə tam etibar və ahəng şəraitində yaşayır.
"Xanəndəlik xüsusi peşədir, o, hər şeydən öncə düşüncələrin təmizliyini və yüksək mənəviyyat tələb edir. Burada səs də əsas deyil…". Bu da "Alim Qasımovun sitatları"ndadır. Bu fikir başqa "azərbaycanlı"nın Mstislav Rostropoviçin sözlərinə uyğun gəlir: "Dirijor sadəcə yaxşı insan olmalıdır". Əlil arabalarındakı insanlar xanəndənin bütün konsertlərinin daimi tamaşaçılarıdır, sarayın bütün girişlərini tutan bu insanlar bizim bu yerlilərin sözlərinin faktik təsdiqidir. Həm də bizim Alimlə söhbətimiz yada düşür: "İnsan üçün ən başlıcası nə qədər şöhrətlənsə də, nə qədər varlansa da, insan qala bilməsidir: bax, onda gerçək xoşbəxtliyi qazana bilər. Mən həmişə bunu xatırlamağa çalışıram". Səhnədə əlçatmazlıq və cazibə hökm sürür. Kainat ahənginin bir adası kimi ?ərq üslublu tərtibatdan yumşaq qızılı işıltı süzülürdü. Başdan-ayağa sirlədolu idi.
Onun xasiyyəti dikbaş-dalaşqandır, konyunktura güzəştlərindən məhrumdür; hətta kütlə arasında olanda belə onun solist olduğu görünür. Özü də Alimin bu rabitəsiz ifadələri heç də qızının sabit dünyagörüşü ilə təzad təşkil etmir. Eyni səhnənin iştirakçıları kimi onlar sakit oturaraq, öz solo-çıxışlarını gözləmirlər, hər biri o birisinin səhnə çıxışını özününkü kimi yaşayır. Bax, onlar razıdırlar, bir-birlərinə hər ikisinin əvəzinə ifadə etdikləri təbəssümlərini bəxş edirlər.
Maraqlıdır, görəsən, Fərqanənin ön cərgələrdə oturan və dörd cüt gözlə analarına baxan uşaqları bu səsli, səhnəyə yaraşan, xarizmatik anaları barədə öz dünyagörüşləri ilə nə düşünürlər?
Atanın, qızının və bütün musiqiçilərin sifətinə fantastik bir həzz yazılıb. Adam heç inana bilmir ki, bütün bunlar ağır məşqlərin nəticəsidir. İşlər doğrudan da ağırdır. Əvəzində isə "Sağ ol!" sədaları. Onlar - ata-bala əl-ələ tutaraq, atlas yaşılı-qırmız paltarlarında səhnəyə çıxırlar.
Muğamın yüksək məqamına çatmaq yalnız seçilmişlərə qismətdir. Bu musiqi, şəksiz ki, insanda hansısa "şüuraltı" mənəviyyat, təmizlik dərinliklərinin olmasını tələb edir. Yalnız bundan sonra əks-sədaya ümid edə bilərsən. Alim haqqında, onun bütün dünya üzrə öz cazibəsinə yığdığı adamlar barədə düşünəndə, istər-istəməz bu planetdə işlərin pis getmədiyi qənaətinə gəlirsən. Belə görünür, bu dəyərlər ierarxiyasında çoxu öz yerini tapa bilib.
Alim isə öz işində idi, adama elə gəlir ki, onun virtual-səksəkəli improvizələrinin sonu olmayacaq, vəyhlər və ekspromtlar sanki görünməz aləmdən tökülürdü. Bunlar bizim həyatımıza qədər və ondansonrakı çağlara aid an parıltılarının görüntü qazanması idi. O sanki inildəyirdi. Səsi eynən qəlbi kimi dinirdi. Bu, xüsusi söhbət idi. Bəzən o, dua kimi səslənirdi, bəzən də səksəkəli səslə bəşəriyyəti onun xalqına qarşı edilmiş ədalətsizliyi eşitməyə çağırırdı. Onda isə səsi hansısa dünyaüstü səslər çıxaran Ünə çevrilirdi.
Tanrı onu seçməkdə səhv etməyib, o, lazımi məqamda lazımi yerə gəlib. Qasımovun boğazları sel kimi bir-birinin ardınca gəlirdi, biz birinin ləzzətini tam çıxarmamış, o birisi gəlirdi. Bu zaman onun əlləri nələrisə tərcümə edirdi; ilk dəfə onda düşündüm ki, Alimi karlar da "dinləyə" bilər. Hərəkətin mikron dəqiqliyi, melodik ifadənin dəqiq təsviri tam mənasında incə ifadə idi. Göylərə uzanmış oxuyan əl idi.
Yeni müsəlman musiqi dünyasını kəşf etmiş Üzeyir bəy öz vaxtında Avropanı Azərbaycana "gətirmişdi". Bu gün isə Alim nəsə tərsinə iş görür. Heyran qalmış xaricilər onun stixiyasına tuş gəliblər. Stereotip Qərb etibarı və həmişə gözlənilməz olan Şərq. Tarkovski yada düşür: "O, (Şərq - N.F.) tamamilə Tanrıda, təbiətdə, zamanda əriyir və o, hər şeydə yenidən özünü tapır. O, özündə hər şeyi açmağa qadirdir". Sanki Alim üçün xasiyyətnamə yazıb.
Oxuyan zaman sanki o, gerçəklikdən çıxır.
O oxuyur və adama elə gəlir ki, arxasında sonsuzluq gəlir.
O oxuyur və adama elə gəlir ki, ondan qabaq Kainat lal olub.
O oxuyur və təmizlik səhrasında öz yoluna davam edir.
Alimin "səhnə quruluşu": bax, o, burnunu dartır, qulağını da dartır, nəfəs alır, səbirsizliklə çiynini və boynunu tərpədir - birdən divarlar onu sıxır, burada olmaqdan rahatsızlanır. Bir anlığa insan ruhunun ucalığı və faniliyin sıxıcılığı barədə "bu cahana sığmaz" - Nəsiminin beytləri yada düşür.
Alimin xidmətləri böyükdür. Şəxsən məndən ötrü muğam həyatımı müşayiət edən hansısa fondan onun gəlişi ilə mövcudluğun çox önəmli və qiymətli elementinə çevrildi. Bizim günlərdə bu sahəyə böük diqqət yetirilir. Mən Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın muğamın inkişafındakı fəaliyyətindən bəhs edirəm. Təkcə onun təşəbbüs göstərdiyi nəhəng muğam layihələrini yada salmaq yerinə düşər. Bu da doğrudan da bizim hamımız üçün böyük xoşbəxtlikdir. Çünki muğamın özü ilə daşıdığı məlumatlar tədricən bizə çox önəmli olan nələrisə aşılayır
Alimin də bununla bağlı çox dəqiq bir fikri var: "Muğam Allahdan gələn ruhi qidadır". Bundan yaxşı ifadə etmək olmaz!
Nəhayət, A.Qasımovın ən başlıca xidməti vətənpərvərlik bəxş etməsidir - bu, gerçək, qəlblərə sirayət edən, ürəkağrısına çox yaxın bir hissdir. Adam az qalır ki, diziüstə çöksün və əllərini Göyə qadıraraq, Yaradana məhz Azərbaycanda doğulduğu üçün şükür etsin! Alim insana öz mənşəyi barədə qürur hissi bəxş edir! Buna görə ona baş əyirəm.
Onun barəsində fikirlər qütbləşir. Bəziləri heyran olurlar. Başqaları qınayırlar. Bu fikir müxtəlifliyində həqiqətin səsi açıq-aydın edilir:
Onun barəsində mübahisə edirlər, o isə oturaraq oxuyur.
Dünya isə ona ayaqüstə əl çalır.
Alim Qasımovu Londonda metronom satanlardan - Vatikandakı Roma papasına kimi hər kəs tanıyır. Burası dəqiqdir ki, papa şəxsən tanıyır.
15 apreldə Vatikandakı Müqəddəs Tomas Universitetində bizim xanəndənin konserti olub. Konsert səfirliyin, Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin və Vatikan Mədəniyyət Nazirliyinin dəstəyi ilə keçirilib və mətbuatda "Alim Qasımov"un triumfu kimi göstərilib.
P.S. Alimdən bu konsert haqqında soruşmağın mənası yox idi. Əvvəlki təcrübəmdən bilirdim, amma yenə də zəng etdim. "Deyəsən, babat oxudum. Pis oxumadım". "Amma bir çox qəzetlər yazıblar ki, papa sizi dinləyəndə ağlayırmış". Sözümü kəsir: "Bilmirəm, görmədim. Gördüm ki, əl çalırlar. Bəlkə də xoşuna gəlib".
MƏSLƏHƏT GÖR:



475

