KEÇMİŞƏ SƏYAHƏT
"Qala" dövlət tarix-etnoqrafiya qoruğunda Heydər Əliyev fondunun dəstəyi ilə festival keçirilib
Müəllif: Nərminə VƏLİYEVA Bakı
Ağacların kölgəsinə sərilmiş xalılar, nağıllardakı kimi ağ çadırlar, qarayal atlar, dadlı lavaş və əlvan milligeyimli uşaqlar/. İyunun əvvəlində "Qala" Dövlət Tarix-Etnoqrafiya Qoruğunda Heydər Əliyev Fondunun dəstəyi ilə keçirilmiş unikal festival belə yadda qaldı. Festivalın açılış mərasimində fondun prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri Mehriban Əliyeva və fondun Moskva təmsilçiliyinin rəhbəri Leyla Əliyeva iştirak edirdilər. "Qala" festivalının məqsədi gənc nəsli ölkəmizin tarixi, onun qədim və möhkəm ənənələri ilə tanış etmək, xalqımızın zəngin tarixi keçmişinin təbliği idi.
Qala qəsəbəsi Abşeronun qədim yaşayış məntəqələrindəndir və müdafiə qurğularının indiyə kimi qalmış xarabalıqları bunu sübut edir; bu cür müdafiə qurğuları Mərdəkan və Ramana kəndlərində bu günə kimi qalmaqdadır. Onun tarixinin əsrlərdən də o yana getməsini Azərbaycan arxeoloqları tərəfindən əldə edilmiş tapıntılar da isbatlayır. Qala Abşeronun şimal-şərq limanından Bakıya və daha uzaqlara gedən gur karvan yolunun üstündə yerləşir.
2008-ci ildə qoruğun ərazisində muzey kompleksi yaradılıb və oraya Abşeron ərazisində tapılmış, yarımadanın qədim mədəniyyətini əks etdirən unikal arxeoloji tapıntılar yığılıb. Buna Qalanın tarixi Balaverdi məhəlləsində, qədim müdafiə istehkamının xarabalıqları qarşısında yer ayrılıb. Bu kompleks xalqın xidmətinə məhz Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın təşəbbüsü ilə verilib.
Beş min il tarixə malik Qala qəsəbəsində kurqanlar, sərdabələr, yaşayış evləri, mavzoleylər, məscidlər, hamamlar, qədim qalanın xarabalıqları və bizim eradan əvvəl üçüncü minillikdən eramızın XX yüzilliyinə kimi keçən dövrə aid olan başqa abidələr də var. Açıq səma altında yaradılmış ilk arxeoloji etnoqrafik muzey kompleksində həm də Abşeron yarımadasının başqa arxeoloji tapıntıları da yerləşdirilib.
Muzey kompleksində bizim eradan əvvəl III-II minilliklərə aid yaşayış evləri və başqa memarlıq abidələri ilkin görkəmdə canlandırılıb. İki hektar ərazini tutan muzey kompleksinin qonaqları qayaüstü rəsmlərlə, qavaldaşlarla, keramika məmulatları ilə, məişət avadanlığı və bəzəklərlə, həmin dövrün silah və sikkələri ilə tanış ola, qədim yaşayış sahələrinə, müxtəlif emalatxanalara baxa bilərlər.
Festivalın qonaqlarına Abşeronun ən qədim insan məskənlərindən sayılan Qalanın tarixi keçmişinə səyahət etmək və tarixi sirlərin daşıyıcısı olan Qalanın unikallığı barədə məlumat əldə etmək imkanı da verilib.
Qeyd edək ki, tədbirə Bakının müxtəlif internat-məktəblərindən və uşaq evlərindən 2500 uşaq qatılıb. "Qala" festivalının kiçik iştirakçıları toxuculuq, dulusçuluq və dəmirçilik ənənələrini davam etdirən sənətkarların işinə çox həvəslə tamaşa ediblər. Uşaqlar çox maraqla gerçək incəsənət əsərlərinin - xalçaların, bardaqların və döymələrin necə yarandığına baxıblar.
Yeri gəlmişkən, muzey kompleksində təqdim edilən çox sayda maddi-mədəniyyət nümunələri yerli əhalinin yardımı ilə toplanıb. Onlar tarixi və mədəni qiymətə malik mis və dulusçuluq əşyalarını, başqa ev ləvazimatını nənələrin sandığından gətiriblər.
"Qala" festivalı həm də daha bir önəmli hadisə ilə yadda qalan olub. Tədbirin çərçivəsində Heydər Əliyev Fondunun dəstəyi ilə yaradılmış iki masaüstü oyunun - "Gənc intellektual" və "Şirvanşahların yüksəlişi" oyunlarının təqdim etməsi olub. Bu oyunların Azərbaycan gəncləri arasında mütləq populyar olacağı düşünülür. Festivalda onun ən gənc iştirakçıları da öz istedad və bacarıqlarını göstərə biliblər. Müxtəlif materiallardan hazırlanmış orijinal işlər izləyicilər qarşısına çıxarılıb.
Uşaqların və yeniyetmələrin ictimai birliyi olan "Oriqami" də festivala öz töhfəsini verdi. Bu cəmiyyətdə xüsusi qayğıya möhtac uşaqların reabilitasiyası qeyri-adi üsulla - oriqami incəsənətinin öyrənilməsi ilə gerçəkləşdirilir.
Kiçik ustalar belə orijinal kompozisiyalardan birini ölkənin birinci xanımı Mehriban Əliyevaya təqdim ediblər. Gənc toxucular da ona hədiyyə veriblər - bu, milli naxışlarla toxunmuş xalça idi. Bayramda həmçinin Lətif Kərimov adına Azərbaycan Dövlət Xalça və Xalq Tətbiqi İncəsən?t Muzeyinin kolleksiyası da göstərilib; xurcunun, sumanın və səkanın istifadəsi barədə məlumat verilib.
Festivalın ən maraqlı məqamlarından biri də uşaqlar üçün Qala master-klassların təşkili olub. Bu qədim kənddə qonaqlara özlərinin də ustalığını nümayiş etdirmək təklif edilib: dulusçu emalatxanasında gildən fiqurlar hazırlamaq, xalça emalatxanasına dəvələr və atlar üçün keçədən və ipək saplardan kiçik xalçalar və b?zəklər toxumaq imkanı yaradılıb. Qonşu çadırda isə qızlar böyük maraqla əsl qadın işi ilə məşğul idilər - şirniyyat üçün xəmir yoğurur, qədimlərdə olduğu kimi, yun darayır və milli butalar tikirdilər.
Master-klassları müşahidə edən Mehriban xanım üçün bizim qədim adətlərimizdən biri nümayiş etdirildi və ovcuna həna ilə milli naxışlar vuruldu. Şərqdə həna rəsm incəsənəti elə ilk başdan din və mistik önəm daşıyıb. Prinsipcə, elə indi də bü cür qalmaqdadır. "Məndi" incəsənəti o qədər maraqlı və ovsunlayıcı idi ki, ölkənin birinci xanımı da öz qabiliyyətini nümayiş etdirmək istədi və festival iştirakçılarından birinin əlinə həna ilə əhatəli bir naxış da çəkdi.
Qonaqlar, xüsusilə də gənclər uzun müddət dəvələrin yanında ayaq saxladılar; onlar qoruğa iş adamların?n biri tərəfindən bağışlanıb. Uşaqlar xüsusilə yeni doğulmuş köşəyə baxırdılar və ona ad verməyi qərara aldılar. Nəticədə, bu balaca "səhra gəmisi"nə gözəl ad qoymaq üçün müsabiqə də keçirdilər və nəticədə onu Nərbala adlandırdılar. Festival zamanı tamaşaçıların şirniyyat, bal və meyvələrdən dadmaq, həmçinin, tərəvəz, çiçək və ədviyyat bazarına baş çəkmək imkanı da vardı. Çadırlarda isə qonaqlara qədim ənənələrlə hazırlanmış yemək və çay təklif edilirdi.
MƏSLƏHƏT GÖR:



586

