Müəllif: Zərifə BABAYEVA Bakı
Hazırda bəşəriyyət aydın başa düşür ki, əgər ciddi və qarşısıalınmaz ekoloji fəlakətlərlə üz-üzə qalınarsa, dövlət iqtisadiyyatının və ya başqa məsələlərin inkişafı ilə bağlı hər hansı bir problemin həlli barədə düşünmək mənasız olacaq. Qlobal istiləşmə, atmosfer havasının çirklənməsi, Yerin ozon qatının tükənməsi, torpağın keyfiyyətdən düşməsi və səhralaşma kimi problemlər dünyanın sivilizasiyalı xalqların?n çoxu tərəfindən yaxın və uzaq gələcək üçün hazırlanan milli inkişaf proqramlarında dayanıqlı inkişaf prinsipləri ilə yanaşı tutulur. İş elə gətirib ki, artıq indi və innən belə onları nəzərə almamaq heç cür mümkün olmayacaq.
Qlobal ekoloji sistemin bir hissəsi olan unikal bioloji müxtəlifliyə malik Azərbaycan da bundan kənarda qalmır və həmin problemləri həll etmək lazımdır. Ölkədə əlverişsiz ekoloji durumun ciddiliyinin daha bir sübutu ölkə prezidenti İlham Əliyev tərəfindən 2010-cu ilin Azərbaycanda ekologiya ili elan edilməsidir; dövlət başçısı yalnız hökumət qurumlarının deyil, həm də ictimaiyyətin diqqətini ölkənin ətraf mühit məsələlərinə yönəldir. Və 17 iyun Beynəlxalq quraqlığa və səhralaşmaya qarşı mübarizə günü ərəfəsində biz unuda bilmərik ki, torpaqların deqradasiyası quraq iqlim şəraitində yerləşən Azərbaycanın ən aktual problemlərindən biridir.
Yalnız səhra?
Səhralaşma hazırda bəşəriyyət üçün ən önəmli qlobal problemlərdən biridir. O, nə ilə bağlıdır? Sahələrin əkilməsi zamanı münbit torpaq örtüyünün saysız-hesabsız hissəciyi havaya qalxır, səpilir, su axınları ilə tarlalardan axır, yeni yerlərə yayılır, çox hissəsi isə geri qayıtmadan Dünya okeanının dibinə çökür. Torpağın üst qatının təbii şəkildə su və küləklə dağılmasına səbəb olan təbii proses, yuyulmalar və onun hissəciklərinin səpilməsi insanların həddindən artıq torpaq əkməsi və torpağa "istirahət vermək istəməməsi" zamanı daha da güclənir.
Litosferin üst qatlarında canlı orqanizmlərin, suyun və havanın təsiri ilə vacib ekosistem kimi yaranan nazik və kövrək torpağı, adətən, "Yerin qabığı" da adlandırırlar. O, bərəkətin və həyatın qoruyucusudur. Bir ovuc yaxşı torpaqda məhsuldarlığa yardım edən milyonlarla mikroorqanizm var. Bir sm torpaq qatının əmələ gəlməsi üçün yüzillər tələb edilir, halbuki həmin torpaq qatının birdəfəlik yoxa çıxması üçün cəmi bir əkin mövsümü də kifayətdir. Geoloqların qiymətləndirməsinə görə, insanlar kənd təsərrüfatı fəaliyyətinə başlayandan, mal-qara otarandan və torpaq əkiləndən sonra çaylar hər il Dünya okeanına 9 mlrd tona yaxın torpaq axıtmağa başlayıb. Hazırda bu məbləğ, təxminən, 25 mlrd ton qiymətləndirilir.
Torpaq erroziyası tamamilə yerli hadisə olsa da, artıq ümumi səciyyə alıb. ABŞ-da, məsələn, əkilən torpaqların 44%-i erroziyaya düçar olub. Rusiya əkinçiliyinin qalası sayılan, qumusu, yəni çürüntü səviyyəsi 14-16% olan zəngin qara torpaqlar yoxa çıxıb. Rusiyada qumusu 10-13% arasında dəyişən ən məhsuldar torpaqların sahəsi, təxminən, 5 dəfə azalıb. Ən iri və əhalisi sıx olan ölkələrdə torpaq erroziyası xüsusilə böyükdür. Çində Xuanxe çayı hər il Dünya okeanına 2 milyard tona yaxın torpaq aparır. Torpaq erroziyası yalnız m?hsuldarlığı və bərəkəti azaltmır. Həm də inşa edilmiş su anbarlarının dibi torpaq erroziyası nəticəsində layihədə nəzərdə tutulandan daha tez lillənir, nəticədə, suvarma və su-elektrik stansiyalarından enerji almaq imkanları məhdudlaşır.
Yalnız torpaq qatı deyil, üzərində yarandığı ana qat da dağıldıqda vəziyyət daha da gərginləşir. Onda qarşısıalınmaz dağılma dövrü başlayır. Hindistanın şimal-şərqində yerləşən Çerapunci rayonunda yerləşən Şillonq platosu bunun bariz nümunəsidir. Bu, dünyanın ildə 12 metr yağıntı düşən ən nəmişlik yeridir. Amma musson yağışlarının dayandığı quru mövsümdə - oktyabr-may aylarında Çerapunci rayonu yarımsəhranı xatırladır. Platonun yamaclarında torpaq, demək olar ki, yuyulub və məhsulsuz qumlaqlar üzə çıxıb.
Dövrümüzün ən qlobal və sürətli baş verən proseslərindən biri də səhralaşmanın genişlənməsi, Yerin bioloji potensialının aşağı düşməsi və ya kəskin hallarda tam məhv olmasıdır ki, bu da təbii səhra şəraitinə oxşar vəziyyətə gətirir. Yer səthinin 1/3-dən çoxunu səhralar və yarımsəhralar tutur. Bu torpaqlarda Yer əhalisinin, təxminən, 15%-i yaşayır. XX yüzilliyin son 25 ilində insan fəaliyyəti nəticəsində daha 9 mln kv.km səhra yaranıb ki, hazırda səhra və yarımsəhralar ümumi quru hissənin 43%-ni əhatə edir.
90-cı illərin əvvəllərindən bu yana 3,6 milyon hektar quru torpaq səhralaşma təhlükəsi ilə üz-üzədir. Hazırda səhralaşma və torpaqların deqradasiyası qlobal xarakter alıb ki, bu da bir milyarddan çox insanın mövcudluğu, rifahı və inkişafı üçün real təhlükə yaradır. Quraqlığın, aclığın və getdikcə artan yoxsulluğun davam etməsi üzündən, onların çoxu daimi yaşayış yerlərini tərk etməyə məcbur olur. Bu cür ekoloji mühacirlərin sayı hazırda 24 mln təşkil edir, 2050-ci ilə bu, 200 milyona qədər arta bilər. Səhralaşma müxtəlif iqlim zonalarında baş verə bilər, amma isti və quru rayonlarda xüsusilə sürətlə baş verir. BMT ekspertləri hesab edirlər ki, məhsuldar torpaqların çağdaş itkiləri ona səbəb olacaq ki, bu yüzilliyin sonlarında dünya əkin sahələrinin, demək olar ki, 1/3-ni itirəcək. Əhalinin durmadan artdığı və ərzağa tələbatın çoxaldığı bir şəraitdə, bu itki gerçəkdən fəlakətli ola bilər.
Erroziya və duzlaşma
Azərbaycanın Ekologiya və Təbii Sərvətlər Nazirliyindən (ETSN) "Region plus"a bildiriblər ki, hazırda ölkə ərazisinin 3,7 mln hektarı erroziyaya, 1,2 mln hektarı isə duzlaşmaya məruz qalıb. Sellərin təsiri altında olan 300 kv.km ərazi və dərinliyində faydalı qazıntı tapılmış 30 min hektar torpaq hazırda istifadə üçün yararlı deyil. Bundan əlavə, işğal olunmuş Azərbaycan ərazilərində yerləşən 264 min hektar meşə ərazisi erməni işğalçıları tərəfindən dağıdılır ki, bu da öz növbəsində, torpaq fondunun azalmasına gətirir. Nəticədə, səhralaşma yaranır. Bu proseslər, əsasən, əhalinin sıx yaşadığı Kür-Araz ovalığında, Abşeron yarımadasında və kənd təsərrüfatının inkişaflı olduğu Naxçıvan Muxtar Respublikasında müşahidə edilir.
Nəticədə, güclü duzlaşmış torpaqlarda məhsuldarlıq 75-85%-ə qədər, orta duzlaşmış torpaqlarda 30-50%-ə qədər, zəif duzlaşmış torpaqlarda isə 20-30%-ə qədər azalıb. Qrunt sularının səviyyəsi yüksəlib - 1,5 m.-dən 1,8 m.-dək aralıqda dəyişir ki, bu da buxarlanma həcmlərini artırır və məhsuldar torpaqların yuxarı laylarını duzlaşdırır. Bu da səhralaşmanın ilk addımıdır. Bununla yanaşı, bu il baş vermiş sellərin və çay daşqınlarının da təsirləri özünü göstərir.
Azərbaycanda kənd təsərrüfatı məhsullarının 80%-dən çoxu suvarılan torpaqlarda becərilir. Suvarma üçün lazım olan infrastrukturlar - su anbarları və kanallar çox vaxt torpağın zay olmasına gətirir. Buna görə də onların köklü dəyişdirilməsi və beynəlxalq standartlara uyğunlaşdırılması tələb edilir, çünki ekoloji proseslər zəncirvari bağlıdır və bir-birlərini stimullaşdırırlar. Buna torpağın deqradasiyası - səhralaşma biomüxtəlifliyin deqradasiyası proseslərini stimullaşdırır, öz növbəsində iqlim də-yişikliyinə səbəb olur.
Əlbəttə, əks əlaqə də var. Belə ki, təkcə son 10 ildə Azərbaycan hökuməti tərəfindən yoxsulluğun azaldılması, meşələrin genişlənməsi, regionların dayanıqlı inkişafı, yaylaq-qışlaq otlaqlarının qorunması, alternativ enerji qaynaqları, Abşeron göllərinin sağlamlaşdırılması üzrə 10-dan çox milli və Dövlət Proqramı işlənib. Sistem və institusional səviyyədə müəyyən potensial yaradılır. 24 aprel 1998-ci il tarixdən isə hökumət "Səhralaşma və quraqlıqla mübarizə üzrə" beynəlxalq konvensiyaya qoşulub.
İndi isə beynəlxalq maliyyə institutlarının, Dövlət Neft Fondunun (ARDNF) və s.-nin vəsaitlərindən istifadə edərək, planlaşdırılan tədbirlərin gerçəkləşdirilməsi lazımdır. Bir tərəfdən, bu prosesin antropogen komponentinin sürətinin azaldılması üçün tədbirlər görmək, digər tərəfdən isə yeni iqlim şəraitinə uyğunlaşmaq lazımdır. Məsələn, həm meşələrin genişləndirilməsi, həm alternativ enerji qaynaqlarının istifadəsi, həm də hidrotexniki qurğuların təkmilləşdirilməsi və s. üzrə görülən praktiki işlər yuxarıda sadalanan bütün problemlərin həlli istiqamətində önəmli addımlardır.
Belə ki, BMT İnkişaf Proqramı çərçivəsində ETSN "Otlaq, meşə və torpaq qaynaqlarının idarəedilməsi üzrə layihə gerçəkləşdirməyi planlaşdırır, ilkin mərhələdə yerlərdə səhralaşmaya səbəb olan konkret səbəblərin aşkarlanması üçün əlavə araşdırmalar aparılacaq, həmçinin, sosioloji sorğular, çobanlar, fermerlər, sahibkarlar üçün treninqlər keçiriləcək.
Artıq nazirlik tərəfindən araşdırma aparılıb və aydın olub ki, Azərbaycanda bir hektara düşən mal-qara sayı normadan xeyli çoxdur. Meşə massivlərinin, əkin üçün yararlı sahələrin otlaq kimi fəal istismarı başqa mənfi təbii hadisələrə gətirə bilər. Qeyd edilib ki, layihə çərçivəsində fermerlərə köçəri heyvandarlığın torpaq resurslarına təsiri barədə də dolğun bilgi veriləcək.
ETSN-də hesab edirlər, bu fəaliyyət planının yerinə yetirilməsi müsbət nəticələr verəcək. Meşələrin genişləndirilməsi, meliorasiya tədbirlərinin təkmilləşdirilməsi üzrə görülən praktiki işlər son nəticədə torpaqların deqradasiyasının qarşısının alınmasına səbəb olacaq. Amma bu fəaliyyəti yeyinləşdirmək lazımdır, çünki uzun müddət torpaqların deqradasiyasını dayandırmaq üçün görülən tədbirlərinin effektivliyi azalıb. Bu gün bir şey aydındır: əgər torpağa istehlakçı münasibəti davam edərsə, bizim gözəl mənzərəsi ilə ad çıxarmış təbiətimizi yaddan çıxarmaq lazım gələcək.
MƏSLƏHƏT GÖR: