26 Noyabr 2024

Çərşənbə axşamı, 00:42

HƏR ŞEY YAXŞIYA DOĞRU GEDİR

Azərbaycanın xarici ticarət göstəriciləri tərəfdaş ölkələrin alıcılıq qabiliyyətinin artmasından xəbər verir

Müəllif:

15.06.2010

Qlobal iqtisadi böhran dünya ölkələri arasında ticarət əməliyyatları həcmlərinin düşməsinə səbəb olmuşdu. Hətta əlverişli şəkildə iri nəqliyyat dəhlizlərinin kəsişməsində yerləşməsinə, neft-qaz resurslarının olmasına, hökumətin balanslaşdırılmış və praqmatik  iqtisadi siyasətinə baxmayaraq, dünya böhranı Azərbaycanın xarici ticarət dövriyyəsinə ciddi  olmasa da, müəyyən təsir göstərə bilmişdi. Əgər 2008-ci ildə ölk?də $54,9 mlrd.-lıq ixrac-idxal əməliyyatları gerçəkləşdirilmişdisə, 2009-cu ildə ticarət dövriyyəsi pul ifadəsi ilə 2,5 dəfə azalaraq, $20,8 mlrd.-a qədər düşmüşdü.  

 

Xarici ticarət sürətlənir 

Bu ilin yanvar-aprel aylarında Azərbaycanın xarici ticarət həcmləri nəzərəçarpacaq dərəcədə artıb. Azərbaycanın rezidentlərinin və qeyri-rezidentlərinin mal  dövriyyəsi $8 mlrd təşkil edib ki, bu da keçən ilin uyğun dövrünə baxanda 49,5% çoxdur. İxracat pul ifadəsi ilə 76,5% artıb və $6 246,5 mln təşkil edib. Sözügedən dönəmdə Azərbaycanda məhsul idxalı 5,3% azalıb və $1 761,3 mln təşkil edib. İdxal-ixrac əməliyyatları dünyanın 118 ölkəsi ilə gerçəkləşdirilib. Xarici ticarət dövriyyəsində $4485,2 mln.-luq müsbət saldo yaranıb ki, nəticədə bu, xarici ticarət dövriyyəsinin 56%-nə bərabər olub; birinci rübün yekununda isə həmin göstərici 59,1% təşkil etmişdi. Həmçinin, 1 may tarixində xarici ticarət dövriyyəsinin profisiti hesabat dönəmi idxalını 2,5 dəfə ötüb. 

2010-cu ilin yanvar-aprel aylarında alüminium, meyvə və tərəvəz istisna olunmaqla, ölkə ixracatının əsas ixrac məhsulları üzrə artımı müşahidə edilir. Ancaq alüminium ixracatında həcmlərin azalması heç də ölkədə alüminium istehsalının azalması ilə bağlı deyil. Əksinə, Mərkəzi Bankın (AMB)  alüminium sənayesinin inkişafına ayrıdğı kreditlər hesabına bu məhsul növü üzrə istehsal göstəriciləri artıb və ildən-ilə də artacaq. Alüminiumun yüksək ixrac potensialı var, amma azalma böhran şəraitində idxalçı ölkələrin alıcılıq qabiliyyətinin aşağı düşməsi ilə bağlıdır. Meyvə və tərəvəz ixracının azalması isə mövsümi xarakter daşıyır. 

Azərbaycan, həmçinin, pambıq ixracatında mövqelərini bərpa etməyə başlayır. 2009-cu il üzrə pambıq ixracatı pul ifadəsi ilə qabaqkı ilə baxanda, 40,93% artıb ki, bu da pambığın qiymətinin qalxması ilə bağlıdır. 2009-cu ildə Azərbaycan, orta hesabla, pambığın tonunu $993,48-dan ixrac edirdi ki,  noyabrda bu qiymət $1121,1-a kimi yüksəldi.

Azərbaycan ixracının üçdəbirindən çoxu İtaliyanın payına düşür. Belə ki, baxılan müddətdə Azərbaycandan İtaliyaya  $2176,6 mln.-lıq məhsul ixrac edilib ki, bu da ümumi ixrac həcminin 34,85%-ni təşkil edir. Bu ölkəyə, əsasən, neft və neft məhsulları da ixrac edilib. Neft və neft məhsulları Azərbaycanın yanvar-aprel ayları üzrə ixracatının 93,2% -ni təşkil edir. Daha sonra İsrail ($553,5 mln) və Fransa ($536,8 mln) gəlir. Qeyd edək ki, 2008-ci ildən İtaliya Azərbaycanın xarici ticarət dövriyyəsində lider mövqeyə çıxıb. Bu durum, demək olar ki, iki ildir davam edir. Yalnız 2008-ci ilin ilk üç ayı istisnadır. Onda yanvarda Türkiyə lider mövqedə idi, fevral və martda isə onun yerini ABŞ tutdu. 2009-cu ildə ölkənin ən iri üç ticarət tərəfdaşı sırasında İtaliya, ABŞ və Rusiya olub. 

Rəqəmlər göstərir ki, 2010-cu ildə avrozonanın ticarət axınları 2009-cu ilin əvvəlinə baxanda yetərincə artıb, həmin vaxt onlar maliyyə böhranının kəskinləşməsi və dünya tənəzzülünün dərinləşməsi  üzündən azalmışdı.  Avropa Birliyi (AB) ölkələrindən ixrac mövsümi düzəlişlər nəzərə alınmaqla, martdan başlayaraq, əvvəlki aya nisbətən kəskin artıb. Təbii ki, bu da avronun zəifləməsinin və dünya tələbatının artmasının təsirlərini əks etdirir. AB ölkələrinə idxal isə enerjidaşıyıcılarının satınalınmasının artması ilə bağlı olaraq yüksəlib.

2010-cu ilin yanvar-aprel aylarında Azərbaycanın idxal etdiyi məhsulların strukturunda ən çox artım xalq istehlakı mallarının, meşə materiallarının, ərzaq məhsullarının və mebelin payına düşür; maşın və avadanlıq, nəqliyyat vasitələri, onların ehtiyat hissələrinin idxalında isə göstəricilər aşağı olub. Azərbaycana nəqliyyat vasitələrinin idxalının azalması dünya maliyyə böhranın təsiri ilə bağlıdır; belə ki, bank kreditlərinin verilməsinin məhdudlaşması üzündən ölkənin avtosalonlarında satışlar azalıb. Minik avtomobillərinin idxalının azalmasına təsir göstərən başqa obyektiv səbəb 2009-cu ildən ekoloji, estetik və istismar tələblərinə cavab verməyən avtomobillərin ölkəyə gətirilməsinə qoyulan məhdudiyyətdir. 

Cari ilin dörd ayı ərzində Azərbaycana minik avtomobillərinin idxalı ötən ilin uyğun dövrü ilə müqayisədə 34,7% azalıb. İdxal işlənmiş avtomobillərin gətirilməsinin  iki dəfə azalması hesabına aşağı düşüb. İlin əvvəlindən ölkəyə fiziki şəxslər tərəfindən 6,5 min ədəd işlənmiş avtomobil gətirilib; halbuki 2009-cu ilin uyğun dövründə 14,9 min maşın gətirilmişdi. 

Bununla yanaşı, rəsmi distribüterlər və dilerlər ilin əvvəlindən 7669 ədəd minik avtomobili gətiriblər ki, bu da ötən ilin uyğun dönəminə baxanda 3,8% çoxdur. Beləliklə, cari ilin yanvar-aprel aylarında ümumi dəyəri $117,2 mln olan  14 273 minik avtomobili idxal edilib. 

Hazırda Azərbaycan hökuməti ölkəyə "avro-2" və "avro-3" standartlarına uyğun olmayan avtomobillərin gətirilməsinə qadağa qoyulması məsələsinə baxır. Dövlət Gömrük Komitəsinin (DGK) başçısı Aydın Əliyev daha öncə bildirmişdi ki, əgər əvvəllər DGK yaşı 5 ildən çox olan MDB avtomobillərinin və yaşı 7 ildən yuxarı olan xarici markaların idxalını qadağan etmək niyyətində idisə, hazırda bu müddətlərin də azaldılması planlaşdırılır. Onun sözlərinə görə, avtomobil idxalı 2008-ci ildəki 90 min ədəd səviyyəsindən 2009-cu ildə 60 min ədəd səviyyəsinə enib. 

2010-cu ilin yanvar-aprel aylarında idxalın həcminə görə lider olan üç ölkə aşağıdakı kimi sıralanır: birinci yer, həmişə olduğu kimi, Rusiyaya məxsusdur ($312,5 mln). Türkiyə ikinci yer ($192,5 mln),  Çin isə üçüncü yer  ($188,2 mln) tutur. Daha sonra idxal səviyyəsi $160 mln olan Ukrayna gəlir. 

Əgər Çinin xarici ticarətinin böhrandansonrakı inkişaf strategiyası nəzərə alınarsa, gələcəkdə bu siyahıda d?yişikliklər baş verə bilər. Orada qarşıya məqsəd kimi öndən gələn onilliklər boyunca xarici ticarətin gələcək sabit və davamlı inkişafı, mal və xidmət ixracının iki dəfə artırılması,  idxal və ixracın balanslı inkişafının təmin edilməsi üzrə səylərin davam etdirilməsi nəzərdə tutulur. Proqnozlara görə. 2020-ci ilə kimi Çin dünyanın iri ticarət ölkəsi kimi mövqelərini gücləndirməli, 2030-cu ildə isə ticarət  üzrə supergücə çevrilməlidir.  Məqsədlərinə çatmaq üçün bu ölkə rüsumlar, alış-veriş formaları, xidmətlərin ticarəti baxımından öz ticarət siyasətini fasiləsiz tənzimləməli və təkmilləşdirməlidir. 

 

İxrac-idxal əməliyyatları sadələşdirilib 

Hələ bu ilin 12 mart tarixində 2009-2013-cü illər üzrə regionların sosial-iqtisadi inkişafı haqqında Dövlət Proqramının yerinə yetirilməsinin bir ilinin yekununa həsr edilmiş konfransda Azərbaycan prezidenti tərəfindən yerli  iş adamlarının xarici bazarlara çıxması üçün şəraitin yaradılması, onların ixrac imkanlarının araşdırılması, həmçinin, sahibkarlar üçün xaricdə əlverişli şəraitin yaradılması barədə göstəriş verib. 

Artıq may ayında hökumət xarici ticarət fəaliyyətinin tənzimlənməsi prosedurlarına ciddi dəyişikliklər edib. Mayın 14-də Azərbaycan prezidenti  "İxrac-idxal əməliyyatlarında tənzimlənmə qaydalarının təkmilləşdirilməsi sahəsində əlavə tədbirlər haqqında" fərman verib. 

Bəllidir ki, ixrac-idxal əməliyyatlarının tənzimlənmə qaydaları 1997-ci ildə təsdiqlənib və onun bir sıra maddələri iqtisadi inkişafın indiki səviyyəsinə uyğun gəlmirdi. 

Dövlət başçısının yeni fərmanı ilə bu qaydalar iki istiqamətdə sadələşdirilib. Birinci istiqamət xarici ticarət əməliyyatlarının sənədləşdirilməsi zamanı tələb olunan bir sıra sənəd və prosedurların sayının azaldılmasını nəzərdə tutur. Eyni zamanda, bir sıra spesifik mallar, xidmət və intellektual mülkiyyət növlərinin müvafiq dövlət qurumlarından rəy almaqla idxalının və ixracının gerçəkləşdirilməsi zamanı sazişlərin qeydiyyatı və ekspertizası haqqında tələb aradan qaldırılıb. 

İkinci istiqamət ixrac zamanı qaydaların sadələşdirilməsini nəzərdə tutur. Belə ki, dövlət müəssisələri və dövlətin iştirak payının 50%-dən az olmadığı müəssisələr istisna olmaqla, başqa şəxslərdə ilkin ödəniş və ya əvəzsiz akkreditiv açılması, ya da birinci dərəcəli bankların zəmanəti tələb olunmayacaq. 

Yenilik, həmçinin, tarif siyasətində də gözlənilir. DGK xarici ticarət fəaliyyətinin əmtəə nomenklaturasında mövcud tarif dərəcələrindən  (0; 0.5; 1; 3; 5; 10 və 15%) azpilləli sistemə (0; 5 və 15%) keçilməsi barədə təkliflər hazırlayıb.

2010-cu ildə xarici ticarət əməliyyatlarının sadələşdirilməsi üçün 2010-cu ildə, həmçinin, xarici iqtisadi fəaliyyət iştirakçılarının qeydiyyatı üzrə də yeni prosedurlar tətbiq edilib; bu, iş adamlarına DGK-nin internet saytında statistika kodu əldə etməyə imkan yaradır. Xarici iqtisadi fəaliyyətin iştirakçılarına internet vasitəsilə statistika kodu əldə etməyə imkan yaradılması e-gömrük - "Elektron bəyannamə" sisteminin ilkin mərhələsidir.

Əgər hər bir xarici iqtisadi fəaliyyət iştirakçısı müvafiq gömrük qurumuna müraciət etməklə və lazımi sənədləri yığmaqla statistik kod əldə etdikdən sonra gömrük sənədləşdirməsini gerçəkləşdirə bilirdisə, indi yeni qaydalara görə, hər bir xarici iqtisadi fəaliyyət iştirakçısı DGK-nin rəsmi internet səhifəsindən istifadə etməklə statistika kodu ala bilər. "Elektron bəyannamə" sisteminin tətbiqi ilə xarici iqtisadi fəaliyyət iştirakçıları üçün elə şərait yaradılıb ki, onlar bunun vasitəsilə gömrük orqanına getmədən, internetdən istifadə etməklə, gömrük rəsmiləşdirməsi vacib olan malları bəyan edə bilərlər. 

Hökumətdə hesab edirlər ki, Azərbaycanın iqtisadi-ticari münasibətlərinin coğrafiyasının genişləndirilməsi, idxal-ixrac əməliyyatlarının həcminin artırılması və ölkənin beynəlxalq iqtisadi sistemə inteqrasiyası inkişaf etmiş ölkələrin təcrübəsini və bu sahədə qəbul edilmiş beynəlxalq konvensiyaların bəndlərini nəzərə almaqla, gömrük qanunverciliyinin və normativ-hüquqi aktların daimi təkmilləşdirilməsini vacib edir. Xarici ticarət fəaliyyəti üçün şəraitin yaxşılaşmasını daha çox zəruri edən başqa bir amil isə qlobal maliyyə və iqtisadi böhrandır. 


MƏSLƏHƏT GÖR:

443