QAZ GEDƏCƏK
Azərbaycan Avropanın qaz bazarında çox güclü oyunçuya çevrilir
Müəllif: Fuad HÜSEYNƏLİYEV Bakı
İsti iyun günləri, nəhayət ki, Azərbaycanla Türkiyə arasında təbii qazın bu ölkəyə nəqli və Avropaya tranziti məsələsində fikir ayrılıqlarını aradan qaldırdı. Ehtimal edildiyi kimi, iyunun 7-də Azərbaycan prezidenti İlham Əliyevin səfəri çərçivəsində Azərbaycan qazının Türkiyə və Avropaya daşınması barədə baza müqaviləsi imzalandı.
O cümlədən, ARDNŞ-lə Tür-kiyənin "Botaş" şirkəti arasında təbii qazın satışı və daşınması haqqında qarşılıqlı anlaşma memorandumu bağlanıb. Həmçinin, təbii qazın Azərbaycandan Türkiyəyə ötürülməsi və satışı, Türkiyə ərazisindən keçirilməsi barədə bəyannaməyə imza atılıb, Azərbaycan Sənaye və Energetika Nazirliyi ilə Türkiyə Enerji və Təbii Qaynaqlar Nazirliyi arasında təbii qaz satışı və daşınması barədə qarşılıqlı anlaşma memorandumuna da qol çəkilib.
Prezident İlham Əliyev hesab edir ki, Türkiyə ilə təbii qaz nəqli barədə saziş Azərbaycan üçün yeni imkanlar açır. "Azərbaycanla Türkiyə arasında qaz barədə bağlanmış saziş bizim üçün yeni imkanlar açır. Bəllidir ki, biz bu sahədə danışıqları artıq iki ildir aparırıq və danışıqların gedişində müəyyən problemlər yaranmışdı. Ancaq qardaş, dost və qarşılıqlı maraqlar əsasında bu gün bu istək gerçəkləşir", - deyə İlham Əliyev Azərbaycan KİV-ə müsahibəsi zamanı bildirmişdi. Onun sözlərinə görə, bu sənədlər Azərbaycana öz qaz bölməsinə irimiqyasılı sərmayələr cəlb etməyə imkan yaradır.
"Bu sərmayələr başqa sahələrə də sərmayə axınına imkan verəcək. Başqa tərəfdən, Azərbaycan qazının Türkiyə ərazisindən tranzit keçməsi məsələsi də tam həll edilib ki, bu da Azərbaycanın qarşısında yeni imkanlar açır", - deyə o vurğulayıb.
Azərbaycan prezidenti əlavə edib ki, hazırda respublikada qaz hasilatı bazarlara ixrac imkanı üzündən məhdudlaşdırılıb.
"Biz qısa müddətdə hasilatı artıra bilərik. Amma qaz sahəsində hasilat birbaşa bazarlara nəql imkanları ilə bağlıdır. Bu layihə 5 ildən sonra, "Şahdəniz"dən qaz hasilatını və ixracını ildə 16 mlrd kubmetrə qədər artırmağa imkan verəcək. Qaz ixracı üçün infrastrukturun olması nəzərə alınarsa, biz istənilən istiqamətdə və istənilən həcmdə qaz ixracını təşkil etmək imkanı qazanacağıq. Bu isə öz növbəsində, ölkəyə valyuta axınını təmin edəcək, həmçinin, regionda Azərbaycanın mövqelərini möhkəmləndirəcək", - deyə dövlət başçısı vurğulayıb.
Türkiyə qaz bazarında Rusiya üçün rəqabət ehtimalına baxmayaraq, Rusiya Federasiyasının (RF) baş naziri Vladimir Putin Azərbaycandan qaz ixracı həcmlərinin artırılması imkanlarına normal yanaşıb.
"Türkiyənin qaza olan tələbi artır və bu ölkənin iqtisadiyyatının böyüməsi ilə bağlı artmaqda davam edəcək. Biz bilirik ki, hər il Türkiyənin İrandan ala bilmədiyi qazın yerini biz doldururuq. Buna görə də əgər söhbət yer tutmaqdan gedirsə, bu, Rusiya qazının yerinin tutulması deyil. Daha doğrusu, burada söhbət qış vaxtı Türkiyənin İrandan ala bilmədiyi qazın hesabına yaranmış kəsirdən gedir", - deyə Rusiya baş naziri Türkiyəli həmkarı Rəcəb Ərdoğanla görüşündən sonra keçirilmiş mətbuat konfransında bildirib.
Öz növbəsində, R.Ərdoğan bildirib ki, müqavilə ilə "Şahdəniz"dən alınacaq qaz həcmlərini Rusiyadan alınan qazla müqayisə etməyə dəyməz, çünki Rusiya Türkiyə bazarının əsas hissəsinin təchizatçısıdır. Türkiyə baş naziri bildirib ki, onun ölkəsi qaz sahəsində tərəfdaş kimi Rusiya ilə münasibətlərdə maraqlıdır.
Gerçəkdən də mövcud qaz kontraktı üzrə Türkiyə Azərbaycandan ildə 6,5 milyard kubmetrə yaxın qaz alır. "Şahdəniz" yatağının ikinci mərhələsinin işlənməsi çərçivəsində buna bir elə də əlavə ediləcək. Türkiyə "Qazprom"dan ildə 20 mlrd kubmetrə qədər qaz alacaq. Türkiyənin qaza olan ehtiyacı isə ildə 40 mlrd kubmetrə yaxındır, amma ölkənin coğrafi yerləşməsi onu Avropa bazarlarına qaz tranziti üzrə əsas oyunçuya çevirir ki, Ankaranın bundan öz siyasi təsirini artırmaq üçün istifadə etmək imkanı yaranır.
Ən azından, Türkiyə bu təsir üsulunu İsraillə münasibətlərdə istifadə etməyə başlayıb və "Sülh donanması"nda olan Türkiyə gəmisinə hücumla bağlı münasibətləri pisləşəndən sonra, bu ölkəyə qaz satışı layihəsini rədd edib. Rusiya da bu qərarla razılaşdı, çünki İsrailə tranzitlə onun qazının ötürülməsi düşünülürdü. Daha dəqiqi, Türkiyənin Ceyhan limanından İsrailin Aşkelon limanına kimi Aralıq dənizinin altından keçməklə, 480 kilometr uzunluğunda neft və qaz kəmərlərinin çəkilməsi nəzərdə tutulurdu. Boru kəmərlərinin doldurulması üçün xammal Ceyhana Xəzər böl-gəsindən də, həmçinin, RF ilə Qara dənizin altından keçməklə çəkilməsi müzakirə edilən "Mavi axın 2" qaz kəməri layihəsi ilə də daxil ola bilərdi. ""Mavi axın - 2" Türkiyənin böyüyən bazarına Rusiya qazının nəql edilməsi üzrə əlavə imkan, həmçinin, qazın üçüncü ölkəyə ixrac imkanı kimi nəzərdə tutulur", - deyə RF baş naziri V.Putin bildirib. O yada salıb ki, İsrail öz şelfində yetərincə qaz ehtiyatına malik yataqlar açıb. "Böyük ehtimalla xalis iqtisadi baxımdan da "Mavi axın - 2" İsrailə qədər uzana bilməz", - deyə RF baş naziri açıqlayıb.
Nəzərə alaq ki, "Mərhələ 2" layihəsi "Şahdəniz"dən qaz hasilatını indiki 8 mlrd kubmetrdən, ən azı, 16 mlrd kubmetrə qədər qaldıracaq, yəni artıq qaz Avropaya göndərilə bilər.
"Bu o deməkdir ki, ikinci mərhələ çərçivəsində qaz "Nabucco", ITGI (Türkiyə - Yunanıstan - İtaliya) və TAP (Transadriatik qaz kəməri) kimi layihələrə mənbə ola bilər. Bildiyiniz kimi, biz "Nabucco"nun iştirakçısıyıq və bu məsələdə maraqlıyıq", - deyə Türkiyənin energetika naziri Taner Yıldız bildirib.
T.Yıldız bildirib ki, bazardan asılı olaraq, Azərbaycan qazının qiyməti dəyişə bilər. Bu zaman o, Azərbaycan qazının qiymətini göstərməyib, çünki onun sözlərinə görə, bu, qazın başqa alıcılara satılması məsələsinə təsir edə bilər.
Nazirin sözlərinə görə, Rusiya qazı ilə müqayisədə Azərbaycan qazının qiyməti daha əlverişli olacaq.
Bununla belə, V.Putin bir daha "Nabucco" layihəsinin gələcəyi ilə bağlı şübhə nümayiş etdirib. ""Nabucco"nun problemi ondadır ki, layihə iqtisadi baxımdan məqsədəuyğun deyil. Əgər iqtisadi baxımdan hesablama aparsalar və layihənin davam etdirilməsini mümkün görsələr, onda Allaha şükür etsinlər", - deyə o vurğulayıb.
Ancaq Azərbaycan - Türkiyə münasibətlərinə imza atılması "Nabucco" üçün böyük perspektivlər açır. Özü də Türkiyə bu günlərdə bu saziş üzrə hökumətlərarası sənədin ratifikasiyasını gerçəkləşdirib, yəni faktik olaraq bütün formal prosedurları yerinə yetirib.
ARDNŞ başçısı Rövnəq Abdullayev hələ sənədlərin imzalanmasından qabaq bildirmişdi ki, Türkiyə ilə məsələnin həlli şirkətə qaz ixracı marşrutunun seçilməsində yardımçı olacaq. "Biz öz qazımızın "Nabucco", Transadriatik qaz kəməri və Türkiyə - Yunanıstan - İtaliya qaz kəməri ilə ixracı üçün bütün mümkün variantlara baxırıq. Bizdən ötrü ən vacib məsələ, ilk növbədə, Türkiyə ilə qaz tranzitinin qiymətini müəyyən etməkdir. Türkiyə ərazisindən qaz tranzitinin qiymətini müəyyən etdikdən sonra, bizdən ötrü hansı marşrutun daha əlverişli olduğunu seçə bilərik", - deyə R.Abdullayev vurğulayıb.
Baza sazişinin imzalanmasından sonra, qazın Türkiyəyə nəqli və Avropaya ixracı üzrə detal sənədlər üzərində iş görülməlidir. Buna paralel olaraq, qazın Avropadakı konkret alıcıları və boru k?məri layihələri ilə işlər sürətləndiriləcək.
"Üzərində danışıqlar apardığımız hər bir boru kəməri layihəsi zəmanətli qaz təchizi həcmləri tələb edir. Biz bunu normal qəbul edirik, çünki investorlar boru kəmərlərinin tikintisinə vəsait yatırırlar", - deyə ARDNŞ təmsilçisi bildirib.
Yuxarıda qeyd edildiyi kimi, Türkiyə ilə razılaşma, nəhayət ki, "Şahdəniz" yatağının işlənməsinin ikinci mərhələsinə başlamağa imkan verəcək. Layihə üzrə qaz hasilatı 2016-cı ilə qədər gözlənilir.
"Nabucco"nun gələcəyinə şübhə ilə baxanların boru kəmərinin səmərəli işləməsi üçün yalnız "Şahdəniz"in yetərli olmadığı barədə dedikləri doğru olsa da, ancaq Azərbaycanın resursları yalnız bu yataqla məhdudlaşmır.
Tək "Şahdəniz"lə iş bitmir
Ehtiyatı 1,2 trln kubmetr olan "Şahdəniz" yatağı Azərbaycanın ən iri qaz yatağı olsa da, tək qaz yatağı deyil.
R.Abdullayevin sözlərinə görə, yaxın perspektivdə "Naxçıvan" və "Abşeron" qaz strukturlarında kəşfiyyat-qazma işlərinə başlanacaq, artıq "Ümid" strukturunda qazma aparılır. Bu strukturlarda olan qazın ümumi həcmi 500 mlrd kubmetr səviyyəsində proqnozlaşdırılır.
Bundan başqa, "Azəri - Çıraq -Günəşli" blokunda dərinlərdə yerləşən qazın hasili məsələsinə də baxılır, onun ümumi həcmi isə 300-400 mlrd kubmetr səviyyəsində qiymətləndirilir.
Bütövlükdə, Azərbaycanın sübut edilmiş qaz ehtiyatları 2 trln kubmetrə yaxın təşkil edir, perspektiv strukturlar nəzərə alınarsa, ümumi ehtiyatlar 5 trln kubmetrə çata bilər. Bununla belə, Azərbaycan 2015-ci ildə 35-40 mlrd kubmetr arasında dəyişən qaz hasili səviyyəsinə çıxmağı planlaşdırır.
Bundan başqa, Avropa qurumları türkmən qazına da ümidlərini itirmirlər. Belə ki, İtaliyanın "Eni" şirkəti ARDNŞ-ə türkmən qazının Avropaya ötürülməsi layihəsinə qatılmağı təklif edib. Burada Türkmənistandan Bakıya 6-8 mlrd kubmetr sıxılmış qaz gətirilməsindən, burada genişləndirilərək boru kəmərləri vasitəsilə Avropaya ötürülməsindən söhbət gedir. "Eni" həm də "Nabucco"nun rəqibi olan "Cənub axını" qaz kəmərinin dəniz hissəsinin tikintisi üzrə "Qazprom"un tərəfdaşıdır. Avropa Birliyi (AB) isə "Nabucco"nu dolduracaq mənbələrin sırasında Türkmənistanı da görür.
Bu yaxınlarda "ENI"nin başçısı Paolo Skaroni bu iki boru k?məri layihəsini müəyyən marşrut hissələrində birləşdirməyi təklif etmişdi. Amma "Qazprom" bu təklifə rəy bildirməyib. ARDNŞ özü sıxılmış qaz ixracı imkanlarını öyrənir. Belə ki, artıq Gürcüstanın Qara dəniz limanlarından Rumıniyaya sıxılmış qaz göndərilməsi barədə qarşılıqlı anlaşma memorandumu və texniki-iqtisadi əsaslandırma hazırlanması üçün şirkətin yaradılması haqqında protokol imzalanıb. Həmçinin, Bolqarıstana sıxılmış qaz ixracı imkanlarının öyrənilməsi üzrə işlər aparılır. 2,5 mlrd kubmetrdən 10 mlrd kubmetrədək qaz nəqli imkanları öyrənilir.
Bütövlükdə, Azərbaycanın sıxılmış qaz ixracı üzrə imkanlarının böyük perspektivləri var. Bu variant çox sayda tranzit ölkələrlə boru kəməri variantında çıxan problemlərdən qaçmağa imkan yaradır. Bundan başqa, Ukraynada da sıxılmış qaz terminalının tikintisi imkanlarına baxılır.
Ukrayna energetika naziri Yuri Boykonun sözlərinə görə, Azərbaycan və Gürcüstan tərəfindən Qara dənizdə sıxılmış qaz terminalının tikintisi barədə qərar qəbul edildikdən sonra, Ukrayna hökuməti də öz terminalını inşaa etməyi qərara alıb.
Azərbaycanın sıxılmış qazının Ukraynaya nəqli, Qara dənizin altı ilə boru kəməri çəkilməsini nəzərdə tutan "Ağ axın" layihəsindən daha realdır. Və burada məsələ yalnız maliyyə yatırımları ilə deyil, həm də ekoloji risklər və Qara dəniz ölkələrinin etirazları ilə bağlıdır.
Müstəqil proqnozlar göstərir ki, 2020-ci ildə Avropa qaz ixracını art?raraq, ildə 415 mlrd kubmetrə çatması ilə üz-üzə olacaq və 2030-cu ildə bu göstərici 500 mlrd kubmetrə çatacaq.
Beləliklə, yalnız 5 il qabaq qaz ixracatçısına çevrilmiş Azərbaycan artıq 2015-2020-ci illərdə öz ehtiyatlarına əsaslanaraq, Avropa qaz bazarında güclü oyunçuya çevrilə bilər. Özü də ölkənin tranzit imkanlarının böyük önəmi var. Çünki Xəzərin şərq sahillərindən Avropaya qaz ixracı üçün Rusiyaya tək alternativdir.
MƏSLƏHƏT GÖR:

538

