AVRO GÖYƏRTƏ KƏNARINDA
Avroməkanda yaşanan böhran Azərbaycan iqtisadiyyatına təhlükə yaratmır
Müəllif: İlahə XƏLİLOVA Bakı
Avro mövqelərini verməkdə davam edir. Birləşmiş Avropanın, demək olar ki, $1 trln məbləğində ümumi böhran əleyhinə fond yaratmaq barədə misilsiz qərar vermiş hökumətləri də vəziyyəti xilas edə bilməyiblər.
İndiki vəziyyətdə Avropa valyutasının qiymətinin dəyişdiyini ehtimal etməyə bütün əsaslar var. Bir sıra ekspertlərin fikrincə, artıq gələn ilin əvvəlinə avronun qiymətinin $1-a qədər düşəcəyi gözlənilir. Bu proqnozlar son zamanlar avronun dəstək səviyyələrini dalbadal keçərək, daha yeni minimumlara düşməsinə əsaslanır, artım dövrləri isə avronun satışı üçün istifadə edilir. Hələlik isə Avropanın ümumi valyutasının məzənnəsinin artacağına heç bir ehtimal yoxdur.
ABŞ valyutası ilə avronun məzənnəsi sonuncu dəfə 2002-ci ildə eyni olub. Bundan sonra avro nəzərəçarpacaq dərəcədə bahalaşıb və 2008-ci ildə rekord yüksək - $1,6 səviyyəyə çatıb.
Bununla yanaşı, Beynəlxalq Valyuta Fondunun (BVF) icraçı direktoru Dominik Stross-Kan hesab edir ki, avro zonasını heç bir təhlükə gözləmir. Bir az öncə Avropa Mərkəzi Bankının prezidenti Jan-Klod Trişe də buna oxşar sözlər deyib. O bildirib ki, "vahid Avropa valyutası üçün deyil, müəyyən ölkələrin vergi siyasəti üçün təhlükə var, buna görə də həmin siyasətin islahatında müəyyən lazımi tədbirlərin görülməsi vacibdir".
Avropanın vahid valyutasının sabitliyi ilə bağlı xəbərdarlıqlar Yunanıstanda böhranın başlamasından sonra daha yüksək səslənməyə başlayıb. Yunanıstanın dövlət büdcəsinin kəsirinin 2009-cu ilin yekununa görə 13,6% təşkil etməsi və ölkənin defolt astanasında olması ortaya çıxan zaman bu taleyin avro zonasının başqa ölkələrini də gözləməsi, bunun da öz növbəsində bütövlükdə vahid Avropa valyutasını təhlükə altında qoyması barədə qorxu yarandı. Durumu düzəltmək üçün ölkə hakimiyyəti elə də populyar olmayan tədbirlərə - əmək haqlarının azaldılmasına, pensiyaların "dondurulmasına" və vergilərin artırılmasına əl atdı.
Avropanın cənubunun büdcə kəsiri Avropa Birliyinin (AB) normalarında yol verilən 3%-dən çox olan başqa ölkələri də oxşar addımlar atmağa başlayırlar.
Azərbaycanda avronun tarixi
Mərkəzi Bank (AMB) Azərbaycanın daxili valyuta bazarında avro ilə əməliyyatların statistikasını 2003-cü ildən, nağd avro ilə əməliyyatların statistikasını isə 2005-ci ildən aparmağa başlayıb. Vahid Avropa valyutası bütövlükdə 1999-cu ildə tətbiq edilib, lakin çox tezliklə dünyanın dollardan sonra ikinci valyutasına çevrilib. Avro zonası ölkələrinin iqtisadiyyatlarının və maliyyə bazarlarının miqyası, dünya ticarətində və beynəlxalq maliyyə axınlarında iştirak dərəcəsi buna imkan yaradıb.
Azərbaycan bazarında da müəyyən dəyişkənliyə baxmayaraq, avro dayanıqlı şəkildə ikinci yer tutmaqda davam edir. Hətta bu ilin əvvəlindən ölkədə Avropa valyutasının məzənnəsinin psixoloji həddən aşağı düşərək 15,37% ucuzlaşması və mayda 0,9796 manata bərabər olması da bunu dəyişməyib.
Məzənnənin mütləq tarixi maksimumu isə 2004-cü ilin dekabr ayında 1,3138 manat səviyyəsində qeydə alınıb. Birja elektron ticarət sistemindən (BEST), banklararası açıq valyuta bazarından və bankdaxili mübadilə əməliyyatlarından ibarət olan daxili valyuta bazarında isə avro ilə valyuta əməliyyatlarının payı 2009-cu ilə qədər artıb. Ayrıca götürdükdə BEST-in valyuta seksiyası üzrə avro ilə əqdlərin həcmi 7 ildə 114 dəfə, banklararası açıq valyuta bazarı üzrə 63,9 dəfə, bankdaxili mübadilə əməliyyatları üzrə isə 5 dəfə artıb.
Bununla belə, Azərbaycanın valyuta bazarının böyük bölümünü ABŞ dolları tutur, o, ölkənin daxili valyuta bazarında 84,3%-li paya malikdir. Dolların aparıcı mövqeyi Azərbaycan ixracının 90%-dən çoxunun dünya bazarlarında qiyməti ABŞ dolları ilə müəyyən edilən neft və neft məhsullarının olması ilə bağlıdır. Xarici ticarət əməliyyatları da ümumilikdə ABŞ dolları ilə nominallaşdırılıb.
Sakitlik, yalnız sakitlik
Avronun başına gələnlər Azərbaycanın maliyyə çevrələrində narahatlığa səbəb olmayıb. Doğrudur, əlverişsiz konyuktura Azərbaycan emitentlərini avro istiqrazları buraxılışını dünya bazarlarında durumun sabitləşməsinə qədər, yəni qeyri-müəyyən müddətə təxirə salmağa məcbur edir. Daha öncə də bu planlar qlobal maliyyə-iqtisadi böhran üzündən təxirə salınmışdı.
Maliyyə naziri Samir Şərifov hesab edir ki, bazarlardakı durum çox dəyişkəndir. Keçən il olduğu kimi, 2010-cu ildə də Cənubi Avropa ölkələrinin borc problemləri nəzərə alınarsa, vəziyyət o qədər də əlverişli deyil. Buna görə də Azərbaycanın dünya bazarlarından maliyyə cəlbinə kəskin ehtiyacı yoxdur. Bütövlükdə, nazirin sözlərinə görə, Maliyyə Nazirliyi avrobondların buraxılması üzrə tədbirlərə Azərbaycanın suveren borcu üzrə "əyri gəlirlilik" formalaşması nəzər nöqtəsindən baxır.
Ölkənin bank bölümü depozitlərin strukturunun dəyişməsini gözləyə bilər. Əgər Yunanıstandakı qeyri-sabitlik davam edərsə, bu, avronun məzənnəsinin daha da zəifləməsinə səbəb ola bilər ki, onda da əhalinin bir qismi öz depozitlərini dollara və ya manata keçirə bilər. Çünki avro depozitləri üzrə aşağı dərəcələr getdikcə daha azgəlirli olur.
Azərbaycanın banklarda hesabı olan sadə insanlarına Avropa valyutasının manatla məzənnəsinin aşağı düşməsi elə də güclü təsir göstərməyəcək. Avro ilə kredit ödəyənlər, hətta bir qədər udacaqlar - onlar manat məzənənsi ilə bir xeyli az ödəyə bilərlər. Amma Azərbaycanın neftdənkənar bölməsinin Avropaya istiqamətlənmiş kiçik bir qismi uduzacaq. Çünki avronun məzənnəsinin aşağı düşməsi AB-yə ixrac edilən məhsulların bahalaşmasına səbəb olacaq ki, bu da uyğun olaraq xarici bazarlarda tələbatı azaldacaq.
Hazırda ölkənin ümumi ixracatının 90,7%-i neft və neft məhsullarının payına düşür, bu isə o deməkdir ki, ixrac əməliyyatlarının bu qədəri enerjidaşıyıcılarının satış bazarından asılı olmayaraq, ABŞ valyutası ilə gerçəkləşdirilir. 2008-ci ilə baxanda neft məhsulları ixracatı 32,8% azalaraq $19,1 mlrd təşkil etməsinə baxmayaraq, 2009-cu ilin yekunlarına görə, ölkənin tədiyyə balansında ixrac əməliyyatları bölməsində neft sektoru məhsullarının aparıcı mövqeyinin saxlanması qeyd edilib. Ancaq qaz ixracı 23,4% artaraq $832 mln təşkil edib.
AMB başçısı hesab edir ki, avronun məzənnəsinin azalması həm də Azərbaycanın strateji valyuta ehtiyatlarına təsir göstərməyəcək. Bu qurum daim valyutaların məzənnələrinin dəyişmə konyukturasını, xüsusilə də avro-dollar nisbətini izləyir: avronun 0,89 dollara düşməsi və 1,6 dollara qədər qalxması qeydə alınıb. Ancaq indii əks proses müşahidə edilir. Avropa valyutasının artımı 2001-ci ildən 2004-cü ilə kimi müşahidə edilib. 2005-ci ildən isə başlayaraq trend dəyişib. Təkcə 2005-ci ildə avro dollara nisbətdə 13% düşüb.
Avropa valyutasının qeyri-sabitliyinin təhlükəsi bizim valyuta rezervlərimizə təhlükə törətmir, çünki onlar yaxşı diversifikasiya ediliblər - həm valyuta strukturu, həm də coğrafi baxımdan. Bir sıra ekspertlər hesab edirlər ki, avronun məzənnəsinin azalması qorxu törətmir, çünki Azərbaycanın valyuta ehtiyatlarında dolların payı avrodan çoxdur. Hələ 2008-ci ildə AMB çantanın valyuta kompozisiyasını balanslaşdırıb və bu gün mərkəzi bankın valyuta ehtiyatlarının 60%-i dollarladır, qalan 40% isə avro və funtsterlinqin payına düşür.
Valyuta rezervləri çantası iki bölümə - investisiya və əməliyyat bölümlərinə ayrılıb, bu səbəbdən də rezervlərin böyük qismi Amerika valyutası ilə saxlanır. Çantanın investisiya bölümü daima artır və onun payına təxminən 60% düşür. Əməliyyat bölümü isə əsasən daxili tələbata, xarici borca xidmət ilə bağlıdır, buna görə də 90%-i dollarla toplanır.
İnvestisiya çantası isə müxtəlif alətlərdən təşkil edilir. Bu çantada valyuta rezervləri depozitlərə, qiymətli kağızlara yerləşdirilib, bir qismi isə xarici idarəetməyə verilib.
Neft pulları təhlükədən uzaqdır
Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) valyuta çantası aşağıdakı şəkildə balanslaşdırılıb: dollar ekvivalentində aktivlərin 50%-i, avroda isə 40%-ə qədər yerləşdirilməlidir. Qalan 5% isə funt sterlinqdə qoyulmalıdır, 5% isə bu valyutalardan və ya başqa valyutalarla yerləşdirilməlidir. Rüb ərzində bu nisbət dəyişə bilər, ancaq rübün sonunda bu aralıqda balanslaşdırılmalıdır.
Qızıl ehtiyatlar
Dünyada baş verən hadisələrin fonunda Azərbaycan hökuməti həmçinin valyuta rezervlərinin strukturunun perspektiv üçün effektivliyi, o cümlədən qızıl ehtiyatların yaradılması barədə düşünməyə başlayıb. "AMB-nin və hökumətin
mövqeyi belədir ki, heç olmasa, Azərbaycan yataqlarından çıxarılan qızıl ölkədə saxlansın və strateji valyuta ehtiyatlarına daxil edilsin",- deyə AMB başçısı bildirib.
E.Rüstəmovun fikrincə, valyuta rezervlərinin diversifikasiyası baxımından qızıl ehtiyatlarının formalaşdırılması da maraqlı olardı. Fundamental baxımdan istənilən rezervləşdirmə növü kimi qızıl da valyutadır, özü də sərbəst dönərlidir. Başqa sözlə, daim qızılla alqı-satqı əməliyyatları aparıla bilər.
2009-cu ildə ölkənin strateji valyuta ehtiyatları $3 mlrd artaraq, $20 mlrd.-dan çox təşkil edib, hazırda onlar artıq $22 mlrd.-ı keçib. Strateji valyuta ehtiyatları valyuta ehtiyatlarından, ARDNF-in aktivlərindən və hökumətin depozitlərindən formalaşır. AMB və ARDNF hələ 2008-ci ildə valyuta strukturasının dəyişməsi ilə hazırda dünyanın aparıcı ölkələrinin banklarında, həmçinin Dünya Bankında, Beynəlxalq Hesablaşmalar Bankında və suveren reytinqli qurumlarda saxlanan rezervlərin idarə edilməsi üzrə konservativ siyasətə keçiblər.
Azərbaycanda 2009-cu ilin iyul ayından başlamış qızıl istehsalı hazırda 25 022 unsiyaya çatıb. Gədəbəy yatağından ilkin qızıl və gümüş 2009-cu ilin mayında çıxarılıb. Bütövlükdə, 2015-ci ilə kimi Gədəbəy yatağından 300 min unsiya qızıl çıxarılması planlaşdırılır.
Azərbaycanda yeganə qızıl istehsalçısı olan "Anglo Asian Mining Plc" şirkətinin 1997-ci ildə Azərbaycan hökuməti ilə bağlanmış PSA tipli sazişə görə ölkənin cənub-qərbində altı yatağın (Gədəbəy, Ordubad, Qoşa Bulaq, Qızıl Bulaq, Vejnəli və Söyütlü yataqlarının) işlənməsinə hüququ var. Sazişə uyğun olaraq, yataqlardan 400 ton qızıl, 2500 ton gümüş və 1,5 mln. ton miss çıxarılması planlaşdırılır.
Azərbaycanda avro perspektivləri
Azərbaycan Banklararası Valyuta Birjasının başçısı Fərhad Əmirbəyov hesab edir ki, Azərbaycanda avro bazarının gələcək inkişafı üçün bütün əsaslar vardır. Birincisi, Azərbaycanın əsas xarici ticarət tərəfdaşlarının valyutasıdır. 2009-cu ildə ixracatın strukturunda üç Avropa ölkəsi - İtaliya, Fransa və İspaniya 37% həcmə malik olub, idxalın 21,3%-i isə Almaniya, Böyük Britaniya, Fransa, İtaliya, İsveç və İsveçrənin payına düşüb. Gələcəkdə bu göstəricilər yetərincə arta bilər. Çünki Azərbaycanın AB-dən yüksək texnologiyalar və çağdaş avadanlıq idxalına ehtiyacı var. Həmçinin avro zona ölkələri ilə biznes əlaqələrin gələcək genişlənməsi də buna təsir göstərə bilər.
İkincisi, 2009-cu ildə Azərbaycana sərmayə yatırımı üzrə lider olmuş on ölkədən ikisi AB-yə daxildir. Bunlar Avstriya və Fransadır. Üçüncüsü, Azərbaycanda nağd avroya tələbatın artımı müşahidə edilir. 5 il ərzində Azərbaycan bankları tərəfindən avro alışları 5,8 dəfə artıb və 63 mln avro təşkil edib. Nağd bazarın böyük bölümü avronun banklar tərəfindən satışının payına düşür, sözügedən dönəmdə bu, 8,5 dəfə artıb və 737,5 mln avro təşkil edib. Azərbaycanda nağd avro bazarının inkişafı biznesin və turizmin inkişafı, miqrasiya prosesləri ilə bağlıdır. Avro zonası ölkələri ilə viza rejiminin yavaş-yavaş yumşalmasından sonra yetərincə artacaq.
Əmirbəyov hesab edir ki, Azərbaycan eyni zamanda iki valyuta zonasının təsiri altındadır: ABŞ dolları və avrounun. Bununla bağlı olan valyuta risklərini bizim ölkə öz üzərinə götürür və bunun haqqını ödəyir, başqa xərclərini də çəkir. Yaranmış durumdan çıxış qiymət formalaşması qaydasını dollarla saxlamaqla neft satışlarında yavaş-yavaş avroya keçməkdədir. Bu, ixarc məhsullarını alan ölkələrdə valyuta risklərin məhdudlaşdırmağa və bir sıra başqa xərcləri məhdudlaşdırmağa imkan verər. Həmçinin, Dünya Ticarət Təşkilatına daxil olmaq məsələsini sürətləndirməyə dəyməz, çünki dünyada qloballaşma prosesləri yavaşımağa başlayır. Qloballaşmanın əksinə olan proseslərin artması halında dollar zonasının dağılması riski yetərincə artacaq. Belə olan haldı boşalan yeri regional valyuta zonaları tutacaq. Valyuta birjasının başçısı bildirir ki, buna görə avronun rolu bizim üçün daha da arta bilər.
Milli valyutalar
"atlanır"
Avropa Yenidənqurma və İnkişaf Bankının (EBRD) prezidenti Tomas Mirov bu fikirdədir ki, yerli valyuta bazarlarının inkişafı xarici valyuta ilə borc asılılığından yaxa qurtarmağa kömək edə bilər və o, daha çox daxili əmanətlərə əsaslanmağa çağırır. EBRD milli valyutalarla təşəbbüsə başlamağı planlaşdırır.
Qarşılıqlı ticarətdə milli valyutalara keçmək məsələsi fəal şəkildə Azərbaycanla Türkiyə arasında fəal müzakirə olunur. Bu ideya hələ 2008-ci ildə Türkiyə Banklar Assosiasiyasının nümayəndə heyətinin səfərinin gedişində irəli sürülüb. Azərbaycan Banklar Assosiasiyasının sədri Eldar İsmayılovun sözlərinə görə, hazırda bu məsələ öyrənilir. Amma qarşılıqlı ticarət həcmləri hazırda bu ideyanın xeyrinə deyil. Əgər hər iki ölkə ticart balansında 70-80% xüsusi çəkiyə malik olsa idilər, məsələ operativ şəkildə həll oluna bilərdi. Hazırda qarşılıqlı ticarət dövriyyəsi həmin səviyyədə deyil.
Azərbaycanın ticarət balansında Türkiyənin payı 5%-dən 14%-ə qədər dəyişir, Türkiyəninkində isə Azərbaycanın payı daha aşağıdır. İsmayılov hesab edir ki, Azərbaycanın balansında Türkiyənin payı 25-30% olardısa, məsələ ciddi həll olunardı. Bununla belə, Rusiya ilə Türkiyə arasında milli valyutalarda qarşılıqlı hesablaşmalara keçməyin müzakirə edilməsi bu məsələnin Türkiyə və Azərbaycan arasında da müzakirə edilməsinə müsbət təsir göstərər, ölkəmiz vasitəçi ölkə kimi Rusiya -Türkiyə arealında durumun dəyişməsinin təsirlərini hiss edər.
Qeyd edək ki, Rusiya və Türkiyə qarşılıqlı ticarət səviyyəsinin $100 mlrd.-a qaldırmaq niyyəti çərçivəsində birgə banklar vasitəsilə milli valyutalarda qarşılıqlı hesablaşmalara keçmək məsələsinə baxırlar.
Azərbaycanın təşəbbüsü isə indi işlədilən ABŞ dolları və ya avro konvertasiyası əvəzinə, birbaşa konvertasiya mexanizminin istifadə edilməsinə keçilməsi ilə bağlıdır. O cümlədən, Azərbaycan bankları Türkiyəyə nefti və qazı Azərbaycan manatı ilə satmağı təklif edirlər. Birbaşa konvertasiya mexanizminin yaradılması ciddi məsələdir, bunun gələcəyi Azərbaycanın tədiyyə və ticarət balansında Türkiyənin böyük payı ilə bağlıdır.
Azərbaycan bank sisteminin yeni olması və yalnız bu yaxınlarda sistemli görkəm alması, normal dinamik dayanıqlı fəaliyyətə başlaması yeni mexanizmin tətbiq edilməsinə əngəldir. Bu məsələ dövlət tənzimləyici qurumlar qarışmadan iki ölkənin aparıcı bankları tərəfindən həll edilə bilər.
Bununla yanaşı, MDB üzvü olan ölkələrin bankları tərəfindən milli valyutalarla öədinş birliyinin yaradılmasına başlanılıb. Hazırda MDB və Şərqi Avropa maliyyə-bank şurası Birliyin bankları və dövlətləri arasında milli valyutalarla hesablaşmaların inkişafı üzrə təkliflər hazırlayır.
MDB ölkələri arasında ticarət dövriyyəsi onların ticari-iqtisadi əməliyyatlarının yalnız 15%-ə bərabərdir, əməliyyatların 85%-i başqa ölkələrlə idxal-ixracın payına düşür ki, onlarla da qarşılıqlı hesablaşmalar dollar və ya avro ilə aparılır.
MƏSLƏHƏT GÖR:

528

